Məhkəmə qərarları › İş №2-1(106)-468/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-468/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-468/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(120)-1002/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 09 aprel 2025-ci il tarixli, 2- 1(120)-1002/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. İddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti mövcud olmuş, iddiaçı Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində işləmiş və əmək haqqı almış, sadəcə olaraq idarənin 1989-cu ildən 2000-ci ilədək olan sənədləri tam qaydada arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. İddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə isə 1980-cı ilin iyun ayından başlamışdır. Hal- hazırda əmək stajı 13 il 4 ay 12 gün müəyyən edilsə də, lakin onun ümumi əmək stajı 25 ildən çoxdur. Ona görə ki, xx.xx.1989-cu il tarixdən xx.xx.2000ci il tarixədək Cəlilabad rayon X5 və Mexanikləşdirmə istehsalat birliyinin 4 nömrəli traktor briqadasında hesablayıcı kimi işləsə də, lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Halbuki, həmin işlədiyi illər onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. Təqdim olunan təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisəsiz sosial sığorta stajı 13 il 4 ay 12 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (isdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılmamışdır) və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işə daxilolma qeydlərində əmrin nömrəsi və tarixi qeyd olunmamışdır) olan dövrlərin doldurulma qaydası pozulduğu, həmçinin xx.xx.1989-cu il tarixli işədaxilolma qeydləri kiril əlifbası ilə yazılmış lakin həmin qeyd latın qrafikalı möhür ilə təsdiq edilmişdir. Bundan başqa, əmək kitabçasında xx.xx.1999-xx.xx.2000-ci illərdə Həsənli bələdiyyəsində işlədiyi qeyd olunsa da, hər iki qeyd eyni xəttlə vazılmış və möhür vurulmamışdır. Odur ki, qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1980-xx.xx.2000ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1989-cu il tarixdə iş stajı saxlanılmaqla köçürmə yolu ilə 4 nömrəli traktor briqadasına hesablayıcı qəbul edilməsi, xx.xx.1989-cu il tarixdən avtomobillərin təmiri sexinə mühasib keçirilməsi, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2000-ci il tarixdən işdən azad edilməsi qeyd edilmişdir. -iddiaçıya məxsus Ю №006772 nömrəli diplomun surətindən görünür ki, 1974- 1977-ci illərdə Bakı Sovet Ticarəti Texnikumunun “Ərzaq malları əmtəəşunastlığı və ticatətin təşkili” ixtisasını bitirmişdir. -HЗ №3642897 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı həqiqətən 1977- 1979-cu ilədək orduda xidmət etmişdir. -Cəlilabad rayonu Zopun bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 12 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 17 dekabr 1999-cu il tarixdə keçmiş Həsənli kənd bələdiyyəsinə üzv seçilmiş və həmin bələdiyyənin 06 yanvar 2000-ci il tarixli 01 saylı iclasının qərarı ilə bələdiyyə sədrinin müavini vəzifəsinə seçilmişdir. Bələdiyyələrin yanvar 2010-cu il tarixdə birləşməsindən sonra keçmiş Həsənli bələdiyyəsinin Zopun bələdiyyəsinə təhvil verdiyi sənədlərə əsasən İddiaçı Həsənli bələdiyyəsinin “Əmək haqqım uçotu” kitabında 1999-2000-2001-ci illər üzrə əmək haqqı hesablanmamışdır. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1981-ci ildə 104 nömrəli əmr işə qəbul olunub. xx.xx.2000-ci il, 08 nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunub. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-17685/2024 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dair məlumatların təqdim edilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövləl mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1126 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad “Rayaqrotexservis” İstehsalat Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşidirilməsi prosesi xx.xx.2013-cü il tarixində yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdə 104 № əmrə əsasən Cəlilabad rayonu Kənd təsərrüfatı texnikası idarəsinə Anbardar vəzifəsinə təyin olunmuşdur. xx.xx.1982 -ci il tarixdə 176 № əmrə əsasən öz xahişi ilə (Əm 37) maddəsi ilə işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixdə 59 № əmrə əsasən Cəlilabad Kənd təsərrüfatı texnikası idarəsinə Hesabdar vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il 42 № əmrə əsasən Azərbaycan SSR X8 Komitəsinin xx.xx.1989-cu il tarixdə 172 № əmrə əsasən Mexanikləşmə Müəssisəsi (X3 İdarəsi) ləğv olunduğu üçün xx.xx.1989-cu il 42 № əmrlə işdən azad edilmişdir. xx.xx.1989-ci il tarixli 01 № əmrə əsasən Avtomobil təmiri sexində mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il 51 № əmrə əsasən Böyük mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il 08 № əmrə əsasən öz xahişi ilə (Əmək məcəlləsinin 37-ci maddəsi) ilə işdən azad edilmişdir. -Cəlilabad rayonu Zopun bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 24 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 17 dekabr 1999-cu il tarixli Bələdiyyə seçkilərində keçmiş Həsənli kənd bələdiyyəsinə üzv seçilmiş, həmin bələdiyyənin 06 yanvar 2000-ci il tarixli 01 saylı iclasının qərarı ilə bələdiyyə sədrinin müavini vəzifəsinə seçilmişdir. Bələdiyyələrin yanvar 2010-cu il tarixdə birləşməsindən sonra keçmiş Həsənli bələdiyyəsinin Zopun bələdiyyəsinə təhvil verdiyi sənədlərə əsasən İddiaçı Həsənli bələdiyyəsinin qaytanlanmış “Əmək haqqının uçotu” kitabında 2000-2004-cü illər üzrə əmək haqqı hesablanmışdır. İddiaçı keçmiş Həsənli bələdiyyəsinə üzvlüyünün və bələdiyyə sədrinin müavini vəzifəsinin səlahiyyət müddəti növbəti “Bələdiyyə seçkiləri” ilə əlaqədar 19 dekabr 2004-cü il tarixdə bitmişdir. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-12-RA/2-321/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayon Zopun Bələdiyyəsinin (əmr və əmək haqqı kitabları) Arxivə təhvil verilmədiyi üçün İddiaçı iş stajı barədə məlumat aşkar edilmədi. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-12-RA/2-466/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayon Aqrotexservis ASC-nin (əmr və əmək haqqı kitabları) Arxivə təhvil verilmədiyi üçün İddiaçı iş stajı barədə məlumat aşkar edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.1959-cu il doğumludur və pensiya yaşına çatmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası ilə sübuta yetir. İddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeydlərin doldurulma qaydasının pozulmasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (isdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılmamışdır) və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işə daxilolma qeydlərində əmrin nömrəsi və tarixi qeyd olunmamışdır) olan dövrlərin doldurulma qaydasının pozulması, həmçinin xx.xx.1989-cu il tarixli işədaxilolma qeydlərinin kiril əlifbası ilə yazılsa da, həmin qeydin latın qrafikalı möhürlə təsdiq edilməsi, xx.xx.1999-xx.xx.2000-ci illərdə Həsənli bələdiyyəsində işlədiyi qeyd olunsa da, hər iki qeydin eyni xəttlə vazılması və möhür vurulmaması əsası pensiya təyinatından imtina etsə də, iddiaçının qeyd olunan müəssisələrdə işləməsi həmin müəssisələrin təqdim etdikləri sübutlarla tam təsdiqini tapır. Odur ki, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərlə bağlı qüsurlar onun əmək fəaliyyətinin olmamasını güman etmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(120)-1002/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar