Məhkəmə qərarları › İş №2-1(106)-460/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-460/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-460/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(120)-1673/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 07 aprel 2025-ci il tarixli, 2-1(120)- 1673/2025 nömrəli qərarı ilə iddianın təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək əmək haqqı almasını təsdiq edən sənədlərin (əmək haqqı arayışlarının) təqdim olunmaması və ya müəyyən dövrlər üzrə ona əməkhaqqı hesablanmaması və əməkhaqqından sosial sığorta haqlarının tutulmaması iddiaçının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Onun xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş, əmək kitabçasına və hərbi biletinə əsasən o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 04 avqust 1975-ci il tarixdən Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzümçülük sovxozunda fəhlə işləməklə başlamışdır. 22 oktyabr 1976-cı il tarixdə hərbi xidmətə getməyilə əlaqədar işdən azad olunmuşdur. 11 noyabr 1976-cı ildən 08 noyabr 1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 02 aprel 1979-cu il tarixdə yenidən Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzümçülük sovxozuna fəhlə qəbul olunmuş, 28 noyabr 1979-cu il tarixdə sovxozun texnika parkına mexanizator təyin olunmuşdur. 10 avqust 1983-cü il tarixdə isə sovxozun şərab zavoduna laboratoriya müdiri vəzifəsinə təyin olunmuş və 22 fevral 1985-ci tarixdə başqa işə keçməsi ilə əlaqədar işdən azad olunmuşdur. 22 fevral 1985-ci il tarixdə Cəlilabad rayon keçmiş “Nizami” adına üzümçülük sovxozunda şərab zavoduna baş şərabçı təyin olunmuşdur. 01 sentyabr 1986-cı ildə vəzifəsində saxlanılmaqla 1 nömrəli üzüm emalı zavodunun tərkibinə keçirilmişdir. 20 iyun 1989-cu il tarixdə müvəqqəti olaraq direktor əvəzi təyin olunmuşdur. 08 avqust 1989-cu il tarixdə tutduğu vəzifədən azad olunaraq əmək məzuniyyəti yerinə baş şərabçı keçirilmişdir. 21 fevral 1995-ci il tarixdə 1 nömrəli üzüm emalı zavodunun Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinə birləşdirilməsi ilə əlaqədar olaraq zavodun şərabçılıq sahəsi üzrə baş mühəndis vəzifəsində (baş şərabçı) saxlanılmışdır. 01 iyul 1997-ci il tarixdə müəssisənin fəaliyyətinə xitam verilməsi ilə bağlı vəzifəsindən azad edilib yerli aqrar islahat komissiyasnın üzvü keçirilmişdir. 14 yanvar 2000-ci il tarixdə yerli Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə seçildiyi üçün yerli aqrar islahat komissiyasının üzvlüyündən azad edilmişdir. 14 yanvar 2000-ci il tarixdə Fərzili kənd bələdiyyəsinin sədri təyin edilmiş, 28 yanvar 2005-ci il tarixdə səlahiyyət müddəti başa çatdığı üçün bələdiyyə sədri vəzifəsindən azad olunmuşdur. 25 fevral 2005-ci il tarixdə "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsinin icrası ona həvalə edilmiş, 14 aprel 2005-ci il tarixdə "xxxx" ASC-nin idarə heyətinin sədri təyin edilmiş və 12 dekabr 2014-cü il tarixdə ərizəsinə əsasən həmin vəzifədən azad olunmuşdur. 28 yanvar 2015-ci il tarixdə Astanlı bələdiyyəsinin sədri vəzifəsinə seçilmiş və 30 noyabr 2015-ci il tarixdə öz ərizəsinə əsasən həmin vəzifədən azad edilmişdir. 01 fevral 2019-cu il tarixdə stajçı kimi Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur, 01 avqust 2019-cu il tarixdə sınaq müddəti ilə dövlət qulluğuna qəbul olunmuş və Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəziləsinə təyin olunmuşdur. 01 noyabr 2019-cu il tarixdə isə həmin vəzifədə daimi dövlət qulluğuna qəbul edilmiş və hal hazırda da işləyir. Onun 07 avqust 2023-cü il tarixdə 65 yaşı tamam olmuş və əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan onun 22 fevral 1985-ci il tarixdən 14 yanvar 2000-ci il tarixədək və 25 fevral 2005-ci il tarixdən 12 delabr 2014-cü il tarixədək əmək fəaliyyəti dövrünü nəzərə almadan ona ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olmasını bildirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina etmişdir. Arxiv sənədlərinin təhvil verilib-verilməməsi onun səlahiyyətinə aid deyil, aid olmadığı üçün də hüququnun pozulması anlamına gələ bilməz. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14 il 6 ay 12 gün sığorta stajına uyğun olaraq 13460 manat (2023-cü il tarixə indeksləşdirilmiş), xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 9431,48 manat (2023-cü il tarixə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22891,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. X.X4 təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisələndirilməyən sığorta stajı 18 il 5 ay 12 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. Mübahisələndirilməyən sığorta stajına xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Cəlilabad rayonu Fərzili kənd bələdiyyəsində bələdiyyə sədri kimi əmək fəaliyyəti dövrü də daxildir. Eyni zamanda iddiaçının əmək kitabçasında qeyd olunan mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialı ilə Cəlilabad rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən Cəlilabad rayon 1 nömrəli üzüm emalı zavodunun, “Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinin əməkhaqqı cədvəlləri arxivə təhvil verilmiş, lakin həmin cədvəllərdə iddiaçıya əməkhaqqı hesablanması barədə məlumat aşkar edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-12RA/2-Ə- 257/2024 nömrəli arxiv arayışında da “Nizami” və "Ordubadi” adına üzüm sovxozlarının əməkhaqqı kitablarında iddiaçının adına əməkhaqqı aşkarlanmadığı qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Digər mübahisələndirilən dövr isə iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə bağlıdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində sığortaedən tərəfindən iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. -ББ 146099 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 18 gün) hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında olan qeydlərdən görünür ki, xx.xx.1975-ci il tarixdə Cəlilabad rayon “M.S.Ordubadi” adına üzümçülük sovxozuna fəhlə qəbul edilməsi, xx.xx.1976-cı il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad edilməsi (1 il 2 ay 18 gün), xx.xx.1979-cu il tarixdə sovxoza fəhlə qəbul edilməsi, xx.xx.1979-cu il tarixdə sovxozun texnika parkına mexanizator təyin olunması, 10 avqust 1983-cü il tarixdə sovxozun şərab zavoduna laboratoriya müdiri vəzifəsinə təyin olunması, xx.xx.1985-ci il tarixdə işdən azad olunması (5 il 10 ay 20 gün), xx.xx.1985-ci il tarixdə Cəlilabad rayon “Nizami” adına üzümçülük sovxozunda şərab zavoduna baş şərabçı təyin olunması, xx.xx.1986-cı il tarixdə vəzifəsində saxlanılmaqla 1 nömrəli üzüm emalı zavodunun tərkibinə keçirilməsi, xx.xx.1989-cu il tarixdə direktor əvəzi təyin olunması, xx.xx.1989-cu il tarixdə baş şərabçı keçirilməsi, xx.xx.1995-ci il tarixdə 1 nömrəli üzüm emalı zavodunun Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinə birləşdirilməsi ilə əlaqədar olaraq zavodun şərabçılıq sahəsi üzrə baş mühəndis vəzifəsində (baş şərabçı) saxlanılması, xx.xx.1997-ci il tarixdə müəssisənin fəaliyyətinə xitam verilməsi ilə bağlı vəzifəsindən azad edilib yerli aqrar islahat komissiyasnın üzvü keçirilməsi, xx.xx.2000-ci il tarixdə bələdiyyə üzvlüyünə seçildiyi üçün yerli aqrar islahat komissiyasının üzvlüyündən azad edilməsi (14 il 10 ay 22 gün), xx.xx.2000-ci il tarixdə Fərzili kənd bələdiyyəsinin sədri təyin edilməsi, xx.xx.2005-ci il tarixdə vəzifəsindən azad olunması (5 il 14 gün), xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsinin icrasının həvalə edilməsi, xx.xx.2005-ci il tarixdə ASC-nin idarə heyətinin sədri təyin edilməsi, xx.xx.2014-cü il tarixdə işdən azad olunması (9 il 9 ay 16 gün), xx.xx.2015-ci il tarixdə Astanlı bələdiyyəsinin sədri vəzifəsinə seçilməsi, xx.xx.2015-ci il tarixdə işdən azad edilməsi (10 ay 02 gün), xx.xx.2019-cu il tarixdə stajçı kimi Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunması, xx.xx.2019-cu il tarixdə dövlət qulluğuna qəbul olunması və Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəziləsinə təyin olunması, xx.xx.2019-cu il tarixdə isə həmin vəzifədə daimi dövlət qulluğuna qəbul edilməsi öz əksini tapmışdır. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-12RA/2-Ə-257/2024 saylı məktubunda bildirilir ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan “Nizami və Ordubadi” adına sovxozları üzrə İddiaçı - xx.xx.1975-ci il tarixli, 49 nömrəli əmrlə “Ordubadi” adına üzümçülük sovxozuna 1 nömrəli briqadaya fəhlə qəbul edilmiş, İddiaçı xx.xx.1985-ci il tarixli, 16 nömrəli əmrlə “Ordubadi” adına üzümçülük sovxoz şərab zavodunda işləyən, başqa yerə işləməyə getdiyi üçün işindən azad edilmiş, İddiaçı – xx.xx.1985-ci il tarixli, 28 nömrəli əmrlə “Nizami” adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş və şərab zavoduna baş şərabçı təyin edilmiş, İddiaçı “Nizami” adına üzümçülük sovxozunda işdən çıxma əmri aşkar edilməmiş, İddiaçı “Ordubadi” adına üzümçülük sovxozuna işə girmə əmri aşkar edilməmiş, İddiaçı- xx.xx.1998-ci il tarixli, 7 ömrəli əmrilə Ordubadi” adına sovxozun fəaliyyətinə xitam verildiyi üçün vəzifələrindən azad edilmişdir. -Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 1983-cü ilin yay aylarında '‘M.S.Ordubadi” adına üzümçülük sovxozunda fəhlə kimi işə başlamışdır. O, işə başlayanda İddiaçı həmin sovxozda laboratoriyada işləyirdi, sonra mühəndis keçdi. O, 1997-ci ildə işdən çıxmış, lakin İddiaçı hələ də orada mal-materialın qəbulu şöbəsində işləyirdi. Həmin sovxoz 2006-cı ilədək fəaliyyət göstərmişdir. -X1 ifadəsində göstərmişdir ki, o, 1978-ci ildən 1997-ci ilədək '‘M.S.Ordubadi” adına üzümçülük sovxozunda işləmişdir. O, işlədiyi müddətdə İddiaçı orada işləmişdir. O, sovxoza 1978-ci ildə fəhlə işinə qəbul olunmuşdur, 1997-ci ildə işdən çıxanda İddiaçı sovxozda mühəndis işləyirdi. İddiaçı əvvəllər fəhlə, laboratoriya müdiri və.s işləmişdir. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərə və şahid ifadəsinə əsaslanaraq, iddiaçının tələb olunan həcmdə (25 il) sosial sığorta stajının olması qənaətinə gəlmiş, lakin aşağıda qeyd olunan xüsusatları nəzərə almamışdır. Belə ki, cavabdeh inzibati orqanın və arxivin nümayəndəsinin iştirakı ilə keçirilmiş qarşılıqlı yoxlama zamanı iddiaçının “Ordubadi” və “Nizami” adına sovxozların əmək haqqı sənədlərinə baxış keçirilmiş və iddiaçının adına əmək haqqı hesablanmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-12-RA/2-668/2025 nömrəli məktubunda iddiaçının müəyyən dövrlər istisna olmaqla, “Ordubadi” və “Nizami” adına sovxozlarda işləməsinə dair əmrlərin mövcud olması, lakin əmək haqqı alanların sırasında iddiaçının adının aşkar edilmədiyi bildirilmişdir. Həmçinin Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-12-RA/2- 508/2025 nömrəli məktubunda "xxxx" ASC-nin sənədlərinin (əmr və əmək haqqı) arxivə təhvil verilmədiyi bildirilir. Bununla yanaşı, cavabdeh inzibati orqan tərəfindən "xxxx" ASC tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi bildirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir. -1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. -1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. -21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: -21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. -22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri: -22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: -22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. -22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görəaraşdırmağaborcludur. -58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cəlilabad rayon “M.S.Ordubadi” və “Nizami” adına adına sovxozlarda əmək fəaliyyəti dövründə xx.xx.1975-xx.xx.1976-cı və xx.xx.1979-xx.xx.1997-ci illər aralığında əmək haqqı ödənişi olmadığından, həmçinin Cəlilabad Şərab-1” ASC tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən həmin dövrlərin iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. İddiaçıya məxsus əmək kitabçasında sözügedən dövrlər üzrə əmək fəaliyyəti barədə qeydlər mövcud olsa da, onun real olaraq həmin müəssisələrdə əmək fəaliyyətinin olması və əmək haqqı alması barədə mötəbər sübutlar yoxdur və bu faktın yalnız şahid ifadələrinə istinadən mötəbər hesab edilməsi aidiyyəti qanunvericilik aktlarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsasən istisna olunur. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(120)-1673/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar