Məhkəmə qərarları › İş №2-1(106)-494/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-494/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-494/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(120)-721/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X5 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 14 mart 2025-ci il tarixli, 2-1(120)- 721/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçının barəsində intizam icraatı aparan zaman qəbul edilmiş olduğu əmrin əsasını 28 sentyabr 2023-cü tarixdə Xocəvənd rayonu ərazisində çəkiliş edərək görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına, bununla da düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının ölkəmizə qarşı aktiv pozuculuq fəaliyətinin mümkünlüyünə şərait yaratması qeyd edilmişdir. Həmin çəklişin hansı vasitələrlə yayılması və ya hansı sosial şəbəkələrdə yayılması, düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının həmin çəkilişin əldə etməsinə şərait yaradan halların müəyyən olunması nə intizam icraatı materialları ilə nədə məhkəmə icraatı zamanı sübuta yetirilməmişdir. Dəfələrlə məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğular verilərək həmin videoçəkilişin yayılması hansı vasitələrlə, hansı sosial şəbəkə və ya kütləvi informasıya vasitələrində yayılmasına dair sübutlar tələb edilsə də, cavabdeh həmin sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının özü və cavabdeh inzibati orqan məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim etmiş video görüntüyə iddiaçının iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş, iddiaçının özünün, digər hərbi qulluqçuların kimiliyi müəyyən olunmamış, hər hansı hərbi texnika və ya hərbi birləşmələrin mövqeləri və s. öz əksini tapmamışdır. Sadəcə məhkəmə prosesində iddiaçı videogörüntüdə olan səsin ona məxsus olmasını bildirmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçının barəsində intizam icraatı aparılarkən onun hərbiçilərin şərəf məhkəməsinə təqdim edilməsinə dair sübutlar öz əksini tapmamışdır. İş materialları ilə sübuta yetirilir ki, əmrin qəbul edilməsinə əsas olan 25 saniyə müddətində aparılmış videoçəkiliş 28 sentyabr 2023-cü il tarixdə qeydə alınmışdır. Antiterror əməliyyatları 19 sentyabr 2023-cü il tarixdə başlamış 23 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də əldə olunan razılığa əsasən dayandırılmışdır. İddiaçı tərəfindən aparılması ehtimal olunan videoçəkiliş hərbi əməliyyatlar başa çatdıqdan müəyyən qədər vaxt (8 gün) keçdikdən sonra qeydə alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 14 may 2015-ci ildən 22 noyabr 2023-cü il tarixindək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 44 günlük Vətən Müharibəsinin iştirakçısı və veteranı, həmçinin 2023-cü ilin sentyabr ayında aparılmış antiterror tədbirlərinin iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidentinin müfaviq Sərəncamına əsasən “Fizulinin azad edilməsinə görə” medalı ilə və Baş Nazirin Qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. 29 sentyabr 2023-cü il tarixdə doğma torpaqların azad olunmasından sevinc hisslərini saxlaya bilməyib atababa yurdu olan Xocavənd şəhərində ona məxsus mobil telefondan 10 saniyəlik çəkiliş aparmışdır. Həmin çəkiliş başqa şəxs tərəfindən WhatsApp şəbəkəsində paylaşılıb. O, bunu onun icazəsi və xəbəri olmadan etmişdir. Bununla bağlı Müdafiə Nazirliyində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixində “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmsına dair X5 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmri imzalanmışdır. Həmin əmr barədə xx.xx.2023-cü il tarixində ona məlumat verilmişdir, lakin əmrin özünü ona təqdim etməyiblər və onu görməmişdir. Barəsində bu cür əmrin imzalanması ilə razı deyil. Çavuşların nalayiq hərəkətlərinə çavuşların şərəf məhkəmələrində baxıla bilər, lakin qaydaya riayət edilməmişdir. Azərbaycan Respublikası Silahlı X1 44-cü maddəsinə əsasən, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə çavuşların nalayiq hərəkətləri taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin çavuşlarının yığıncaqlarında müzakirə edilə bilər. İntizam Nizamnaməsinin 50-ci maddəsinə əsasən müddətdən artıq xidmət çavuşlarına: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) əlaçı döş nişanından məhrum etmə; öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq; d)aşağı vəzifəyə keçirmə; ə) hərbi rütbəsini bir pillə aşağı salma; c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. Qeyd edir ki, həmin çəkilişlə bağlı ona müvafiq komandirin əmrinə əsasən hər hansı intizam cəzası verilməmişdir. Əgər cavabdeh inzibati orqan araşdırma apararaq ona cəzalandırmaq qərarına gəlmişdisə, Nizamnamədə göstərilən ən ağır cəzalardan birini verə bilərdi. Lakin, göründüyü kimi, inzibati orqan araşdırma nəticəsində günahının sübuta yetiriləcəyi təqdirdə Nizamnamədə qeyd olunmuş hətta ən ağır cəzaları belə ona tətbiq etməyə cəhd etməyərək birbaşa, heç bir qanuni əsas olmadan ehtiyata buraxılmasına dair əmr imzalamışdır ki, bu da tam olaraq qanunsuz və əsassız bir haldır. Qeyd olunan çəkiliş başqa şəxs tərəfindən yayılmışdır. Həmin çəkilişdə yalnız azad olunmuş Xocavənd şəhəri əks olunmuşdur. Orada hər hansı hərbi texnika, silah növü, hərbi birləşmələrin fəaliyyətləri, mövqeləri və s. əks olunmur. Yəni, həmin 10 saniyəlik çəkiliş heç bir halda dövlətimizin müdafiə və təhükəsizliyinə hər hansı bir şəkildə xələl gətirməmişdir. Həmin çəkiliş 29 sentyabr 2023-cü il tarxində, yəni xx.xx.2023-cü il tarixli antiterror tədbirlərindən düz 10 (on) gün sonra aparılmışdır, həmin zaman hər hansı döyüş əməliyyatları və ya onlara hazlrlıq tədbirləri həyata keçirilməmişdir. “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 161-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılır. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Qeyd edir ki, ehtiyata buraxılma barədə onunla yalnız bir söhbət apılmış və həmin zaman “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılmasına öz etirazını bildirmişdir. Qeyd olunan çəkilişlə bağlı Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsində araşdırma aparılmış, o cümlədən ona məxsus mobil telefon tədqiq olunaraq hər hansı pozuntunun aşkar olunmaması qənaətinə gəlinmişdir. Bu barədə xidmət keçdiyi hərbi hissə komandanlığı Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi məktubla məlumatlandırılmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Ordusunun Baş Qərargah rəsinin dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyi sahəsini tənzimləyən hüquqi aktların tələblərinin dəfələrlə çatdırılması, həmçinin istənilən səbəbdən foto, video çəkilişlərinin qadağan edilməsinə dair iltizam vermələrinə, eləcə də bu məzmunda X5 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəsinin göstərişinə əsasən hərbi hissələrə N sentyabr 2023-cü il tarixli müvafiq telefonaqramalar göndərilməsinə baxmayaraq çavuş E.Ş.Şəmilzadə vəzifə borcunun icrasından yayınaraq 28 sentyabr 2023-cü tarixdə Xocəvənd rayonu ərazisində çəkiliş edərək həmin görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına, bununlada düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının ölkəmizə qarşı aktiv pozuculuq fəaliyətinin mümkünlüyünə şərait yaratmışdır. X5 müavini - Azərbaycan Ordusunun Baş Qəragah rəisinin 22 noyabr 2023-cü il tarixli müvafiq əmri ilə çavuş X3 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə də iddiaçı E.Ş.Şəmilzadə Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Ordusunun Baş Qəragah rəisinin dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyi sahəsini tənzimləyən hüquqi aktların tələblərinin dəfələrlə çatdırılması, həmçinin istənilən səbəbdən foto, video çəkilişlərinin qadağan edilməsinə dair iltizam vermələrinə, eləcə də bu məzmunda X5 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəsinin göstərişinə əsasən hərbi hissələrə N sentyabr 2023-cü il tarixli müvafiq telefonaqramalar göndərilməsinə baxmayaraq çavuş İddiaçı vəzifə borcunun icrasından yayınaraq 28 sentyabr 2023-cü tarixdə Xocəvənd rayonu ərazisində çəkiliş edərək həmin görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına, bununlada düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının ölkəmizə qarşı aktiv pozuculuq fəaliyətinin mümkünlüyünə şərait yaratdığına görə əmrin ləğvi və iddiaçının hərbi xidmətə bərpası üçün uyğun əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasının xahiş etmişdir. Şikayətin dəlilləri əsasən iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, çəkiliş aparsa da, yaymamışdır, həmçinin 2023-cü ildən sonra cavabdehlə yenidən 5 il müddətinə xidmət müqaviləsi bağlamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -X5 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli, 80 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -İ-69146 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 s nömrəli sərəncamı ilə “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. -İ-3521 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. -M/V 102560 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. -AA 240088 nömrəli vəsiqədən görünür ki, İddiaçı Xocavənd rayonundan məcburi köçkündür. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli “Antiterror əməliyyatı” zamanı sosial şəbəkə və internet resurslarının monitorinqi aparılarkən, sabiq hərbi qulluqçu İddiaçı həmin dövrdə işğaldan azad edilmiş ərazilərdə (Xocavənd rayonu) “Samsung Galaxy J6” (seriya nömrəsi RZ 8M135SK8P) markalı smart tipli mobil telefonla video çəkiliş aparmaqla paylaşması (əlavə olunur) təsbit edilmişdir ki, bu da öz növbəsində düşmən və ya xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən orduya aid kəşfiyyat xarakterli məlumatların (dislokasiya ərazisi, döyüş texnikaları və s.) əldə edilməsinə zəmin yaratmışdır. Həmçinin qeyd olunmalıdır ki, sözügedən hərbi qulluqçu Müdafiə nazirinin 06 aprel 2020-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların etik davranış qaydaları”nın 8.4-cü yarımbəndinin (Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı olmalı, orada ictimai müzakirələrdə iştirak etməməli, hərbi xidmət və xidmətlə bağlı sənədləri, xidməti fəaliyyəti və vəzifələri, habelə özü barədə, eləcə də dövlət sirri təşkil edən, xidməti istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Ordusunun qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatları paylaşmamalı, hərbi vəsiqəsinin, xidmət yerinin, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, özünün hərbi geyimdə olan və ya xidmət yerində çəkilmiş fotoşəkillərini yerləşdirməməli, digər hərbi qulluqçuları bu cür hərəkətlərdən çəkindirməlidir), habelə X5 müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09 aprel 2020-ci il tarixli “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması”, eləcə də 10 sentyabr 2021-ci il tarixli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarından istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi” haqqında müvafiq əmrlərin tələblərini pozmuşdur. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti X5 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli, 80 nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Cavabdehin mübahisələndirilən əmrinin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq sahə üzrə normalar təhlil edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Qeyd edilməlidir ki, hərbi qulluqçulara intizam cəzalarının verilmə qaydası Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Nizamnamənin:- -43. bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. -85. hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. -87. komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın: -2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstiitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdırlar. -3.1. Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətəninin müdafiəsi üçün şəxsi məsüliyyət daşımaqla onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, butun qüvvəsini səfərbər etməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə borcludurlar. -3.2. hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni çəklişin hansı vasitələrlə yayılması və ya hansı sosial şəbəkələrdə yayılması, düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının həmin çəkilişin əldə etməsinə şərait yaradan halların müəyyən olunmasının sübuta yetirilməməsi ilə əsaslandırsa da, nəzərə almamışdır ki, iddiaçı özü sözügedən çəkilişin onun tərəfindən aparıldığını inkar etmir. Digər tərəfdən həmin çəkilinin qarşı tərəfə ötürülməməsi və ya kəşfiyyat orqanları tərəfindən əldə edilməməsi iddiaçının xidmət zamanı tələb olunan qaydaları pozmamasına dəlalət etmir. İddiaçı tərəfindən aparılmış çəkilişin digər hərbiçi tərəfindən WhatsApp şəbəkəsində paylaşılması artıq həmin görüntünün iki şəxs arasında yayılması deməkdir ki, bu hal həmin görüntülərin daha böyük arealda yayılmaq ehtimalının olmasına işarədir. Göründüyü kimi cavabdeh tərəfindən Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 prinsiplərinə və digər normativ sənədlərin tələblərinə uyğun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası tələbin hərbi xidmətə bərpa olunma hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə sonuncu bağlaşma 2023-cü ilin iyul ayının 14-dək bağlanmışdır və bundan sonrakı tarixlərdə bağlaşmanın olması barədə sübut əldə etmək, iddiaçının növbəti xidmət müddətini müəyyən etmək mümkün olmamışdır. Lakin cavabdehin özünün xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının ehtiyyata buraxılması onun həmin tarixdə cavabdehlə xidmətihüquq münasibtələrinin mövcud olmasını və davam etməsini deməyə əsas verir. Digər təfərdən isə həmin münasibətlərin bitmə tarixi bəlli olmadığından, eyni zamanda ehtiyyata buraxılması barədə əmr qanuni hesab edildiyindən onun həmin hərbi hissədə xidmətə bərpa edilməsi üçün hüquqi əsas aradan qalxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(120)-721/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar