Məhkəmə qərarları › İş №2-1(106)-457/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-457/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-457/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Firdusi oğlunun sədrliyi ilə, hakimlər Həsənov Müşfiq Kamil oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (“Tərtər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi nəticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi nəticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instasiya məhkəmələrində icraat: Gəncə İnzibati Məhkəməsi İPM-in 8.1.2-ci maddəsinə istinad edərək işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə 08 iyun 2022-ci il tarixli qərardad qəbul etmişdir. X6 Məhkəməsinə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə “Tərtər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatı ünvan 1 ünvanda yaşamır. Laçın rayonundan məcburi köçkün İddiaçı faktiki olaraq Tərtər rayonu, Şıxart qəsəbəsində məskunlaşmışdır. Odur ki, işin ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmasına etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-653/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Amilya Hüseynova) Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(114)-1602/2022 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.1993cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi nəticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İddia ərizəsi məhkəməyə daxil olarkən qüvvədə olan redaksiyada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1-ci və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinəəsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarı ilə Tərtər şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9.1-ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası qeyd edir ki, iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddianın predmeti əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə olan halda iddianın növü öhdəliyin icrası haqqında iddiadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-2861/2023 nömrəli məktubundan görünür ki, Laçın rayonundan məcburi köçkün İddiaçı faktiki olaraq Tərtər rayon Şıxarx qəsəbəsi ünvanında məskunlaşmışdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, Laçın rayonunda qeydiyyatda olsa da, məcburi köçkün kimi faktiki olaraq Tərtər rayonu Şıxarx qəsəbəsi ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda hazırki iddia tələbi üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan və İddiaçı məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı yaşayış yeri Tərtər rayonu Şıxarx qəsəbəsi ünvanı olduğundan hazırki işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (“Tərtər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi nəticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (“Tərtər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi nəticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar