Məhkəmə qərarları › İş №2-1(106)-459/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-459/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-459/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(120)-592/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş P0011774HAX nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 aprel 2025-ci il tarixli, 2-1(120)- 592/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq ekspert rəyi ilə iddiaçıda “Xroniki baş ağrısı ilə təzahür edən keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar. Sağtərəfli xroniki koxlearnevrit (G44.3, T90, T90.5, F07.0, H94.0) diaqnozları müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi sahə psixiatrının nəzarəti altında müalicə kurslarını davam etdirir və lazım gəldikdə stasionar müalicəyə cəlb olunurlar. Mübahisə üzrə digər bir hal (əlilliyin səbəbli əlaqəsi) ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 591 nömrəli travma haqqında arayışda əsgər İddiaçı xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. Xəsarətin döyüş tapşırığını yerinə yetirən zaman alındığı müəyyən edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən yaralanmış, Mərkəzi Hərbi Həkim Komissiyasının 19 yanvar 2023-cü il tarixli qərarı ilə səhhətində olan problemin hərbi xidmət dövründə alınmış xəstəlik olması qeyd edilmişdir. Xəsarə aldığı vaxtdan mütəmadi müalicə alır, o, cümlədən xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Ə.Cəbiyev adına Masallı RMX-da “partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiyası, sağtərəfli koxlear nevrit, sağ təbil pərdəsinin ikinci pərdə ilə bərpası, sağtərəfli qarışıq tip davamlı ağıreşitmə, pıçıltı nitqin sağ qulaqda 3 metr, sol qulaqda 6 metr məsafədən eşidilməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Məkəzində müayinə olunaraq ona “postkommosion sindrom F 07.2“ diaqnozu təyin olunmuşdur. xx.xx.2022xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “postkommosion sindrom, üzvi affektiv (depressiv) pozuntu” diaqnozu ilə müayinə və müalicə olunmuş, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, intihar cəhdi ilə” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuş, xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuş, ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə F 07.0” diaqnozu təyin olunmuşdur. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə, F07.0, uzunmüddətli posttravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. Diaqnoz əlilliyin təyini üçün əsas kimi qiymətləndirilərək sənədlər cavabdeh qruma göndərilmiş, lakin əlilliyin təyinindən imtina edilmişdir. Səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu.”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 402 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsi, posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtəbil pərdəsinin ikincili pərdə ilə bərpası, sağtərəfli qarışıq tip davamlı aöıreşitmə, pıçıltı nitqinin saq qulaqda 3 (üc) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İnsulindən asılı olmayan şəkərli diabet tip 2, yüngül dərəcədə, subkompensasiya mərhələsində, L4-L5, L5- S1 fəqərələrarasıdisklərin protruziyası. Öd kisəsinin xolesterol polipi. Qalxanvari vəzin hər iki payının kistaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 9804/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Postkommosion sindrom. Üzvi affektiv (depressiv) pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10253 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 13424/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 162 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış kəllə-bevin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez bas verən dekompensasivalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10383761 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Posttravmatik stress pozunlusu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, ağızda olan quruluqdan, sidiyə teztez getmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı verilən suallara konkret, informativ cavablar verməkdən yayınmış, ziddinə getdikdə ədəbsiz davranış sərgiləmişdir. Bələdliyi bütün növlər üzrə saxlanımış, maraq dairəsi təhsilinə və həyat tərzinə uyğun olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış kəllə-bevin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez bas verən dekompensasivalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu (üzvi mənşəli olması instrumental olaraq öz təsdiqini tapmır)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad edərək, səhv nəticəyə gəlmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 591 nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 402 nömrəli qərarının surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1992-ci il təvəllüdlü əsgər İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar cəhdi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsi, posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtəbil pərdəsinin ikincili pərdə ilə bərpası, sağtərəfli qarışıq tip davamlı aöıreşitmə, pıçıltı nitqinin saq qulaqda 3 (üc) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” “İnsulindən asılı olmayan şəkərli diabet tip 2, yüngül dərəcədə, subkompensasiya mərhələsində, L4-L5, L5-S1 fəqərələrarasıdisklərin protruziyası. Öd kisəsinin xolesterol polipi. Qalxanvari vəzin hər iki payının kistaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 207 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında Həkim-Psixiatr Komissiyasında müayinə olunmuş və “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmı kəlləbeyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin əhatə dairəsinə düşür. Xəstəlik vəziyyətinin hansı dərəcə əlilliyə uyğun gəlməsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının səlahiyyətinə aiddir. Bu diaqnozlu xəstələr reabiltasiyadan fayda görür, lakin bu reabilitasiya xəstəni sağaltmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli T 686/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə; Posttravmatik stress pozuntusu. Uzun müddətli postravmatik stress pozuntusu” diaqnoz stasionarda onun anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinələri zamanı verilən suallara konkret, informativ cavablar verməkdən yayınmış bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və həyat tərzinə uyğun olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və intihar cəhdləri ilə. Uzun müddətli posttravmatik stress pozuntusu (üzvi mənşəli olması instrumental olaraq öz təsdiqini tapmır)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanmışdır. İddiaçı 06-xx.xx.2024-cü il tarixlərdə X1 stasionar müayinə və müalicədə olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında ona “Xroniki baş ağrısı ilə təzahür edən keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar. Sağtərəfli xroniki koxlearnevrit (G44.3, T90, T90.5, F07.0, H94.0) diaqnozları müəyyən edilmişdir. Belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi sahə psixiatrının nəzarəti altında müalicə kurslarını davam etdirir və lazım gəldikdə stasionar müalicəyə cəlb olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0, postensefalit sindromu F07.1, postkontuzion sindrom F07.2, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 kodları ilə müəyyən edilmişdir və ağırlaşma dərəcələrindən asılı olaraq həmin kodlara uyğun diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi müəyyən edilməklə, əlillik təyinatı aparılır. İddiaçının orqanizmində olan patofunksional pozuntualar həm ixtisaslaşmış müalicə müəssisələri, həm də ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun məhz F07 koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(120)-592/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar