Məhkəmə qərarları › İş №2-1(106)-477/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-477/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-477/2024 05.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi X2, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(120)-3152/2024 saylı qərardadından İddiaçı1 Kamal oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ.İşin halları: İddiaçı1 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, İddiaçı1 bə Minayə Nuriyeva xx.xx.2004-cü ildə rəsmi nikah bağlamışlar, onların Qadir, Davud və Cəmil adlı övladları anadan olmuşdur. Nikahları 24 noyabr 2022-ci ildə pozulmuş və oğlu Davud onun yanında, digər oğlu Qadir və qızı Cəmil ananın yanında saxlanılmışdır. Minayə Nuriyeva 09 iyun 2023-cü ildə vəfat etmiş və xx.xx.2011-ci ildə anadan olmuş qızı Cəmilə İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamı ilə babası Maraqlı şəxs himayəsinə verilmişdir. Hesab edir ki, uşaq valideyn olaraq onun himayəsinə verilməlidir. Ona görə də sərəncamın ləğv olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(120)-3152/2024 saylı qərardadı (hakim Şahəli Musayev) ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmənin qənaətinə əsas bu olmuşdur ki, hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (ailə münasibətləri ilə bağlı) yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Həmin tələbə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun aidiyyatı üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəmələrində) baxılmalıdır. İİ. Apellyasiya şikayətinin dəlilləri: -“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -Qanunun tələblərinə əsasən ümumi məhkəmə onun mübahisəsi ilə bağlı səlahiyyəlti məhkəmə deyil. O, eyni tələblə bağlı İmişli rayon məhkəməsinə müraciət etmiş, lakin iddianın yolverilməzliyinə görə iddianın icraata qəbulundan imtina edilmişdir. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2- 1(106)-3152/2024 nömrəli qərardadının ləğv olunması xahiş olunur. Cavabdeh tərəf apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. İİİ. Proses iştirakçılarının izahatları: Cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüfət Muradov iddiaçının apellyasiya dəlillərinin əsassız olmasını bildirmiş və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxs iddiaçı Mayis Nuriyevin verdiyi apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını bildirmiş və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. -82 Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Apellyasiya instansiyasının məhkəmə icraatı: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası gəlmiş olduğu hüquqi nəticə ilə əlaqədar qeyd edir: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarında göstərilənlərə əsasən; 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçının tələbi xüsusi hüquq münasibəti ilə bağlıdır. İcra Hakimiyyətinin mübahisə predmeti olan sərəncamı üzrə qəbul edilən qərar inzibati idarəçiliklə əlaqəli deyil, məhz mülki və ailə münasibətlərindən irəli gələn münasibətləri tənzimləmişdir. Ona görə də hazırkı iddiada cavabdeh hesab edilən İmişli rayon məhkəməsi xüsusi hüquq münasibətlərindən irəli gələn mübahisənin subyekti kimi çıxış etdiyiyinə görə, məhkəmə aidiyyəti ümumi məhkəmələrə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(120)-3152/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellaysiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Samir Həsənov Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar