Məhkəmə qərarları › İş №2-1(106)-448/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-448/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-448/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və vəkili X1, üçüncü şəxs Cavabdeh1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-1762/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqinin Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın verilməsi üçün maneələrinin qarşısının alınması və torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlǝt Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanı üzrə yerləşən 0.1337 ha torpaq sahəsi üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən çıxarışın verilməsi üçün idarənin nümayəndəsinin vəzifə səlahiyyətlərinin icrasına Cavabdeh1 və digər şəxslərin maneələrinin qarşısının alınması və ünvan 2 ünvanı üzrə yerləşən 0.1337 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və bu barədə öhdəliyin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqinin Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində ərizə təqdim edərək, Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə vəsatət təqdim edərək, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-428/2025 nömrəli işə baxılıb yekun qərar qanuni qüvvəsini alana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 18 mart 2025-ci il tarixli, 2-1(120)- 1762/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, həmçinin eyni tarixli qərardadla iş üzrə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırda məhkəmənin icraatında olan inzibati iş üzrə tələb xüsusi bilik tələb etdiyi üçün müvafiq ekspertiza keçirilməli və ekspert rəyi əldə olunmalıdır. Vəsatətdə qeyd edilən digər mübahisəli iş üzrə məhkəmə-tikinti ekspertiza təyin edilmişdir. Ekspert rəyləri əldə edildikdən sonra zərurət yaranarsa məhkəmə öz təşəbbüsü ilə icraatın dayandırılması ilə bağlı qərardad qəbul edə bilər. Hazırki vəziyyətdə icraatın dayandırılması zərur hesab edilmir. Qərardaddan üçüncü şəxs Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili ayrı-ayrılıqda şikayətin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -7.1-ci maddəsinə görə mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. -7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. -50-ci maddəsinə görə sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icıasında məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə məsələləri həll edir və bununla bağlı müvafiq qərardad çıxarır. İşdə olan sənədlərdən görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında Cavabdeh1 və qeyrilərinin ünvan 3 ünvana dair verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. Həmçinin hazırki iş üzrə iddiaçı ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin qeydə alınmasımı tələb edir və bu iş üzrə də ekspertiza təyin edilmişdir. Göründüyü kimi, bir halda 17 a ünvanda yerləşən torpaq sahəsi, digər halda isə ev 17C ünvanda yerləşən evlə bağlı mübahisə mövcuddur və hər iki iş üzrə ayrı-ayrılıqda araşdırılma aparılması zəruridir. Başqa sözlə, mübahisə predmeti fərqli ünvanlar üzrə fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı olduğundan hazırki vəziyyətdə xüsusi bilik tələb edən suallara cavab alınmadan işlərdən hansının icraatının dayandırılmalı olması da aşkar deyildir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-1762/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar