Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-469/2024 26.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-3735/2024 saylı qərardadından iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavadova (Baxşıyeva) Bahar Həbib qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ.İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavadova (Baxşıyeva) Bahar Həbib qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində göstərilməklə “plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbi üzrə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinin əsaslarına görə, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN- 075A, KOD 80102005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Astara rayonun Kijəbə qəsəbə İƏD-nin Qəcimarda kəndi ərazisində onlara 0.07 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.20224-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Onlara torpaq sahəsinə dair çıxarış verilsə də, həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmədiyindən torpaq sahəsində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilməsi ilə bağlı DƏDKR-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş, sonuncu tərəfindən 06 may 2024-cü il tarixli, 3- 21-3-43/2-1205/2024 saylı məktubla Plan və ölçü sənədinin verilməsinə dair imtina bildirişi verilmişdir. İmtina bildirişində imtinanın əsasları qeyd edilmiş və göstərilmişdir ki, müayinə zamanı iddia olunan torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən X13 torpaqlarında yerləşir. 0.07 hektar torpaq sahəsi onlara Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş və torpaq sahələri X13 torpaqlarında yerləşməmiş, əgər yerləşibsə həmin vaxt buna nə üçün qərar verilmişdir. Torpaq sahələri X13 torpaqlarına daxil olsa da, Aqrar İslahat Komissiyasının qərarı ilə X13 Torpaqlarının statusu dəyişilmiş və hal-hazırda torpaq sahələri X13 torpaq sahəsi hesab edilə bilməz. Belə ki, torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir (“Torpaq İslahatı haqqında" AR Qanunun 1-ci maddəsinin 2-ci abzası) Torpaq islahatı Dövlət adından həyata keçirildiyindən və Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı da dövlət adından verilmiş hesab edilməlidir. Həmin qərar məhkəmə qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Əgər həmin torpaq sahəsi X13 torpaqlarına daxil olsaydı Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2- 1(120)-10/2021 nömrəli qərarı ilə həmin 0.07 hektar torpaq sahəsinə dair çıxarış verilməsi DƏDKR-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmazdı və çıxarışın verilməsi həmin torpaq sahəsinin mülkiyyətlərində olmasını təsdiq edir. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(120)-10/2021 nömrəli qərarından 10 saylı Lənkərar Ərazi İdarəsi apellyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 2- 1(106)-2/2023 saylı qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2- 1(120)-10/2021 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)-2/2023 saylı qərarından verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1543/2023 saylı, xx.xx.2023-cü il tarixli qüvvədə saxlanılaraq cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-3735/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmənin qənaətinə görə, torpaq sahəsinə plan və ölçü verilməsinə dair iddia Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının icrasının davamıdır. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-075A (kod:********) nömrəli şəhadətnamə əsasında iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və icra olunaraq torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə ********** (**********50 reyestr №) qeydiyyat nömrəsi ilə İddiaçı2 adına (ümumi birgə mülkiyyətçilər İddiaçı1, X4, İddiaçı4 ) Daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Torpaq sahəsi qeydə alınan zaman torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respubliksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2024-cü il tarixli 2-1(102)-420/2024 saylı qərarında göstərilən hüquqi mövqeyə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Qeyd olunanlara əsasən iddiaçılara izah olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının icrasının təmin olunması ilə bağlı həmin iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək, qərarın icrasının təmin olunmasını tələb etməlidirlər. İİ. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəf torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq çıxarış versə də, həmin vaxt plan ölçü sənədi tərtib edilməmişdir. Cavabdeh tərəf plan və ölçü sənədinin verilməsindən imtinası torpaq sahəsinin meşə fondu torpaq sahəsinə daxil olması ilə izah edir. Bu isə qanunsuz haldır. Bununla da hüquqları və qanunla qorunan maraqları pozulur. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərardadının ləğv olunması xahiş olunur. Cavabdeh tərəf apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. İİİ. Proses iştirakçılarının izahatları: İddiaçılara və apellyasiya şikayəti verən İddiaçı2 və digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X7 15 avqust 2024-cü il tarixdə iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı tərəfə torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış məhkəmə qərarına əsasən verilmişdir. Lakin torpaq sahəsi meşə fondu torpaq sahəsinə aid olduğuna görə, həmin əraziyə dair plan və ölçü sənədi verilməsi mümkün deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3. İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -82 Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; -139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139-1.1. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 139-1.1.5-ci) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi; -68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu; -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.; -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;-15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. V. Apellyasiya instansiyasının məhkəmə icraatı: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Məhkəmə kollegiyası gəlmiş olduğu hüquqi nəticə ilə əlaqədar qeyd edir: - İnzibati icraat üzrə iddiaçıların hüquqi marağı mülkiyyət hüquqları barədə xx.xx.2024-cü il tarixli, ********** (**********50 reyestr №) qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə 0,07 ha yaşayış məntəqə təyinatlı torpaq sahəsinin yerləşdiyi əraziyə plan-ölçü sənədinin əldə olunmasıdır. - Cavabdeh tərəfin imtinasına əsasən qeyd edilmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi ilə bağlı həmin torpaq sahəsinə keçirilmiş faktiki müayinə (çöl-ölçmə işləri) və Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi X13 torpaqlarında yerləşir. Bu səbəbdən sözügedən torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi mümkün olmamışdır. İmtinada əlavə olaraq göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı qərarı üzrə Ərazi İdarəsi tərəfindən tək “Çıxarış” verilmiş, məhkəmə qərarında Ərazi İdarəsinin üzərinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmamışdır. -Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. -İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67- 69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. -Kollegiya vurğulayır ki, iş materiallarında iddiaçı tərəfə ümumi birgə mülkiyyət hüququ üzrə müvafiq çıxarışın verilməsinə əsas olan Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(120)-10/2021 saylı qərarından məlum olur ki, həmin iş üzrə mübahisənin yaranmasına səbəb olan imtinada X2 hüquq və mənafeyinin pozulması qeyd olunmuş, lakin məhkəmə icraatında təyin edilmiş müvafiq ekspetiza ilə 0,07 ha torpaq sahəsinin yerləşdiyi ərazinin iddiaçıların adına olan JB-075A nömrəli şəhadətnaməyə uyğun olması, başqa şəxslərin hüquq və mənafelərinin pozulmadığı müəyyən edilmişdir. Apellyasiya icraatı üzrə mübahisəli hallar işin faktiki halları, eləcə də istinad olunmuş maddi və prosessual normalarla qarşılıqlı təhlil olunmasının nəticəsi olaraq, birinci instansiya məhkəməsinin əvvəlki qərar üzrə icra işinin davamına görə iddianı mümkün saymaması mövqeyinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının istinad olunmuş 27 aprel 2023-cü il tarixli, 2-1(102)-420/2023 saylı qərarında qeyd olunan formada hüquqi mövqe sərgilənməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunması, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsinin təmin edilməsi və belə halların qarşısının alınması məqsədi ilə cavabdeh tərəfin torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyindən əsassız olaraq imtina etməsini bir daha xatırlatmaqdır. Əks təqdirdə bu növ mübahisələrlə bağlı inzibati praktikanın formalaşması üçün apellyasiya məhkəməsinin qərarının ləğv olunması və qeyd edilən formada mümkünlük şərtlərinin yoxlanılması üçün yenidən icraat üçün iş aidiyyəti ərazi üzrə apellyasiya məhkəməsinə göndərilmiş olardı. Azərbaycan Respublikası İPM-nin 87.7.1. və 87.7.2-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-3735/2024 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavadova (Baxşıyeva) Bahar Həbib qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbi barədə inzibati iş icraatın davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Samir Həsənov Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(106)-469/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-469/2024
26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver