Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-476/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(120)-1498/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (P.Qurbanova) 20 fevral 2025-ci il tarixli, 2-1(120)- 1498/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları” haqqında Qanunun 14.1.2-ci maddəsində ailə başçısını itirməyə görə ailə üzvlərinə pensiyanın təyin edilməsi üçün qanunverici 2 şərt müəyyənləşdirmişdir. 1. Ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, 2. orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə. İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Qüvvədə olan qanunvericilik normalarına əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilmişdir. Hal-hazırda iddiaçının 56 yaşı olduğundan, o, pensiya yaşına çatmamış və beləliklə də, pensiya hüququ yaranmamışdır. 2-ci şərtə münasibətdə isə nəzərə almaq lazımdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində göndəriş və məlumat aşkar edilməmiş, əlilliyi mövcud olmamışdır. Beləliklə də, iddiaçıya münasibətdə 2-ci şərt də ödənilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının övladı X5 atası X8 vəfatı ilə əlaqədar xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək (18 yaşına çatdığı tarixədək) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona əsassız olaraq ailə üzvünü itirməyinə görə pensiya təyin edilmir. Bir sıra orqanlara müraciətlər etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı mərhum əri X8 ölümü ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 1.3.təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonraQanun) 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə tam və hərtərəfli araşdırma aparmadan baxmış, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. -xx.xx.2014-cü il tarixli, AZ-İİ № 002030 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah aktı bağlanmışdır. -xx.xx.2020-ci il tarixli, AZ-İİ№ 044637 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu ildə ölmüşdür. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaifə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-137488/2024 nömrəli qərarından görünür ki, iddiaçıya pensiya təyinatından imtina edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinətlər üzrə xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-137488/2024 nömrəli qərarında qeyd edilmişdir ki, ‘‘Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət - vəfat etmiş şəxsin uşaqlarına -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxan əlilliyi olan uşaqlarına əlillik müddətinə, vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək təyin edilir. Vətəndaş İddiaçı və övladı X9 qeyd edilən kateqoriyalı şəxslərdən olmadığı üçün ailə başçısını itirməyə görə müavinət təyin etmək mümkün deyildir. -xx.xx.2005-ci il tarixli, 404 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə anadan olmuş, atası X13, anası İddiaçıdır. -X7 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 10 may 2005-ci il təvəllüdlü X3 (əvvəlki soyadı Əsədova) 2021-ci ildə ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X12 tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının övladları (18 yaşına çatmamış; yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək) və ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. -17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. -32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən ailə başçısını itirməyə görə pensiya hüququnun yaranması üçün vəfat etmiş şəxsin həyat yoldaşının qanunla müəyyən edilmiş yaş həddinə çatması tələb olunur. Hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi (qadınlar üçün) 64 il 6 ay müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Beləliklə, iddiaçı 55 yaşında olduğundan, qanunla müəyyən edilmiş yaş həddinə çatmamışdır. Bundan başqa, həmin pensiyanın təyin olunması üçün digər şərt şəxsin orqanizmin funksiyalarının 61–80 faiz və ya 81–100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsidir ki, hazırda iddiaçı əlillik vəziyyətində deyildir. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının övladlarına ailə başçısını itirməyə görə pensiya 18 yaşına çatmamış şəxslərə, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş və ya 18 yaşından yuxarı əlilliyi olan şəxslərə, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlara (ən çoxu 23 yaşınadək) təyin edilir. İddiaçının övladı X9 həmin normanın tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İş materiallarından göründüyü kimi, X4 əlilliyi müəyyən edilməmişdir, eyni zamanda o, 2023-cü ildə 18 yaşına çatdığından və heç bir təhsil müəssisəsində əyani təhsil almadığından ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(120)-1498/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-476/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-476/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver