Məhkəmə qərarları › İş №2-1(106)-486/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-486/2024

26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-486/2024 26.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X3 iştirakı ilə Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1-(120)-1911/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1126.18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1200 manat məbləğində siyahıya alınmış (ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə vergi ödəyicisi Azərbaycan Respublikası İmişli rayonu, Cəfərli bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 1126.18 manat borcuna görə 1200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1126.18 manat ödənilməmiş borcu qalmışdır. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin Respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Göstərilən dəlillərə əsasən cavabdehin xx.xx.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1126.18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1126.18 manat məbləğində (ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi) siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1-(120)-1911/2024 saylı qərarı ilə iddia təmin olunmamışdır. İİ. Apellyasiya şikayətinin dəlilləri: -Mülki Məcəllənin 213, 220 və 224-cü maddələrinə əsasən qanun ümumi birgə mülkiyyətdə olan əmlaka yönəldilmə üçün qaydalar müəyyən etmişdir. Məhkəmə həmin tələblərə əməl etməmişdir. Mülki Məcəllənin qeyd olunan müddəalarından göründüyü kimi, ümumi əşyaya birgə mülkiyyət üzrə paylar mülkiyyətçilərin sayına mütənasib şəkildə olur. -1.61 ha torpaq sahəsinin Cavabdeh və X1 birqə mülkiyyətində olması onların həmin torpağın yarısının paylı mülkiyyətçisi olması deməkdir. -1.61 ha torpaq sahəsinin yarısı 0,85 ha edir və bu da X2 və Cavabdeh 1,61 ha torpaq sahəsində 0,85 ha torpaq sahəsinə birgə mülkiyyət payının olması deməkdir. -Əmlak siyahıya alınan zaman Cavabdeh payı olan 0,85 ha torpaq sahəsinin hər 0,01 ha sahəsi 100 manat qiymətləndirilmiş və 1126,18 manat borca mütənasib olaraq 0,12 ha sahə siyahıya alınmışdır. -İddiaçı əmlakı siyahıya alarkən digər mülkiyyətçini nəzərə alaraq, mütənasiblik qaydalarını pozmadan borca mütənasib qaydada siyahıya alma aparmışdır. -Məhkəmənin 0,12 ha torpaq sahəsinin çıxarışla mülkiyyət hüquqları qeydə alınmış 1,61 ha torpaq sahəsinin tərkibində ümumi birgə mülkiyyətdə olması və iddiaçı tərəfin həmin əmlakın hansı hissədə Cavabdeh məxsus olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməməsi barədə yanaşması qanuna ziddir. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəfin səlahiyyətli nümayəndəsi və cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, işin hallarına əsasən məhkəmə apellyasiya baxışını onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -213.1., 213.2. və 213.5-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. -220.1., 220.2. və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -223.1., 223.2., 223.3. və 223.4-cü maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. -224.1. və 224.2-ci maddələrinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -89.5-ci maddəyə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəyə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. -89.11-ci maddəyə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. -90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. -90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatı: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, vergi ödəyicisi olan cavabdehin 1126.18 manat vergi borcu yaranmış, hal-hazıradək borcun icrası təmin olunmamışdır. -Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi siyahıya alınmış və 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, ona 1200 manat siyahıya alınmış əmlaka qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi İdarəsi tərəfindən verilmiş **********83 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən, Hacıqabul rayonu, Navahi kəndində yerləşən 1.61 ha torpaq sahəsi Cavabdeh və X2 ümumi birgə mülkiyyətindədir. - Vergi Məcəlləsnin 90-cı maddəsinə əsasən iddiaçının vergi borcuna görə siyahıya alınmış əmlakın hərrac yolu ilə satılmasını tələb etmək hüququ olsa da, birgə və paylı mülkiyyətin ayrılması qaydalarını tənzimləyən Mülki Məcəllənin 220, 233 və 224-cü maddələrinin tələblərinə əməl olunmaması, iddianın qanuni əsasının tətbiq olunmasını istisna edir. Belə ki, hazırkı mübahisənin hüquqi mahiyyətinə və istinad olunmuş maddi normaların tələbinə görə paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin borcuna görə borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün, daha əvvəl həmin payın naturada ayrılması tələb olunmalıdır.. -Hazırkı mübahisədən aşkar görünür ki, iddiaçı tərəf öz mülahizəsinə əsasən “1.61 ha torpaq sahəsinin yarısı 0,85 ha sahəyə münasibətdə əmlak siyahıya alınan zaman Cavabdeh payı olan 0,85 ha torpaq sahəsinin hər 0,01 ha sahəsi 100 manat qiymətləndirilmiş və 1126,18 manat borca mütənasib olaraq 0,12 ha sahə siyahıya alınmış” formasında hüquqi yanaşma sərgiləmişdir. Lakin nəzərə alınmalıdır ki, payların ayrılması ya birgə mülkiyyətçilərin razılaşması ilə, yaxud da məhkəmə qərarı ilə mümkündür. -İnsan Hüquq və Azadlıqlarına dair Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. -İddianın dəlillərinə görə tələb əsaslı hesab edilmiş olsaydı, vergi borcunun ödənilməsi üçün digər birgə mülkiyyətçi Səidə Zeynalovanın mülkiyyət hüququna müdaxilə edilmiş olmaqla yanaşı, məhkəmə Mülki Məcəllənin birgə mülkiyyətlə bağlı müddəlarının tələblərini pozmuş və qanunazidd qərar qəbul etmiş olardı. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsasslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1-(120)-1911/2024 saylı qərarı dəyişirilmədən saxlanılsın. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Samir Həsənov Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar