Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-451/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6710 nömrəli qərarın ləğv edilməsi tələbinə dair Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-622/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3848 nömrəli qərardan görünür ki, İddiaçı2 məxsus obyektdə (ünvan 1i ünvanında yerləşən mağazada) nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunda müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Qərarda vergi ödəyicisinin fəaliyyət növü: “sair ərzaq məhsullarının pərakəndə satışı” göstərilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY231944410 nömrəli çıxarışdan görünür ki, İddiaçı2 məxsus obyektdə (ünvan 1i ünvanında yerləşən mağazada) nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunda müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məqsədi ilə vergi ödəyicisinin cari fəaliyyəti ilə bağlı xx.xx.2023-xx.xx.2023-cü il tarixlər üzrə plandankənar (növbədənkənar) operativ vergi nəzaritənin keçirilməsi qeydiyyata alınmışdır. Çıxarışda yoxlanılan təsərrüfat obyektinin fəaliyyət növü kimi: “sair ərzaq məhsullarının pərakəndə satışı” göstərilmişdir. “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli DVX 001002 nömrəli aktda göstərilir ki, keçirilmiş yoxlma zamanı pərakəndə satış zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında NKA-ya 88 hal üzrə 4000 manatdan artıq 856976.31 manat məbləğ mədaxil olunmuşdur. Yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən NKA-ya daxil edilmiş 88 hal üzrə 856976.31 manat satışın 4000 manat olan artıq 504976.31 manat məbləğin 10 %, yəni 50497.63 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6710 nömrəli qərardan görünür ki, İddiaçı2 “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4 və Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin tələblərini pozduğuna görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliyi pozmaqla aparılan əməliyyatlara görə 50497.70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin keçirilməsi haqında qərarda yoxlamanın keçirilməsi üçün əsas göstərilməmiş, qərar əsaslandırılmamış, sadəcə Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrinə istinad edilmişdir. Bundan başqa, operativ vergi yoxlamasının müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2023-xx.xx.2023-cü illərdə olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin etirazları: Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********334600 nömrəli məktubda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11 və 3.4.12-ci maddələrinə əsasən pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər və tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli olduğu halda nağd ödənişlər edilmiş vergi ödəyiciləri barədə məlumat təqdim edilmişdir. Məlumatlarda adları qeyd olunan ödəyicilər barədə OVN tədbirinin həyata kerçirilməsi 6 saylı ƏVBİ-yə tapşırılmışdır. Bununla bağlı müvafiq risk yaradılaraq qərar açılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin NKA-ya 88 hal üzrə 4000 manatdan artıq 856976.31 manat məbləğ mədaxil olunması müəyyən edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6710 nömrəli qərar ilə İddiaçı2 Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliyi pozmaqla aparılan əməliyyatlara görə 50497.70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsində operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2-1(120)-622/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edilən normanı nəzərə almamış, bu istiqamətdə, yəni malların anbardan pərakəndə qaydada satılması məsələsini ümumiyyətlə araşdırmamış, buna hər hansı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İşin hallarından göründüyü kimi vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (ticarət obyekti) mövcuddur və həmin ticarət obyekti topdansatış ticarəti ilə məşğul olmaq üçün istifadə edilir. İş materiallarında da vergi ödəyicisi tərəfindən həmin obyektin pərakəndə ticarət məqsədləri üçün istifadə etməsinə dair hər hansı sübut mövcud deyil. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, prosesdə iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Kollegiya cavabdehin nümayəndəsinin (Elsevər Qarayev) məhkəmə iclasının təxirə salınması barədə ərizəsinin nəzərə alınmaması ilə bağlı bildirir ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 185-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Göründüyü kimi qanunvericilk işdə iştirak edən şəxslərin üzərinə məhkəmə iclasına gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmək və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmək öhdəliyi qoymuşdur. Hələ bundan sonra məhkəmə həmin halı üzürlü hesab edərsə, məhkəmə iclası təxirə salına bilər. Hazırki iş üzrə isə cavabdehin nümayəndəsi qanunvericiliyin tələb etdiyi şəkildə davranmayaraq, yalnız məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, iclasın təxirə salınmasını xahiş etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdehin xidmətində ərizəni yazan şəxsdən başqa, onlarla əməkdaşı fəaliyyət göstərir. Göstərilən səbəblərdən cavabdehin nümayəndəsinin məhkəmə iclasının təxirə salınması barədə ərizəsi nəzərə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.62. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. ... 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: ... 58.7-1.9. həmin Qanunun 3.4.10-cu, 3.4.11-ci, 3.4.15-ci və 3.4.16-cı maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə; “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu: 1.11. 50-ci maddə üzrə: 1.11.1. aşağıdakı məzmunda 50.4-1-ci maddə əlavə edilsin: “50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.”; ... 3.5. Bu Qanunun 3.1-3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: ... 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin keçirilməsi və mübahisələndirilən qərar qanunvericiliyin tələb edildiyi şəkildə əsaslandırılmamış, həmçinin, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2023-xx.xx.2023-cü illərdə olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcəyə vergi məbləğlərinin ödənilməsinin qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3848 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3848 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə , həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-in müvafiq maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Bundan başqa, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə 50.4.-1-ci maddə (Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.) “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və həmin norma 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin norma Vergi Məcəlləsinə əlavə edilənədək Məcəllənin operativ vergi nəzarəti tədbirini tənzimləyən normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qeyd edilən tarixədək qanunvericilikdə operativ vergi nəzarəti tədbiri vergi ödəyicisi tərəfindən yoxlamanın keçirildiyi müddətdə qanunvericiliyə riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiri idi. Əgər bu başqa cür olsa idi, onda sonradan heç Vergi Məcəlləsinə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 50.4.-1-ci maddənin əlavə edilməsinə zərurət olmazdı. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2023-cü il tarixlər üzrə müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2023-xx.xx.2023-cü illərdə olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Təsadüfi deyildir ki, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY231944410 nömrəli çıxarışdan görünür ki, operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə yoxlamış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Kollegiya cavabdehin - Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edərək, məhkəmənin “malların anbardan pərakəndə qaydada satılması məsələsinin araşdırmaması” barədə şikayətinin dəlilinə münasibətdə isə bildirir ki, bu məsələnin hazırkı işə aidiyyəti yoxdur. Birincisi, iş materiallarında olan bütün sənədlərdən (“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3848 nömrəli qərardan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY231944410 nömrəli çıxarışdan, “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli DVX 001002 nömrəli aktdan, vergi ödəyicisinin nümayəndəsinin izahatından və s.) görünür ki, vergi ödəyicisi pərakəndə satışla məşğuldur. İkincisi, iddiaçı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4 və Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin tələblərini pozduğuna görə (pərakəndə satış zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında NKA-ya 88 hal üzrə 4000 manatdan artıq 856976.31 manat məbləğ mədaxil olunduğuna görə) Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliyi pozmaqla aparılan əməliyyatlara görə 50497.70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6710 nömrəli qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2-1(120)-622/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-451/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-451/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver