Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-481/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-1(120)-1513/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-15/3-2-223/2024 saylı əmrin 2-ci hissəsinin ləğv edilməsi, 28 aprel 2024-cü il tarixdə etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməyi, “Dövlət qulluğu haqqında” Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının (vəifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsi və əmək kitabçasında müvafiq dəyişikliklər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 17 mart 2025-ci il tarixli, 2-1(120)- 1513/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunda göstərilmişdir ki, dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir (1.1.3.). İntizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növüdür (1.1.26.). Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur (25.1.). Dövlət qulluqçusu bu Qanunun 18ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi (25.2.). Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi dövlət qulluqçusu dedikdə daimi dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcəsi verilmiş dövlət orqanının işçisi nəzərdə tutulur. Belə olan halda stajçı kimi və ya sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxs qeyd edilən qanunda nəzərdə tutulmuş “dövlət qulluqçusu” kateqoriyasına aid edilə və “dövlət qulluqçusu” üçün qanunla müəyyən edilmiş bütün prosedurlar ona aid edilə bilməz. Həmçinin işin hallarından görünür ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinin xitam verilməsinin səbəbi sınaq müddəti ərzində qulluq funksiyalarını tam icra etməməsi, işdə buraxdığı nöqsanları aradan qaldırmağa səy göstərməməsi, verilən tapşırıqları tələb olunan səviyyədə, keyfiyyətlə yerinə yetirməməsi olmuşdur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində müvafiq olaraq Enerji səmərəliliyi şöbəsi Binalarda enerji səmərəliliyi sektorunda aparıcı məsləhətçi vəzifəsi və İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə X7 tərəfindən vakant inzibati vəziflərin tutulması məqsədilə təşkil olunan müsabiqənin müsahibə mərhələsində iştirak edərək, müvəffəqiyyət qazanmışdır. Daha sonra Binalarda enerji səmərəliliyi sektorunda xx.xx.2023-cü il tarixindən etibarən energetika nazirinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.7-ci maddəsi uyğun olaraq 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Qanunun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul olunan şəxsə staj müddəti ərzində kurator təyin edilir və 6 ay sonunda kuratorun müsbət rəyi olarsa stajçı ilə 3 ay müddətinə dövlət qulluğunun sınaq mərhələsi üzrə nümunəvi forması Azərbaycan Respublikası Prezidentin 3 sentyabr 2001-ci il tarixli 567 saylı Fərmanı ilə təsdiq edilən əmək müqaviləsi bağlanır və 3 ay ərzində müqavilə şərtləri pozulmamış olarsa müddətin sonunda sınaq müddəti ilə dövlət qulluğu keçən şəxs ilə daimi dövlət qulluğuna keçməsi barədə müvafiq əmək müqaviləsi bağlanılır. Qanunun tələblərinə uyğun olaraq ona staj müddəti ərzində qulluq keçdiyi Enerji səmərəliliyi şöbəsinin müdiri X1 təyin edilmiş və staj müddətinin bitdiyi günə 2 gün qalmış-xx.xx.2024-cü il tarixində kurator-şöbə müdiri N.Bağırlı tərəfindən müsbət rəy verilmiş və energetika nazirinin müvafiq əmri ilə xx.xx.2024-cü il tarixindən 3 ay müddətinə dövlət qulluğunun sınaq müddəti başlanmışdır. Üç aylıq sınaq və altı aylıq staj müddəti ərzində heç bir intizam tənbeh tədbiri, xəbərdarlıq almadığı və ona tapşırılan bütün işləri vəzifə təlimatına qanunvericilyə uyğun şəkildə icra etdiyi halda, öncədən heç bir məlumat verilmədən xx.xx.2024-cü il tarixində (sınaq müddətinin bitməyinə 6 gün qalmış nazirliyin Kadrlar və Dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov tərəfindən dəvət edilərək ona xx.xx.2024-cü il tarixindən etibarən onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddətindən uğursuz çıxma) xitam veriləcəyi barədə rəsmi yazılı xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq ilə tanış olmağı və imzalamağı tələb olunmuşdur. Xəbərdarlıqda intizam qaydalarını pozduğu, qulluq funksiyalarını düzgün icra etmədiyi və bu səbəblə əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ona məlumat verilməliydi, lakin Əmr rəsmi qaydada ona son iş günü olan xx.xx.2024-cü il tarixindən bugünə kimi hələ də təqdim edilməmiş və bu barədə məlumatı başqa işçinin elektron kabinetindən əldə etmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3cü hissəsinə əsasən “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”, lakin əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən N.Bağırlı tərəfindən yazılmış təqdimatdakı məsələlər araşdırılmamışdır, 23 aprel 2024-cü il tarixində yazılmış təqdimat barədə ona 24 aprel tarixində işdən azad olunmağı ilə bağlı xəbərdarlıq təqdim edilərkən sadəcə şifahi məlumat verilmişdir. Nərgiz Bağırlı tərəfindən orqan rəhbərinə xidməti yazı-təqdimat 23 aprel 2024-cü il tarixində yazılıb və bu xidməti təqdimat barədə rəsmi məlumat verilməyib, heç bir araşdırma aparılmayıb. Dövlət qulluğunda adından da məlum olduğu kimi birinci mərhələ Staj mərhələsi ikinci mərhələ Sınaq mərhələsidir. Həm Staj, həm də Sınaq mərhələsində təcrübə qazanmalıdır. Ona tapşırılan işlərdə səhv yanaşması da ola bilərdi, bu da normal hallardan biridir. Belə ki, bu sahədə ilk dəfə çalışmış və yeni-yeni təcrübə toplamağa başlamışdır. 6 (altı) aylıq staj müddətinin sonunda sınaq müddətinə keçdikdən sonra ona demək olar ki, iş tapşırılmamışdır, 3 (üç) aylıq müddət ərzində dörd sənəd icra etmişdir və onlar da fevral ayının ilk 15 günlüyündə olmuşdur. Bu sənədlərdən ikisi eyni məzmunlu sənəd idi, biri isə ezam sənədi idi, yəni xüsusi araşdırılması tələb olunmayan idi. Sınaq müddətində fevral ayının son 15 günlüyü və mart, aprel aylarında heç bir iş tapşırılmamışdır. Sınaq müddəti onunla bağlı fikirlərin təsdiqlənməsi üçün bir dövrdür, lakin bu 3 aylıq dövrdə fəaliyyətsiz qalmışdır. Birinci altı aylıq staj müddətində ona sənəd əsasən oktyabr və dekabr aylarında verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı 2024-cü il 31 iyul tarixli 3- 15/3-2- 442/2023 nömrəli əmrlə 01 avqust tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il 29 yanvar tarixli 3-15/3-2-46/2024 nömrəli əmrlə 2024-cü ilin 1 fevral tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Lakin iddiaçı sınaq müddəti ərzində özünü doğrultmamış və bu səbəbdən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası energetika nazirinin 2024-cü il 27 aprel tarixli 3-15/-2-223/2024 nömrəli əmri ilə 2024-cü il 1 may tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “d” bəndinə (Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli fərmanı ilə təsdiq edilmiş Sınaq müddəti ilə müvafiq dövlət ornanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsi (kontraktı) formasına uyğun olaraq İddiaçı ilə 2024-cü il 1 fevral tarixində əmək müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər. İddiaçı 24 aprel 2024-cü il tarixdə xəbərdarlıq elan edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Həmin xəbərdarlıq ilə iddiaçı 24 aprel 2024-cü il tarixində tanış edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.Həmin xəbərdarlıqda iddiaçı tərəfindən sınaq müddəti ona verilən tapşırıqları düzgün, tələb olunan səviyyədə və vaxtında icra etmədiyi, bununla yanaşı xidməti fəaliyyətində dəfələrlə nöqsanlara yol verdiyi iddiaçıya bildirilmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası energetika naziri tərəfindən verilmiş 2024-cü il 27 aprel tarixli 3-15/3-2- 223/2024 nömrəli əmrdə İddiaçı barəsində Energetik Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 23 aprel tarixli 3-15/3-102/2024 nömrəli mənfi rəy xitamın əsası kimi göstərilmişdir. Şöbə müdiri - kurator Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 23 aprel tarixli 3-15/3-102/2024 nömrəli mənfi rəydə iddiaçının sınaq müddəti ərzində verilən tapşırıqları tələb olunan səviyyədə icra etmək bacarığına malik olmadığı qeyd edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, işçi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Həmçinin İddiaçı öz işinə laqeyd yanaşmış və ona həvalə edilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirməmişdir. Belə ki, Qarabağ İqtisadi Rayonuna X10 Azad Edilmiş Ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynovun 2024-cü il 10 yanvar tarixli 25/01-05 nömrəli məktubu Energetika Nazirliyinə daxil olmuşdur. Həmin məktub Ağdam şəhərində tikiləcək Pavilyonun binası ilə bağlı hazırlanmış konsept layihələrə münasibət bildirilməsi üçün göndərilmişdir. Həmin məktubun icrası X5 sistemi vasitəsi ilə İddiaçı həvalə edilmişdir. Sənədin icrası ilə bağlı şöbə müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən sənədin icra edilməsi ilə bağlı müvafiq göstərişlər verilməsinə baxmayaraq İddiaçı sənədi düzgün və tələb olunan səviyyədə icra etməmişdir. Nəticədə sənədin icrası gecikmiş və sənəd icra edilməsi üçün şöbənin digər əməkdaşı Əli Salmanlıya həvalə edilmişdir (həmin sənədlər əlavə olunur). Bununla yanaşı İddiaçı sınaq müddəti ərzində özünü inkişaf etdirməmiş və tapşırıqları tələb olunan səviyyədə icra etməmişdir. Şöbə müdiri-kurator Nərgiz Bağırlı tərəfindən hazırlanan arayışda İddiaçı tərəfindən sınaq müddəti ərzində icra edilən və qənaətbəxş olmayan sənədlər ilə bağlı detallı məlumatlar qeyd edilmişdir (həmin arayış əlavə edilir). İddiaçı işdə ona qərəzli yanaşılması ilə bağlı iddiası da tamamilə əsassızdır. İddiaçı işlədiyi dövr ərzində şöbə müdiri və digər işçilər tərəfindən dəstək verilmiş, həmçinin verilən tapşırıqların icrası ilə bağlı şöbə müdiri tərəfindən müvafiq izahlar verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişlər. Həmçinin iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-15/3-2-223/2024 saylı əmrinin 2-ci hissəsinin (ona aid hissədə) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Azərbaycan Respublikasının Energetika Nazirliyinin 3-15/3-2-442/2023 saylı, xx.xx.2023-cü il tarixli “Vəzifəyə təyin olunma haqqında” əmrinin surətindən müəyyən olunur ki, İddiaçı 2023-cü il 1 avqust tarixindən 6 (altı) ay müddətinə stajçı kimi Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş ( 2-ci bənd), Enerji səmərəliliyi şöbəsinin müdir müavini N.Bağırlı staj müddətində İddiaçı kuratoru təyin edilmişdir ( 2.1-ci bənd). -3-15/3-2-46/2024 saylı, xx.xx.2024-cü il tarixli “Sınaq müddəti ilə dövlət qulluğuna qəbul haqqında” əmrin surətindən müəyyən olunur ki, Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi-stajçı İddiaçı 1 fevral 2024-cü il tarixdən 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Əsas: Enerji səmərəliliyi şöbəsinin müdiri- kurator N.Bağırlının xidməti yazısı, İddiaçı ərizəsi və tərəflər arasında bağlanmış əmək müqaviləsi. -X7 tərəfindən İddiaçı Firidun oğluna ünvanlanmış 9-3/2-C-1-137/2024 saylı, 06 mart 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1610 nömrəli Fərmanının 1-ci hissəsi ilə dövlət qulluqçularının vəzifə maaşına müəyyən edilən müvafiq məbləğdə əlavənin sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə şamil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Qulluğunu idarəetmə Şurasına ünvanladığı və aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının X7nə göndərilmiş kollektiv müraciətlərinə baxılmışdır.Yuxarıda adıçəkilən Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının və diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq həcmlərdə əlavələr müəyyən edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) Nümunəsinin 10-cu hissəsinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edilir.Qeyd edilən normativ hüquqi akta uyğun olaraq, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları (dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla) sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edildiyi üçün dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar, o cümlədən dövlət qulluqçularının əmək haqlarının artırılmasını nəzərdə tutan Fərman sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə münasibətdə tətbiq olunur. -Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı tərəfindən tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Sınaq müddətində icrası qeyri-qənaətbəxş tapşırıqlar: xx.xx.2024, 3-15/1-154/2024-“X6 konspekt layihələrinə münasibət bildirilməsi barədə”- Məktub şöbəyə xx.xx.2024-cü il tarixində daxil olmuş və həmin gün İddiaçı icraya göndərilmişdir. Məktub 2 həftə icrasız qalmış və cavab layihəsi xx.xx.2024-cü il tarixində ona e mail göndərilmişdir. Məktub cavab layihəsi qənaətbəxş hesab edilməmiş və digər icraçıya həvalə olunmuşdur ( əsas- daxil olan məktub, imtina edilmiş cavab layihəsi və yekun imzalanmış məktub). -xx.xx.2024, 3-21/2-638/2024-Qanun layihəsinə rəy və təkliflərin bildirilməsi barədə-Hazırladığı təkliflər məqsədəuyğun hesab edilməmişdir. Belə ki, Qanun layihəsində bəzi maddələrdə digər maddələrdə istinad olunduğu, lakin həmin maddələrin mövcud olmadığını qeyd etmişdir. Tərəfindən həmin təkliflər araşdırılmış və müəyyən edilmişdir ki, maddələrin sadəcə nömrələnməsində xətalar var ( əsas: imtina edilmiş məktub layihəsi, imtina tarixçəsi və yekun imzalanmış məktub). - Naxçıvan Muxtar Respublikası üzrə məcburi enerji auditi subyektlərinin siyahısının hazırlanması tapşırığı (Energetika Nazirliyinin 2024-cü ilin il planına əsasən)- İddiaçı daxil olan məlumatlar əsasında hazırladığı siyahılar qeyri-qənaətbəxş, bir sıra səhvlərlə təqdim edilmişdir. Onun dəfələrlə izahlarına və onun birbaşa sektor müdiri olan A.Rzayevin izahlarına baxmayaraq, hazırlanan siyahılarda (o cümlədən hesablamalarda) bir sıra səhvlər, təkrarlar var idi. Qurumlara göndərilən məktubun əlavələrində izahı verilmiş məsələlərə özü riayət etməmişdir.İddiaçı verilmiş bu tapşırıq üzrə 27 fevral-13 mart tarixləri aralığında Naxçıvan MR-dən sorğu edilmiş məlumatlar daxil olmuş və İddiaçı göndərilmişdir. Bu məlumatlar müvafiq qaydada təhlil edilməli, hesablamalar aparılmalı, çatışmayan məlumatlar sorğu edilməli və sektor müdiri ilə razılaşdırmaqla nəticədə yekun ümumiləşdirilmiş cədvəllər ona təqdim edilməli idi. Düzgün olmayan icra nəticəsində tapşırıq başqa əməkdaşa icraya göndərilmişdir. İddiaçı belə siyahıların hazırlanması üçün artıq təcrübəyə malik idi. Belə ki, staj müddətində də oxşar tapşırığın icrası ona həvalə edilmişdir ( əsas: Naxçıvanın Nazirlər Kabinetinə ünvanlanan məktub, daxil olan məlumatların siyahısı, iddiaçı tərəfindən hazırlanmış siyahılar). Ölkə üzrə məcburi enerji auditi subyektlərinin siyahısının hazırlanması tapşırığı (Energetika Nazirliyinin 2024-cü ilin iş planına əsasən)- Aprel ayında tapşırığın icra vəziyyətini öyrənmək üçün A.Rzayev, İddiaçı və N.Haşımovanın (şöbənin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun məsləhətçisi) iştirakı ilə otağında iclas keçirmişdir. Müzakirə nəticəsində İddiaçı Naxçıvan üzrə məlumatları yekunlaşdırdığını bildirmişdir. Ölkənin digər regionları üzrə daxil olmuş məlumatların çoxluğunu nəzərə alaraq, onların bir hissəsinin ümumiləşdirilməsini ona tapşırmışdır. Nəticədə natamam iş təhvil verilmiş və tapşırıq başqa əməkdaş tərəfindən yerinə yetirilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0002X0 №-li, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi Bildirişindən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadığı üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Mübahisələndirilən əmrin verilməsinə əsas kimi iddiaçının vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən 27 aprel 2024-cü il tarixli əmrin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsi və 70ci maddəsinin “d” bəndinə istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən Əmək Məcəlləsinin 53-cü maddəsi və 70-ci maddəsinin “d” bəndinin tətbiqi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulan halların mövcud olması zəruridir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. Cavabdeh orqan iddiaçının vəzifəsinin öhdəsindən layiqincə gəlməməsi və verilmiş tapşırıqları lazımi səviyyədə icra etməməsi ilə bağlı dəlillər gətirsə də, iddiaçının Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan hansı kobud pozuntuya yol verməsini, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair, həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini əsaslandırmamış, məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının barəsində mənfi rəy yazılmış xidməti təqdimatla tanış edilməmiş, barəsində aparılmış inzibati icraatla ona tanış olmaq imkanı yaradılmamış, bununla da hazırki münasibətlərə tətbiq edilməli olan normativ hüquqi aktların tələbləri pozulmuşdur. “İnzibati İcraat haqqında” Qanunun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Dövlət qulluğu haqqında” Qanunun: 18.0.12. Dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. -25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. -25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. dövlət qulluğundan azad edilməsi. -25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. -25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. -25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. -25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. -34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. 2-ci bəndinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. -53-cü maddəsinin 1-ci bəndinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. 2-ci bəndinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. 3-cü bəndinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. -70-ci maddəsinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-1(120)-1513/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Energetika Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-15/3-2- 223/2024 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-481/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-481/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver