Məhkəmə qərarları › İş №2-1(106)-482/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-482/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-482/2024 02.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-2903/2024 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 5000 manat ödənilməmiş borcu qalmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-2903/2024 saylı qərarı ilə iddianın təmin olunması və Cavabdeh xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən 5000 manat məbləğində siyahıya alınmış əmlakı - Sabirabad rayonu ərazisində olan, “DAEWOO DAMAS YÜK” markalı, ağ rəngli, 2007-ci il buraxılış ili olan, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh qaytarılması haqqında qərar qəbul edilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: -Məhkəmə iş üzrə qərar qəbul edərkən iddiaçının tələb etdiyi borcun əsaslı olmasını tələb edən sənədləri tələb etməmiş, borcun yaranmasına səbəb olan kameral hesablama üzrə verilmiş şikayətin inzibati araşdırmada olmasını və şikayətin araşdırlmasının müddətinin dəfələrlə uzadılmasını nəzərə almamış, borcla əlaqədar inzibati şikayətə baxılması barədə qərarın qəbul edilmədiyini nəzərə almamışdır. -25 dekabr 2023-cü il tarixli, “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəliklər yerinə yetrilməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” **********6 saylı protokolun tərtibində iştirak etməmiş, bundan məlumatı olmamışdır. Protokolda qeyd olunan müşahidəçilər X2 və X3 şəxsiyyət vəsiqələri qeyd olunmalı olduğu halda qeyd olunmamışdır. Cavabdeh hesab edir ki, bu hal özü qanun pozuntusudur. - DAEWOO DAMAS YÜK” markalı, ağ rəngli, 2007-ci il buraxılış ili olan, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin fotoşəkli “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəliklər yerinə yetrilməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” **********6 saylı protokola əlavə olunmamış, faktiki olaraq siyahıya alınma olmayıb. - DAEWOO DAMAS YÜK” markalı, ağ rəngli, 2007-ci il buraxılış ili olan, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alındıqdan sonra cavabdeh tərəfindən əsaslı təmir olunmuş, işlək vəziyyətə gətirlmişdir. Ona görə də nəqliyyat vasitəsinin ədalətli dəyəri müəyyən olunmalıdır. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: Cavabeh Cavabdeh Ziyadxan oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, DAEWOO DAMAS YÜK” markalı, ağ rəngli, 2007-ci il buraxılış ili olan, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hal-hazırda özündə olmadığını, etibarnamə ilə sürmək üçün başqa şəxsə verməsini bildirmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: - (23.1.8) qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; - (23.1.15-1) hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Həmin Məcəllənin 23.1.15-1ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. -89.5-ci maddəyə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəyə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. -89.11-ci maddəyə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. -90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. -90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, vergi ödəyicisi olan cavabdehin 28 iyul 2023-cü il tarixə 21769,67 manat vergi borcu yaranmış, hal-hazıradək borcun icrası təmin olunmamışdır. Göründüyü kimi iddia mümkün iddiadır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. -İşin hallarını müəyyən edən iddiaçı tərəfin sübutlarına əsasən Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanı 28 iyul 2023-cü il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus 5000 manat dəyərində əmlak (Sabirabad rayonu ərazisində olan, “DAEWOO DAMAS YÜK” markalı, ağ rəngli, 2007-ci il buraxılış ili olan, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh siyahıya almada iştirak etməsə də, protokol və aktın surəti Cavabdeh göndərilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, lakin borc qanunla müəyyən edilmiş 30 gün müddətində ödənilməmişdir. -Azərbaycan Respuiblikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki, **-OF-*** qeydiyyat nömrəli, “DAEWOO DAMAS YÜK” markalı, tünd boz metallik rəngli nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. -Beləliklə Vergi Məcəlləsnin 90-cı maddəsinə əsasən iddiaçının vergi borcuna görə siyahıya alınmış əmlakın hərrac yolu ilə satılmasını tələb etmək hüququ yaranmışdır. -Məhkəmə Kollegiyası cavabdehin əmlakına məcburi yönəlməni mütənasiblik prinsipinə uyğun hesab edərək qeyd edir ki, İnsan Hüquq və Azadlıqlarına dair Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. -İnzibati Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə olaraq qeyd edir ki, iddiaçının tələb etdiyi borc məbləğini müəyyən edən rəsmi sənədlər iddia ərizəsinə əlavə olunmuşdur, odur ki, bununla bağlı əlavə sənədlərin tələb olunmasına zərurət yaranmamışdır. Bundan başqa borcun yaranmasına səbəb olan kameral hesablama üzrə verilmiş şikayətin inzibati araşdırmada olmasının və şikayətin araşdırlmasının müddətinin dəfələrlə uzadılmasının cavabdehin ümumiyyətlə vergi borcu olmamasını istisna etmir, odur ki, həmin dəlil əsassız hesab olunmalıdır. -Cavabdeh 25 dekabr 2023-cü il tarixli, “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəliklər yerinə yetrilməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” **********6 saylı protokolun tərtibində iştirak etməməsi, bundan məlumatının olmaması, nəqliyyat vasitəsinin foroşəklinin protokola əlavə olunmaması barədə dəlili ilə inzibati kollegiya razılaşmır, belə ki, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, əmlakın siyahıya alınması ilə bağlı tərtib edilmiş protokol, siyahı və əmlakın saxlanca verilməsi aktı, xəbərdarlıq bildirişi rəsmi olaraq ona göndərilmişdir. Onun siyahıya alınmada iştirak etməməsi, nəqliyyat vasitəsinin fotoşəklinin olmaması vergi qanunvericiliyi ilə həmin sənədləşmənin etibarsızlığına səbəb olan hal kimi müəyyən olunmamışdır. Odur ki, həmin hallar da əsassız etiraz kimi nəzərə alınmalıdır. - “DAEWOO DAMAS YÜK” markalı, ağ rəngli, 2007-ci il buraxılış ili olan, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alındıqdan sonra cavabdeh tərəfindən əsaslı təmir olunması və işlək vəziyyətə gətirilməsi dəlili ilə də məhkəmə kollefiyası razılaşmır və qeyd edir ki, hərracla bağlı qanunun tələbinə görə ən çox pul təklif edən hərracın qalibi hesab olunur və məhz birinci instansiya məhkəməsi bu səbəblə hərracdan əldə olunan məbləğ borcun ödənilməsini təmin etdikdə, artıq məbləğin cavabhdə ödənilməsini qərarda qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-2903/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Samir Həsənov Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar