Məhkəmə qərarları › İş №2-1(106)-476/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-476/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-476/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin nümayəndəsi X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1965/2023 nömrəli qərarından cavabdehin hüquqi varisi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi cavabdeh X11 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı şəhəri, Anar Novruzov küçəsində yerləşən X15 tərəfindən özbaşına inşa olunan qeyriyaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-1965/2023 nömrəli qərardadı ilə Masallı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(120)-1965/2023 nömrəli qərardadı ilə X9 ölümü ilə əlaqədar Cavabdeh onun prosessual hüquq varisi qismində tanınması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 05 sentyabr 2023-cü il tarixli, 2- 1(120)-1965/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Masallı şəhəri, Anar Novruzov küçəsində (kosakül yolu) yerləşən bələdiyyənin torpaq sahəsində X15 tərəfindən özbaşına inşa olunan qeyri yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin cavabdehin hüquqi varisi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh heç bir hüquqmüəyyənedici sənəd olmadan bələdiyyənin torpaq sahəsində özbaşına tikinti işləri aparmış, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Qərardan cavabdehin hüquqi varisi Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, sökülməsi tələb olunan tikililərin yerləşdiyi torpaq sahəsində tövlə tikmiş, həmin torpaq sahəsini mərhum atası xx.xx.2014-cü ildə Zaur Qurbanov və Fuad Qurbanovdan almış, tövlə tikmək üçün icazə almaq lazım olduğunu bilməmiş, tikili inşa edilən zaman dövlət qurumları tərəfindən ona hər hansı xəbərdarlıq edilərək, tikintinin dayandırılması barədə ona göstəriş verilməmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2022-ci il tarixli, M-01-2654 saylı məktubuna əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən tikintiyə dövlət nəzarəti çərçivəsində Masallı şəhəri, Anar Novruzov küçəsində (Kosakül yolu) yerləşən torpaq sahəsində X9 qeyri-yaşayış obyektini qanunsuz inşa etməsi faktı aşkarlanmışdır. Bununla əlaqədar araşdırma zamanı müəyyən olunmuşdur ki, Adil İmanov bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və qaydaları pozmaqla qeyri-yaşayış obyekti inşa etmişdir. Hal-hazırda tikinti obyektinin yan divarlarının və dam örtüklərinin inşası başa çatdırıldığına görə, Agentlik tərəfindən qeyd olunan özbaşına tikilinin sökülməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək zərurəti yaranmışdır. Prosessual məsələlər İddiaçının nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş, həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl təmsil etdiyi qurum tərəfindən cavabdehə rəsmi müraciət edilməmiş, yalnız şifahi qaydada bildirilmişdir. Cavabdedhə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, surətləri iş materiallarına əlavə edilmiş: -Masallı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Agentliyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M-01-2654 nömrəli məktubda qeyd edilmişdir ki, rayon ərazisində qanunverciliyin tələbləri pozulmaqla aparılan tikililər müəyyən edildikdə tikinti işlərinin dayandırılması barədə sifarişçilərə yazılı xəbərdarlıq edilməsi və müvafiq tədbirlərin görülməsi üçün faktlarla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə rəsmi məlumatların verilməsi həyata keçirilir. Masallı şəhəri ərazisində X14, X3, X4, X17, X10, X5, X2 (3 obyekt) tərəfindən müvafiq icazə sənədi almadan şəhərsalma norma və qaydaları pozulmaqla tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq özbaşına inşa edilmiş qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar müvafiq tədbirlər görülməsi xahiş olunur. -Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən X12 ünvanlanmış 21 noyabr 2022-ci il tarixli 385 nömrəli məktubun məzmunu ondan ibarətdir ki, Masallı şəhəri, Anar Novruzov küçəsində (Kosakul yolu) yerləşən torpaq sahəsində həndəsi ölçüləri 12.0 m x 18 0 m olan qeyri-yaşayış obyektinin qanunsuz inşa edilməsi faktı aşkarlandığına görə 3 (üç) iş günu müddətində ərzində sözügedən obyektə aid müvafiq sənədlərin Masallı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə təqdim etməsi tələb olunmuşur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətinin araşdırılması zamanı məhkəmə kollegiyasının sualına cavab olaraq iddiaçının nümayəndəsi də bildirmişdir ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdehə ilkin müraciət edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddianın xüsusi mümkünlük şərtlərinə əməl edilmədiyi halda, birinci instansiya məhkəməsi bu hala qiymət vermədən işə mahiyyəti üzrə baxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iddia mümkünsüz sayılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin hüquqi varisi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1965/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar