Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-453/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-1551/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 18 mart 2025-ci il tarixli, 2-1(120)- 1551/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X2 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli, 20/206-17/03-25 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr üzrə zərərli iş stajı 11 (on bir) il, 5 (beş) ay, 29 (iyirmi doqquz) gün təşkil edir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 01-PH/44 nömrəli arayışından görünür ki, iddiaçının güzəştli sosial sığorta stajı xx.xx.2012-ci ildənxx.xx.2013-cü ilədək 10 ay təşkil edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr üzrə güzəştli sosial sığorta stajı 03 il, 04 ay, 12 gün təşkil edir. İddiaçı işlədiyi izoləedici, yəni sarıyıcı, hörgüçü (qazanın isti vəziyyətdə odadavamlı kərpiclə hörgüçü) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü fəslinə, həmçinin izolyasiyaçı, termoizolyasiyaçı vəzifəsi həmin siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” 29-cu fəslinə uyğundur. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli şərtlər pensiya təyinatı ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh əsassız olaraq imtina cavabı vermişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01-PH/602 nömrəli arayışında qeyd olunan xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində işlədiyini "xxxx" ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolasiyası və Hörgü sahəsi sözügedən arayışda istinad olunan elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay 28 gün (xx.xx.2004-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009xx.xx.2009-cu il, xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Cavabdeh sonradan etiraz dəlillərinə düzəliş edərək bildirmişdir ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışında xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Yujenerqoteploizolasiya” Kombınatının “İttifaqenerjisənayetikinti” İB-də termoizolyasiyaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar dəqiqləşdirmə zamanı, “Yujenerqoteploizolasiya” Kombinatının “İttifaqenerjisənayetikinti” İB-nə dair verilmiş arayışların həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 28 gün (xx.xx.2004xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2012xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili iddiadan imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, “Yujenerqoteploizolyasiya” Kombinatının “İttifaqenerjisənayetikinti” X1 Respublikasının Xarkov şəhərində yerləşirdi, Şirvan şəhərində isə filialı fəaliyyət göstərirdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur. -NT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş, halhazıradək işləyir. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə (Əmr №-664. xx.xx.1987-ci il) 4-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilib. xx.xx.1988-ci ildə (Əmr № 86, xx.xx.1988-ci il) Tarif dərəcələrində dəyişikliklə əlaqədar olaraq, Termoizolyasiya sahəsinə izolyasiyaçı peşəsinə keçirilib və xx.xx.1991-ci ildə (Əmr № 112. xx.xx.1991-ci il) işdən azad edilib. Qeyd edilənlərə əsasən onun işlədiyi termoizolyasiyaçı və izolyasiyaçı peşələrində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə aiddir: İşçi zonasinin havasının yüksək tozlu və qazlı olması, izolə edilən avadanlıqların, qurğuların, işçi zonanın havasının yüksək tempratura malik olması, işlərin görüldüyü ərazidə 1.3 metr və daha artıq hündürlükdə dəyişmələr. 100-200° C tempratura qədər qızdırılmış izoləedici materiallarla (bitum qətranı və s.) iş zamanı yanıq alma təhlükəsi və belə materialların qızdırılması ilə buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (rusca-steklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və dəriyə təması nəticəsində sağlamlığa təhlükə yaratması və s. aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-İi Qərarının 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" Fəslinə əsasən termoizolyasiyaçılar və izolyosiyaçılar bəndinə və 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmişdir. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12520 şifrəsi ilə qeyd edilmiş izolyasiyaçılar və 2290000a- 12531 şifrəsi ilə qeyd edilmiş termoizolyasiyaçılar peşəsinə tam uyğun olması və həmin siyahılarda göstərilən peşələrin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Güzəştli pensiya üçün staj: 03 il, 04 ay, 12 gün təşkil edir. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/49 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1991-ci ildən (Əmr-№ 26-l, xx.xx.1991-ci il) xx.xx.2002-ci ilədək (Əmr № 07-ş. xx.xx.2002-ci il) “Azərenerjixüsusitəmir” Xüsusiləşdirilmiş təmir müəssisəsinin Əli- Bayramlı sahəsində suvaqçı işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2009-cu ildə (Əmr № 01/17- kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin Energetik Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolyasiyası və Hörgü sexinə sarıyıcı peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (Əmr № 101/17-kş, xx.xx.2012-ci il) Kimyəvi Mühafizə, Boya və İzolyasiya İdarəsinin Şirvan İzolyasıya sahəsinə izoləedici peşəsinə keçirilib və xx.xx.2013-cü ildə əmək müqaviləsi xitam edilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən izolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olanlar, yəni izoləedicilər və sarıyıcıların işi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXVİİ fəslinin "Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə 2290000a-12533 saylı şifrəsinə əsasən “izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar” yəni izoləedici və sarıyıcılar ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərin pensiyası hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 3 il, 11 ay təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "Azenco” ASC adlandırılıb. -Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X2 Stansiyası” MMCnin xx.xx.2023-cü il tarixli, 206/17-xx/xx-2023 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2004-cü ildən (əmr № 19/n, xx.xx.2004-cü il) xx.xx.2009-cu ilə kimi “X2 Stansiyası MMC”-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində sarıyıcı yəni izoləedici (odadavamlı materiallarla işləyənlər) işləmişdir. xx.xx.2013-cü ildən (əmr № 15-n xx.xx.2013-cü il) 18.06 2015-ci ilə kimi “X2 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində izoləedici (odadavamlı materiallarla işləyənlər); xx.xx.2015-ci ildən (əmr № 12/k, xx.xx.2015-ci il) xx.xx.2016-cı ilə kimi “X2 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən istilik izolyasiya və hörgü sexində hörgüçü (odadavamlı materiallarla işləyənlər); xx.xx.2016-cı ildən (əmr № 45/k, 20.04 2016-cı il) xx.xx.2020-ci ilə kimi “X2 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexinin istilik izolyasiya və hörgü sahəsində hörgüçü (odadavamlı materiallarla işləyənlər) işləmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 11 (on bir) il, 5(beş) ay, 29 (iyirmi doqquz) gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səsküyün normadan artıq olması, zərərli odadavamlı materiallarla (şamot kərpici, azbes, şüşə döşəkcə, maye şüşə və s.) işləməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində odadavamlı materiallarla işləyənlər (hörgüçülər, izoləedicilər (yəni sarıyıcılar)) bəndinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısıda Xİİİ fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində 2140000a-15416 vəzifə kodunda müəyyən edilmiş odadavamlı materiallarla işləyənlər (hörgüçülər, izoləedicilər (yəni sarıyıcılar)) vəzifəsinin xüsusiyyətləri ilə eyni olduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Qeyd: Hörgüçülər odadavamlı materiallarla (rus dilində obmurovşik) bu vəzifədə çalışarkən yüksək temperaturlara məruz qalan qazan qurğusunun, sobanın, buxar qazanı və s.ətraf mühitdən izolyasiya edilərək istilik itkisini azaltmaq (bu qazan qurğusunun faydalı iş əmsalını artırır), yanmış qazların axınına istənilən istiqamət vermək, xarici havanın qazan qaz kanallarına daxil olmasının qarşısını almaq və s.məqsədlər üçün həmin qurğuların daxilinə odadavamlı kərpiclə (samot kərpici ilə) isolyasiya qatı hörürlər. Həmin hörgü işləri qeyd edilən qurğuların daxilində həyata keçirilir. lzolyasiyaçılar, sarıyıcılar,izoləedicilər-onların iş funksiyaları eyni olmaqla, buxar qazanında, buxar turbinində buxar kəmərlərinin odadavamlı materiallarla (şüşə parçalar,maye şüşə, şüşə liflər, azbest və s zərərli materiallar) istilik izolyasiya və ya sarğı işlərini yerinə yetirirlər. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. Qeyd: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyul 1993-cü il tarixli, 373 saylı Qərarına əsasən “Şərəf Nişanı” ordenli iliç adına X4 Rayon Elektrik Stansiyasının adı dəyişilərək X4 Rayon Elektrik Stansiyası adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" ASC-nin 05 yanvar 2006-cı ıl tarixli, AÜ/002 saylı əmrinə əsasən X4 Rayon Elektrik Stansiyasının adı dəyişilərək “X3 Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" ASC-nin 14 may 2008-ci il tarixli, AÜ/117 saylı əmrinə əsasən “X3 Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişilərək “X2 Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/429 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə (Əmr №-664. xx.xx.1987-ci il) “Yujenerqoteploizolyasiya” Kombinatının “İttifaqenerjisənayetikinti” İstehsalat Birliyinə 4-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilib, xx.xx.1988-ci ildə (Əmr № 286, xx.xx.1988-ci il) Tarif dərəcələrində dəyişikliklə əlaqədar olaraq, Termoizolyasiya sahəsinə izolyasiyaçı peşəsinə keçirilib və xx.xx.1991-ci ildə (Əmr № 112, xx.xx.1991-ci il) Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı işlədiyi termoizolyasiyaçı və izolyasiyaçı peşələrində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə: Normal tempraturdan artıq qızdırılmış izoləedici materiallarla işləməsi, materialların qızdırılması ilə buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (steklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və təması nəticəsində sağlamlığa təhlükə yaratması və s. aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12520 şifrəsi ilə qeyd edilmiş izolyosiyaçılar və 2290000a-12531 şifrəsi ilə qeyd edilmiş termoizolyasiyaçılar peşəsinə uyğun. Güzəştli pensiya üçün staj: 03 il, 04 ay, 12 gün təşkil edir. -"xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 01-PH/44 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2009-cu ildə (əmr № 01/17-kş, xx.xx.2009-cu il) "xxxx" ASAC-nin Energetik Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolyasiyası və Hörgü sexinə sarıyıcı peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (əmr №-101/17-kş, xx.xx.2012-ci il) Kimyəvi Mühafizə, Boya və İzolyasiya İdarəsinin Şirvan İzolyasiya sahəsinə izoləedici peşəsinə keçirilib və xx.xx.2013-cü ildə (əmr №-13/11-kş, xx.xx.2013-cü ildə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsi xitam edilib. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi izolyasiyaçı peşəsində işləyən işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Suyahısı”nın XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12520 şifrəsi ilə qeyd edilmiş izolyosiyaçılar peşəsinə uyğundur. xx.xx.2012-ci ildən-xx.xx.2013-cü ilədək Güzəştli pensiya üçün staj: 10 ay təşkil edir. Qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini iddiaçının 25 ildən çox ümumi iş stajının olması və azı 12 il 6 ay incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışması ilə şərtləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ümumi iş stajının 25 ildən çox olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olmasıdır. Halbuki, yuxarıda qeyd edilən arayışlarda iddiaçının güzəştli iş stajının 11 il, 5 ay, 29 gün; 10 ay və 03 il, 04 ay, 12 gün olmaqla, 12 il 06 aydan çox olması təsdiqlənir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, “Yujenerqoteploizolyasiya” Kombinatının “İttifaqenerjisənayetikinti” İstehsalat Birliyi haqqında Xidmətin arxivində məlumat yoxdur. Həmçinin iddiaçı məhkəmə iclasında bildirmişdir ki, həmin müəssisə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşirdi, Şirvan şəhərində isə filialı fəaliyyət göstərirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı “Yujenerqoteploizolyasiya” Kombinatının “İttifaqenerjisənayetikinti” İstehsalat Birliyində termoizolyasiyaçı və izolyasiyaçı, həmçinin "xxxx" ASC-nin Energetik Avadanlıqların Təmiri İdarəsinin İstilik İzolyasiyası və Hörgü sexində Kimyəvi Mühafizə, Boya və İzolyasiya İdarəsinin Şirvan İzolyasıya sahəsinə izoləedici peşələrində çalışmışdır. "xxxx" ASC-nin təqdim etdiyi yuxarıda qeyd olunan arayışlarda hər iki müəssisədə bu peşələrin zərərli olması ətraflı şərh edilmişdir. Bu baxımdan hazırda fəaliyyət göstərməyən müəssisədə əmək fəaliyyətinin zərərli olması barədə analoji fəaliyyətlə məşğul olan müəssisə tərəfindən verilmiş arayış mötəbər hesab edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-1551/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-453/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-453/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver