Məhkəmə qərarları › İş №2-1(106)-446/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-446/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-446/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakim kimi əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi XXX Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1802/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 illinə görə vəzifə maaşının 15 faizi ( cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylı əmək haqqı məbləğində müavinat, kompensasiya, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı 01 may 2022-30 aprel 2024-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1959-cu ildə Biləsuvar rayonu, Ağalıkəndində doğulmuş Nəsirov X1 rayonu, Ağalı kəndində qeydiyyatdadır. ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildə Biləsuvar (əvvəlki Puşkin) rayon Suvarma Sistemləri idarəsinə maşinist vəzifəsinə təyin edilmişdir (Əmr № Пр 103, xx.xx.1976), xx.xx.1977-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olmuşdur (10 ay 11 gün) (Əmr № Пр 83, xx.xx.1977) , xx.xx.1979-cu ildə Biləsuar Rayon Suvarma Sistemləri İdarəsinə maşinist vəzifəsinə təyin edilmişdir (Əmr № Пр 88, xx.xx.1979), xx.xx.1992-ci ildə ştat vahidi ixtisara düşdüyü vəzifədən azad olmuşdur (12 il 8 ay 27 gün) ( Əmr № Б П/35, xx.xx.1992), xx.xx.1992-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətində Hüquq və müdafiə məsələləri şöbəsində məsləhətçi vəzifəsinə təyin edilmişdir ( Sərəncam № 304, xx.xx.1992), xx.xx.1999-cu ildə İcra Hakimiyyətində Hüquq şöbəsinə hüquqşünas vəzifəsinə təyin olunmuş, xx.xx.2003-cü ildə İİİ dərəcəli dövlət qulluğu ixtisas dərəcəsi verilmişdir (355 №-li sərəncam), xx.xx.2010-cu ildə (Biləsuvar Rayon İcra Hakimiyyətində xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi dövr 18 il 8 ay 2 gün) Masallı Rayon Məhkəməsinə hakim təyin olunduğu üçün Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin hüquqsünası vəzifəsindən azad edilmişdir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli sərəncamı), xx.xx.2010-cu il tarixdə Masallı Rayon məhkəməsinə hakim vəzifəsinə təyin olunmuşdur ( xx.xx.2010-cu il tarixli Sərəncam), xx.xx.2013-cü il tarixdə Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Hərbi Məhkəməsinin hakimi təyin edilmişdir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3052 №-li sərəncamı), xx.xx.2015-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin hakimi təyin olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1473 №-li sərəncamı), xx.xx.2024-cü il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə 2024-cü il 2 may tarixdən xitam verilmişdir (Məhkəmə-Hüquq Şurasının xx.xx.2024-cü il tarixli qərarı - hakim stajı 13 il 6 ay 6 gün). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 3-16- 8/2-622/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Tərtər Hərbi Məhkəməsinin sabiq hakimi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 165138.37 (bir yüz altmış beş min yüz otuz səkkiz manat 37 qəpik) hesablanmış, həmin məbləğin tərkibində kompensasiya şəkilində 12-2022-ci il tarixdə ödənilmiş 3820.20 manat, 12-2023-cü il tarixdə ödənilmiş 8042.00 manat olmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-1/2-N-212032/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun hakim kimi iş stajı 15 ildən az (13 il 6 ay 6 gün (xx.xx.2010-xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən ona hakim kimi əmək pensiyası hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirmişdir. 10 dekabr 1976-cı il tarixdən 21 oktyabr 1977-ci il tarixədək Biləsuvar Rayon Suvarma Sistemləri idarəsində maşinist işləmişdir. 05 oktyabr 1977-ci il tarixdən 14 oktyabr 1979-cu il tarixədək Sovet Ordusu Silahlı Qüvvələri sırasında hərbi xidmətdə olmuşdur. 14 noyabr 1979-cu il tarixdən 29 oktyabr 1984-cü il tarixədək Biləsuvar Rayon Suvarma Sistemləri idarəsində maşinist, 29 oktyabr 1984-cü il tarixdən 10 avqust 1992-ci il tarixədək Biləsuvar rayon Suvarma Sistemləri idarəsində komsomol təşkilatının katibi, 19 oktyabr 1992-ci il tarixdən 26 oktyabr 2010-cu il tarixədək Biləsuvar Rayon İcra Hakimiyyətində hüquq şöbəsində hüquqşünas vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 06 may 2024-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatdığına görə 02 may 2024-cü il tarixdən hakimlik fəaliyyətinə xitam verilmişdir. 24 avqust 2024-cü il tarixdə müvafiq sənədləri təqdim etməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq məbləğində pul təminatı, o cümlədən məzuniyyət haqqı, kompensasiya və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. Onun xx.xx.2017-ci il tarixədək artıq hakim kimi iş stajı mövcud olmuşdur. Bu hallar da onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair münasibətlər xx.xx.2015-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırmışdır ki, iddiaçının hakim kimi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azə 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.2.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. İddiaçı xx.xx.1959cu il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. Onun ümumilikdə hakim kimi sosial sığorta stajı 14 il 1 ay 03 gün (xx.xx.2010-xx.xx.2024) təşkil etmişdir. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək (Qanunun həmin redaksiyasına əsasən əmək pensiyasına əlavələr hakim vəzifəsindəki 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında təyin edilir), yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək ona təyin edilməli olduğunu iddia etsə də, yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2024-cü il tarixində yarandığından əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanuna müvafiq hesab edilməməlidir. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1802/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia qismən təmin edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək, qərarın nəticə hissəsində əmək pensiyasının hesablanmasında nəzərə alınmalı olan əlavələrə kompensasiya sözü də əlavə olunmaqla və əmək pensiyası ilə bağlı öhdəliyin pensiya hüququnun yaranması müddətindən ödənilməsi öhdəliyinin qoyulmaqla iddianın tam təmin edilməsinə dair qərar çıxarılmasını; qərardan narazı qalan cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçının apellyasiya şikayətinin dəlilləri: Məhkəmə maddi hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Belə ki, ona sabiq hakim kimi əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyularkən bu zaman hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı 01 may 2022-30 aprel 2024-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanılmalı olması, həmçinin, bu zaman ödənilmiş kompensasiya məbləği və əmək pensiyasının hüququ yaranan tarixdən ödənilməli olması nəzərə alınmalı idi. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmənin iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1 -ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 106. Hakimlərin maddi təminatı hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. ... Maddə 109. Hakimlərin sosial müdafiəsi (iddiaçı hakim təyin edilən zaman qüvvədə olan 109-cu maddəsinin redaksiyası) Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Hakimlərin Statusuna dair” Avropa Xartiyası: Maddə 6.4. Müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmaqla, ləğv olunan hissədə iddia qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin olunmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları bildirir. İş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona hakim kimi yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarətdir. İddiaçının 13 il 6 ay 6 gün (xx.xx.2010-xx.xx.2024) hakimlik stajı işin mübahisələndirilməyən halıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi sığorta stajı 15 ildən az olduğundan, ona hakim kimi əmək pensiyası hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya-hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində, 127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının hakim kimi əmək pensiyasının hesablanması ilə bağlı yuxarıda adıçəkilən Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədən olan redaksiyasının və ya hazırkı redaksiyasının tətbiq edilibedilməməsi ilə bağlıdır. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya tətbiq edilməklə onun əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməli olması qənaətindədir. Cavabdeh isə, qüvvədən düşmüş normalarının tətbiqinin istisna edilməklə, Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq adıçəkilən Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (6 il 8 aydan artıq) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. Kollegiya iddiaçının hakimlik stajı 13 il 6 ay 6 gün təşkil etdiyi üçün (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faiz) ona orta aylıq əmək haqqının 72,5 faizi miqdarında əmək pensiyasının təyin edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edir. Kollegiya birinci istansiya məhkəməsinin qərarının qismən ləğv edilən hissəsinə münasibətdə bildirir ki, iddiaçının hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı 01 may 2022-30 aprel 2024-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinə kompensasiya şəkilində 12-2022-ci il tarixdə aldığı 3820.20 manat və 12-2023-cü il tarixdə aldığı 8042.00 manat, cəmi 11862.20 manatda daxildir və orta aylıq əmək haqqının 72,5 faizi miqdarı müəyyən edilərkən kompensasiya şəkilində ödənilmiş həmin vəsait də nəzərə alınmalı idi. Təbii ki, həmin məbləğin pensiyanının hesablanması zamanı nəzərə alınıb-alınmaması pensiya məbləğinə təsir edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Hazırki vəziyyətdə iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranma müddəti ilə bağlı tərəflər arasında mübahisə olmasa da, kollegiya qərarın icrası ilə bağlı gələcəkdə hər hansı bir problemin olmaması üçün qeyd edir ki, iddiaçının pensiya hüququ (65 yaş) xx.xx.2024-cü il tarixdən yarandığı üçün ona qeyd edilən tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməyən pensiya məbləği ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi ləğv edilən hissədə qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1802/2025 saylı qərarı qismən ləğv edilsin, ləğv edilən hissədə iddia qismən təmin edilsin. İddiaçı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, kompensasiya, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) əlavə olunmaqla hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, xx.xx.2022xx.xx.2024-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 72,5 faizi miqdarında əlavənin hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(120)-1802/2025 saylı qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar