Məhkəmə qərarları › İş №2-1(106)-472/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-472/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-472/2025 28.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A seriyalı, KOD 80101004 saylı və JN-663B seriyalı, KOD 80101004 saylı şəhadətnamələrə düzəliş edilməsi, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasport, Astara Rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A seriyalı, KOD 80101004 saylı və JN-663B seriyalı, KOD 80101004 saylı şəhadətnamələr və Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı əsasında vahid torpaq sahəsinə (ümumi sahəsi 825.2 kv.metr olmaqla öncəki rəsmi sənədlərdə (texniki pasport) əks olunan koordinatlar üzrə) vahid mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(120)-9/2025 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: 1964-cü il fevral ayında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ilə bağlı tərtib edilmiş texnik pasportdan görünür ki, əmlakın sahibi kimi X3 göstərilmiş, torpaq sahəsinin ümumi sahəsi 825.2 kv.metr olmaqla bütöv şəkildədir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A seriyalı, KOD 80101004 saylı şəhadətnamədən görünür ki, Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə X16 və İddiaçı1 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663B seriyalı, KOD 80101004 saylı şəhadətnamədən görünür ki, Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə X16 və İddiaçı1 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. “X4 həyətyanı torpaq sahəsindən X6 gediş-gəliş üçün maşın yolunun verilməsi haqqında” Astara Şəhər XDS-nin İcraiyyə Komitəsinin 20 may 1987-ci il tarixli 07 nömrəli protokolundan çıxarışdan görünür ki, X4 həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsi alınıb gediş-gəliş üçün X6 verilmişdir. Astara Rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli iclas protokolundan çıxarışından görünür ki, X7 0.08 ha torpaq sahəsində 4 otaqlı 60 kv.m mənzilin tikintisinə icazə verilmişdir. Astara Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 avqust 2018-ci il tarixli 2(018)-401/2018 saylı qətnaməsindən görünür ki, iddiaçılar X14 və X11 cavabdeh İddiaçı1 qarşı “tutulmuş gediş-gəliş yolunun açılması” tələbinə dair ilk və cavabdeh İddiaçı1 iddiaçılar X8 və X15 qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə baxılmış, həmin işə baxılarkən Astara Şəhər XDS-nin İcraiyyə Komitəsinin 20 may 1987-ci il tarixli 07 nömrəli protokolundan çıxarış iş materiallarında olmuş, o cümlədən İddiaçı1 izahatında Astara Rayon XDS-nin İcraiyyə Komitəsinin qərarının qanunsuz olmasını bildirmişdir. Cavbadeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, “...Aparılan araşdırma nəticəsində məlum oldu ki, barəsində qeyd olunan JN-663A və JN-663B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr mövcud DBF (siyahı) məlumatlarında İddiaçı1 və X9 adınadır və həmin hüquq müəyyənedici sənədlər üzrə 825.2 kv.m deyil, reallıqda iki halda olmaqla (ayrıayrılıqda 0.05 ha və 0.03 ha) 0.08 ha həyətyanı torpaq sahəsi kimi həmin şəxslərin mülkiyyətinə verilmiş, bu barədə DWG (xəritə) məlumatlarında da aidiyyəti qeydlər aparılmışdır. Mövcud baza məlumatlarından da açıq-aydın görsənir ki, həmin şəhadətnamələr üzrə ayrılmış torpaq sahələri (0.05 ha və 0.03 ha) arasında yol olmaqla ayrı-ayrılıqda mövcuddur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, çıxarışın alınması xahiş olunan torpaq sahəsi səlahiyyətli Dövlət orqanı tərəfindən verilmiş texniki pasporta əsasən vahid torpaq sahəsi (ümumi sahəsi 825.2 kv.m-dir) olmuş, üzərində yerləşən fərdi yaşayış evi ilə ünvan 2 ünvanı Lenin küçəsi 82 olmuşdur). Həmin torpaq sahəsi və fərdi yaşayış evi 16 fevral 1968-ci ildə X1 adından oğlu X4 adına qeydiyyata alınmışdır və bu barədə X4 adına həmin tarixdə texniki pasport tərtib edilmişdir. Astara Rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı ilə həmin ünvanda fərdi yaşayış sahəsinin tikintisindən ötrü X7 icazə verilmişdir. X12 vəfat etdikdən sonra X16 torpaq sahəsi və evə sahiblik etmiş, onun və iddiaçılardan İddiaçı1 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A seriyalı, KOD 80101004 saylı və JN-663B seriyalı, KOD 80101004 saylı şəhadətnamələr tərtib edilmişdir. X16 vəfat etdikdən sonra miras əmlak kimi torpaq sahəsi və fərdi yaşayış evi onların övladları olan İddiaçı2, İddiaçı1, X13 və X5 qalmışdır. Bacılar miras qalan əmlakdan İddiaçı2 xeyrinə imtina etmişlər. Yuxarıda adları qeyd olunan şəhadətnamələrdə İddiaçı1 payı da müəyyən olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A seriyalı, KOD 80101004 saylı şəhadətnaməyə əsasən İddiaçı1 və X9 0.05 ha torpaq sahəsi üzərində; JN-663B seriyalı, KOD 80101004 saylı şəhadətnamə əsasən isə 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahələri Asara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə verilmişdir. Hal-hazırda isə həmin torpaq sahəsi qanunsuz olaraq ikiyə ayrılmış şəkildədir, əvvəlki koordinatları və ölçünü əks etdirmir. Bu fərqlər nəticə etibarı ilə mülkiyyətçilərin mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqdadır. İddia tələbinin hüquqi əsası kimi Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il) 27-ci, “Torpaq islahat haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə istinad edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, aparılan araşdırma nəticəsində məlum oldu ki, barəsində qeyd olunan JN-663A və JN-663B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr mövcud DBF (siyahı) məlumatlarında İddiaçı1 və X9 adınadır və həmin hüquq müəyyənedici sənədlər üzrə 825.2 kv.m deyil, reallıqda iki halda olmaqla (ayrı-ayrılıqda 0.05 ha və 0.03 ha) 0.08 ha həyətyanı torpaq sahəsi kimi həmin şəxslərin mülkiyyətinə verilmiş, bu barədə DWG (xəritə) məlumatlarında da aidiyyəti qeydlər aparılmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(120)-9/2025 nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətlərinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Tələbin hüquqi əsası kimi əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11 və 2.4-cü bəndlərinə istinad edilmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati məhkəmə icraatının digər iştirakçıları məhkəmə iclasında iştirak etməmişdilər. Üçüncü şəxs Astara Bələdiyyəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştrakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məkhəməyə məlumat verməmişdilər. Məhkəmə inzibati məhkəmə icraatının digər iştirakçılarının iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçıların vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat izahat verərək, əlavə olaraq bildirdi ki, əmlaka münasibətdə İddiaçı2 gözlənən mülkiyyət hüququ var. X2 övladıdır. Texniki pasport ilə şəhadətnamələr uyğun gəlmir. Torpaq sahələri ilə bağlı uyğunsuzluğun aradan qaldırılması ilə bağlı normativ-hüquqi aktlar mövcuddur. İddiaçılar müxtəlif Dövlət orqanlarına etdikləri şikayətlər əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A seriyalı, KOD 80101004 saylı və JN-663B seriyalı, KOD 80101004 saylı şəhadətnamələri 2021-2022-ci ildə əldə etmişdilər. Sonda Vəkil apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, qərar ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamayaraq, aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, 1964-cü il fevral ayında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ilə bağlı X1 adına texniki pasport tərtib edilmiş, həmin vaxt torpaq sahəsi bütöv şəkildə ümumi sahəsi 825.2 kv.metr sahəsi olmuşdur. Sonradan Astara Şəhər XDS-nin İcraiyyə Komitəsinin 20 may 1987-ci il tarixli 07 nömrəli qərarı ilə X4 həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsi alınıb gediş-gəliş üçün X6 verilmişdir. Astara Rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli iclas protokolundan çıxarışından görünür ki, X7 0.08 ha torpaq sahəsində 4 otaqlı 60 kv.m mənzilin tikintisinə icazə verilmişdir. Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə X16 və İddiaçı1 ayrı-ayrı olmaqla (aralarında yol) 0.05 ha həyətyanı; X16 və İddiaçı1 0.03 ha həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-663A seriyalı, KOD 80101004 saylı və JN- 663B seriyalı, KOD 80101004 saylı şəhadətnamələr tərtib edilmişdir. İddiaçıların hüquqi marağı 1964-cü il fevral ayında tərtib edilmiş texniki pasporta uyğun bütöv (bitişik) şəkildə ümumi sahəsi 825.2 kv.metr olmuş torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və bununla bağlı çıxarışın verilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçılar əslində Astara Şəhər XDS-nin İcraiyyə Komitəsinin 20 may 1987-ci il tarixli 07 nömrəli və Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarlarını mübahisələndirirlər. Hansı ki, yuxarıda qeyd edildiyi kimi Astara Şəhər XDS-nin İcraiyyə Komitəsinin 20 may 1987-ci il tarixli 07 nömrəli qərarı ilə bütöv (bitişik) şəkildə olmuş 825.2 kv.metr olan həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsi alınıb gediş-gəliş üçün X6 verilməklə torpaq sahəsi ayrılmış, islahat vaxtı da vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinə uyğun olaraq Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə X16 və İddiaçı1 ayrı-ayrı olmaqla (aralarında yol) 0.05 ha həyətyanı; X16 və İddiaçı1 0.03 ha həyətyanı torpaq sahəsi verilmiş və müvafiq şəhadətnamələr hazırlanmışdır. Təsadüfü deyil ki, Astara Rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli qərarı ilə X7 825.2 kv.metr torpaq sahəsində deyil, 0.08 ha torpaq sahəsində mənzilin tikintisinə icazə verilmişdir. Astara Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 avqust 2018-ci il tarixli 2(018)-401/2018 saylı qətnaməsindən görünür ki, iddiaçılar X14 və X11 cavabdeh İddiaçı1 qarşı “tutulmuş gediş-gəliş yolunun açılması” tələbinə dair ilk və cavabdeh İddiaçı1 iddiaçılar X8 və X15 qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə baxılmış, həmin işə baxılarkən Astara Şəhər XDS-nin İcraiyyə Komitəsinin 20 may 1987-ci il tarixli 07 nömrəli protokolundan çıxarış iş materiallarında olmuş, o cümlədən İddiaçı1 izahatında Astara Rayon XDS-nin İcraiyyə Komitəsinin qərarının qanunsuz olmasını bildirmişdir. Kollegiya qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərarlara münasibətdə nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş hallara əsasən iddiaçılar mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdülər. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçılar mübahisələndirdikləri qərarlar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdılar. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Kollegiya qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Eyni zamanda, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 32.1 və 38-ci maddələrini rəhbər tutaraq bildirir ki, hazırki iddia tələbi mübahisələndirmə növündə iddia olduğundan 30 günlük iddia müddətinə tabedir. İddia müddəti tətbiq edilən iddialarda iddia müddətinə əməl edilməməsi həmin tələbin mümkünsüzlüyü ilə nəticələnir. Bundan başqa, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçılara İPMnin 13-cü maddəsinə əsasən iddia müddəti ilə bağlı hüquqi yardım göstərsədə, iddiaçılar tərəfindən inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1 və 110.1-ci maddələrinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri (2 rəy üzrə) 150 manat olmuşdur. İddia mümkün sayılmadığı üçün kollegiya hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat pul vəsaiti iddiaçılardan birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(120)-9/2025 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat pul vəsaiti İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar