Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-495/2024 30.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı-tələbkar İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə. İddiaçı “xx.xx.2005-ci il tarixdə 01 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunması haqqında Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarını icra etməyən cavabdehin cərimə edilməsi haqqında Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, e-2-1(089)- 2604/2019 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ.İşin halları: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2604/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim X7) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “ona xx.xx.2005-ci il tarixdə 01 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(086)-2604/2019 nömrəli qərarı qanuni qüvvəsini aldıqdan sonra 10 fevral 2020-ci il tarixdə icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Qərar könüllü icra olunmadığına görə, tələbkar İddiaçı 10 mart 2020-ci il tarixli müraciətinə əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2604/2019 saylı, 10 mart 2020-ci il tarixli qərardadı ilə qərar məcburi icraya yönəldilmiş və qərarın icrası Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Salyan rayon icra və probasiya şöbəsində 20 mart 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətlərinə başlanılmışdır. Tələbkar İddiaçı növbəti dəfə 24 yanvar 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə şikayət ərizəsi yazaraq, barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsi xahiş edilmişdir. Həmin müraciətə əsasən 24 yanvar 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (surəti Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına) müraciət olunaraq, qeyd olunan məhkəmə qərarının dərhal icra olunması tələb olunmuş, məhkəmə qərarını icra etməyən cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120ci maddəsinə əsasən 50000 (əlli min) manat cərimə edilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 09 fevral 2022-ci il tarixli, **********9 məktubunda Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının 32644,80 manat fərq məbləği müəyyən edilərək ödənildiyini bildirmişdir. İddiaçı 11 noyabr 2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, iddiaçı barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2- 1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsini bir daha xahiş edilmişdir. 11 noyabr 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (surəti Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına) müraciət olunaraq, qeyd olunan məhkəmə qərarının dərhal icra olunması tələb olunmuş, məhkəmə qərarını icra etməyən cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən 50000 (əlli min) manat cərimə edilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı 03 aprel 2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi yazaraq, iddiaçı barəsində çıxarılmış Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2- 1(086)-2604/2019 nömrəli qərarının cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsini, əks halda həmin inzibati orqanın cərimə edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə əsasən 03 aprel 2023-cü il tarixdə təkrar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (surəti Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına) müraciət olunaraq, qeyd olunan məhkəmə qərarının dərhal icra olunması tələb olunmuş, məhkəmə qərarını icra etməyən cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən 50000 (əlli min) manat cərimə edilməsi barədə xəbərdarlıq edilmiş və ərizəyə baxılması 04 may 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 23 may 2023-cü il tarixli, 3-17-1/2-114787/2023 nömrəli eyni məzmunlu məktubunda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2- 1(086)-2604/2019 nömrəli qərarının 32644,80 manat fərq məbləği müəyyən edilərək ödənildiyini bildirmişdir. İl. Birinci instansiya məhkəməsində icraat: Məcburi icra tədbiri olaraq cərimənin tətbiqi məsələsinə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin rəyə əsasən xx.xx.2006-cı ildən xx.xx.2020-ci il tarixə qədər hesablanıb ödənilməli məbləğ 140321,92 manatdır. Ödənilmiş məbləğ çıxıldıqda, ödənilməmiş məbləğ 90832,37 manat təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadı ilə (hakim Şahəli Musayev) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X15 İnzibati Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarını icra etmədiyi üçün 2000 (iki min) manat cərimə edilmişdir. Borclu apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. İİİ. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-127/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər X8 (məruzəçi), X9 və X5) cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. İV. Kasassiya instansiya məhkəməsində icraat: Kasassiya instansiyasında işə baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmamış, kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-127/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmış və iş üzrə icraata xitam verilməsi hissəsində kassasiya şikayəti təmin olunmamışdır. Ali Məhkəmənin inzibati kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: -Cərimənin tətbiq edilmə əsası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)- 2604/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərarının icrası ilə bağlı olmuşdur. Həmin qərarın nəticə hissəsində məhkəmə iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2005-ci il tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. -Birinci instansiya məhkəməsi icra işi ilə bağlı ərizəyə baxarkən iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması qərarına gəlmişdir. Başqa sözlə məhkəmə iddia tələbini təmin edərkən iddia tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasını aparmış, ödəmə ilə bağlı məsələyə toxunmamışdır. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qəbul edilən sayıla bilməz. -Ödəmə hissəsi ilə əlaqədar olaraq isə məhkəmə kollegiyası bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. -“N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. -Konstitusiya Məhkəməsi Plenumunun qərarına və Ali Məhkəmənin İnzibati Kollegiyasının qərardadına müvafiq olaraq ötən dövr üzrə ödənişin həyata keçirilməsi ilə bağlı müraciətin hansı vaxtda edilməsindən, habelə pensiyanın ilk dəfə təyin edilməsindən və pensiyanın yenidən hesablanmasından asılı olaraq fərqli qayda müəyyən edilmişdir. Apellyasiya məhkəməsi Plenum qərarı və kollegiyanın qərardadının işığında mübahisəyə qiymət verməmişdir. -Məhkəmə qərarında pensiya məbləğinin (fərqinin) təyin edilməsi və ödənilməsi konkret olaraq göstərilməli, onun icrası zamanı bu hal xüsusi nəzərə alınmalı, icrası da onun məzmununa uyğun həyata keçirilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsinin qərardadında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2604/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərarının xx.xx.2006-cı il tarixdən icra edilməsi, yəni əmək pensiyasının həmin tarixdən iddiaçıya ödənilməsi əsaslandırılmamışdır. -Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışında bu xüsusata diqqət yetirilməli və məhz ödəmə müddətinin hansı tarixdən həyata keçirilməsi müəyyən edilməli, bundan sonra məhkəmə qərarının icra vəziyyəti müzakirə edilməlidir. -Ekspertizanın keçirilməsinə zərurət yoxdur. Çünki bu bir hüquqi məsələdir və ekspertiza tədqiqatının predmeti ola bilməz. V. Apellyasiya instansiya məhkəməsində yeni icraat: a) apellyasiya şikayətinin dəlilləri; Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən qərarın düzgün icra edilməməsi ilə əlaqədar yenidən məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş “X6” MMC-nin xx.xx.2023-cü il tarixli 91 nömrəli mühasibatlıq rəyində qeyd edilib ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il (ödənişin başladığı) tarixədək olan müddət ərzində əmək haqqına əsasən hesablanıb ödənilməli olan məbləğdən ödənilmiş məbləğlər çıxıldıqda hal-hazırda iddiaçıya ödənilməli olan məbləğ 90832,37 manat təşkil edir. Həmçinin rəydən görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmış, lakin xx.xx.2006-cı il tarixdən ödənilməli olan məbləğ tam ödənilməmiş, yəni qərar tam icra olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdə əlavə edilmiş 32.1-1-ci maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Sözügedən maddəyə xx.xx.2018-ci il tarixdə əlavə edilmiş 2-ci cümləyə əsasən həmin Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarında İddiaçı xx.xx.2005-ci tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004- 2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması göstərilsə də, fərq məbləğinin məhz həmin tarixdən hesablanaraq tam ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmamışdır. Yəni məhkəmə əmək pensiyasının hansı tarixdən və hansı qaydada yenidən hesablanmalı olmasını dəqiq ifadə etmiş, lakin keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi şərtlərini müəyyənləşdirməmişdir. Belə olan halda, keçmiş dövr üzrə fərq məbləğinin qanunvericiliyin məhkəmə qərarının qəbul olunduğu tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada hesablanaraq ödənilməsi tamamilə qanunauyğundur. Göstərilən əsaslara görə apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərardadının ləğv edilərək, icraata xitam verilməsi xahiş olunmuşdur. b)proses iştirakçılarının çıxışları: -Tələbkar İddiaçı nümayəndəsi X1 İnzibati Məhkəməsinin qərardadının qanunu olmasını, 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının icra olunmadığını, bu barədə dəfələrlə etmiş olduqları müraciətlərinin nəticəsiz qalmasını bildirdi və şikayətin təmin olunmamasını xahiş etdi. -Borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. c) maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin göstərilən maddələrində qeyd olunmuşdur:
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
87. Apellyasiya instansiyası məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Maddə 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarı: -25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. -26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. -27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. -28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
ç) Apellyasiya instansiya məhkəməsinin yeni baxışı üzrə mövqeyi: Birinci instansiya məhkəməsinin qənaətinə görə, cavabdeh bütün xəbərdarlıqlara baxmayaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)- 2604/2019 nömrəli qərarını icra etmir, həmin qərar üzrə xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 140321,92 manat ödənilməli məbləği 36 aya bölməklə ödəməli olduğu halda məhkəmə qərarını öz mülahizəsinə uyğun təfsir edərək 2018, 2019, 2020-ci illər üzrə hesablayaraq ödəniş etmiş, məhkəmənin 32644,80 manat fərq məbləğinin hansı illər və aylar üzrə hesablanmasının açıqlaması barədə sorğulara cavab verməmiş, həmçinin 90832,37 manat ödənilməli məbləğ qaldığı halda məhkəməyə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının icra olunması barədə yalan məlumat vermişdir. İcra ilə əlaqədar xəbərdarlıqlar olunaraq müəyyən olunmuş müddət verilməsinə baxmayaraq cavabdeh yenə də məhkəmə qərarını icra etməmiş, qərarın icra olunmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, şikayət mümkün və əsaslıdır, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Məhkəmə kollegiyası gəlmiş olduğu hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuş, sanki işə mahiyyəti üzrə yenidən baxılmış, işdə olan sənədlər bir daha tədqiq edilmiş, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Halbuki inzibati icraat üzrə işlərdə məhkəmə qərarlarının icrasına nəzarətin prosessual əsasları İPM-nin 116-121-ci maddələri ilə konkret müəyyən olunmuşdur. Yəni birinci instansiya məhkəməsi hazırkı işə münasibətdə yalnız icra vərəqinin icra edilməməsinə görə İPM-nin 120-ci maddəsinə uyğun olaraq hərəkət etməli idi. -İşin hallarından görünür ki, ərizəçi İddiaçı 03 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəmənin 26 dekabr 2019-cu il tarixli, 2-1(086)- 2604/2019 nömrəli qərarı ilə xx.xx.2005-ci il tarixdə 01 nömrəli siyahı üzrə 45 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh üzərinə qoyulmasını, qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilməsini, lakin uzun müddət keçməsinə baxmayaraq, qərarın cavabdeh tərəfindən tam icra olunmadığını bildirmiş, məhkəmədən qərarın icrasının təmin edilməsini, əks halda həmin inzibati orqanın cərimə edilməsini xahiş etmişdir. -Ərizəyə baxılaraq, qərarın icra edilməsi üçün borcluya müddət təyin edilmiş və cərimə olunacağı barədə xəbərdarlıqlar edilmişdir. Lakin xəbərdarlıqdan sonra da həmin qərar icra edilməmişdir. Cavabdeh məhkəmənin xəbərdarlıq bildirişinə cavab olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 906,80 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırıldığını qeyd etmiş, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarında İddiaçı xx.xx.2005-ci tarixdə 1 nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması göstərilsə də, fərq məbləğinin məhz həmin tarixdən hesablanaraq tam ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmamısını bildirmişdir. -Göründüyü kimi, cavabdeh-borclu tərəf qərar üzrə fərq məbləğinin 01 yanvar 2006-cı tarixdən hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmaması halını mübahisələndirir. Bununla bağlı Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, “Məhkəmə iddia tələbini təmin edərkən iddia tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasını aparmış, ödəmə ilə bağlı məsələyə toxunmamışdır. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qəbul edilən sayıla bilməz.” -Həqiqətən də qeyd olunan məhkəmə qərarında pensiya ödənişinin məhz cavabdeh tərəfin apellyasiya şikayətində göstərildiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun, yəni məhkəmə qərarının qəbul olunduğu dövrdə qüvvədə olan qanunvericiliyə uyğun müraciət edildiyi tarixdən əvvəlki 3 (üç) il üçün ödənilməsi barədə hər hansı bir əsaslandırma aparılmamış, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad etməmişdir. -«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. -Bundan başqa “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. -Nəzərə alınmalıdır ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(086)-2604/2019 nömrəli qərarı qəbul edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarı qəbul edilməməsi səbəbi ilə həmin qərar və qərardadlara istinad olunması hüquqi cəhətdən mümkün deyildi, lakin eyni zamanda mübahisəni tənzimləyən və işə baxılan vaxt qüvvədə olan maddi normanın tələblərinin nəzərə alınmaması da yolverilməz hesab olunmalıdır. Bu baxımdan yaranmış mübahisəli hala Ali Məhkəmənin hazırkı mövqeyi nəzərə alınmaqla qiymət verilməlidir. -Ali Məhkəmənin mövqeyindən aşkar görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarının tam icra olunması ilə bağlı qeyd mövcud deyil. Daha aydın ifadə olunarsa, mövqedən bu nəticə əldə olunur ki, qeyd edilən qərarın tam icra olunmaması ilə bağlı mübahisəli hal mövcuddur və həmin məsələ həll olunmalıdır. -Azərbaycan Respublikası MPM-in 230.1.-ci maddəsinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qeyd olunan prosessual əsasın hüquqi mahiyyəti faktiki olaraq qərarı qəbul etmiş hakimin üzərinə onun icarına nəzarət etmə mexanizmini bir daha gücləndirmə, qərarın səmərəli icrasını təmin etmək məqsədi daşıyır. -İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Göstərilənlər bu nəticəyə gəlməyə əsas verir ki, qərarın icrası ilə bağlı mübahisə yaradan əsaslar məhkəmə qərarının əsaslandırıcı və nəticə hissəsində yuxarıda nəzərdə tutulmuş hallar nəzərə alınmaqla göstərilməmişdir. Həmin hallar hal-hazırda qeyrimüəyyənlik yaratmışdır. Belə ki, mahiyyət etibarı ilə iddiaçının arzu etdiyi qərar, 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması və ödənilməsi olmuşdur. Çünki qərarın icrası ilə bağlı pensiyanın yenidən hesablanıb, fərq məbləğinin vətəndaşa ödənilməməsi də iddianın və qərarın hüquqi məqsədlərinə tam ziddir. Təbii ki, pensiya yenidən hesablanıbsa, həmin məbləğ hər bir halda tələbkara ödənilməlidir və inzibati kollegiyanın qənaətinə görə, bu ödənişi həyata keçirmək qərarda göstərilməsindən daha çox, qanundan irəli gələn öhdəlikdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun əsas məqsədi inzibati oraqlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Əks yanaşma formal tələblərdən sui-istifadə kimi qiymətləndirilməlidir. Bu baxımdan xx.xx.2019-cu il tarixli qərarın halhazırdək 5 ilə yaxın müddətə tam icra olunmaması qəbul edilən hal sayıla bilməz. Mübahisəli halın aradan qaldırılması üçün, inzibati orqan olaraq cavabdeh hüquqi yardım prinsipinə əsasən qərara izah verilməsi barədə məhkəməyə müraciət etməklə, yaxud digər hüquqi yardım vasitələrindən istifadə etməklə qərarın icrasını tam təmin edə bilərdi. -Kollegiya hesab edir ki, hər bir halda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2ci maddəsinin tələblərinə müvafiq olaraq müraciət edilən tarix müəyyən edilməli və müəyyən edilmiş tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmə nəzərə alınmalı, bundan sonra cavabdeh tərəfin qərarının icrasını tam və ya qismən icra etməsi müəyyən olunmaqla icra vəziyyətinə nəzarət tamamlanmalıdır. Qeyd olunan qeyri-müəyyənlik və Ali Məhkəmənin mövqeyi üzrə həll edilməli məsələlər inzibati kollegiyanın qənaətinə görə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2604/2019 nömrəli qərarına müvafiq izah verilməklə aradan qaldırıla bilər. Müraciətlə əlaqədar birinci instansiya məhkəməsi İddiaçı müraciətlərinə hüquqi qiymət verərkən ötən dövr üzrə ödənişin həyata keçirilməsi ilə bağlı müraciətin hansı vaxtda edilməsini və ödəmə müddətinin hansı tarixdən həyata keçirilməsi müəyyən etməli, pensiya məbləğinin (fərqinin) təyin edilməsi və ödənilməsi konkret olaraq göstərilməli, onun icrası zamanı bu hal xüsusi nəzərə alınmalı, bundan sonra məhkəmə qərarının icra vəziyyəti müzakirə edilməlidir. -Kollegiya apellyasiya şikayətinin “iş üzrə icraata xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin müraciətin əsasları işin halları ilə müəyyən olunmur və bununla bağlı cavabdehin istinad etdiyi xüsusatlar yuxarıda göstərilən əsaslarla təkzib olunur, odur ki, həmin hissədə apellyasiya şikayəti təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, icraata xitam verilməsi hissədə apellyasiya şikayəti təmin olunmamılıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(086)-2604/2019 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti icraata xitam verilməsi hissədə təmin olunmasın. Qərardad rəsmi qaydada verildiyi tarixdən sonra 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.