Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-491/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(120)-453/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Astara Rayon İcra Hakimiyyəti Başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli sərəncamı ilə Astara rayonu Balaca Şahağacı kəndi ərazisində X1 verilmiş 0.06 ha torpaq sahəsinin X3 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Astara rayon Pensər Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 02 may 2025-ci il tarixli, 2-1(120)- 453/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 50 manat ekspertiza xərcinin İddiaçı2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41, NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X2 müvafiq hüquqmüəyyənedici sənədlərə - Astara Rayon İcra Hakimiyyəti başçısının 13 may 1999-cu il tarixli, 122 saylı sərəncamına, əlaqədar təşkilatların möhürləri ilə təsdiq olunmuş Baş Plandan Çıxarışa və 18 may 2007-ci il tarixli təhkim aktına əsasən qanuni əsaslarla əldə etdiyi hazırki mübahisənin predmetini təşkil edən 0,06 hektar həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələbləri, yəni həmin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq X2 mülkiyyətinə verilməsi nəzərə alınmadan bələdiyyə ehtiyat fond torpaqlarının yerləşdiyi əraziyə daxil edilmiş, bununla da, X2 vəfat etdiyi 20 avqust 2018-ci il tarixədək (həmçinin hal-hazıradək), heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməyən, fasiləsiz və etirazsız sahiblik etdiyi qeyd olunan torpaq sahəsi ilə bağlı qanuni əsaslarla əldə etdiyi hüquqlarına müdaxilə edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi sözügedən torpaq sahəsinin mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatlarında bələdiyyə ehtiyat fond torpaqlarının yerləşdiyi əraziyə daxil edilməsinin məsuliyyəti isə mərhum X2 üzərinə qoyula bilməz. Belə ki, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon İcra Hakimiyyəti başçısının 13 may 1999-cu il tarixli, 122 nömrəli Sərəncamına əsasən Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində X3 0.06 ha torpaq sahəsi ayrılmışdır. X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən Sərəncamdan görünür ki, İcra başçısı ehtiyacı olan vətəndaşlara fərdi ev tikilməsindən ötrü torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində tikinti aparılmasına icazə verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 1996-cı il tarixli, 132 saylı qərarı ilə Astara şəhəri, Kijəbə qəsəbəsi Ərkivan kənd icra nümayəndəliyində yaşayan vətəndaşlar üçün həyətyanı fond torpağı təsdiq edilmişdir. “Azərbaycan Respublikası yerli XDS-nin səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1995-ci il tarixli 250 saylı sərəncamını rəhbər tutaraq İcra başçısı X3 fərdi ev tikilməsindən ötrü 0.06 ha torpaq sahəsinin ayrılması və ona layihə smeta sənədlərinə uyğun olaraq fərdi yaşayış evi tikilməsinə icazə verilməsini, rayon torpaq şöbəsi, rayon icra hakimiyyəti, kənd icra numayəndəliklərinə yerli islahat komissiyalarına bu sərəncamda nəzərdə tutulan ərazidə fərdi yaşayış evi tikməkdən ötrü həyətyanı torpaq sahəsinin ayrılması barədə vətəndaşa təhkim aktının verilməsinin təmin edilməsi tapşırılmış, eləcə də Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə tapşırılmışdır ki, ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikməkdən ötrü layihə smeta sənədlərinin hazırlanmasını təmin etsin və fərdi evin həmin sənədlər əsasında tikilməsinə nəzarət etsin. xx.xx.2007-ci il tarixli AKT-dan görünür ki, X5 ayrı təsərrüfat olmaqla adına həyətyanı torpaq sahəsi yoxdur, fərdi yaşayış evi tikməyə ehtiyacı vardır, ona görə də Astara Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 122 saylı Sərəncamı ilə Astara rayonu, Balaca Şahağacı kənd sakini X3 0.06 ha həyətyanı torpaq sahəsi təhkim edilmişdir. İddiaçı həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, fərdi yaşayış evinin tikintisindən ötrü mərhum şəxsə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar iddiaçının Ərazi İdarəsinə təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla arxiv və baza məlumatları arasında uyğunsuzluqlar mövcuddur. Ayrılmış torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim olunmuş mühüm əhəmiyyətli ilkin torpaqayırma sənədlərindən sayılan Astara Rayon İcra Hakimiyyəti başçısının 13 may 1999-cu il tarixli, 122 saylı Sərəncamından çıxarış, 18 may 2007-ci il tarixli “Akt”, habelə tərtib edilmiş yerquruluşu planından çıxarış üzrə göstərilən faktiki koordinatlar yerə köçürülmüş, habelə həmin koordinatlar mövcud baza məlumatları ilə yoxlanılmışdır. Aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, həyətyanı məqsədi ilə mərhum şəxsə ayrılmış həmin 0.06 ha torpaq sahəsi mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatlarında bələdiyyənin ehtiyat fondu kimi qeyd olunmuş ərazidə yerləşir. Mövcud qanunvericiliyin tələblərinə əsasən ehtiyat fond torpaqları vətəndaşların mülkiyyətinə yalnız müvafiq kateqoriyaya keçirildikdən sonra verilə bilər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(120)- 453/2025 nömrəli qərarının ləğv olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri imtin və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 137 nömrəli arxiv arayışına əlavə edilmiş Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti başçısının 13 may 1999-cu il tarixli, 122 saylı Sərəncamından çıxarışda qeyd edilmişdir ki, ehtiyacı olan vətəndaşlara, o cümlədən X3 fərdi ev tikilməsindən ötrü 0.06 ha torpaq sahəsinin ayrılması və layihə-smeta sənədlərinə uyğun olaraq fərdi ev tikilməsinə icazə verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 10/9439 nömrəli ekspert rəyində bildirilir ki, - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3424/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı ehtiyat fondu torpaqları kateqoriyasına aid olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası torpaq sahəsinin mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatlarında bələdiyyə ehtiyat fond torpaqlarının yerləşdiyi əraziyə daxil edilməsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, dövlət orqanının yol verdiyi səhvlərə görə məsuliyyət dövlətin üzərinə düşür və həmin səhvlərin aradan qaldırılması maraqlı şəxsin hesabına həyata keçirilə bilməz. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsinin 13 may 1999-cu il tarixli Sərəncam əsasında X3 verilməsi yuxarıda qeyd olunan sənədlərlə təsdiq edilir, halbuki həmin dövrdə bələdiyyələr formalaşmamış və mövcud olmamışdır. Azərbaycanda yerli özünüidarəetmə üsulu kimi bələdiyyələr xx.xx.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilsə də, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 02 iyul 1999-cu ildə qəbul edilməsi, ilk bələdiyyə seçkilərinin 12 dekabr 1999-cu il tarixdə keçirilməsi mübahisəli torpaq sahəsinin X3 verildiyi dövrdə (13 may 1999) bələdiyyənin mövcud olmasını istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmişdaşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: -(2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(120)-453/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-491/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-491/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver