Məhkəmə qərarları › İş №2-1(106)-467/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-467/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-467/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin vəkili X6 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-81/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra MMC) cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamının ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 23 may 2024-cü il tarixli, 2- 1(120)-81/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri kimi iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Lakin, iş materiallarında olan sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin hazırda üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Bundan əlavə, İddiaçı1 ilə Saatlı Rayon İcra Hakimiyyəti arasında xx.xx.2005-ci il tarixli, 164 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə 15 il müddətinə bağlanmış, icarə müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı1-nin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2021-ci il tarixdə onun qeyd edilən torpaq sahəsinə dair hər hansı subyektiv hüququ mövcud olmamışdır. Yəni Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, 35 nömrəli sərəncam qəbul edilərkən onun hər hansı hüququ pozulmamışdır. Həmçinin İddiaçı1 sözügedən sərəncamdan 2020ci ilin may ayından məlumatlı olsa da, yalnız 2021-ci ilin oktyabr ayında həmin sərəncamın mübahisələndirilməsinə dair məhkəmədə iddia qaldırmış, bununla da 30 günlük iddia müddətini ötürmüşdür. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, onun subyektiv hüququnun olması ilə bağlı sübutlara düzgün hüquqi qiymət verilməmiş, həmçinin onun tərəfindən iddia müddəti ötürülməmişdir, iddia müddətinin ötürülməsi sübuta yetirilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə etmiş, kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən sərəncam vəkilin xx.xx.2021-ci il tarixli müraciəti əsasında təmsil etdiyi hüquqi şəxsə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə isə məhkəmədə iddia qaldırılmışdır. Odur ki, qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. RİH ilə təmsil etdiyi MMC arasında müqavilədə müddət göstərilmədiyinə görə MMC-nin torpaqdan istifadə hüququ müddətsizdir. Bu baxımdan da MMC-nin hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququ olmuşdur. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Nümayəndə məhkəmə kollegiyasının sualına cavab olaraq bildirdi ki, mübahisələndirilən sərəncamın rəsmi olaraq iddiaçıya təqdim edilməsi tarixi barədə məlumatı yoxdur, lakin iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında həmin sərəncamdan qəbul edildiyi vaxtdan 1 ay sonra məlumatlı olduğunu bildirmişdir. Üçüncü şəxsin vəkili X13 apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirdi, əlavə olaraq göstərdi ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməklə iddia qaldırmışdır. Belə ki, iddiaçının hazırda məhkəmə iclasında iştirak edən nümayəndəsi üçüncü şəxs tərəfindən mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılmasını görmüşdür və torpaq sahəsinin sonuncuya verilməsi barədə məlumatlı olmuşdur. Bundan əlavə, iddiaçıya verilmiş şəhadətnamədə icarə müddəti 15 il göstərildiyindən, həmçinin üçüncü şəxsə ayrılmış sahənin iddia olunan sahə ilə üst-üstə düşmə halı mövcud olmadığından onun hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququ yoxdur. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Saatlı Rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2005-ci il tarixli 137 saylı sərəncamının məzmunundan görünür ki, İddiaçı1 firmasına sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə “Bitki yağı emalı” kombinatının tikintisi üçün X10, Saatlı-Sarıcalar avtomobil yolunun (hal-hazırda Saatlı şəhəri, M.P.Vaqif küçəsi) sağ tərəfində, Saatlı şəhərinin 90 saylı məhəlləsində, ölçüləri sxematik planda göstərilmiş 1,62 hektar olan torpaq sahəsi, şimaldan yüksək gərginlikli elektrik xətti və Saatlı-Sarıcalar avtomobil yolu ilə, cənub-qərbdən fərdi təsərrüfatlarla, cənib-şərqdən kollektor və “Şirə emalı” zavodu ilə qərbdən boş sahə və Telestudiya ilə həmsərhəd olaraq ayrılmışdır (sərəncamda icarə və ya istifadə müddəti göstərilməmişdir). -İddiaçı1 ilə Saatlı Rayon İcra Hakimiyyətinin arasında xx.xx.2005-ci il tarixli, 164 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır (müqavilədə müddət göstərilməmişdir). -“Torpağdan müvəqqəti istifadə hüququna dair” JN-8176 (KOD********) nömrəli şəhadətnamədən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı və xx.xx.2005-ci il tarixli, 164 saylı icarə müqaviləsi əsasında X10 1.62 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı1 firmasına icarəyə verilməsi qeyd edilmişdir. -Saatlı Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2020-ci il tarixli, 35 saylı sərəncamının surətindən görünür ki, X3 Saatlı şəhəri ərazisində, dövlət mülkiyyətinə aid 3400,0 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə uzun müddətə icarəyə verilməsi və onunla icarə müqaviləsi bağlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2023-cü il tarixli, 10/8758 saylı ekspert rəyində qeyd olunmuşdur ki: -Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı ilə İddiaçı1 firmasına ayrılmış 1.62 hektar torpaq sahəsinə əlavə edilmiş sxemdə koordinatlar olmadığından, həmin torpaq sahəsinin hansı koordinatlarda yerləşməsini və hal-hazırda kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır. -Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı ilə İddiaçı1 firmasına ayrılmış 1.62 hektar torpaq sahəsinin 2005-ci ildə torpaq sahəsi ayrılan zaman mülkiyyəti dövlət, kateqoriyası Dövlət ehtiyat fondu, məqsədli təyinatı sahibkarlıq fəaliyyəti inkişafi, hüquqi növü isə icarə olduğu müəyyən edilmişdir. Hal-hazırda torpaq sahəsinin koordinatları müəyyən edilmədiyindən torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması, hüquqi rejimi (kateqoriyası), uqodiyası, növü və təyinatını müəyyən etmək mümkün olmamışdır. -Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamı ilə X3 ayrılmış 3400 kv.metr torpaq sahəsinin 2020-ci ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırki hüququ növü icarə, mülkiyyəti dövlət, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqşədli təyinatı isə sahibkarlığın inkişafı olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq hal-hazırda X2 istifadəsindədir. -Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında İddiaçı1 frimasına ayrılmış 1.62 hektar torpaq sahəsinin koordinatları müəyyən edilmədiyindən, həmin torpaq sahəsi ilə Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamı əsasında X4 ayrılmış 3400 kv.metr torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6853 saylı ekspert rəyində qeyd olunmuşdur ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-2307/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Saatlı rayon icra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında İddiaçı1 firmasına ayrılmış 1.62 ha torpaq sahəsinin koordinatlarını naturada (yerdə) müəyyən etmək mümkün olmadığından, İddiaçı1 firmasına məxsus tikililərin həmin torpaq sahəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. -Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında İddiaçı1 firmasına ayrılmış 1.62 ha torpaq sahəsinin koordinatları naturada (yerdə) müəyyən etmək mümkün olmadığından, sözügedən 1.62 ha torpaq sahəsi ilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamı əsasında X3 ayrılmış 3400 kv.m və ya 0,34 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. -ekspertiza zamanı ərazidə 198 kv.m ölçüdə yeraltı hovuz, 1740 kv.m ölçüdə və 137 kv.m ölçüdə mişar daşından inşa edilmiş tikililər aşkar olunmuşdur. 198 kv.m ölçüdə olan yeraltı hovuz və 1740 kv.m ölçüdə tikili X2 Çıxarışla icarə hüquqları Dövlət qeydiyyatına alınmış 0.34 ha torpaq sahəsinin hüdudları daxifindədir. Lakin 137 kv.m ölçüdə olan tikili Çıxarışla icarə hüquqları Dövlət qeydiyyatına alınmış 0.34 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməklə iddiaçının göstərdiyi torpaq sahəsinin hüdudları daxilindədir. Tikililər dövlət qeydiyyatına alınmadığından kimə məxsus olduğu təsbit edilə bilmədi. Əlavə olaraq, çöl ölçmə işləri aparılarkən İddiaçı1-nin nümayəndəsinin göstərdiyi ərazi ilə X3 verilmiş çıxarışda qeyd olunan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Lakin elektron baza məlumatlarında aparılan araşdırma zamanı, eyni zamanda Şəhadətnamədə göstərilən koordinatları naturada müəyyən etmək mümkün olmadığından qeyd olunan halın öz təsdiqini tapması mümkün olmamışdır. -Qeyd: Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında İddiaçı1 firmasına ayrılmış 1.62 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-İ tərəfindən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8176, KOD 90800001 saylı “Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə qeyd edilən koordinatlar faktiki vəziyyəti əks etdirmədiyindən (sənəd göstəriciləri ilə məkan göstəriciləri arasında uyğunsuzluq) sözügedən 1,62 ha torpaq sahəsini naturada (yerdə) müəyyən etmək mümkün olmamışdır. -“Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 21-3-38/2-3087/2023 nömrəli məktubunda bildirilir ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında “Nur-San" firmasının 15 (on beş) il müddətinə icarəsinə verilmiş 1.62 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8176, KOD 90800001 saylı “Şəhadətnamə” tərtib edilmişdir. Sözügedən “Şəhadətnamə" elektron kadastr məlumat bazasında aşkar edilməsinə baxmayaraq, həmin “Şəhadətnaməmdə qeyd edilən koordinatlar naturada faktiki vəziyyəti əks etdirmir. Yəni sənəd göstəriciləri ilə məkan göstəriciləri arasında uyğunsuzluq mövcuddur. Elektron xəritə materiallarında mövcud olan şəhadətnamənin koordinat göstəriciləri “Nur-San" firmasının nümayəndəsinin mübahisələndirdiyi və Çıxarışla icarə hüquqları Dövlət qeydiyyatına alınmış 0.34 ha torpaq sahəsindən şimal-qərb istiqamətində 66.0 metr məsafədə yerləşir. Həmçinin şəhadətnamədə göstərilən konifuqurasiya və cizgilər elektror kadastr məlumat bazasında düzgün yerləşdirilməmişdir. Bu səbəbdən “Nur-Sanr firmasının icarəsinə verilmiş 1.62 ha torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmadığından digər şəxslərin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır Qeyd olunan sənədlərin ümumi xülasəsi ilə müəyyən edilir ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2005-ci il tarixli 137 saylı sərəncamına əsasən İddiaçı1 firmasına sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə 1,62 hektar olan torpaq sahəsi ayrılmışdır. Bu barədə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8176, KOD 90800001 saylı, 11 noyabr 2005-ci il tarixli şəhadətnamə verilmişdir. İddia olunur ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2020-ci il tarixli 35 saylı sərəncamı ilə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 1,62 hektar torpaq sahəsinin 3400 kv.metr sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Saatlı şəhər sakini X3 icarəyə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin X3 icarəyə verilməsi barədə Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamı mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtləri bir sıra prosessual normalara münasibətdə təhlil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anını tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən etməmiş, bununla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaması qənaətinə gələrək, iddianı mümkünsüz hesab etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, tərəflərlə bu məsələ müzakirə edilməmiş, eyni zamanda cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktı iddiaçıya təqdim etməsini təsdiq edən sübutun olubolmaması aydınlaşdırmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi qərardadında iddiaçının mübahisələndirilən inzibati akt barədə 2020-ci ilin may ayından məlumatlı olmasını qeyd etsə də bu qənaətin mənbəyini göstərməmişdir. Halbuki iş materiallarında bununla bağlı müvafiq sübut və yaxud ifadə yer almamışdır. Odur ki, iddianın müddətlə bağlı mümkünlük şərtlərinə qeyd olunan tələblər çərçivəsində yenidən baxılmalı və qiymət verilməlidir. Bundan əlavə, hazırda baxılan iş üzrə iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı xüsusi mümkünlük şərtlərinə qiymət verilməsi üçün bir sıra maddi normalar təhlil edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı mümkünlük şərtinə iddianın mahiyyəti konteksindən baxılmaqla, həmçinin işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarına qiymət verilməlidir. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, iddiaçıya torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş, icarə müddəti isə xx.xx.2020-ci il tarixdə bitmişdir. Bu baxımdan da iddia qaldırılan vaxt (xx.xx.2021-ci il) subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yenidən araşdırma apararkən həmin münasibətlərə aşağıdakı normaların təhlili baxımından qiymət verməsi məqsədəuyğundur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. 3-ci bəndinə əsasən torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. -51-ci maddəsinin 4-cü bəndinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Yuxarıda sadalanan sənədlərlə müəyyən edilir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati aktda, həmçinin həmin akt əsasında bağlanmış icarə müqaviləsində icarənin müddəti göstərilməmişdir. Yalnız “Torpağdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə icarə müddəti 15 il göstərilmişdir ki, bunun da hüquqi əsası və rəsmi sənədlər baxımından mənbəyi bəlli deyil. Ümumilikdə torpaq sahələri ilə bağlı tərtib edilən şəhadətnamələrin torpaq sahəsinin koordinatlarını, sərhədlərini və digər texniki göstəricilərini özündə əks etdirən sənəd olması nəzərə alınmaqla bu qənaətə gəlmək olar ki, həmin sənəddə göstərilən icarə münasibətləri ilə bağlı müddətlərə yalnız ilkin sənədlərə uyğun oldugu halda etimad göstərilə bilər. Bundan əlavə, birinci instansiya məhkəməsi öz qərardadında iddianın mümkün sayılmamasına əsas verən hallardan biri kimi iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ilə üçüncü şəxsə verilmiş sahələrin üst-üstə düşmə halının olmamasını göstərmişdir. Lakin birinci instansiya məhkəməsi yuxarıda şərh olunan ekspert rəylərinin arasında olan ziddiyətə, həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-3087/2023 nömrəli məktubunda qeyd edilmiş hər iki rəyə münasibətdə ziddiyətə münasibət bildirməmiş, səbəblərini araşdırmamışdır. Belə ki, ekspertin 09 fevral 2023-cü il tarixli rəyində iddiaçıya verilmiş torpaq sahəsinin koordinatları müəyyən edilmədiyindən üst-üstə düşmə halının müəyyən edilə bilmədiyi qeyd edilmiş, 30 dekabr 2023-cü il tarixli rəydə isə şəhadətnamədə qeyd edilən koordinatlar faktiki vəziyyəti əks etdirmədiyindən (sənəd göstəriciləri ilə məkan göstəriciləri arasında uyğunsuzluq) torpaq sahəsini naturada (yerdə) müəyyən etmək mümkün olmadığı qeyd edilmiş, 13 saylı Şirvan Ərazi İdarəsinin məktubunda isə tamamilə fərqli ifadələr yer almaqla, şəhadətnamənin elektron kadastr məlumat bazasında aşkar edilməsinə baxmayaraq, həmin şəhadətnamədə qeyd edilən koordinatların naturada faktiki vəziyyəti əks etdirməməsi, yəni sənəd göstəriciləri ilə məkan göstəriciləri arasında uyğunsuzluq olması, elektron xəritə materiallarında mövcud olan şəhadətnamənin koordinat göstəricilərinin “Nur-San" firmasının nümayəndəsinin mübahisələndirdiyi 0.34 ha torpaq sahəsindən şimal-qərb istiqamətində 66.0 metr məsafədə yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilkin rəydə koordinatların mövcud olmaması, növbəti rəydə koordinatların faktiki vəziyyəti əks etdirməməsi, səlahiyyətli orqanın məktubunda isə koordinatların elektron kadastr məlumat bazasında mövcud olması barədə ifadələrə münasibətdə ziddiyətli halları araşdırmamış, şəhadətnamənin əvvəllər elektron kadastr məlumat bazasında olmaması ilə bağlı dəlilin əsasını, sonradan hansı əsasla və hansı tarixdə kadastr məlumat bazasında mövcud olmasını araşdırmamış, eyni zamanda şəhadətnamə üzrə koordinatlar bazada olduğu halda faktiki vəziyyətə uyğunsuzluğun nədən ibarət olmasını və hansı həcmdə olmasını, bundan əlavə şəhadətnamə üzrə koordinatların Saatlı Rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2005-ci il tarixli 137 saylı sərəncamına əlavə edilmiş plan-ölçüyə uyğun işlənibişlənməməsini, həmçinin 13 saylı Şirvan Ərazi İdarəsinin məktubunda qeyd edilmiş şəhadətnamədə göstərilən konifuqurasiya və cizgilərin elektror kadastr məlumat bazasında düzgün yerləşdirilməməsinin səbəblərini və əsaslarını, “düzgün yerləşdirilməmə” dedikdə nəyin ifadə olunduğunu araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-81/2024 nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-81/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar