Məhkəmə qərarları › İş №2-1(106)-474/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-474/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-474/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 2-1(120)-566/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. xx.xx.1973-cü il tarixdə doldurulmuş NТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1973-cü il tarixdə İmişli rayon Cəfərli kənd “Yüksəliş” kolxozunda mexanizator işinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə İmişli rayon Cəfərli kənd “SSRİ-60 illiyi” adına kolxozda mexanizator işindən azad edilmişdir (16 il 10 ay 20 gün), xx.xx.1990-cı il tarixdə İmişli rayon Cəfərli kənd “Cəfərli” kolxozunda mexanizator işinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir (4 il 10 ay 5 gün), xx.xx.1995-ci ildə İmişli rayon Cəfərli kənd “Cəfərli” KFT-də mexanizator işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilmişdir (2 il 10 ay 5 gün), xx.xx.1998-ci il tarixdə İmişli rayon Cəfərli kənd “Cəfərli” KFT-də mexanizator işinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmişdir (11 ay 21 gün), İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-22-RA-2-60/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı İmişli rayon Cəfərli (keçmiş “Yüksəliş” və “SSRİ-60 illiyi”) kolxozun son hesablaşma kitablarında işləməsi haqqında məlumat aşağıda cədvəldə olduğu kimidir. Sıra İllər Minimum Yerinə yetirilmiş Saxlama Vərəq və ya sayı adam adam günü İllik qazanc Fond vahidi sıra № günü 1 1981 260 “” 1661 2 30 iş Sıra 85 2 1982 260 “” 2372 Səh 2 3 1983 260 “” 2610 Səh 5 4 1984 260 “” 2040 Səh 6 5 1985 260 “” 2280 Səh 4 6 1986 260 “” 2241 Səh 4 7 1987 260 210 942 Sıra 104 8 1988 260 “” 1269 Sıra 98 9 1989 260 “” 1632 Sıra 119 10 1991 260 350 6590 Səh 3 11 1993 260 310 661900 Səh 3 12 1994 260 270 196000 Sıra 199 13 1995 260 “” 282590 Sıra 7 14 1996 260 “” 517440 Sıra 6 15 1997 260 “” 517440 Sıra 6 16 1998 260 341 34440000 89 1 Sıra 2 səh 5 Qeyd: “1990 və 1992-ci illlərdə adı aşkarlanmadı. 1973-1980-ci illərin sənədləri arxivə təhvil verilməmişdir”. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “...İddiaçının təqdim etdiyi əmək kitabçasının və İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışlarının surətlərinə əsasən iddiaçının sığorta stajı 23 il 7 ay 5 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışına əsasən 1990 və 1992-ci illərə aid arxiv sənədlərində iddiaçının adının aşkarlanmadığı üçün həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixindən proaktiv qaydada 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.” Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X5nın baş mütəxəssisi X3, böyük mütəxəssi X1 və İmişli Rayon Dövlət Arxivinin müdiri X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərlir ki, “...İddiaçı 1973-1998-ci illərdə İmişli rayon “Cəfərli” (keçmiş Yüksəliş və SSRİ-60 illiyi) adına vətəndaşın adam günü və əmək haqqına dair məlumatlar sadə qələmlə yazılmışdır. Qeydiyyat mədaxil-məxaric kitabında aparılmışdır. Ata adı mövcuddur. Vətəndaşın digər məlumatlarına dair qeydlər aparılmamışdır. Adam günü sadə qələmlə yazılmış və sonradan göy qələmlə üzərindən yazılmışdır. Vətəndaşın digər məlumatlarına dair qeydlər aparılmamışdır, məlumatlar kitablarında aparılmışdır. Yalnız adam günü və əmək haqqına dair qeydlər mövcuddur. Ata adının baş hərfi yazılmışdır.” İmişli Rayon İcra Hakimiyyəti başçısının Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 449 nömrəli arayışından görünür ki, İmişli rayonunun Cəfərli kəndində “Yüksəliş” və “SSRİ-60 illiyi” adına sonra “Cəfərli” adı altında fəaliyyət göstərmiş kolxozda İddiaçı adında ikinci şəxs olmamışdır. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-22RA/2-145/2024 nömrəli məktubundan görünür ki, İmişli rayon “Cəfərli” (keçmiş “Yüksəliş” və “SSRİ-60 illiyi”) kolxozunun İmişli Rayon Dövlət Arxivində mühafizə olunan kolxozçuların son hesablaşma kitablarında bəzi illərdə ata adları qeyd olunsada, bir çox illərdə ata adları yazılmamışdır Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü ildən başlayaraq 25 il müddətinə İmişli rayon Cəfərli (keçmiş “Yüksəliş”, “SSRİ-60 illiyi”) kolxozunda işləmiş, əmək fəaliyyəti əmək kitabçasında öz əskini tapmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı tərəfindən kolxozçunun əmək kitabçası təqdim edilmədiyindən İmişli Rayon Dövlət Arxivinin arayışında qeyd olunmuş dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, ona yaşa görə əmək pensiyası təyin edilməmiş, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletə, əmək kitabçasına və xx.xx.2022-ci il tarixli 81 nömrəli arxiv arayışına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon Cəfərli kənd “Yüksəliş” kolxozunda işlədiyi dövr (16 il 10 ay 20 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək İmişli rayon Cəfərli kənd “Cəfərli” kolxozunda işlədiyi dövr (4 il 10 ay 5 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək İmişli rayon Cəfərli kənd “Cəfərli” kolxozunda işlədiyi dövr (2 il 10 ay 5 gün), ümumi sosial sığorta stajı 24 il 6 ay 28 gün təşkil edir (işlədiyi dövrlər mübahisələndirilmədikdə). Həmçinin, İmişli Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 81 nömrəli arayışına əsasən İmişli rayon “Cəfərli” (keçmiş “Yüksəliş” və “SSRİ-60 illiyi”) kolxozunun kolxozçuların son hesablaşma kitablarında 1990 və 1992-ci illərdə İddiaçı adı aşkar edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunvericiliyə görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşının tamam (65 yaş) olması ilə yanaşı iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 81 nömrəli arayışına əsasən İmişli rayon “Cəfərli” (keçmiş “Yüksəliş” və “SSRİ-60 illiyi”) kolxozunun kolxozçuların son hesablaşma kitablarında 1990 və 1992-ci illərdə İddiaçı adı aşkar edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilən dövrlər (1900, 1992) iddiaçının sosial sığorta stajına əlavə edilsə belə, onun ümumi stajı qanunvericilklə tələb olunan 25 ildən az (24 il 6 ay 28 gün) təşkil edecəkdir. Şirvan İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 2-1(120)-566/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 18 il 10 ay 6 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Fondun X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı İmişli rayon “Cəfərli” (keçmiş “Yüksəliş” və “SSRİ-60 illiyi”) kolxozunda olan 1992-1994-cü illər üzrə əmək fəaliyyəti ilə bağlı məlumatların mövcud olmadığı (qeydlər aparılmadığı), 1995- 1998-ci illər üzrə isə iddiaçının əmək fəaliyyəti dövrləri “Cəfərli” KFT-nin möhürü ilə təsdiqləndiyi müəyyən edilmişdir. Qarşılıqlı yoxlama aktında sadə karandaşla yazılmış qeydlərin yalnız iddiaçıya, həmçinin digər işçilərə münasibətdə mövcud olub-olmaması birinci instasiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Bu səbəblərdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)- 566/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əmək pensiyası təminatı hüququ Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 25 il sığorta stajına malikdir. Bu səbəbdən ona 65 yaşdan əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinə əsasən cavabdeh iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 18 il 10 ay 6 gün mübahisələndirilməyən dövr kimi sığorta stajını qəbul edir. Kollegiya apellyasiya şikayətinin dəlili olan - iddiaçının İmişli rayon “Cəfərli” (keçmiş “Yüksəliş” və “SSRİ-60 illiyi”) kolxozunda olan 1992-1994-cü illər üzrə əmək fəaliyyəti ilə bağlı məlumatların mövcud olmadığı (qeydlər aparılmadığı) ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, işdə olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdə İmişli rayon Cəfərli kənd “Cəfərli” kolxozunda mexanizator işinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. Həmçinin, həmin dövrlərlə bağlı iddiaçının əmək fəaliyyəti İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-22-RA-2-60/2023 nömrəli arxiv arayışında göstərilən məlumatlarla da təsdiqini tapır (yalnız 1992-ci ildə adı aşkar edilməmişdir). Bundan başqa, əmək kitabçasında iddiaçının digər dövrlərlə birgə illər üzrə əmək haqqı barədə məlumatlar da qeyd edilərək, təsdiqlənmişdir (imza və möhür var). Kollegiya apellyasiya şikayətinin dəlili olan - 1995-1998-ci illər üzrə iddiaçının əmək fəaliyyəti dövrləri “Cəfərli” KFT-nin möhürü ilə təsdiqlənməsinə münasibətdə bildirir ki, əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1995-ci ildə İmişli rayon Cəfərli kənd “Cəfərli” KFT-də mexanizator işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə İmişli rayon Cəfərli kənd “Cəfərli” KFT-də mexanizator işinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmişdir. Təbii ki, qeyd edilən dövrlər ilə bağlı məlumatlar şəxsin işlədiyi “Cəfərli” KFT-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməli idi və təsdiqlənmişdir. Həmçinin, iş materiallarında olan arxiv sənədlərindən də görünür ki, həmin illər üzrə sənədlər arxivə “Cəfərli” KFT tərəfindən təhvil verilmiş, arxiv sənədlərində iddiaçının adı var. Kollegiya apellyasiya şikayətinin dəlili olan - qarşılıqlı yoxlama aktında sadə karandaşla yazılmış qeydlərin yalnız iddiaçıya, həmçinin digər işçilərə münasibətdə mövcud olub-olmamasının birinci instasiya məhkəməsi tərəfindən aydınlaşdırılmaması ilə bağlı mövqeyə münasibətdə isə bildirir ki, apellyasiya şikayətinin bu dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatlar əmək kitabçasında qeyd edilmiş, həmin məlumatlar arxiv arayışı ilə də təsdiqini tapır, onların mötəbərliyini şübhə altına alan hər hansı bir hal müəyyən edilmir, qeyd edilən hal cavabdeh tərəfindən də sübuta yetirilməmiş, o cümlədən onun tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Müəyyən dövr üzrə sənədlərin arxivə təhvil verilməməsi və ya hər hansı dövr üzrə şəxsin adının ondan aslı olmayan səbəbdən arxiv sənədlərində aşkarlanmaması onun məsuliyyət sferasına aid edilə bilməz, o cümlədən sosial təminat hüququnun pozulmasının əsası ola bilməz. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Həmçinin, məsələyə qiymət verilərkən bir xüsusata da diqqət yetirmək lazımıdır ki, işdə olan əmək pensiyasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar qəbul edilərkən cavabdeh tərəfindən iddiaçının xx.xx.1973xx.xx.1989, xx.xx.1991-xx.xx.1991, xx.xx.1993-xx.xx.1994 və xx.xx.1995-xx.xx.1997-ci illər üzrə, cəmi 22 il 7 ay 24 günlük əmək fəaliyyəti nəzərə alınmışdır. Hansı ki, həmin inzibati akt ilə cavabdeh iddiaçının 1994-1997-ci illər üzrə əmək fəaliyyətini nəzərə almış, indi isə həmin illər üzrə də mübahisə apellyasiya şikayətinin dəlili kimi çıxış edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tələb olunan (xx.xx.1973-xx.xx.1989 (16 il 10 ay 20 gün), xx.xx.1990-xx.xx.1994 (4 il 10 ay 5 gün), xx.xx.1995-xx.xx.1997 (2 il 10 ay 5 gün), xx.xx.1998-xx.xx.1998-ci il tarixdə işdən azad edilmişdir (11 ay 21 gün), cəmi 25 il 6 ay 21) 25 il sosial sığorta stajını topladığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 2-1(120)-566/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar