Məhkəmə qərarları › İş №2-1(106)-484/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-484/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-484/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 1203,92 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-245/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “artıq ödənilmiş 1203,92 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək qaynatası X4 xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh mərhum qaynatasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 1993,04 (bir min doqquz yüz doxsan üç manat dörd qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X9 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1993,04 manat məbləğindən çıxılmış, qalan 1393,04 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəfimizdən Cavabdeh yaranmış 1393,04 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə müraciət edilmiş əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində Cavabdeh mərhum qaynatasının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 1803,92 (bir min səkkiz yüz üç manat doxsan iki qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. Namiq X1 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1803,92 manat məbləğindən çıxılmış, qalan 1203,92 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş 1203,92 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-245/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, xx.xx.2021 -ci il tarixədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində Cavabdeh mərhum qaynatasının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarıı üzrə əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 1993,04 bir min doqquz yüz doxsan üç manat dörd qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. N.X1 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1993,04 manat məbləğindən çıxılmış, qalan 1393,04 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. "xxxx" ASC tərəfindən Mərkəzi Filiala göndərilən xx.xx.2022-ci il tarixli, 49/491 nömrəli məktubda R.Səmədova məxsus kart hesabında vəsait olmadığı bildirilmişdir. Lakin məhkəməyə ünvanlanmış məktubda həmin kart hesabından sadəcə 1 ay üzrə məbləğin (451 manat) çıxarıldığı göstərilmişdir. Yaranmış ziddiyətlə əlaqədar olaraq Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadda Kapital Bankın cavablarındakı ziddiyətlərə aydınlıq gətirilməsi tələb edilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2024-111/2426 nömrəli məktubunda qeyd etmişdir ki, 26.01,2021-ci İl tarixədək təyinatı üzrə köçürülən vəsaitdən (sonuncu mədaxil xx.xx.2020-ci il tarixdə) mərhum X3 istifadəsində olan 6768 67** **** 5275 №li plastik kartın bağlı olduğu hesabdan 2021- 2023-cü illər ərzində bankomat vasitəsilə məxaric əməliyyatı aparılmadığı müəyyənləşdirilmişdir. xx.xx.2021-ci tarixdə DSMF-nin **********0 №li xx.xx.2021-ci il tarixli məktubuna əsasən hesabda olan 1353.48 (bir min üç yüz əlli üç) vəsait DSMF-yə geri qaytarılmışdır. Göründüyü kimi "xxxx" ASC tərəfindən üç ziddiyyətli cavab məktubu daxil olmuşdur. Mərhuma məxsus olan kartda 1993.04 manat vəsait qalmalı olduğu halda, 1353.48 manat vəsait qaldığını iddia edir. Həmçinin, "xxxx" ASC-in xx.xx.2024-cü il tarixli, 2024-111/2426 nömrəli məktubunda 1353.48 manat vəsitin geri qaytarıldığı qeyd olsa da, həmin məbləğin hansı tarixdə, hansı hesaba köçürdüyü barədə məlumat verilməmiş və məbləğin geri qaytarılması barədə sübutlar təqdim edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-245/2024 saylı qərarının ləğv edilərək və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “İnzbati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “artıq ödənilmiş 1203,92 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun Maddə 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyini tənzimləyən hüquqi normalar əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunur ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqan faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə əmək pensiyasının təyin edilməsininin əsassızlığı ümumi iş stajının olmaması ilə bağlı əsaslandırılsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 118032 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Cavabdeh Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı ərizəsinin surətindən görünür ki, o, qaynatası X3 xx.xx.2020-ci il tarixdə rəhmətə getdiyini və onun dəfnini təşkil etdiyini bildirmiş və bunun üçün dəfn pulunun onun adına köçürülməsinə köməklik etməyi xahiş etmişdir. İşdə olan Şirvan bələdiyyəsinin Cavabdeh verilmiş xx.xx.2020-ci il tarixli, 12/383 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatdadır və xx.xx.2020-ci ildə vəfat edən qayınatası X3 dəfn mərasimini öz öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 2024-111/2426 nömrəli məktubunda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixədək təyinatı üzrə köçürülən vəsaitdən (sonuncu mədaxil xx.xx.2020-ci il tarixdə) mərhum X3 istifadəsində olan 6768 67** **** 5275 №li plastik kartın bağlı olduğu hesabdan 2021- 2023-cü illər ərzində bankomat vasitəsilə məxaric əməliyyatı aparılmadığı müəyyənləşdirilmişdir. xx.xx.2021-ci tarixdə DSMF-nin **********0 №li xx.xx.2021-ci il tarixli məktubuna əsasən hesabda olan 1353.48 (bir min üç yüz əlli üç, 48) vəsait DSMF-yə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, kart hesabından onun tərəfindən hər hansı bir pul məbləği çəkilməmiş, o yalnız dəfn xərcləri çəkdiyi üçün həmin xərcin ona ödənilməsi barədə DSMF-yə müraciət etmiş, lakin həmin orqan tərəfindən ona heç bir cavab verilməmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin qaynatası X5 yaşa görə əmək pensiya təyin olunmuşdur. O, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfat etməsinə baxmayaraq iddiaçı tərəfindən mərhumun 6768 67** **** 5275 nömrəli müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək 1803,92 manat manat həcmində əmək pensiyası köçürülmüşdür. Yəni, 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli ərizə ilə iddiaçıya (Mərkəzi Filala) müraciət edərək qaynatası X3 xx.xx.2020-ci il tarixdə rəhmətə getdiyini bildirmiş və onun dəfni ilə əlaqədar dəfn pulunun onun adına köçürülməsinə köməklik etməyi xahiş etmişdir. İddiaçı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq cavabdehə ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq mərhumun kart hesabına ödənilmiş 1803,92 manat məbləğindən çıxılmışdır. Qalan 1203,92 manat məbləğində pul vəsaitini isə cavabdehdən tələb etmişdir. Cavabdeh həmin vəsaiti kart hesabından götürmədiyini bildirərək, tələb olunan pulu Mərkəzi Filialın hesabına ödəməkdən imtina etmişdir. Bundan sonra iddiaçı artıq ödənilmiş 1203,92 manat dövlət vəsaitinin onun hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası müəyyən edilmiş işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesdab edir. Belə ki, “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanunun 37.8-ci və 37.8.1-ci maddələrinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə dayandırılır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, yaşa görə təyin edilmiş əmək pensiyası həmin pensiyanın aid olduğu şəxsin sağlığında kompensasiyası məqsədilə ona ödənilən aylıq pul ödənişidir. Həmin şəxsin ölməsi ona təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması ilə nəticələnir. Başqa sözlə pensiyanın təyin edilməsi ilə bağlı qərar həmin qərarın yönəldiyi (ünvanlandığı) şəxsə nisbətdə qüvvədə olur və öldüyü vaxta qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, X5 yaşa görə təyin edilmiş əmək pensiyası yalnız ona nisbətdə hüquqi qüvvəsi olmuş və həmin qərarın hüquqi qüvvəsi X3 öldüyü vaxtdan başa çatmışdır. Bu baxımdan X3 öldüyü tarixdən sonra ona məxsus kart hesabına pensiya vəsaitin köçürülməsinin və yaxud həmin vəsaitin hər hansı şəxs tərəfindən kart hesabından götürülməsinin hüquqi əsası mövcud olmamışdır. Qeyd edilən normalardan həmçinin müəyyən edilir ki, cavabdeh tərəfindən həmin vəsait yalnız o halda qaytarılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yəni, həmin normaları hazırki işə mübasibətdə tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən pul vəsaiti geri qaytarılması ilə bağlı iddiaçının tələbi o halda əsaslı hesab oluna bilər ki, cavabdeh tərəfindən mərhumun kart hesabından pul vəsaiti götürülsün və buna hüquqi əsas olmasın. İşin hallarından görünür ki, cavabdeh tərəfindən ümumiyyətlə mərhumun kart hesabından pul vəsaiti götürülməmiş, əksinə mərhumun dəfn xərcləri onun tərəfindən çəkilmişdir. Məhz cavabdehin də iddiaçı quruma müraciət etməkdə məqsədi onun tərəfindən çəkilmiş dəfn xərclərinin ona ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında mərhumun pensiya kart hesabından onun tərəfindən hər hansı bir pul məbləğinin çəkilmədiyini bildirmişdir. Görünüdüyü kimi mərhum X3 pensiya kartından pul vəsaitinin cavabdeh tərəfindən götürülməsi sübuta yetirilmir və bunun əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə üzrə sübutların təqdim edilməsi ilə əlaqədar "xxxx" ASC-nin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X3 pensiya kartından (6768-6753-8625-5275) xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürülmüş pul məbləğlərinin 2021-2023-cü illər ərzində pensiya kartından çıxarılıbçıxarılmaması, çıxarıldığı təqdirdə kim tərəfindən çıxarılması barədə videogörüntünün olub-olmaması; 2) xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X3 pensiya kartından (6768- 6753-8625-5275) xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürülmüş pul məbləğlərinin bu günə kimi DSMF-na geri qaytarılıb- qaytarılması barədə məlumat təqdim olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2024-111/2426 nömrəli məktubunda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixədək təyinatı üzrə köçürülən vəsaitdən (sonuncu mədaxil xx.xx.2020-ci il tarixdə) mərhum X3 istifadəsində olan 6768 67** **** 5275 №li plastik kartın bağlı olduğu hesabdan 2021- 2023-cü illər ərzində bankomat vasitəsilə məxaric əməliyyatı aparılmadığı müəyyənləşdirilmişdir. xx.xx.2021-ci tarixdə DSMF-nin **********0 №li xx.xx.2021-ci il tarixli məktubuna əsasən hesabda olan 1353.48 (bir min üç yüz əlli üç, 48) manat vəsait DSMF-yə geri qaytarılmışdır. Beləliklədə, yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh tələb etdiyi 1203,92 manat iddiaçının hesabına geri qaytarılmışdır. Yəni, iddiaçı tələbində 1203,92 manat dövlət vəsaitinin artıq ödənildiyini bildirsə də, iş materiallarına əlavə edilən sənədlərə əsasən qeyd edilən dövlət vəsaitinin X3 istifadəsində olan 6768 67** **** 5275 №li plastik kartından cavabdeh və onun ailə üzvləri tərəfindən məxaric əməliyyatı aparılmadığı və xx.xx.2021-ci tarixdə DSMF-nin **********0 №li xx.xx.2021-ci il tarixli məktubuna əsasən hesabda olan 1353.48 (bir min üç yüz əlli üç, 48) manat vəsaitin DSMF-yə geri qaytarıldığı müəyyən edilir. Belə olduğu halda məhkəmə kollegiyası mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddia etdiyi 1203,92 manat iddiaçının hesabına geri qaytarılması ilə bağlı iddiası təmin oluna bilməz. Məhkəmə kollegiyası şərh olunan qanunvericiliy normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-245/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar