Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-453/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-1860/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdehlər X2, X4, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi nümayəndəsi Leyla Əzizovaya, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı “qanunazidd sənəd, arayış və qərarların, alqı-satqı müqaviləsinin, çıxarışların və plan ölçülərin ləğv edilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-1860/2024 saylı qərardadına (hakim Pərvanə Qurbanova) əsasən iddia mümkün sayılmamışdır. Qərardad hakim tərəfindən belə əsaslanıdırlmışdır ki, iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Belə ki, işin iş materiallarında olan Masallı rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı cavabdehlər X2, X4, Masallı rayon Türkoba Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin, reyestrdən çıxarışın və plan və ölçünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-459/2014 nömrəli 22 oktyabr 2014-cü il tarixli qətnaməsinə, eləcə də Şirvan Apellyasiya Məhkəməsinin 16 aprel 2015-ci il tarixli, 2(106)-376/2015 nömrəli qətnaməsinə əsasən onun iddiası təmin edilməmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-459/2014 nömrəli 22 oktyabr 2014-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 aprel 2015-ci il tarixli, 2(106)-376/2015 nömrəli qətnaməsi ilə Masallı rayon Məhkəməsinin 2(050)-459/2014 nömrəli 22 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır və iddiaçı tərəfindən qeyd edilən məhkəmə qətnaməsi kassasiya qaydasında mübahisələndirilməmiş və Masallı rayon Məhkəməsinin 2(050)- 459/2014 nömrəli 22 oktyabr 2014-cü il tarixli qətnaməsi 04 avqust 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı qeyd olunan qərardaddan apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinin ümumi nəticəsinə əsasən birinci instansiya məhkəməsində onun iddia tələbinin mümkünlüyü məsələsi düzgün yoxlanılmamış, bu səbəblə qanunsuz qərardad qəbul edilmişdir. Ona görə qərardadın ləğv olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, 1997-ci ildən hazırda isitfadə etdiyi torpaq sahəsini satin almışdır. 2007-ci ildə yenidən bələdiyyənin hesabına pul köçürərək, bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlamışdır. Lakin sonradan bələdiyyə onun torpaq sahəsinə gələn yolu X1. O, hesab edir ki, bu barədə bələdiyyənin qərarı qanunsuzdur. Bələdiyyə həmin ərazini 2007-ci ildə satdığı halda, 2003-cü ildə Sailə Sadıxovaya sata bilməzdi, odur ki, əsas istəyi həmin qərarın ləğv olunmasıdır. Göstərdiyi əsaslara görə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İİİ. Proses iştirakçılarının izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-1860/2024 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3. İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -82 Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; -139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi; -68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. V. Apellyasiya instansiyasının məhkəmə icraatı: Məhkəmə şikayətin dəlillərini, iddia ərizəsi üzrə iddiaçının arzu etdiyi hüquqi nəticəni qərardadda qeyd olunan əsaslandırma ilə qarşılıqlı təhlil etmiş və hesab etmişdir ki, şikayət təmin olunmalıdır. Belə ki, iddia ərizəsi üzrə cavabdehlər X2, X4, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi nümayəndəsi Leyla Əzizovaya, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı tələb “qanunazidd sənəd, arayış və qərarların, alqı-satqı müqaviləsinin, çıxarışların və plan ölçülərin ləğv edilməsi” olsa da, tələbdə mübahisə predmetlərindən biri də bələdiyyə qərarıdır. İddia ərizəsinin tələb olunan hissəsində bu barədə tam qeyd olmasa da, iddiaçının şifahi dinlənilməsi ilə bunu dəqiqləşdirmək mümkün olmuşdur. İddia ərizəsinə əlavə edilən sənədlərdən biri də, Masallı rayonu Türkoba bələdiyyəsinin 2003-ci il tarixli qərarıdır. Həmin qərarla bələdiyyə X2 mübahisəli ərazini satmışdır və iddiaçı hesab edir ki, qeyd edilən qərarın verilməsi ilə onun hüquq və mənafeləri pozulmuşdur. Təsadüfi deyil ki, iş materiallarında olan ekspertiza rəyində də qeyd olunmuşdur ki, Sailə Sadıxovaya satılmış və təhkim olunmuş torpaq sahəsi iddiaçı İsgəndər Qurbanoba aid olan torpaq sahəsinin gediş-gəliş yolu üzərində yerləşir. Bundan başqa iddiaçı mülkiyyət hüququna istinad edərək hüquq və mənafeyinə toxununulduğunu qeyd edir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ əsas insan hüquqlarından biridir və konstitusiyada təsbit edilmiş qanuni əsaslarla qorunur. Birinci instansiya məhkəməsinin istinad etdiyi qanuni qüvvəsini almış Masallı rayon məhkəməsinin 2(050)-459/2014 nömrəli 22 oktyabr 2014-cü il tarixli qətnaməsinin giriş, əsaslandırıcı və nəticə hissəsi nəzərdən keçirilmiş, müzakirə edilmiş və müəyyən olunmuşdur ki, hazırkı iddia üzrə tələblərin bir qisminə baxılaraq hüquqi qiymət verilsə də, məhz iddiaçının mübahisələndirdiyi bələdiyyə qərarının ləğv olunması ilə bağlı tələbə baxılmamışdır. Bundan başqa qeyd olunan qətnamədən aşkar görünür ki, həmin mübahisəyə baxılarkən iddiaçı düzgün iddia predmeti seçməmiş, mübahisə torpaq tələbi əsaslarına uyğun araşdırılmışdır. Halbuki həmin işdən də aydın olur ki, iddiaçı torpaq tələb etmir, mülkiyyətində olan torpaq sahəsinə gələn yolun Sailə Sadıxovaya satılmasından narazılığını ifadə etməklə, yolununun bağlanmasını iddia edir. Həmin ərazi də məhz bələdiyyənin iddiaçı tərəfindən mübahisələndirilən qərarı ilə Sailə Sadıxovaya satılmışdır. Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən məhkəmə sənədlərinin aradan qaldırılmasında, aydın olmayan iddiaların dəqiqləşdirilməsində, yanlış iddianın münasibləri ilə əvəz edilməsində, natamam faktiki məlumatların tamamlanmasında, son də işin hallarının müəyyən edilməsində və hesablamaların aradan qaldırılmasında zərərin ödənilməsi ilə bağlı qərarların verilməsi prosesində köməklik göstərilməsinə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi yardım prinsipinə əsasən bir daha İddiaçı şifahi məhkəmə iclasında dinləməli, iddianın məhz bələdiyyə qərarının ləğv olunması hissəsinə mahiyyəti üzrə baxaraq, araşdırmanın nəticəsinə uyğun qanuni qərar qəbul etməlidir. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 05 saylı Qərarında qeyd olunanlara istinad etməyi və birinci instansiya məhkəməsinin diqqətini həmin tövsiyyələrə yönəldilməsini zəruri hesab edir. 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1. və 87.7.2-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-1860/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər X2, X4, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi nümayəndəsi Leyla Əzizovaya, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı “qanunazidd sənəd, arayış və qərarların, alqı-satqı müqaviləsinin, çıxarışların və plan ölçülərin ləğv edilməsi” tələbi barədə inzibati iş icraatın davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Samir Həsənov Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(106)-453/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-453/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver