Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-446/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1-(120)-1619/2024 saylı qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Müharibə veteranı müavinətinin son 3 ilinin, yəni xx.xx.2010-xx.xx.2013-cü illər üçün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı müddətində İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “ona xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı könüllü olaraq Lənkəran rayon Hərbi Komissarlığına müraciət edərək N saylı hərbi hissəyə yazılmış və MAXE (müddətdən artıq xidmət edən) kimi xidmətə başlamışdır. Qısa müddətdən sonra Qarabağa döyüşlərə yollanılmış, onların hərbi hissə Laçın koridorunda, Kasapet dağında, Ağdərə uğrunda gedən ağır döyüşlərdən çıxmışdır. 1994-cü ilin may ayında bağlanan atəşkəs müqaviləsindən sonra da şərəf və ləyaqətlə xidmətini davam etdirmiş, 1996-cı ilin mart ayında müqavilə müddəti bitdiyindən ehtiyata buraxılmışdır. Həmin ərəfələrdə müharibə iştirakçılarına müharibə veteranı vəsiqələri verilmiş, lakin, ona verilməmişdir. Müdafiə Nazirliyinə müraciət etmiş və müraciəti təmin olunmuş və 19 sentyabr 2013-cü ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Bu illər ərzində kiminsə səhvindən müharibə veteranı imtiyazlarından istifadə edə bilməmişdir. Odur ki, heç olmasa son 3 (üç) ilin Müharibə veteranı pulunu almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun 1 saylı Lənkəran-Astara Regional filialına müraciət etmiş və 11 avqust 2023-cü il tarixli, №-3-17- 1/2-S-182105/2023 saylı imtina cavabı almışdır. Belə ki, Ölkə Prezidentinin xx.xx.2001-ci ildə verdiyi Fərmana görə Müharibə Veteranı müavinətləri pul kompensasiyası ilə əvəzlənmişdir. Deməli həmin vaxtdan bu pulu almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına görə müharibə veteranı müavinətləri Prezident təqaüdü ilə əvəz edilmişdir. Buradan bir daha aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənə imtinası tam əsassızdır və bu Fərman imzalanan tarixə qədər müharibə veteranı müavinətini almaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq müharibə veteranı müavinətinin son 3 ilinin, yəni xx.xx.2010-xx.xx.2013-cü illər üçün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1-(120)-1619/2024 saylı qərarı ilə iddia təmin olunmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: -“Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin eidlir. İş materiallarından göründüyü kimi İddiaçı 2010-2013-cü illər ərzində əlilliyə görə pensiya almışdır. Ona görə də 2010-2013-cü illərdə əlilliyə görə əmək pensiyası alması nəzərə alınaraq ona əvvəlki dövrlər üçün müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından qeyri-mümkündür. -“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Fərmana əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmiş, əvvəlki illər üzrə ödənişin verilməsinə isə əsaslı olaraq imtina edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 01-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə qeyd olunan Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. -“Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvədə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçı iddia ərizəsində müharibə veteranı vəsiqəsinin ona verilmədiyini, yalnız müraciət etdikdən sonra verildiyini bildirmişdir. Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə müəyyən olunan qaydalarda həmin dövr üçün şəxs müraciət etmədən avtomatlaşdırılmış şəkildə vəsiqənin verilməsi qeyd edilməmişdir. Sözügedən əsasnamənin məntiqi nəticəsi olaraq müvafiq şəxs veteran vəsiqəsi üçün müraciət etdikdə onun ərizəsinə baxılır. Göründüyü kimi şəxsin müraciətinə baxılaraq ona 2013-cü il sentyabr ayının 19-da veteran vəsiqəsi verilmişdir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. - “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu güstərir ki, iddiaçının istər təqaüd, istərsə də sosial müavinət almağa hüquq, veteran vəsiqəsini aldığı tarixdən yaranır. Göstərilən qanuni əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Prosses iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun şifahi izahat verərək, apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin olunmamasını xahiş etmiş, həmçinin 2010-2103-cü illərdə əlilliyə görə əmək pensiyası almasını təsdiq etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Günəş Qusif qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, İddiaçı 2010-2013-cü illərdə əlilliyə görə pensiya alması səbəbi ilə, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən Şirvan İnzibati Məhkəməsinin qərarının qanuna zidd olmasını, ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Tətbiq edilən Qanun: “Sosial müavinətlər haqqında” Qanunun istinad olunmuş maddələrində qeyd olunmuşdur; və -7.0.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: -7.0.3.Əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; -7.0.6., Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; -9.1.Müavinətlərin təyin edilməsi müddəti-ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. -11.1.Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: -11.1.5.Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; Əmək pensiyaları haqqında Qanunun 4.1. və 4.1.2-ci maddələrinə əsasən əlilliyə görə əmək pensiyası əmək pensiyasının növlərindən hesab edilir. “Veteranlar haqqında” Qanunun istinad olunmuş maddələrində qeyd olunmuşdur: - 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. 1-ci hissə 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. -7. Müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. V. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.3., 82, və 87.6.-87.8.-cimaddələrində qeyd olunmuşdur: -İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. - Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İPM-in 1.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 217.2-c maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar qanuni əsaslardır, cavabdeh tərəfin etirazlarına münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Belə ki, cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, iddiaçı iddia etdiyi üç illik müddət ərzində, yəni 2010-2023-illərdə əlilliyə görə əmək pensiyası almışdır və bu səbəblə həmin illərə görə ona sosial müavinət ödənilə bilməz. Məhkəmə kollegiyası həmin halla əlaqədar qeyd edir: -İş materiallarında olan və İddiaçı aid 664088 saylı “Pensiya işi”ndən görünür ki, İddiaçı ilk dəfə 14 may 2009-cu il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. -İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının TSEK-də müayinə aktlarının çıxarışlarından məlum olur ki, İddiaçı 14 may 2009-cu ildən sonrakı dövrlərdə tibbi müayinələrdən keçmiş və 2011, 2012, 2013, 2014, 2015 və 01 iyun 2016-cı il tarixə qədər ona 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Mübahisənin hüquqi mahiyyətindən aydın olunur ki, İddiaçı müharibə veteranı statusu almaqla 2010-2013-cü illərdə “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət verilməsi müəyyən edilmiş bəzi kateqoriya şəxslərin dairəsinə aid olduğunu iddia edərək, qeyd edilən Qanunun 9.1-ci maddəsinə uyğun olaraq, müharibə veteranı vəsiqəsini aldığı müddətdən əvvəlki üç illik aylıq müavinətləri tələb etmişdir. Lakin nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsi üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin olunması yalnız onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda mümkün hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 11.1. və 11.1.5-ci maddəsinin tələbi onu göstərir ki, hətta müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ olan şəxs sonradan əmək pensiyası hüququ qazandıqda müavinətin ödənişi dayandırılır. “Əmək pensiyaları haqqında” Qanunun 4.1. və 4.1.2-ci maddələrinə əsasən əlilliyə görə əmək pensiyası əmək pensiyasının növlərindən biri hesab olunur. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Fərmanın 2.1.1-ci yarımbəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Fərmanın 2.1.2-ci yarımbəndinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. İnzibati Kollegiya istinad olunmuş aidiyyəti maddi normaların hüquqi mahiyyətini iddianın və cavabdeh tərəfin imtinasının əsasları, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi yanaşması yanlışdır və bu hal “İnzibati icraat haqında” Qanunun 12-ci maddəsinə əsasən “Hamı qanun və inzibati orqan qarşısında bərabərdir”, “İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.” prinsiplərinə ziddir. Məhkəmə mübahisəyə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan tənzimləyici maddi normaların tələblərinə uyğun yanaşmamış, bununla da işin hallarına uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, 2010-2013-cü illərdə, eləcə də hal hazırda qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun qərarda qeyd olunan normaları imperativ xarakter daşıyır və qadağanedici xüsusiyyətindədir. Hüquq nəzəriyyəsi baxımından bu tip normalar konkret hərəkətin edilməsini və ya edilməməsini qadağan edir. Həmin maddi normalar aşkar tələb edir ki, sosial müavinət yalnız bir növ üzrə təyin oluna bilər. İşin faktiki hallarına əsasən İddiaçı 2010-2013-cü illərdə 2-ci dərəcə əlilliyə görə əmək pensiyası almışdır. Həmin dövrdə o, müharibə veteranı statusu almış olsaydı belə, yenə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən dairəsi müəyyən edilmiş bəzi kateqoriya şəxslər kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ala bilməyəcəkdi, yaxud əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina edilməklə həmin müavinəti ala bilərdi. Odur ki, cavabdeh tərəfin qeyd olunan iddia tələbi üzrə müraciətdən imtina etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq, icraat iştitakçılarının şifahi izahatını dinləyərək bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərar qanunsuz və əsassızdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(120)-1619/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin olunmasın. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Samir Həsənov Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(106)-446/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-446/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver