Məhkəmə qərarları › İş №2-1(106)-456/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-456/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-456/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təmirçi çilingər) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1667/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. Azərbaycan SSR X11 Təhsili Komitəsi tərəfindən xx.xx.1981-ci il tarixdə 638 № ilə qeydə alınmış B seriyalı 807759 №-li diplomdan görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Salyan 7C №-li orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə “Sanitariyatexnikası çilingəri” peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır ( 2 il 10 ay 22 gün ). НЗ seriyalı ******* №-li hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir ( 2 il 1 ay 6 gün). ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, İddiaçı Əvəz oğlu aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1984-cü ildə “Elektromexanikləşdirmə”nin X1 ikinci dərəcəli çilingər qəbul edilmişdir (Əmr № 23k, xx.xx.1984); xx.xx.1984-cü ildə işdən azad edilmişdir ( Əmr № 200 k, xx.xx.1984)-(8 ay 5 gün), xx.xx.1984-cü ildə “Azneft” Birliyinin Kürsəngi UBR 3-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmişdir (Əmr № 137, 26.11.84), Kürsəngi UBR adı X9 UBR dərin istismar qazma ekspedisiyalarına dəyişdirilib 4-cü dərəcə (Əmr № 18/k, 18.03.87) xx.xx.1989-cu ildə işdən azad edilmişdir ( Əmr № 84/k, 01.09.89)-(4 il 9 ay 5 gün), xx.xx.1989-cu ildə “İxtisaslaşdırılmış qazsənayetikinti” №-1, 1 saylı PT SMD tresti, 4cü dərəcəli çilingər qəbul edilmişdir ( Əmr № 111/k, 01.09.89), xx.xx.1990-cı ildə işdən azad edilmişdir ( Əmr №23 § 1, xx.xx.1990-cı il )-( 6 ay 25 gün), xx.xx.1990-cı ildə 1 №-li PT SMD-yə 4-cü dərəcəli çilingər qəbul edilmişdir ( Əmr № 27, 06.04.90-cı il), xx.xx.1991-ci ildə vəzifəsindən azad edilmişdir ( Əmr 73, 29.10.91-ci il)- ( 1 il 6 ay 23 gün), xx.xx.1991-ci ildə Neftin hazırlanması və vurulması sexinə 4-cü dərəcəli təmirçiçilingər işinə qəbul edilmişdir (Əmr № 87, 5.11.1991-ci il), xx.xx.2005-ci il tarixdən yeni əmək haqqı sistemi ilə əlaqədar 4-cü tarif dərəcəsi verilmişdir (Əmr № 1/k, xx.xx.2005), xx.xx.2010-cu il tarixdə/dərəcə imtahanı komissiyasından keçdiyi üçün 5-ci dərəcə verilmişdir (Əmr № 7/k, xx.xx.2010-cu il). Hal-hazıradək işləyir. (xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 14 il 9 ay 25 gün). xx.xx.2006-cı il tarixə ümumilikdə 27 il 3 ay 26 gün. "xxxx" Şirkəti tərəfindən verilmiş HR-23-169 №-li xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ Yarımbölməsinə əsasən işləmişdir ki, buda ona xx.xx.1991-xx.xx.1999-cu ilədək “Salyanneft” Neft qaz və qaz çıxarma idarəsinin Neftin hazırlanması və vurulması sexində “təmirçi-çilingər” və xx.xx.1999-xx.xx.2023-cü il tarixədək "xxxx" Şirkətinin Neftin hazırlanması və vurulması sexində “Təmirçi çilingər” vəzifəsində işləməklə güzəştli dövlət təqaüdü almaq hüququ verir. Hal-hazırda işləyir. 31 il 11 ay 24 gün stajı vardır. "xxxx" Şirkəti tərəfindən verilmiş: HR-24-62 №-li xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" Şirkətində xx.xx.1991-xx.xx.2023-cü illərdə “Salyanneft” Neft və qazçıxarma idarəsinin halhazırda "xxxx" şirkətinin “Neftin hazırlanması və vurulması” sexində “təmirçi-çilingər” işlədiyi müddətdə ona verilmiş arayış işçinin əmək kitabçasındakı qeydlərə əsasən yazılmışdır. Yuxarıda adı çəkilən vəzifələrin (peşələrinin) xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın 10-cu bölməsinin 2-ci yarımbölməsindəki Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan “təmirçi-çilingər” bölməsinə uyğundur. HR-24-69 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" Şirkətində xx.xx.1991-xx.xx.2023-cü illərdə Neftin hazırlanması və vurulması sexində “təmirçi-çilingər” vəzifəsində işləmişdir. Həmin vəzifənin xüsusiyyətləri: Təmirçi-çilingər NB- 50, NB-125, U8-6 tipli bütün növ qazma nasoslarının porşenlərinin, remenlərin, ştokların dəyişdirilməsində iştirak edir. PP-1,6 neft qızdırıcılarının, boruların hissələrinin dəyişdirilməsi, sahələrdə olan bütün növ nasosların yığılmasında iştirak edir. Çənlərin giriş-çıxış xətlərinə nəzarət, soyutma sistemlərinin yoxlanılmasında iştirak edir. K-50, K- 100 mədən neftini qəbul etmək üçün nasoslara texniki xidmətin göstərilməsi, yağlanması, kipkəclərin vurulmasında iştirak edir. Məktuba əlavə olunmuş “Vəzifə xüsusiyyətləri və təlimatları haqqında” məlumatdan (20433 saylı əmək müqaviləsinə əlavədən) müəyyən olunur ki, Neftin kompleks hazırlanması və nəqli sahəsinin üzrə təmirçi çilingərin peşəsi üzrə aşağıdakı əmək funksiyalarının yerinə yetirilməsini öz öhdəsinə götürür: Avadanlığın, aqreqat və maşınların orta mürəkkəbli qovşaq və mexanizmlərinin sökülməsi, təmiri, yığılması və sınanması, Orta mürəkkəbli avadanlığın, aqreqat və maşınların təkbaşına, habelə mürəkkəb olanı daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında təmiri, təmizlənməsi və sınanması; Detal və qovşaqlar üzrə çilingər emalı aparmaq. Tərtib edilən sifariş-tapşırığa əsasən ehtiyat hissələri, aqreqatları və avadanlığı quraşdırmalı, nizamlamalı və dəyişdirməlidir; Diaqnostika zamanı aşkar edilən qüsurları və nasazlıqları sahə (növbə) ustası ilə razılaşdıraraq aradan qaldırmalıdır; İşlərin keyfiyyətlə görülməsini təmin etməli, sazlama üsullarına lazım olan düzəlişləri daxil etməlidir; İş yerini və avadanlığı təmiz saxlamalı, xüsusi geyimdən və tələb olunan mühafizə vasitələrindən, ləvazimatlardan və çəpərləmələrdən istifadə etməklə işləməlidir; Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarını bilməli və işində onlara əməl etməlidir; Təmir və yığma işlərini görmək üçün orta mürəkkəbli ləvazimatın düzəldilməsi, Yerdən idarə olunan sadə yükqaldıncı vasitələrin və mexanizmlərin köməyi ilə yükləri bir yerdən başqa yerə keçirdikdə takelaj işlərinin yerinə yetirilməsi, Təmir üçün qüsurların siyahısını tutmaq, İlk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidir; Yanğınsöndürmə vasitələrinin yerini və onlardan istifadə etmə qaydalarını bilməlidir, Texniki təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək; Şirkət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək; Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-308137/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “Salyan Oil” LTD-nin İddiaçı dair 21 oktyabr 2024-cü il tarixli HR-24-62 nömrəli və 22 oktyabr 2024-cü il tarixli HR-24-69 nömrəli arayışlarında adıçəkilən şəxsin xx.xx.1991-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Neftin hazırlanması və vurulması sexində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda təmirçi-çilingər vəzifəsində işlədiyi dövrdə məktubda istinad olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmadığı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. X5 aid pensiya işindən görünür ki, ona xx.xx.2022-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, qərarın “Əlavə məlumat” adlanan 9-cu bəndindən görünür ki, cavabdeh orqan tərəfindən onun ümumi iş stajı - 42 il 9 ay 18 gün, güzəştli iş stajı - 18 il 4 ay 0 gün qiymətləndirilmiş, bu zaman şəxsin Karasu Əməliyyat Şirkətində “Neftin kompleks hazırlanması və nəqli” sexində işlədiyi 2000-2004-cü illər güzəştli iş stajı kimi nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2207-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensantının hasilat, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr (a) yarımbəndinə əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmiçi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Lakin, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Salyan Oil” LTD-nin xx.xx.2023-cü il tarixli HR-23-169 nömərli arayışında xx.xx.1991- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Neftin hazırlanması və vurulması sexində təmiçi-çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən arayışda isə təmirçi-çilingər vəzifəsində işlədiyi dövrdə Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən onun güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1667/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili etiraz ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(120)-1667/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ... 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respub-likasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti - hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən; ... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi (Neft-qaz və qaz kondensatının hasilatı);neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər - Kod-2130200a-18559. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı 10-cu bölməsi: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə, yəni xx.xx.2022-ci il tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi sığorta stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün həmin tarixdə yaş senzi ödənilmişdir. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Tələb olunan 25 il ümumi sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına və arayışa əsasən onun ümumi sığorta stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş və ümumi sığorta stajının olması işin mübahisəsiz haldır. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1991.30-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD-də Neftin hazırlanması və vurulması sexində təmirçi-çilingər vəzifəsində işlədiyi vəzifəsinin Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmadığı barədə işə götürən tərəfindən hər hansı məlumatın göstərilmədiyi üçün iddiaçının işlədiyi vəzifənin “Təmirçi çilingər” vəzifəsinə uyğun olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1991.30xx.xx.2023-cü illərdə işlədiyi “təmirçi çilingər” vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı kollegiya qeyd edir ki, "xxxx" Şirkətinin HR-24-62 saylı xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1991.30-xx.xx.2023-cü ilədək “Neftin hazırlanması və vurulması” sexində “təmirçi-çilingər” vəzifəsində işləmişdir. Həmin vəzifənin xüsusiyyətləri: Təmirçi-çilingər NB-50, NB-125, U8-6 tipli bütün növ qazma nasoslarının porşenlərinin, remenlərin, ştokların dəyişdirilməsində iştirak edir. PP-1,6 neft qızdırıcılarının, boruların hissələrinin dəyişdirilməsi, sahələrdə olan bütün növ nasosların yığılmasında iştirak edir. Çənlərin giriş-çıxış xətlərinə nəzarət, soyutma sistemlərinin yoxlanılmasında iştirak edir. K- 50, K-100 mədən neftini qəbul etmək üçün nasoslara texniki xidmətin göstərilməsi, yağlanması, kipkəclərin vurulmasında iştirak edir. Məktuba Neftin kompleks hazırlanması və nəqli sahəsi üzrə təmirçi-çilingərin əmək funksiyaları əlavə edilmişdir. "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli HR-23-169 saylı arayışda iddiaçının xx.xx.1991-xx.xx.2023-cü illərdə işlədiyi “Təmirçi çilingər” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsi: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (a) fəhlələr) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi-çilingərləri peşəsinə aid olması konkret olaraq göstərilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili olan - iddiaçının işlədiyi vəzifənin “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmaması” ilə bağlı mövqeyə münasibətdə bildirir ki, iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, "xxxx" Şirkəti istehsal ilə də məşğul olur. Bunu iddiaçının işlədiyi sexin adına - “Neftin hazırlanması və vurulması” fikir verməklə də aydın şəkildə görmək olar. Bundan başqa, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Kollegiya həmçinin, bərabərlik prinsipi baxımından qeyd edir ki, iş materiallarında olan X5 aid pensiya işindən görünür ki, ona xx.xx.2022-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, qərarın “Əlavə məlumat” adlanan 9-cu bəndindən görünür ki, cavabdeh orqan tərəfindən onun ümumi iş stajı - 42 il 9 ay 18 gün, güzəştli iş stajı - 18 il 4 ay 0 gün qiymətləndirilmiş, bu zaman müəssisənin verdiyi yalnız arayışa əsasən şəxsin Karasu Əməliyyat Şirkətində “Neftin kompleks hazırlanması və nəqli” sexində işlədiyi 2000-2004-cü illər güzəştli iş stajı kimi nəzərə alınmış, cavabdeh hazırkı işdə olduğu kimi “təmirçi-çilingər” vəzifəsinin “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmaması” kimi mövqe sərgiləməmişdir. Halbuki, bərabərlik prinsipi inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələb olunan 60 yaşı olduğundan, azı 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-1667/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar