Məhkəmə qərarları › İş №2-1(106)-480/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-480/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-480/2025 02.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7681 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-2178/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********7681 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı yaşayış yeri üzrə Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatdadır. İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, vergi uçotu orqanının ünvanı Bakı şəhəri, Nizami rayonunda yerləşir. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatından görünür ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi obyekt Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşir. Həmin məlumat vergi ödəyicisinin cavabdehə ünvanlandığı xx.xx.2024cü il tarixli şikayətində də qeyd edilmiş, o cümlədən iş materiallarında olan sənədlərdən (akt, qərar və s.) görünür ki, keçirilmiş operativ vergi nəzarəti vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən obyektində keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-2178/2025 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-2178/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ... 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: ... 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” 4 dekabr 2024-cü il tarixli İcmalı

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, prosessual hüquq normasının tətbiqində səhvə yol verilərək, işə aidiyyət qaydalarının pozulması ilə baxıldığı üçün qərar ləğv edilməli, iş aidiyyəti üzrə Baki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. İş materiallarından görünür ki, iddiaçı yaşayış yeri üzrə Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatdadır, İnternet Vergi İdarəsindən əldə edilmiş məlumata əsasən İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, vergi uçotu orqanının ünvanı Bakı şəhəri, Nizami rayonunda yerləşir, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” 4 dekabr 2024-cü il tarixli İcmalında İPM-in 8.12-ci maddəsinə münasibətdə göstərilmişdir ki, “...Qeyd edilən norma vergi ödəyicilərinin vergi orqanlarına qarşı qaldırdıqları mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların ərazi aidiyyətini müəyyən edir. Bu qəbildən olan iddialara vergilərin hesablanması ilə bağlı inzibati aktların mübahisələndirilməsi, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğv edilməsi və ya riskli vergi ödəyiciləri siyahısından çıxarılma, artıq ödənilmiş vergilərin qaytarılmasına dair və s. tələbləri aid etmək olar. Normanın birinci cümləsi mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların, bir qayda olaraq, cavabdehin yerləşdiyi yerin məhkəməsinə verilməli olduğunu təsbit edir. Normanın ikinci cümləsi isə həmin qaydadan istisnanı müəyyən edərək cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqan olduğu hallarda, hər üç növ iddianın hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu müəyyən edir. Bu kontekstdə vergi mübahisələri üzrə vergi ödəyicisinə münasibətdə “yaşayış yeri və ya olduğu yer”in anlayışına aydınlıq gətirilməsinə ehtiyac yaranır. Bunun müəyyənləşdirilməsi üçün isə vergi qanunvericiliyinin müvafiq normalarına müraciət edilməlidir. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi yer baxımından uçota alına bilirlər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsasən onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla, ərazi aidiyyətinin həlli məsələsində də İPM-in 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.” Kollegiya iddiaçının 03 dekabr 2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” İcmalın isə 4 dekabr 2024-cü il tarixli olmasına münasibətdə bildirir ki, inzibati iş üzrə aidiyyət məsələsini İPM-in 8-ci maddəsi tənzimləyir, hazırkı iş üzrə isə aidiyyət məsələsini müəyyən edən norma İPM-in 8.1.2-ci maddəsidir, həmin normada nəzərdə tutulan “şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi 03 dekabr 2024-cü il tarixdə də, ondan əvvəl də, hazırda da necə var idisə elə olmuş, onunla bağlı hər hansı bir dəyişiklik olmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə aidiyyətininin vacibliyini qeyd edərək hesab etmişdir ki, bu institut şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşılmasını ciddi səhv kimi qiymətləndirir və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının ləğv edilməsinə əsas kimi tanıyır (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel, Pşeniçnıy Rusiyaya qarşı iş üzrə 2008ci il 14 fevral və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə aidiyyət qaydalarının pozulması ilə baxıldığı üçün qərar ləğv edilməli, iş aidiyyəti üzrə Baki İnzibati Məhkəməsinə göndərilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 81, 85, 87 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-2178/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar