Məhkəmə qərarları › İş №2-1(106)-473/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-473/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-473/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı “Semyon Kuznets adına Xarkov Milli İqtisadi Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B18 215384 saylı bakalavr diplom üzrə verilmiş maliyyə və kredit ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)- 1011/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Semyon Kuznets adına Xarkov Milli İqtisadi Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B18 215384 saylı bakalavr diplomundan görünür ki, İddiaçı “Maliyyə və kredit” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsi verilmişdir. Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadi Universitetinin xx.xx.2024-cü il tarixli, 39/1266 nömrəli arayışında göstərilir ki, “...İddiaçı həqiqətən xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək “Maliyyə və kredit” hazırlıq istiqaməti üzrə Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetinin qiyabi təhsil şöbəsində təhsil almışdır. Qiyabi təhsil şöbəsində normativ təhsil müddəti 4 il 10 ay təşkil edir. Qiyabi təhsil şöbəsinin tələbəsi istiqamətverici sessiyada iştirak etmədiyi halda universitet tərəfindən işlənib hazırlanan, imtahan sessiyasına müstəqil şəkildə hazırlaşmaq və distant şəkildə konsultasiyalar əldə etmək imkanını yaradan fərdi təhsil sistemlərindən istifadə etməklə növbəti imtahan sessiyasının tapşırıqlarının əldə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, istiqamətverici və imtahan sessiyalarının birləşməsinə icazə verilmişdir. Qəbul sınaqlarına xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək gəlmişdir. Universitet administrasiyasının icazəsi ilə İddiaçı aşağıdakı qrafik üzrə imtahan sessiyası vermişdir: Kurs İmtahan sessiyasının verilməsi 1-ci kurs xx.xx.2014 – xx.xx.2014 2-ci kurs xx.xx.2015 – xx.xx.2015 3-cü kurs xx.xx.2016 – xx.xx.2016 4-cü kurs xx.xx.2017 – xx.xx.2017 5-ci kurs xx.xx.2018 – xx.xx.2018 İmtahan və məqbullar tam həcmdə verilmişdir. xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək ixtisas imtahanını vermişdir. İxtisas imtahanını verdikdən sonra 8 saylı imtahan komissiyası tərəfindən İddiaçı “Maliyyə və kredit” hazırlıq ixtisası üzrə bakalavr dərəcəsi verilmiş, xx.xx.2018-ci il tarixli 1 saylı protokol və xx.xx.2018-ci il tarixli B18 215384 Bakalavr diplomu və ******* saylı əlavə verilmişdir.” Təhsildə Keyfiyyət Təminatı X4 Şəxs 11 yanvar 2024-cü il tarixli qərarla xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-38-2/33-3761/24 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2013 Çıxış Gürcüstan xx.xx.2013 Giriş Rusiya xx.xx.2014 Çıxış Ukrayna xx.xx.2014 Giriş Ukrayna xx.xx.2015 Çıxış Gürcüstan xx.xx.2015 Giriş Gürcüstan xx.xx.2015 Çıxış Türkiyə xx.xx.2016 Giriş Gürcüstan xx.xx.2016 Çıxış Ukrayna xx.xx.2016 Giriş Ukrayna xx.xx.2017 Çıxış Ukrayna xx.xx.2017 Giriş Ukrayna xx.xx.2018 Çıxış Ukrayna xx.xx.2018 Giriş Ukrayna xx.xx.2018 Çıxış Ukrayna xx.xx.2018 Giriş Ukrayna xx.xx.2018 Çıxış Gürcüstan xx.xx.2018 Giriş Gürcüstan Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə Semyon Kuznets adına Xarkov Milli İqtisadi Universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olmuş və xx.xx.2018-ci ildə həmin fakültəni “Maliyyə və kredit” ixtisası üzrə bitirmiş, ixtisas imtahanını verdikdən sonra imtahan komissiyası tərəfindən ona “Maliyyə və kredit” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsi verilmiş, xx.xx.2018-ci il tarixli 1 saylı protokol və xx.xx.2018-ci ildə B18 215384 Bakalavr diplomu, həmçinin ******* saylı diploma əlavə verilmişdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması üçün cavabdehə müraciət etmiş, lakin bundan imtina edilmişdir. Halbuki, Ukrayina Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 39/1266 saylı arayışdan da göründüyü kimi 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci kurs üzrə təhsilini tam şəkildə başa vurmuş, imtahan və məqbullar tam həcmdə vermiş, üzərinə düşən bütün öhdəlikləri qanuni, zamanında və tam şəkildə yerinə yetirmiş, eləcə də təhsil aldığı univerisitetin tələblərinə uyğun olaraq bütün dərs və imtahanlarda qanuni şəkildə iştirak edərək müvəffəqiyyət əldə etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, aparılmış inzibati icraat üzrə müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı ölkədə 2013/2014-cü tədris ili üzrə - 12 gün, 2014/2015-ci tədris ili üzrə - getməmiş, 2015/2016-cı tədris ili üzrə - 7 gün, 2016/2017-ci tədris ili üzrə - 7 gün, 2017/2018-cü tədris ili üzrə - 14 gün olmuşdur. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları” (bundan sonra- Qaydalar)na uyğun olaraq həyata keçirilir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-1011/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” Qaydalarının 3.7-ci bəndinə əsasən aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyi həmin Qaydaların 3.7-ci bəndinin tələbinə görə bu Qaydaların 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; Halbuki, ona münasibətdə həmin müddət onda az deyil, tam şəkildə 5 il olmuşdur. - Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); Mövcud qanunvericiliyinə əsasən onun təhsili üzrə bu hal mövcud deyil. - Xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının Təhsil Standartları ilə onun aldığı təhsil standartları tamlıqla uyğun gəlir. Qaydaların 3.6-cı bəndinə görə isə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Halbuki, yuxarıda qeyd olunan normaların tələbinin də ona münasibətdə tətbiq edilməsi əsassız və qanunsuzdur. Çünki, cavabdehin dəlili, yəni tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında qısa müddətdə olmaq tələbi qeyd edilən Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və ümumiyyətlə onların dairəsinə daxil deyildir. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında 16 mart 2000ci il tarixdə imzalanmış Sazişə (18 iyul 2000-ci il, 919-İQ saylı Qanunla təsdiq edilib) əsasən “Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir (1,5, 6-cı maddələr).” O cümlədən, Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya” iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Konvensiyaya əsasən xarici ölkələrdə alınmış diplomun tanınması üçün iki mühüm şərt nəzərdə tutulub. Birinci şərt, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olması; İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Əgər bu şərtlər ödənilibsə, diplomun tanımaması qanunsuz və əsassızdır. Məhkəmə qiyabi təhsil formasının hüquqi mahiyyətini nəzərə almamış, yalnız Ukrayna Respublikasında fiziki iştirak etdiyi günlərin sayına əsaslanaraq diplomunun tanınmasından imtinanı qanuni hesab etmişdir. Halbuki, əsas meyar bilik və bacarıqların keyfiyyətinə əsaslanmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş mülahizədə qeyd olunur ki, qüvvədə olan tanınma qaydalarına əsasən bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələb olunur. Bu səbəbdən cavabdeh orqan tərəfindən inzibati icraat zamanı ərizəçilərin sərhədkeçmə məlumatları yoxlanılaraq diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsinin mümkünlüyü aydınlaşdırılır. İddiaçının kvalifikasiysını əldə etdiyi ali təhsil müəssisəsinin yerləşdiyi xarici ölkə ərazisində olduğu müddət müəyyən olunarkən həm Azərbaycan Respublikası, həm də ehtimal olunan üçüncü dövlətlərin ərazisindən həmin xarici ölkəyə edilən bütün səfərlər nəzərə alınmışdır (bununla bağlı iddiaçının Ukraynaya edilmiş bütün giriş-çıxış qrafikini əks etdirən sərhədkeçmə məlumatları qoşmaya əlavə olunur). Müddət Tarix Nəzarət məntəqəsi Təyinət üzrə məntəqə Giriş/çıxış xx.xx.2013 05:05 Qırmızı Körpü DSBM Çıxış 5 gün xx.xx.2013 06:53 Samur DSBM Giriş xx.xx.2014 06:02 Yalama dəmiryol DSBM BAKİ-XARKOV Çıxış 11 gün xx.xx.2014 22:36 Yalama damiryol DSBM XARKOV-BAKİ Giriş xx.xx.2015 21:30 Qırmızı Körpü DSBM Tbiisi Çıxış 9 gün xx.xx.2015 16:29 Qırmızı Körpü DSBM Tbilisi Giriş 3 gün xx.xx.2015 06:24 X3 Aeroportunda DSBM istanbul Çıxış xx.xx.2016 05:52 Qırmızı Körpü DSBM Giriş xx.xx.2016 03:04 X3 Aeroportunda DSBM KİYEV Çıxış 6 gün xx.xx.2016 00:54 X3 Aeroportunda DSBM KİYEV Giriş xx.xx.2017 03:51 X3 Aeroportunda DSBM KİYEV Çıxış 6 gün xx.xx.2017 01:30 X3 Aeroportunda DSBM KİYEV Giriş xx.xx.2018 03:51 X3 Aeroportunda DSBM KİYEV Çıxış 4 gün xx.xx.2018 02:23 X3 Aeroportunda DSBM KİYEV Giriş xx.xx.2018 02:11 X3 Aeroportunda DSBM KİYEV Çıxış 9 gün xx.xx.2018 02:15 X3 Aeroportunda DSBM KİYEV Giriş xx.xx.2018 10:48 Qırmızı Körpü DSBM Çıxış 5 gün xx.xx.2018 14:14 Qırmızı Körpü DSBM Giriş xx.xx.2019 10:38 Qırmızı Körpu DSBM Çıxış 4 gün xx.xx.2019 16:03 Qırmızı Körpu DSBM Giriş Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, üçüncü ölkənin ərazisindən də Ukrayna Respublikasının ərazisinə daxil olmuş, Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadi Universitetinin xx.xx.2024-cü il tarixli 39/1266 nömrəli arayışında göstərilən müddətlərdə təhsil aldığı universitetdə olmuşdur. Onunla təhsil almış tələbə yoldaşlarından bəzilərinin diplomu tanınmışdır. Sonda İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1011/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. İddiaçının təhsil aldığı vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının müraciət etdiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir; 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. 2.7. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 2.10. Bir akademik saat 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. Tibb ixtisasının klinik fənlərində dərslər üçün ayrılan akademik saatlar ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan məlumatlara görə iddiaçı təhsil aldığı müddət ərzində (həm Azərbaycan Respublikası, həm də ehtimal olunan üçüncü dövlətlərin ərazisindən təhsil aldığı ölkənin ərazisinə daxil olması onun xeyrinə götürülərsə) Ukrayna Respublikasının ərazisində 2013/2014-cü tədris ili üzrə - 12 gün, 2014/2015-ci tədris ili üzrə - getməmiş, 2015/2016-cı tədris ili üzrə - 7 gün, 2016/2017-ci tədris ili üzrə - 7 gün, 2017/2018-cü tədris ili üzrə - 14 gün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının təhsil aldığı forma qiyabi təhsil formasıdır. Ona görə də iddiaçıya münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan - birinci instansiya məhkəməsinin qiyabi təhsil formasının hüquqi mahiyyətini nəzərə almayaraq, yalnız Ukrayna Respublikasında fiziki iştirak etdiyi günlərin sayına əsaslanaraq diplomunun tanınmasından imtinanı qanuni hesab edilməməsi ilə bağlı mövqeyə münasibətdə bildirir ki, xaricdə təhsil alınarkən həmin ölkədə aldığı təhsil müddətinin yolverilənliyi həmin ölkə üçün qəbul edilə bilinər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmağıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının vəziyyətində sözügedən tələbə riayət olunmamışdır. Həmçinin, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi - Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında 16 mart 2000-ci il tarixdə imzalanmış Sazişə (18 iyul 2000-ci il, 919-İQ saylı Qanunla təsdiq edilib) münasibətdə qeyd edir ki, Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bağlanmış müqavilə ilə də təsbit edilmişdir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gəlsin. Kollegiya cavabdehin - onunla təhsil almış tələbə yoldaşlarından bəzilərinin diplomunun tanınması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, bununla bağlı onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, belə bir halın baş verməsi də məsələni onun xeyrinə həll etmir. Belə ki, başqa bir şəxsin qanunvericiliyin tələb edən şəkildə davranışı nəticəsində hüququnun tanınması iddiaçının iddiasının əsaslılığını sübut etmir. Beləliklə, iddiaçının faktiki təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın yuxarıda tələbləri ilə uzlaşmadığından, bununla da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 4.1.5-ci bəndinin tələbləri təmin olunmadığından, cavabdehin həmin Qaydaların tələblərindən irəli gələn imtinası əsaslı olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-1011/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar