Məhkəmə qərarları › İş №2-1(106)-462/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-462/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-462/2024 14.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X8, iddiaçı və eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1, iddiaçı və eyni zamanda İddiaçı3 nümayəndəsi İddiaçı4 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(120)-1316/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,46 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatlarının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “0,46 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatlarının müəyyən edilməsi” kimi dəqiqləşmə aparılaraq baxılması qərara alınmışdır. İddia tələbinin əsaslarına görə iddiaçılar və ailə üzvləri Astara rayonun Ərçivan qəsəbəsində yaşayırlar. Ailə başçısı X10 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.46 hektar sahəsi ailə başçısı X10 olmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA. ******* olan 20.11.-2010 qeydiyyat tarixli çıxarış verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 25 fevral 2023-cii il tarixli şəhadətnaməyə görə miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010 tarixdə verilmiş **********64 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.46 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. X1 və vərəsələrin torpaq payına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 may 2023-cii il tarixli, 3-21-3-43/2-1433/2023 saylı məktubla “Plan və ölçü sənədinin tərtib olunmasından imtina edilməsi haqqında” bildiriş verilmişdir. Bildirişdə imtinanın əsası kimi daşınmaz əmlakın dövlət reyestrində onların və ailə üzvlərinin adına verilmiş yuxarıda barəsində qeyd olunan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın verilməsinə əsas olmuş JN-1110 nömrəli ”Dövlət Aktı” DWG (xəritə) baza məlumatlarına uyğun tərtib olunduğundan,yeni elektron uçot xəritə məlumatları üzrə uyğunsuzluq yaranmışdır. Qanun iizrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsələri Astara rayonun Ərçivan qəsəbəsində qeydiyyatda olan İddiaçı2 Məmmədrahim qızı, İddiaçı1, İddiaçı4, İddiaçı3 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010 tarixdə verilmiş **********64 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Astara rayonu,Ərçivan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.46 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(120)-1316/2024 saylı qərarı ilə iddianın təmin olunması və xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı1 və onun ailə üzvlərinə (İddiaçı2, İddiaçı3, X10, İddiaçı4) Astara rayonu, Ərçivan kəndində yerləşən ümumbirgə mülkiyyətdə olan 0.46 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İİ. Apellyasiya şikayətinin dəlilləri: -Torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliklər edilməklə yenidən tərtib olunması proseduru ilə əlaqədar İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə müraciət edilmişdir. Bununla əlaqədar bildiririk ki, onun tərəfindən mühəndisə naturada göstərilən torpaq sahəsi yeni elektron uçot xəritəsinə əsasən JN 110 (**********08) nömrəli torpaq sahəsinə uyğundur və bu torpaq sahəsi X5 məxsusdur. -Təqdim edilən JN 1110 nömrəli Dövlət Aktı 1-ci İslahat zamanı verilmişdir. Sonradan Ərçivan kəndinin 1-ci İslahat sənədləri ləğv edilmiş və kənddə ikinci islahat aparılmışdır. Həmin kəndin vətəndaşlarına torpaq sahəsi ilə bağlı plan-ölçü kadastr sənədləri verilmişdir. Belə ki iddiaçılara ikinci islahat zamanı **********2639 nömrəli plan-ölçü sənədi verilmişdir. Həmin sənəd üzrə torpaq sahəsinin ölçüsü 676 kv.m təşkil edir. -İddiaçılar tərəfindən onlara ayrılmış 676 kv.m torpaq sahəsi deyil, digər vətəndaşa-X5 məxsus JN 110 nömrəli torpaq sahəsinin istifadələrində olduğunu iddia edir və aralarında mübahisə mövcuddur. Məhkəmə prosesi zamanı qeyd olunan şəxs-X9 hər hansı bir məhkəmə iclasına cəlb edilməmişdir. -"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı və eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1, digər iddiaçı və eyni zamanda İddiaçı3 nümayəndəsi İddiaçı4 iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarının qüvvəsində saxlanımasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Onlar əlavə olaraq bildirmişlər ki, 0,46 ha torpaq sahəsi faktiki olaraq iddiaçıların istifadəsindədir. Natural vəziyyətə görə heç kimlə torpaq mübahisələri yoxdur. Yalnız həmin torpaq sahəsini mərzləmə işlərinin aparılması və buna uyğun yeni plan-ölçü sənədinin hazırlanması tələb olunur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, kollegiya işin hallarına əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən elektron qaydada göndərilmiş ərizədə qeyd olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Mərkəzin arxivində İddiaçı1 və onun ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 18 saylı Qərarının ləğv olunması haqqında İslahat Komissiyasının və ya məhkəmənin qərarı təqdim edilib-edilməməsinə dair məlumat aşkar edilməmişdir. Arxivdə saxlanılan Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 6 nömrəli Protokolunun qərar hissəsinin 3-cü bəndində Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 18 saylı Qərarı əsasında aparılmış bölgü xx.xx.1998-ci il tarixli, 10/AK-2 nömrəli X19 Komissiyasının iclas Protokoluna uyğun olmadığını və əhali tərəfindən qəbul edilmədiyini nəzərə alaraq qüvvədən düşmüş hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. Eyni zamanda bildirilir ki, İddiaçı1 tərəfindən yuxarıda qeyd olunan 676 kv.m torpaq sahəsi deyil, X5 məxsus torpaq sahəsinin istifadəsində olduğunu iddia edir və aralarında mübahisə mövcuddur. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. -Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). -Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas təsbit olunmuşdur. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. -Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -Qeyd edilən Qərarın 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -İstinad olunmuş normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. -Həmin Qərarın 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -Qərarın 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. -Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, iddiaçı tərəfin qeyd etdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onlara məxsusdur. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli çıxarışla təsdiq olunur. Həmin çıxarışa əsasən Astara rayonu, Ərçivan kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Cavabdeh tərəfin mərzçəkmə işini görülməsindən imtina etməsi belə əsaslandırılır ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” əsasında ümumbirgə mülkiyyətdə olan 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair texniki sənəd olaraq xx.xx.2010-cu il tarixli plan və ölçü sənədinə cari dəyişiklilər edilməklə təkrarən tərtib olunması proseduru ilə əlaqədar təqdim edilən hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən həmin 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair plan və ölçü sənədinin cari dəyişikliklər edilməklə yenidən tərtib olunması xahiş edilir. Təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, istifadə olunan torpaq sahəsi yuxarıda barəsində qeyd olunan hüquqmüəyyənedici və texniki sənədlərə uyğun deyildir, habelə tərəflər arasında mübahisə mövcuddur. Daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının və ailə üzvlərinin adına verilmiş yuxarıda barəsində qeyd olunan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın verilməsinə əsas olmuş JN-1110 nömrəli “Dövlət Aktı” DWG (xəritə) baza məlumatlarına uyğun tərtib olunduğundan, yeni elektron uçot xəritə məlumatları üzrə uyğunsuzluq yaranmışdır. Yuxarıda barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənəd üzrə ayrılmış həmin 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair sənəd üzrə məlumatlarla elektron baza məlumatları arasında yaranmış uyğunsuzluğa münasibətdə bildiririk ki, sözü gedən ərazidə ayrı-ayrı torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluqların hissə-hissə tənzimlənməsi məqsədilə dürüstləşdirmə işləri başa çatdırıldıqdan, habelə tərəflər arasında yaranmış mübahisəli məqamlar aradan qaldırıldığı təqdirdə, gələcəkdə hazırki müraciətinə təkrarən baxıla bilər. Qeyd olunan səbəblərdən sözü gedən “Çıxarış”la ümumbirgə mülkiyyətində olan həmin 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin cari dəyişikliklər edilməklə yenidən tərtib olunması barədə hazırki ərizənin icrası təmin olunmamışdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin dəyişiklik edilməklə yenidən tərtib olunması prosedurundan imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. -Bundan başqa cavabdeh tərəf imtinanın əsaslı olması barədə Şirvan Apellyasiya məhkəməsinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli, 6 saylı protokolundan çıxarış göndərimişdir. Həmin prtotokoldan məlum olur ki, 24 noyabr 2003-cü il tarixdə “Ərçivan kəndində torpaq islahatının dürüstləşdirilməsindən ötrü X19 Komissiyasının 27 mart 1998-ci il tarixli, 10/AK-2 saylı iclas protokoluna uyğun olaraq, torpaq paylarının faktiki istifadə vəziyyəti nəzərə alınmaqla verilməsi barədə” iclas keçirilmiş, nəticə olaraq islahat komissiyası X20 Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı Qərarına uyğun olaraq, aparılmış bölgü X17 Komissiyasının Qərarına uyğun olmadığını və əhali tərəfindən qəbul edilmədiyini nəzərə alaraq qüvvədən düşmüş hesab etmiş, torpaq payı alan subyektlərə əvvəllər verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ləğv edilmiş, islahat zamanı yol verilmiş mexaniki və kobud səhvlərə görə aparılan Ərçivan kəndi üzrə aparılan islahatda dəyişiklikərin edilməsi və yenidən hazırlanması qərara alınmışdır. İnsan Hüquqlarının və X6 X3 1-ci Protokolunun 1-ci maddəsində qeyd olunur: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə şərtləndirmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları şəhadətnamələr, qeydiyyat vəsiqələri və sair sənədlərlə öz təsdiqini tapmalıdır. Hazırkı mübahisədən görünür ki, iddiaçı və cavabdehin adını qeyd etdiyi X9 arasında torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə mübahisə yoxdur. Bu hal ona əsas verir ki, əgər torpaq sahəsinin plan ölçüsündə iddiaçılara məxsus torpaq sahəsi ilə Fərhad Həsənova məxsus torpaq sahəsinin plan-ölçü sənədində üst-üstə düşmə halı varsa, bu cavabdeh tərəfin səhvinə görə yaranmışdır. X21 və iddiaçılar faktiki olaraq ayrı-ayrılıqda torpaq sahələrini istifadə edirlər və birinci intsansiya məhkəməsində onlar arasında mübahisənin olmadığı da müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, mərzçəkmə işləri-kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Bu xidmət fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda həyata keçirilir. O cümlədən, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda və digər hallarda mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidmətləri göstərilir. Torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq üçün müraciət edən şəxslərdən torpaqdan daimi istifadə hüququna dair dövlət aktları, torpaq sahəsinin ayrılması barədə qərar və sərəncamlar, daşınmaz əmlakın vahid dövlət kadastr planından çıxarış və digər sənədlər tələb olunur. Xidmətin həyata keçirilməsində hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatından istifadə olunur. İşin hallarından göründüyü kimi, 0,46 ha torpaq sahəsi iddiaçı tərəfin ümumi birgə mülkiyyətindı olsa da, torpaq sahəsinin sərhədləri naturada müəyyən olunmamışdır. Belə olan halda cavabdeh tərəfin vəzifəsidir ki, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını, sərhədlərini müəyyən etsin. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(120)-1316/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar