Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-465/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Quliyev Ceyhun Əmir oğlu oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(120)-376/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 19 mart 2025-ci il tarixli, 2- 1(120)-376/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.1989-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və digərlərinin əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Adları göstərilən 52 nəfər şəxsin, İddiaçı da daxil olmaqla pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının Saatlı rayonu “Ukrayna” adına kolxozda xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyi staj dövrünün arxiv arayışında 2 ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazılması iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərabərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin edildikdən sonra DSMF Saatlı rayon şöbəsi tərəfindən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 06 may 2020-ci il tarixli qərarda göstərilir ki, istintaq zamanı 52 şəxsin yəni, İddiaçı əmək kitabçasındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Yuxarıda adları göstərilmiş 52 şəxsin (İddiaçı daxil olmaqla) pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan sonra ona təyin edilmiş əmək pensiyası bərpa edilməmişdir. Bununla əlaqədar cavabdeh təşkilata rəsmi müraciət etsə də, imtina cavabı verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə Fondun Saatlı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya təyin edilmiş pensiya məbləği xx.xx.2019-cu il tarixdən cinayət işinin başlanması ilə əlaqədar olaraq dayandırılmışdır. Nazirlik tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Həmçinin İddiaçı münasibətdə onun əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. İddiaçıya məxsus əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X1 xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçanızın surətində qeyd olunmuş Saatlı rayonu Ukrayna adına kolxozun xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək olan iş stajı 2 ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazıldığı üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İş materiallarına əlavə edilmiş: -İddiaçıya məxsus xx.xx.1989-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1976-xx.xx.1999-cu il ərzində Saatlı rayon Ukrayna adına kolxozda, xx.xx.2000-xx.xx.2005-ci illər ərzində isə X9 zavodunda əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. -1 saylı X1 mütəxəssisi və X6 Filialının direktorunun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, X5 mühafizə olunan Saatlı rayon “Ukrayna” kolxozunun sənədlərinə baxış zamanı vətəndaş İddiaçı 1976-1999-cu illərə aid iş stajına rast gəlindi. Lakin iki ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazıldığı güman edilən məlumatlar var. -X6 Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, filialda mühafizə olunan Saatlı rayonu “Ukrayna” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda İddiaçı 1976-1999-cu illərdə əmək fəaliyyəti və Saatlı rayon “Dəmir Beton” zavodunun əmr kitabında İddiaçı xx.xx.2000-cı il tarixdə işə qəbul və xx.xx.2005-ci ildə işdən azad olması barədə qeydlər vardır. -Surəti təqdim edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı və digərlərinin əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olması aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Adları göstərilən 52 nəfər şəxsin, İddiaçı da daxil olmaqla pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. -Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2- 192026310/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə istintaq xx.xx.2020-ci il tarixdə yekunlaşdırılaraq baxılması üçün Saatlı rayon məhkəməsinə göndərilmişdir. -Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 barəsində olan Saatlı Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2(055)-32/2020 saylı hökmü 13 iyul 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Şərh olunan sənədlərdən göründüyü kimi iddiaçıya xx.xx.2019-cu il tarixdə Fondun Saatlı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cinayət işinin başlanması ilə əlaqədar olaraq pensiyanın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Cavabdeh orqanın imtina və etirazının əsasını iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək staj dövrünün arxiv arayışında 2 ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazılması və həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmaması təşkil etmişdir. Qeyd olunur ki, cavabdehin istinad etdiyi xüsusatlar cinayət təqibi orqanı tərəfindən araşdırılmış, müvafiq sənədlərdə saxtakarlıq faktı müəyyən edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh orqan iddiaçıya pensiya ödənişini dayandırmaqda haqlı olmamış, eyni zamanda sənədlərin mütəbərliyi ilə bağlı şübhələr aradan qalxdıqdan sonra da pensiya ödənişini bərpa etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(120)-376/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-465/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-465/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver