Məhkəmə qərarları › İş №2-1(106)-481/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-481/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-481/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-503/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 11 noyabr 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 iyun 2024-cü il tarixli, 2-1(120)- 503/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyi ilə bağlı aparılmış müayinənin nəticəsi olaraq təyin edilmiş “Odlu silah yaralanması, sağ diz oynağının dəlib-keçən güllə yaralanması, posttravmatik kobud-kelloid ağrılı çapıqlar, diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100 dərəcə, əzələ atrofıyası, daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəliyin müalicəsi dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, N saylı hərbi hissədə xidmət keçərkən silahla ehtiyatsız davranması nəticəsində xx.xx.1994-cü ildə yaralanmış, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sag diz oynagının dəlib-keçən odlu silahla güllə yaralanması. Birincili cərrahi işləməsindən sonrakı vəziyyət” və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sag dizaltı nahiyyədə dəri çapıgının tez-tez xoralaşması və hərbi geyimin daşımasının çətinləşdirilməsi ilə sag diz oynagının dəlib-keçən odlu silahla güllə yaralanmasının nəticələri, sag diz oynagında hərəkətin cüzi məhdudlaşdırılması ilə” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 840 nömrəli qərarı ilə şəhadətləndirilərək yuxarıda qeyd olunan diaqnoz təsdiqlənmiş və həmin yaralanmanın hərbi xidmət dövründə alınması qeyd edilmişdir. Ona “Sag diz oynagından dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sag diz oynagmda hərəkət məhdudlugu” diaqnozu üzrə TSEK tərəfındən 3-cü dərəcəli əlillik təyin edilmişdur. Növbəti sonuncu müayinə xx.xx.2016-cı il tarixdə olmuş və ona hərbi xidmət dövrü ilə əlaqədar 3-cü dərəcə əlillik təkrar 5 il müddətinə təyin edilmişdir. Həmin qərarda əmək zəmanəti barədə qrafada şəxsin əmək qabiliyyətsiz olması qeyd edilmişdir. Növbəti dəfə tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir qeyd edərək imtina etmişdir. Hesab edir ki, TSEK əlilliyin təyini ilə baglı qərəzli qərarlar qəbul edir. Necə olur ki, ona eyni diaqnozla hər il qiymətləndirilərək əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 3-cü dərəcəli əlilliyi təsdiq olunur, yalnız, bu il ona əlillik təyin edilməsindən imtina olunur? Hansı əsaslar oldu ki, bu beş il ərzində onun əlilliyi aradan qalxdı. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AA2WE nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 840 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ dizaltı nahiyyədə dəri çapıgının tez-tez xoralaşması və hərbi qeyimin dasımasının çətinləşdirilməsi ilə sağ diz oynaaında hərəkətin cüzi məhdudlaşdırılması ilə” diaqnozlu yaralanmanın səbəb əlaqəsi “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı sikayətləri sağ dizində olan ağrılardan, hərəkət məhdudluğundan olmusdur. Diz oynağında hərəkət məhdudluğu qeyd olunmamışdır. Sağ dizaltı çuxurunda yumşaq toxuma defekti izlənilmisdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dizində ağrıdan şikayət etmişdir. Müayinə zamanı aşağı ətraflarında bükmə, açma hərəkətləri tam olmuş. Atrofiya izlənməmiş. Dayaqhərəkət funksiyası pozulmamışdır. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ xx.xx.2022-ci il tarixli, ********** nömrəli Arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasmın göndərişi olmadan müddətsiz müəyyən olunmasım xahiş etmişdir. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, mövcud normalar ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasmın göstərişini verir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən müvafiq müayinə metod və cihazlarından (MRT, rentgen) istifadə edilmədən imtina qərarı verilmiş, 1-ci instansiya məhkəməsi işin bu halına qiymət verməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə ilk dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları Təsnifatı => S83 –Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağında hərəkət məhdudluğu; Meyar: 2.3” səbəbi ilə ona 1 il müddətinə əlillik verilmiş, xx.xx.2021-ci il tarixədək müxtəlif ardıcıllıqla əlillik təyinatı aparılmışdır. Növbəti dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkələr və hərbi əməliyyatlar Təsnifatı => Y36 – Hərbi əməliyyatlar => Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Hipertrofik çapıq. Sağ diz oynağının arxa səthinin hipertrofik kelloid çapıq toxuması. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. Tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və əlilliyin təyin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehin qeyd olunan 11 noyabr 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarını mübahisələndirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 08 iyun 2023-cü il tarixli, T 365/2023 saylı rəyində göstərilmişdir ki, tibb müəssisəsində tərtib edilmiş 088 saylı göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Odlu silah yaralanması. Sağ diz oynağının dəlib keçən güllə yaralanması. Postravmatik kobud-keiloid ağrılı çapıqlar. Diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100dər. Əzələ atrofıyası. Daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığmdan onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, buna görə də əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. O, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Diaqnozda olan xəstəliklə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsi tərəfinindən təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 03 oktyabr 2023-cü il tarixli, T674/2023 saylı rəyində göstərilmişdir ki, müvafıq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən “Diaqnozun mətni: Odlu silah yaralanması, sağ diz oynağının dəlib-keçən güllə yaralanması, posttravmatik kobud-kelloid ağrılı çapıqlar, diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100 dərəcə, əzələ atrofıyası, daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəliyin müalicəsi dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 09 oktyabr 2024-cü il tarixli, T671/2024 saylı rəydə göstərilmişdir ki, iddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-ə göndərilmiş və ona travmatoloq komissiyası tərəfindən ona “Odlu silahla yaralanmadan sonra sağ diz oynağının ön və arxa səthlərində böyük həcmli, kobud dartıcı çapıq toxumaları, sağ diz oynağının İİİ dərəcəli artrozu, açıcıbükücü kontrakturası, açma 170 dərəcə, bükmə 140 dərəcə, sağ pəncənin sallanması- (Y36, L90.5, L91.0, M17.5, M24.5, M21.3, R52.1, R26.8)” diaqnozu müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq səhiyyə müəssisəsi və ekspertlər tərəfindən iddiaçının orqanizmində müəyyən edilmiş patofunksional pozuntular (“Odlu silahla yaralanmadan sonra sağ diz oynağının ön və arxa səthlərində böyük həcmli, kobud dartıcı çapıq toxumaları, sağ diz oynağının İİİ dərəcəli artrozu, açıcı-bükücü kontrakturası, açma 170 dərəcə, bükmə 140 dərəcə, sağ pəncənin sallanması-(Y36, L90.5, L91.0, M17.5, M24.5, M21.3, R52.1, R26.8)”) yuxarıda qeyd edilmiş meyarlarla müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin pozuntulara əsasən qoyulmuş diaqnozların heç biri əlillik təyinatına əsas vermir. Xüsusilə qeyd olunur ki, iddiaçıya ilkin və sonrakı əlillik təyinatları həmin xəstəliklər əsasında aparılmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası iddiaçının etimadın qorunması prinsiplərinə istinad etməsi ilə ilə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2. maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipinin geniş şərhi “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında öz əksini tapmış və mövcud məhkəmə təcrübəsində əsasən həmin qərarda qeyd edilmiş mövqeyə istinad edilir. Nəzərə almamışdır ki, həmin qərarda həmçinin qeyd edilmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin”. Göründüyü kimi həmin qərarda inzibati orqanların publik maraqlara zidd olmayan qərarlarına münasibətdə etimadın qorunması şərtləri müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipi dövlətin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində apardığı siyasətə və məqsədlərinə xələl gətirməməlidir. Başqa sözlə, bu prinsipin tətbiqi hər-hansı şəxsə müvafiq hüququ olmadığı halda əlillik təyin edilməsi və bununla da dövlət tərəfindən əhalinin sosial həssas qruplarına ayrılmış vəsaitin qanunsuz olaraq məsrəf edilməsinə xidmət etməməlidir. Məhkəmə kollegiyasının bu yanaşması həm də ondan qaynaqlanır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” gəldiyi qənaətə görə (bənd 48) məhkəmələrə tövsiyyə edilmişdir ki, “şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-503/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar