Məhkəmə qərarları › İş №2-1(106)-485/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-485/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-485/2024 09.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(120)-3732/2024 nömrəli qərardadlarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xidmətdən azad olunmağı barədə əmrin ləğv edilməsi, Astara RPŞ-də əvvəlki iş yerinə bərpa olunmağı və məcburi iş buraxma günləri üçün əmək haqqının alınıb xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 27 iyun 2024-cü il tarixli, 2- 1(120)-3732/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ötürülmüş müddətin bərpası barədə ərizə təmin olunmamış, eyni tarixli digər qərardadla iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi ötürülmüş müddətin bəpasına dair ərizənin təmin olunmaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəbdən, yəni ondan asılı olmayan səbəblərdən baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Eyni zamanda məhkəmə iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən əmr barədə məlumatlı olmuş, əmrin ləğv edilməsi tələbi ilə xx.xx.2015-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, daha sonra öz iradəsi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bununla da mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Qərardadlardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 28 aprel 2005-ci il tarixdə Astara RPŞyə polis nəfəri vəzifəsinə qəbul olunmuşdur və həmin vəzifədə qüsursuz olaraq 23 noyabr 2015-ci il tarixə kimi işləmişdir. İşlədiyi 10 il müddətində ümumi vəzifələrlə yanaşı, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində borcunu layiqincə, vicdanla yerinə yetirmiş, xidmət dövründə töhmət və tapşırıq almamışdır. Bu keyfiyyətlərinə baxmayaraq heç bir əsaslı səbəblər olmadan qanunsuz olaraq işdən azad olmuşdur. O, 23 noyabr 2015-ci il tarixdə xidmətdən azad olmuşdur. Barəsində kimsə tərəfindən şikayət olmadığı halda Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin tələbləri kobud surətdə pozulmaqla şəxsi həyatı haqqında məlumatlar razılığı olmadan toplanmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Astara RPŞ tərəfindən 3-13-65/2-10506/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş Astara RPŞ-nin 186 Ş/h saylı, xx.xx.2015-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, Astara RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı İddiaçı qardaşına məxsus yaşayış sahəsini heç bir müqavilə olmadan əvvələr tanıdığı yüngül həyat tərzi keçirən Fəxriyyə Məmmədovaya, Əfsanə Hüseynovaya və polis serjantı İlkin Xəlilovun qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Pərvanə Quliyevaya kirayə verməklə, nəticədə kirayəçilərin hərəkətlərinin qonşuların narazılığına səbəb olmasına zəmin yaratmaqla, rəsmi nikahda olmasına baxmayaraq cəmiyyətdə qəbul olunmuş ailə məişət normalarına riayət etməyərək, nikaha sədaqətli olmalı halda qadın kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməklə, vətəndaşa hədə qorxu ilə təyziq göstərməyə cəhd etməklə, baş vermiş və ya baş verə biləcək cinayət əməlləri ilə bağlı Astara RPŞ-nin digər əməkdaşlarına məlumat verəcəyi halda onu cəmiyyətə rüsvay edəcəyi ilə hədələməklə öz şəxsi mənafeyini RPŞ-nin mənafeyindən üstün tutmağa cəhd etməklə, kollektivdə mənfi xarakterizə olunmaqla, şöbə rəhbərliyi tərəfindən ona tutulmuş iradlardan müsbət nəticə çıxarmayaraq, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə yol verməklə Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik Davranış Kodeksi”nin 1-ci və 10cu maddələrinin tələblərini kobud şəkildə pozduğuna, xidməti yoxlama zamanı yol verdiyi qənaətləri təkzib etməklə qeyri-səmimiliyə yol verdiyinə görə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə əmr verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(86)107/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının qəbul olunmasından uzun müddət (8 ildən artıq) keçdikdən sonra yenidən hazırki iddia ərizəsini təqdim etmiş və bu zaman üzürlü səbəb kimi işə qəbul və işdən azad olunmağı barədə əmrlərin surətlərini dəfərlərə tələb etsə də ona təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(120)-3732/2024 nömrəli qərardadlarıı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar