Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-492/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(120)-3074/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Cavabdehnə qarşı “Azərbaycan Respublikası Konstitusiyasının 71, 72, 127, 149-cu maddələrinə əsasən qərar çıxarılması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Cavabdehnə qarşı “Azərbaycan Respublikası Konstitusiyasının 71, 72, 127, 149-cu maddələrinə əsasən qərar çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 30 may 2024-cü il tarixli, 2- 1(120)-3074/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı onun və ailə üzvlərinin mülkiyyətində olan torpağın hüquqmüəyyənedici sənədlərində (yerli aqrar islahat komissiyasının qərarında və dövlət aktında) iddiaçının adı və onun ailə üzvlərinin ata adı “Müfdadə” deyil “Mübtəda” olaraq qeyd edilmişdir. İddiaçının və buna subyektiv hüququ olan şəxslərin “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi ilə bağlı xüsusi icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. Həmçinin iddia tələbi aydın ifadə edilməmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələbinə uyğun tərtib olunmamışdır. İddia ərizəsindən konkret olaraq nə istədiyini müəyyən etmək mümkün olmur. İddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda natamam faktiki məlumatların tamamlanması ilə bağlı məhkəmənin hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı iddia tələbində dəqiqləşdirmə aparmamışdır. Bundan əlavə iddiaçı tələbə cavab verməli olmayan quruma qarşı iddia qaldırmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçının həm birinci instansiya məhkəməsində, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatlardan aydın olur ki, islahat zamanı ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin həcminin az olmasından narazıdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini maddi və prosessual hüquq normaları baxımından əsaslandırmamışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında bildirmişdir ki, islahat zamanı ona və ailə üzvlərinə 1.64 ha torpaq sahəsi verilmiş, səlahiyyətli şəxslər ona bildirmişlər ki, pay sahəsinin həcmi məhz bu qədər olmalıdır. Lakin o, bu nəticə ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 0045, kod 90714018 nömrəli Dövlət Aktından görünür ki, İmişli rayon Aqrar İslahat komissiyasının 07 fevral 2001-ci il tarixli, 91 saylı qərarı ilə X4 və onun ailə üzvlərinin mülkiyyətinə 1.64 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilsə də iddiaçı tələbini dəqiqləşdirməmiş, təkrar təqdim etdiyi iddia ərizəsində də eyni tələblə çıxış etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırki hüquqi marağı baxımdan tələbini dəyişmiş olsa da belə, həmçinin cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı müvafiq razılıq vermiş olsa belə, onun hazırki tələbə cavab verməli orqana ilkin müraciətinin olmaması baxımından iddianın mümkünlük şərtləri ödənilməyəcəkdi. Məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Ərazi İdarələrinin X1 səhvlərini aradan qaldırmaq, başqa sözlə, islahatın subyektlərinə verilməli olan pay torpaq sahəsinin həcminə düzəliş etmək və əlavə torpaq ayırmaq səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsasları və qaydaları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. -20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. -22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon X1 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikasında torpaq islahatı müvafiq aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X7 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan Fərmanla X1 hüquqi varisi müəyyən edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi və yaxud onun sturukturuna daxil olan Ərazi İdarələri X1 hüquqi varisi kimi müəyyən edilməmişdir. Bu baxımdan həmin komissiyaların qərarlarının, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsi üzrə sözügedən qurum cavabdeh qismində çıxış edə bilməz. Qeyd olunan Fərmanla X1 hüquqi varisi müəyyən edilməsə də belə, X1 qərarlarından verilmiş şikayətlər üzrə mübahisələrə cavabdeh qismində yerli icra hakimiyyəti orqanları (RİH) cəlb edilməklə baxılması təcrübəsi formalaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(120)-3074/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-492/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-492/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver