Məhkəmə qərarları › İş №2-1(106)-490/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-490/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-490/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(120)-2232/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 07 aprel 2025-ci il tarixli, 2-1(120)- 2232/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyini bildirmiş, sonuncu isə Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, onun hərbi prokurorluq orqanlarında işlədiyi muddətdə həqiqi hərbi xidmət keçməyinin və hərbi qulluqçu statusu daşımağının müəyyən edilməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Halbuki, işdə olan xx.xx.1992-ci il tarixli, 0314 saylı əmrə, xx.xx.1993-cü il tarixli, 014 nömrəli və xx.xx.1996-cı il tarixli 35-l nömrəli əmrlərə, 23 yanvar 1993-cü il tarixli, 13 nömrəli əmrdən çıxarışa, xx.xx.1993-cü il tarixli, 014 nömrəli əmrə, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə və N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.1998-ci il tarixli, 1002 saylı arayışına əsasən İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin edilmiş, 04 yanvar 1994-cü il tarixdə tutduğu vəzifəyə təsdiq edilmiş, xx.xx.1996-cı il tarixədək həmin qarnizonda xidmət etmiş, N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmiş, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmiş və N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğundan rəy alınması bildirildiyindən Baş Prokurorluğa müraciət etmiş və Baş Prokurorluq rəy verməkdən imtina etmişdir. Yenidən o, «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqsinin verilməsindən ötrü Azərbaycan Respubblikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respubblikası Müdafiə Nazirliyi ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsindən imtina etmişdir. Ona görə o, «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən rəy verilməsi məsələsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Bakı İnzibati Məhkəməsindən iş aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1018/2022 saylı qərarı ilə onun iddiası təmin edilmədiyi üçün o, həmin qərardan apellasiya şikayəti vermiş və Şirvan Apellasiya Məhkəməsi onun iddiasının qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/2023 saylı qərar qəbul edərək işi yeni baxışa göndərmiş və Şirvan İnzibati Məhkəməsinin hakimi Pərvanə Qurbanovanın icraatında araşdırma zamanı «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilməsi əsas gətirilərək, yəni bu məsələ Şirvan Apellyasiya Məhkəməsinin onun iddiasının qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/2023 saylı qərarında da göstərildiyindən iddia dəqiqləşdirildi, ərizə ilə həmin öhdəliyin Müdafiə Nazirliyinin üzərinə qoyulması kimi araşdırma davam etdirildi. Yuxarıda göstərdiyi kimi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/2023 saylı qərarında göstərilir ki, «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi üzrə səlahiyyətli orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyidir və Azərbaycan Respublikası Baş Prokurorluğunun rəyin verilməsindən imtina etməsi iddiaçını «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin alması hüququndan məhrum etmir. Ona görə də «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən inzibati icraat açılmalı və icraat nəticəsində bununla bağlı qərar qəbul edilməlidir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarında göstərilir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə birlikdə döyüş əməliyyatlarında iştirak edən X5 və X2 055865 nömrəli və 058157 nömrəli «müharibə veteranı» vəsiqələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfində verilərkən hər-hansı bir rəy alınmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/2023 saylı qərarından sonra Şirvan İnzibati Məhkəməsində hakimi Pərvanə Qurbanovanın sədrliyi ilə araşdırma davam etdirildi, araşdırma zamanı P.Qurbanova xx.xx.2024-cü il tarixli, 2-1(120)-809/2024 saylı qərarı ilə onun iddiasını qismən təmin etdi, yəni «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi məsələsinin həll edilməsi üçün araşdırmanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə etdi. Həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(106)-382/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanıldı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 11240 saylı məktubu xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. O, bu imtinanı qanunsuz və əsassız hesab edir. Ona görə də ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş edir. Belə ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etmişdir. Cavabdehin imtina aktının dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən müvafiq rəy verilmədiyindən iddiaçıya qeyd olunan statusun verilməsi mümkün deyil. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən yaradılmış komissiyanın rəyi olmadan sözügedən statusun verilməsi barədə tələb əsassızdır. Birinci instansiya məhkəməsi X5 qeyd olunan rəy olmadan müvafiq statusun verildiyini qeyd etsə də, həmin şəxsə sözügedən rəy əsasında vəsiqə verilmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası hərbi prokurorunun xx.xx.1993-cü il tarixli, 014 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. -13 yanvar 1993-cü il tarixli, 13 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmişdir. -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, 0314 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Proktrorlugunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafizə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. -Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. -N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli, 1002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. -Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 2-2-10/4/3- 469/2023 nömrəli məktubunda bildirilir ki, prokurorluq əməkdaşları olmuş X6, X3 və X1 şəxsi işlərində onlara müharibə veteranı vəsiqəsi verilməsinə əsas olan rəyin olması müəyyən edilməmişdir. Şərh olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissədə ümumi təchizatla təmin edilmişdir. N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində X5 Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən yaradılmış komissiyanın rəyi əsasında müvafiq vəsiqə verildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halın araşdırılmadığını bildirsə də, şikayətə əlavə etdiyi sənədlərdə sözügedən rəy aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun yuxarıda şərh olunan məktubunda sözügedən şəxs barəsində rəy verilmədiyi bildirilmişdir. Qeyd olunan hal onu deməyə əsas verir ki, cavabdeh tərəfindən eyni hüquqi vəziyyətlə bağlı fərqli qərarlar qəbul edilmiş, başqa sözlə müvafiq rəy təqdim edilmədən digər prokurorluq əməkdaşlarına veteran statusu və vəsiqəsinin verilməsini təmin etmiş, iddiaçıya münasibətdə isə həmin rəyin mütləq şəkildə təqdim edilməsi əsası ilə imtina aktı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(120)-2232/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar