Məhkəmə qərarları › İş №2-1(106)-451/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-451/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-451/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(120)287/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq qərar qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şirvan şəhəri, L.M.İbrahimov küçəsində yerləşən 0.0009 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şirvan şəhər Bələdiyyəsi və Şirvan şəhər İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-287/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi üzrə qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən 0,0009 ha (9 kv.m) torpaq sahəsinə (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(120)287/2024 nömrəli qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi təmin edilmiş və İddiaçı Şirvan şəhəri, L.İbrahimov küçəsi ərazisində yerləşən 0,0009 ha (9 kv.m) torpaq sahəsinə (yeni qaydalarda ünvan nəzərə alınmaqla) icarə (istifadə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən 0.0009 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahələri elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Eyni zamanda, Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Belə ki, icraatın gedişində məhkəmə ekspertizasının aparılmasının nəticəsi olaraq, tərtib olunmuş ekspert rəyində sözügedən torpaq sahəsinin dövlət torpağı olduğu təsbit edilmişdir. Ekspert rəyində göstərildiyi kimi torpaq sahəsi o dövrdə bələdiyyə mülkiyyətində olduğundan sənədləşmə prosesi müvafiq bələdiyyə ilə aparılmışdır. Hazırda isə torpaq sahəsi dövlət mülkiyyətindədir və tərtib olunacaq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış” sənədi müvafiq əmlakın cari vəziyyətinə uyğun tərzdə tərtib olunmalıdır. Şirvan İnzibati Məhkəməsi tərəfindən cari vəziyyət nəzərə alınmayaraq qərar qəbul edilmişdir. Ekspert rəyində də qeyd edildiyi kimi müvafiq fərmana əsasən, sözügedən torpaq sahəsi Şirvan şəhərində aparılmış elektron kadastr uçot işləri nəticəsində tərtib edilmiş Şirvan bələdiyyəsinin xəritəsində dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Müraciətin icrasından imtina olunarkən sadalanan hallara istinad olunmasına baxmayaraq Məhkəmə tərəfindən Ərazi İdarəsinin bu sahədə fəaliyyəti qanunazidd və vətəndaşın hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilmişdir. Göstərilən dəlillərə əsasən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-287/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və bu barədə iddia tələbinin təmin olunmaması ilə bağlı yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ.Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İV. Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia tələbinin əsaslarına uyğun çıxış etmişvı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Maddi və prosessual normalar: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: -qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; -qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ; -1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. -3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. -4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. -6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: -müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; -hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; -məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; -vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 59. Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi: Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: -sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər: -1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı -1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -2.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2.-Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası -19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Vİ. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin faktiki və mübahisəli olmayan halları ilə birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli sərəncamı ilə şəhər sakini Qarabağ əlili İddiaçı Bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət köşkünün qoyulmasına icazə verilmişdir. Ticarət köşkünün qoyulması üçün şəhərin “L.İbrahimov” küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Əli-Bayramlı şəhər Torpaq Şöbəsi İddiaçı icazə veriləcək torpaq sahəsinin yerquruluşu sənədlərini tərtib etmiş, L.İbrahimov küçəsində yerləşən ümumi istifadədə olan ərazisindən İddiaçı sahibkarlıq fəaliyyəti üçün 9.0 kv.m-torpaq sahəsinin icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan başqa Əli-Bayramlı şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsinin xx.xx.2001-ci il tarixli rəyi, Əli-Bayramlı rayonlararası Ekologiya və X3 Komitəsinin xx.xx.2001-ci il tarixli torpaqayırma və yerseçmə ekoloji rəyi ilə xx.xx.2001-ci il tarixli Əli-Bayramlı şəhər Bələdiyyəsi tərəfindən təsdiq edilmiş Əli Bayramlı şəhərində 9 kv.m torpaq sahəsi ayrılması haqqında akt, plan sxemi təqdim edilmişdir. Həmçinin Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazə sənədinə əsasən, İddiaçı köşk qoyulması üçün L.İbrahimov küçəsində xüsusi şərtləri yerinə yetirməklə icazə verilmiş və Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli aktına əsasən, İddiaçı L.İbrahimov küçəsində köşk qoyulması məqsədilə torpaq sahəsi ayrılması üçün aktlaşdırılmışdır. xx.xx.2001-ci il tarixdə Əli-Bayramlı şəhər Bələdiyyəsinin hesabına İddiaçı tərəfindən 34000 manat ödəniş edilmişdir. xx.xx.2003-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, Əl-Bayramlı şəhər Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti üçün 9 kv.m torpaq sahəsi illik 14850 manat icarə haqqı müqabilində xx.xx.2028-ci ilədək İddiaçı icarəyə verilmişdir. Göründüyü kimi, torpaq sahəsinin icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilməsi həmin dövrə münasibətdə tam qanuni olmuş, heç bir mübahisə yaradan hal olmamışdır. Hal-hazırda iddiaçının istifadə hüququnun qeydə alınmasından cavabdeh tərəfin imtina etməsinin səbəbi torpaq sahəsi elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilməsidir. Bu hal təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının rəyində də qeyd olunmuşdur. Həmin rəyə əsasən Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsi və İddiaçı verilmiş Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazəsinəəsasən L.M.İbrahimov küçəsindəki köşk və döngə nöqtələrinin koordinatları rəyəəlavə edilmiş yerquruluşu planında qeyd olunmuşdur. Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində hər hansı köşk tikili mövcuddur. Həmin tikili iddiaçıya məxsus olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Əli-Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsinin 2001-ci ildə Şirvan şəhər bələdiyyəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi. Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elekton kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan bələdiyyəsinin xəritəsində isə dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Əli-Bayramlı şəhər bələdiyyəsinin 23 saylı, xx.xx.2001-ci il tarixli, sərəncamı ilə İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən ayrılmış 9 kv.metr (0.0009 ha) torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsi faktiki olaraq iddiaçının özünün istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsinin koordinatları digər şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırması zamanı Şirvan şəhər bələdiyyəsi və Şirvan şəhər İcra Hakimiyyəti, apellyasiya baxışında Əmlak Məsələri Dövlət Xidməti Şirvan Ərazi İdarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunmuş, iddiaçının müraciətinin qeydə alınmasına etiraz və ya digər mübahisə yaradan müraciət daxil olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin tam və obyektiv araşdırması ilə iddiaçının torpaq sahəsinə icarəçi kimi istifadə hüququ tam təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin müraciətdən imtinanın əsasını bir daha təhlil etmiş və iddiaçının müraciətini qanuni və əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 158.3-cü maddəsi hazırkı mübahisənin həlledici maddi normasıdır. Həmin maddədə açıq qeyd olunmuşdur ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddənin mübahisəyə tətbiqi baxımından kollegiya qeyd edir: -İddiaçı torpaq sahəsini icarəyə götürdüyü vaxt, torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş və mülkiyyətçi olaraq sərəncam vermək hüququ olmuşdur; -Bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı torpaq sahəsindən istifadəçi kimi əmlak hüququ yaranmışdır; -Torpaq sahəsinin Şirvan şəhərində aparılmış elekton kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan bələdiyyəsinin xəritəsində dövlət mülkiyyətində qeyd olunması İddiaçı təqsiri deyil və həmin hala görə o, vicdanlı şəxs hesab olunur. -İddiaçı Hüseynaöğa Mehdiyev torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, halhazırda başqa şəxslərin hüquq və mənafelərini pozmur; Göstərilən hallar tam qanuni əsas verir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin sonradan dövlət mülkiyyətinə keçməsi İddiaçı əmlak, yəni icarəçi kimi istifadəçi hüququnun xitamına səbəb olmamışdır. Göründüyü kimi hüququn qeydə alınmasından imtina üçün əsaslar müəyyən olunmur, aşkar haldır ki, cavabdeh tərəfin mövqeyi qanunsuzdur və bu hal “İnzibati icraat haqqında” Qanunun ümumi (qanunçuluq və digər) prinsiplərini pozma kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bu növ müraciətlərdən əsassız imtinalara tənqidi yanaşır və xüsusilə qeyd edir ki, vətəndaşların qanuni mənafelərinin pozulması halı uzun müddət davam etməklə yanaşı, məhkəmə mübahisələrinin də yaranmasına səbəb olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(120)287/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar