Məhkəmə qərarları › İş №2-1(106)-47/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-47/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-47/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1233/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1233/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuş, 1972-ci ildən əmək fəaliyyətinə başlamış və 28 il 8 ay 9 gün sosial sığorta stajı vardır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrə dair sənədlərin dövlət arxivinə verilmədiyi əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək olan hərbi xidmət dövrü də daxil olmaqla İddiaçı mübahisəsiz 18 il 6 ay 19 gün sosial sığorta stajı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (10 il 1 ay 23 gün) işlədiyini iddia etdiyi "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində olan iş stajının doğruluğunun əmr kitablarına və əmək haqqı cədvəllərinə əsasən yoxlanılması, eyni zamanda qarşılıqlı yoxlama aktının tərtib olunması müəssisənin hal-hazırda heç bir fəaliyyətinin olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçının həmin dövr üzrə iş stajı mübahisələndirilən sosial sığorta stajı hesab olunur. Belə olduğu halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla iddiaçının əmək kitabçasına əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (18 il 6 ay 13 gün) işlədiyi müddət tərəflərindən mübahisələndirilmir. Mübahisələndirdikləri iddiaçının əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (10 il 1 ay 20 gün) "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, “Şirvanenerjiinşaat” Tikintilər İdarəsinin Əli-Bayramlı Avtomobil nəqliyyatı müəssisəsində, “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində və "xxxx" Dövlət Şirkətinin Avtonəqliyyat müəssisəsində işlədiyi müddətdir. Belə ki, həmin müddətdə iddiaçının işlədiyini iddia etdiyi idarə və müəssisələrin halhazırda fəaliyyəti olmadığından və sənədləri Dövlət Arxivinə, o cümlədən Dövlət Arxivin Bakı və Şirvan filiallarına təhvil verilmədiyindən qarşılıqlı yoxlamanın aparılması mümkün olmadığı üçün həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə olan halda da, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək “Azqaznəqliyyat” X6-Məmməd xətti-istehsalat magistral qaz kəmərləri idarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Azqaznəqliyyat” X1 avtonəqliyyat sexində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azqaznəqliyyat” X6-Məmməd xətti-istehsalat magistral qaz kəmərləri idarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" trestinin Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" trestinin Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Şirvanenerjiinşaat” Tikintilər İdarəsinin Əli-Bayramlı Avtomobil nəqliyyatı müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin Avtonəqliyyat müəssisəsində (sonradan “Azərenerjitikintiquraşdırma” ATSC-nin Avtomobil nəqliyyatı müəssisəsində) işləmişdir. Onun 1985-1986-cı illərdə sürücü işlədiyi "xxxx" trestinin Azərbaycan AES Tikinti Quraşdırma İdarəsi Nəvahidə X5 tikintisi ilə məşğul olurdu, lakin həmin X5 tikintisi başa çatdırılmadı. Onun 1986-2001-ci illərdə sürücü işlədiyi və əmək haqqı aldığı Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsi və Əli-Bayramlı Avtonəqliyyat müəssisəsi sonradan adı “Şirvanenerjiinşaat” Tikintilər İdarəsi olan, Əli-Bayramlı şəhərində yerləşən Azərenerji Tikinti İdarəsinin tabeliyində idi. Əli-Bayramlı şəhərində yerləşən Azərenerji Tikinti İdarəsi isə Bakı şəhərində yerləşən "xxxx" trestinə (sonradan "xxxx" Dövlət Şirkəti) tabe idi. 2000ci illərdə "xxxx" trestinin bazasında “Azərenerjitikintiquraşdırma” ATSC yaradılmış və özəlləşdirmə ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmişdir. O da, xx.xx.2001-ci il tarixdə Əli-Bayramlı şəhərində yerləşən “Azərenerjitikintiquraşdırma” ATSC-nin Avtomobil nəqliyyatı müəssisəsində işdən azad edilmişdir. Onun 1991-2001-ci illərdə bütün dövrlər üzrə işləyib əmək haqqı aldığı müəssisələrin arxiv sənədlərinin olmaması onun təqsiri deyildir və bu səbəbdən o, əmək pensiyası hüququndan məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Qazı- Məmməd şəhərində doğulmuş, Hacıqabul şəhəri, M.Müşfiq küçəsi, ev 100-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən və notarial tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək “Azqaznəqliyyat” X6-Məmməd xətti-istehsalat magistral qaz kəmərləri idarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Azqaznəqliyyat” X1 avtonəqliyyat sexində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azqaznəqliyyat” X6-Məmməd xətti-istehsalat magistral qaz kəmərləri idarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" trestinin Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" trestinin Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Şirvanenerjiinşaat” Tikintilər İdarəsinin Əli-Bayramlı Avtomobil nəqliyyatı müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin Avtonəqliyyat müəssisəsində (sonradan “Azərenerjitikintiquraşdırma” ATSC-nin Avtomobil nəqliyyatı müəssisəsində) işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi əmək kitabçasına əsasən İddiaçı 28 il 8 ay 9 gün sosial sığorta stajı vardır. Lakin xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində işlədiyi dövrlərin düzgünlüyü X8 şəhər filialında yoxlanılmış və sənədlərin arxivdə aşkarlanmaması barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid1 xx.xx.1954-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, 1 May küçəsi, ev 53-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Şahid1 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Şahid1 xx.xx.1982-ci il tarixdə "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində kadrlar şöbəsi üzrə müfəttiş vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə plan və istehsalat şöbəsinə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdə idarənin kadrlar üzrə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində Həmkarlar Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində kadrlar üzrə rəis müavini təyin edilmiş, xx.xx.1998-ci il tarixdə isə işdən azad edilmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində və həmin idarənin tabe olduğu, Əli-Bayramlı şəhərində yerləşən, sonradan “Şirvanenerjiinşaat” Tikintilər İdarəsi adlanan Azərenerji Tikinti İdarəsində işləmişdir. Belə ki, o, xx.xx.1982-ci il tarixdə Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində kadrlar şöbəsi üzrə müfəttiş vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə plan və istehsalat şöbəsinə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdə idarənin kadrlar üzrə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində Həmkarlar Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində kadrlar üzrə rəis müavini təyin edilmiş və xx.xx.1998-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Əli-Bayramlı şəhərində yerləşən, sonradan “Şirvanenerjiinşaat” Tikintilər İdarəsi adlanan Azərenerji Tikinti İdarəsi isə Bakı şəhərində yerləşən "xxxx" trestinə (sonradan "xxxx" Dövlət Şirkəti) tabe idi. Əli-Bayramlı şəhərində yerləşən Azərenerji Tikinti İdarəsinin tabeliyində 6 idarə var idi: Sabirabad Tikinti Quraşdırma İdarəsi, Salyan Tikinti Quraşdırma İdarəsi, Səngəçal Tikinti Quraşdırma İdarəsi, Cəbrayıl Tikinti Quraşdırma İdarəsi, Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsi və Əli-Bayramlı Avtonəqliyyat müəssisəsi. Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsi bir müddət Nəvahidə X5 tikintisi məqsədilə fəaliyyət göstərmişdir, lakin həmin X5 tikintisi başa çatdırılmamışdır. İddiaçı onun işlədiyi idarəyə tabe olan Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində və Əli- Bayramlı Avtonəqliyyat müəssisəsində sürücü işləmiş və müvafiq əmək haqqı almışdır. Əli-Bayramlı şəhərində yerləşən, sonradan “Şirvanenerjiinşaat” Tikintilər İdarəsi adlanan Azərenerji Tikinti İdarəsinin və həmin idarənin tabe olduğu "xxxx" trestinin “Azərenerji”yə heç bir tabeçiliyi yox idi. Sadəcə onlar “Azərenerji”nin sifarişi əsasında binalar tikir və digər işlər görürdülər. 2000-ci illərdə "xxxx" tresti yenidən təşkil edilərək “Azərenerjitikintiquraşdırma” ATSC-yə çevrilmiş və özəlləşdirmə ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmişdir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid2 xx.xx.1958-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Hacıqabul şəhəri, S.Vurğun küçəsi, ev 43-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Şahid2 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Şahid2 xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində işləmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Əli-Bayramlı şəhərində yerləşən, sonradan adı “Şirvanenerjiinşaat” Tikintilər İdarəsi olan Azərenerji Tikinti İdarəsinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1990-cı il tarixdən iş icraçısı vəzifəsində işləmişdir. Əli-Bayramlı şəhərində yerləşən, sonradan adı “Şirvanenerjiinşaat” Tikintilər İdarəsi olan Azərenerji Tikinti İdarəsi isə Bakı şəhərində yerləşən "xxxx" trestinə (sonradan "xxxx" Dövlət Şirkəti) tabe idi. İddiaçı bir müddət onların idarəsində, yəni Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, daha sonra isə Əli-Bayramlı Avtonəqliyyat müəssisəsində sürücü vəzifəsində işləmişdir. Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsi və Əli-Bayramlı Avtonəqliyyat müəssisəsi Əli- Bayramlı şəhərində yerləşən Azərenerji Tikinti İdarəsinin tabeliyində idi və bir-birinin yaxınlığında yerləşirdi. Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsi sifariş verilmiş işlərin görülməsi üçün tikinti materiallarının gətirilməsi məqsədilə Əli-Bayramlı Avtonəqliyyat müəssisəsinə müraciət edirdi və İddiaçı da sürücü kimi onların idarəsinə tikinti materiallarının gətirilməsində iştirak edirdi. İddiaçı işdən azad edildiyi günə kimi işə getmiş və müvafiq əmək haqqı almışdır. 2000-ci illərdə “Azərenerjiikinti” tresti yenidən təşkil edilərək “Azərenerjitikintiquraşdırma” ATSC-yə çevrilmiş və özəlləşdirmə ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. Belə ki, iddiaçı xx.xx.1974cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 13 gün) hərbi xidmətdə olmuş, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək (2 il 3 ay 12 gün), xx.xx.1976-cı il tarixdən xx.xx.1984cü il tarixədək (7 il 1 ay 25 gün) “Azqaznəqliyyat” X6-Məmməd xətti-istehsalat magistral qaz kəmərləri idarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (2 ay 28 gün) “Azqaznəqliyyat” X1 avtonəqliyyat sexində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (11 ay 20 gün) “Azqaznəqliyyat” X6-Məmməd xətti-istehsalat magistral qaz kəmərləri idarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (2 ay 3 gün) "xxxx" trestinin Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (3 ay 5 gün) "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (6 ay) "xxxx" trestinin Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək (2 il 10 ay 14 gün) "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (2 il 14 gün) "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (1 il) "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (1 il 6 ay) "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (6 ay 30 gün) “Şirvanenerjiinşaat” Tikintilər İdarəsinin Əli- Bayramlı Avtomobil nəqliyyatı müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (1 il 5 ay) “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (5 il 7 ay 20 gün) "xxxx" Dövlət Şirkətinin Avtonəqliyyat müəssisəsində (sonradan “Azərenerjitikintiquraşdırma” ATSC-nin Avtomobil nəqliyyatı müəssisəsində) işləmişdir. İddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla əmək kitabçasına əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (18 il 6 ay 13 gün) işlədiyi müddətə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (10 il 1 ay 20 gün) "xxxx" trestinin Avtonəqliyyat müəssisəsində, "xxxx" trestinin Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində, “Şirvanenerjiinşaat” Tikintilər İdarəsinin Əli-Bayramlı Avtomobil nəqliyyatı müəssisəsində, “Şirvanenerjiinşaat” Tikintilər İdarəsində və "xxxx" Dövlət Şirkətinin Avtonəqliyyat müəssisəsində işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən qeyd edilən tarixlərdə işlədiyi idarə və müəssisələrin hal-hazırda fəaliyyəti olmadığından və sənədləri dövlət arxivinə təhvil verilmədiyindən qarşılıqlı yoxlamanın aparılması mümkün olmadığı üçün həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə olan halda da, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsinin və Əli-Bayramlı Avtomobil nəqliyyatı müəssisəsinin Əli-Bayramlı şəhərində yerləşmiş, sonradan “Şirvanenerjiinşaat” Tikintilər İdarəsi adlanmış Azərenerji Tikinti İdarəsinin tabeliyində olmuş olduğu, Azərenerji Tikinti İdarəsinin isə Bakı şəhərində yerləşmiş və sonradan “Azərenerjitikintiquraşdırma” ATSC-yə çevrilmiş "xxxx" trestinin ("xxxx" Dövlət Şirkətinin) tabeliyində olmuş olduğu, həmçinin iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin idarə və müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən şahid ifadələri ilə öz təsdiqini tapır. Sözügedən idarə və müəssisənin hal-hazırda mövcud olmamasına, müvafiq sənədlərinin qorunub saxlanmamasına, həmin sənədlərin dövlət arxiv idarələrinə təhvil verilməməsinə görə həmin idarə və müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hal iddiaçının əmək pensiyası hüququndan məhrum edilməsinə əsas verə bilməz. Həmçinin iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək sözügedən idarə və müəssisədə işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən idarə və müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1233/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar