Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-454/2023 13.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Birnci instansiya məhkəməsində icraat və məhkəməsinin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, «əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci ildə Lerik rayonun Veri kəndində anadan olmuşdur. 01 iyul 2015-ci ildə həqiqi hərbi xidmətə çağrılaraq döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmətdə olmuşdur. Hərbi xidmətdə xidməti postda olarkən xx.xx.2015-ci il tarixdə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində aldığı qəlpə yaralanması nətiəsində C7 boyun fəqərəsinin, sol bazu kələfinin travmatik zədələnməsinin davamlı qalıqları, sol çiyin qurşağı əzələlərinin parezi və ətrafın funksiyalarının pozulması diaqnozu ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Sərhəd Qoşunların Baş Klinik Hospitalda uzun müddət stasionar müalicə olumuşdur. Sərhəd Qoşunların Baş Klinik Hospitalm rəhbərliyi tərəfindən sənədlərim hərbi həkim komissiyasına göndərildi. Hərbi .həkim komissiyasının rəyi əsasında hərbi xidmətə yararsız olmağı barədə qərar qəbul edildi və sənədləri əlillik almaq məqsədi ilə Lerik rayon Əmək və Əhalinin Sosial Müdafiə Şöbəsinə göndərilməklə ona 3-cü qrup əlillik dərəcəsi müəyyən edilb və sosial müavinətin verilməsi təmin edilmişdir. Qeyd etdiyi kimi xx.xx.2016-cı il tarixdən aldığı qəlpə zədələnməsi ilə əlaqədar Sosial müavinət alırdı. Növbəti komissiya vaxtı sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabelitasiya xidmətinə göndərilib. Qeyd olunan xidmətin cavab məktubunda göstərilmişdir ki, güya o, yüngül işlərdə işləyə bilər və ixtisaslaşdırılmış müalicəyə ehtiyacı vardır. Baxmayaraq sağlamlığını itirdiyi üçün işləyə bilmir. Hərbi xidmətdən yararsız vəziyyətdə tərxis olunduqdan sonra uzun müddət müalicə olunmağına baxmayaraq boyun fəqərəsinin, sol bazu kələfinin travmatik ^zədələnməsinin davamlı qalıqları, sol çiyin qurşağı əzələlərinin parezi və ətrafın funksiyalarının pozulması bərpa olunmamışdır. Növbəti dəfə sənədlərin Ekspertiza və Reabilitasiya xidmətinə göndərdikdən sonra cavab verildi ki, güya forma 88 tam doldurulmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirməklə ona təqaüdün verilməsi imtina edilməklə əlilliyi bərpa edilmir. Bir daha qeyd etmək istəyir ki, yuxarıda qeyd etdiyi travmanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda almışdır. Əfsuslar olsunki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Döovlət Tibbi Sosial Ekspertiza və Reabelitasiya xidməti aldığı cüzi miqdarda sosial müavinəti ona çox bilir. Hansı ki, həmin aldığı cüzi müavinətlə ancaq dərmanlarını ala bilir. 25 yaşının olmasına baxmayaraq daima sinir ağrılarından əziyyət çəkir. Valideynlərinin dəstəyi ilə yaşayır. Ona qarşı bu haqsızlığı və özbaşnalığı görüb məhkəməyə müraciət etmək qərarına gəldi. Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi qismən təmin edilərək məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və əsassız, qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2- 1(120)-716/2023 saylı məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə rəsmi qaydada təqdim edilmişdir (iş vərəqi 106). İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin səlahiyyətli nümayəndəsi (Kərəmova) tərəfindən imza edilməklə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir (iş vərəqi 109). İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarı qanuni qüvvəyə minməsi ilə əlaqədar icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir (iş vərəqi 110). İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayətindən görünür ki, həmin şikayət xx.xx.2023-cü il tarixdə poçtla Şirvan İnzibati Məhkəməsinə göndərilmiş və Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. (iş vərəqi 112,120). Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarı 12 iyul 2023-cü il tarixli məktubla cavabdehə rəsmi qaydada təqdim edilmiş və həmin qərar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin səlahiyyətli nümayəndəsi (Kərəmova) tərəfindən imza edilməklə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2023-cü il tarixdə Bakı MXŞ poçtuna verilmiş və Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Yəni, iş materiallarında müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gündən 2 ay 25 gün sonra məhkəməyə daxil olmuşdur. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 1 ay 20 (iyirmi) gün gec verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktının cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2023-cü ildə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı MXŞ poçtuna və xx.xx.2023-cü il tarixində məhkəməyə daxil edildiyindən, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada iddiaçıya hüquqi yardım məktubu ünvanlayaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin iddiaçı tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X3rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və hüquqi yardım olunmasına baxmayaraq iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(120)-716/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-454/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-454/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver