Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-495/2025 10.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-785/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli 2030 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı olan xəstəlik ilə bağlı “Sağ pəncənin 1, 2, 3-cü barmaqlarının falanqalarının daraq sümüyü səviyyəsində eksartikulyasiyası (xx.xx.1994). 1, 2, 3, 4-cü barmaqların donvurmadan sonrakı vəziyyət” diaqnoz qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmiş, o, sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçıya ilkin olaraq xx.xx.1995-aprel 1996, təkrar olaraq 2.04.1996-may 1997, 1.04.1997-may 1998, xx.xx.1998-may 1999, 1999-2000, 2000-2001, 2001-2002, 2002- 2003, 2003-2004, 2004-2005-ci illər üzrə səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı olmaqla ikinci dərəcəli; xx.xx.2005-ci il tarixdən isə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2005-ci il tarixli qərarından görünür ki, iddiaçıya qeyd edilən tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilərkən diaqnozu “Sağ ayağın ll-lll-İV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-İİ-İİİ barmaqlarının daraq-falanqa oynağı səviyyəsində ekzartikulyasiyası, yerişin çətinləşməsi. Astenonevrotik sindrom” olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-88 göndəriş olmadan xx.xx.2022-ci il tarixdə iddiaçının əlilliyi əyani müayinə nəticəsində yenidən qiymətləndirilmiş, diaqnoz: “Sağ ayağın ll-lll-İV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-İİ-İİİ barmaqlarının daraq-falanqa oynağı səviyyəsində ekzartikulyasiyası. Astenonevrotik sindrom” qeyd edilmiş, əlilliyin təyin edilməsindən imtina edilmiş, səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-88 göndəriş əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının elektron qaydada əlilliyi “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, hər iki aşıqbaldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ ayağın İ daraq sümüyünün orta 1/3 səviyyəsindən amputasiyası, İİ, İİİ barmaqların ekzoartikulyasiya cərrahi müdaxiləsindən sonrakı vəziyyət (Hər iki aşıq-baldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması ilə əlaqədar). Axım bifazik-trifazik.” diaqnozu əsasında yenidən qiymətləndirilmiş, sonda əlilliyin təyin edilməsindən imtina edilmiş, səbəb: “Daqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmiş; xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi nəticəsində də diaqnoz əlillik əlaməti təyin etmir barədə 9 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-88 göndəriş əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının elektron qaydada əlilliyi “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, hər iki aşıqbaldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Hipertrofik çapıq, sağ ayaq 1, 2, 3-cü barmaqların amputasion və ekzartikulyasion güdüllərdə hipertrofik dartıcı çapıqlar. diaqnozu əsasında yenidən qiymətləndirilmiş, sonda əlilliyin təyin edilməsindən imtina edilmiş, səbəb: “Daqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmiş; xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi nəticəsində də diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli T 475/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, “...Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin, İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Akad. M.A.Topçubaşov adına X5 müayinəyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Mərkəzdə aparılmış müayinələrə əsasən “İ73.1-Obliterasiya edən trombangit, hər iki aşağı ətrafda baldır arteriyalarının stenooklyuziyası. Sağ ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdülü. Hər iki aşağı ətrafda İİ-İİİ dərəcəli xroniki işemiyası; R26.2-Sağ aşıq-daban oynağının kontrakturası. Yerimə funksiyasının pozulması.” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ilin oktyabr ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq hərbi hissəyə göndərilmişdir. Bir müddət Sumqayıtda, Bakıda, Giləzidə xidmət keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin yanvar ayının 19-u Kəlbəcər bölgəsində düşmənlə döyüş zamanı kəlləbeyin travması, kontuziya almış və qarın həddən artıq çox yağmasına görə ayaqlarını İİİ, İV dərəcəli don vurmuşdur. Bundan sonra döyüş nöqtəsindən çıxarılmış və əvvəlcə həmin əraziyə yaxın olan Toğana kəndində, sonra isə Gəncə şəhərində yerləşən 230 saylı hərbi hospitalda ilkin yardım göstərilmişdir. Bir müddət Gəncə şəhərində hospitalda stasionar müalicə olunmuş, lakin ayaqları get-gedə qaraldığı üçün Bakı şəhərindəki Məlikov adına 6 saylı xəstəxanaya təxliyə edilmişdir. Bakıda ayaqları bir müddət müalicə edildikdən sonra sağ ayaq barmaqları amputasiya edilmişdir. Beləliklə, həm ayaqlarına, həm də başına müalicələr başlanmış və təqribən 13 ay davam etmişdir. 1995-ci ilin mart ayında ordudan tərxis olunmuş və ona İİ dərəcəli Qarabağ müharibəsi əlilliyi təyin edilmişdir. Hər il 1 dəfə həkim-ekspert komissiyasının yoxlanışından keçməklə 10 ildən sonra ayağında olan amputasiya və astenonevrotik sindrom diaqnozu səbəbindən yerişində çətinlik çəkdiyi üçün 10 mart 2005-ci ildə əmək qabiliyyətsiz olması müəyyən edilməklə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin ildən başlayaraq mütəmadi olaraq dövlət tərəfindən təmin olunan reabilitasiya vasitələrindən (ortopedik ayaqqabı, əsa, əl ağacı, dirsəkaltı, bel bandajı, avtomobil və s.) və müalicələrdən istifadə edilmişdir. 2022-ci ilin oktyabr ayında ortopedik ayaqqabı və əsa götürmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspert Komissiyasına müraciət edilmişdir. Lakin onu əsa və ortopedik ayaqqabı ilə təmin etmək əvəzinə əlillik dərəcəsini dayandırmışlar. Bundan təqribən 1 ay sonra, yəni 2022-ci ilin noyabr ayında xəbər tutmuş və həmin vaxtdan etibarən aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət edərək bildirmişdir ki, 2005-ci ildən müddətsiz İİ dərəcəli əlilldir, komissiyanın yoxlanışına cəlb edilə bilməz və bunun üçün müraciət etməmiş, sadəcə ortopedik ayaqqabı və əsa götürmək üçün müraciət etmişdir. Müraciətləri müsbət həll edilmədiyindən yenidən sənədləri əlillik alt sisteminə həkim vasitəsilə göndərilmişdir, lakin Dövlət Tibbi-Sosial Ekspert Komissiyası 2 dəfə, sonuncu dəfə isə 11 noyabr 2023-cü il tarixli qərarla guya “diaqnoz əlillik əlaməti təyin etmir” bəhanəsi ilə əlilliyinin bərpasından imtina etmişdir. Son vaxtlar artıq psixi problemləri də yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 16 oktyabr 2023-cü il tarixli 2023 nömrəli rəyi də vardır və ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu F.07.0 diaqnozu qoyulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, hər iki aşıq-baldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Hipertrofik çapıq, sağ ayaq 1, 2, 3-cü barmaqların amputasion və ekzartikulyasion güdüllərdə hipertrofik dartıcı çapıqlar Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı (FİN:OTSWGOZ) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********4). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli G00088394NİN nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 2030 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ pəncənin 1, 2, 3-cü barmaqlarının falanqalarının daraq sümüyü səviyyəsində eksartikulyasiyası (xx.xx.1994) 1, 2, 3, 4-cü barmaqların donvurmadan sonrakı vəziyyət diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yerişin pozulmasından şikayətlənərək sağ aşağı ətrafının protezləşməsini tələb etmişdir. Müayinə zamanı sağ pəncənin İ, İİ, İİİ barmaqlarının ekzartikulvasiyası müşahidə edilmiş, aşağı ətraflarında tük örtüyü saxlanılmış, trofiki pozğunluq qeyd edilməmişdir.” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, növbəti dəfə iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda keyləşmə və qıcolmalardan şikayətlənmişdir. Anamnezində dirsək nahiyəsindən travma aldığını, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edərkən don vurduğunu bildirmişdir. Baxış zamanı sağ ayağın İ, İİ, İİİ barmaqları amputasiya olunma vəziyyəti izlənmiş, hər iki ayaqarxası və topuqda dolğun nəbz hiss edilmişdir. Nevroloji müayinə zamanı sağ yuxarı ətrafın İV, V barmaqlarında hərəki məhdudluq, əlin qısa əzələlərinin atrofiyası müəyyən edilmiş, əlillik təyinatına əsas verməmişdir.” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, əsəbilik, başağrıları, yuxusuzluq, yaddaşsızlıq, aşağı ətraflarında qıcanma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, adətən gecə saat 3-4 radələrində ağ paltarlı adamların gözünə göründüyünü bildirmiş, medikamentoz preparatlardan “Aktovegin”, “Depakin” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ aşağı ətrafın İ, İİ, lll barmaqlarının ekzartikulyasiyası izlənilmiş, hər iki topuq və sol ayaqarxası nahiyədə nəbz kafi, sağ ayaqarxası nahiyədə isə nəbz zəif izlənilmiş, sağ dirsək oynağında 160 dərəcəyə qədər açma funksiyasını göstərmişdir. Nevroloji baxış zamanı yuxarı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış, əlin qısa əzələləri atrofik izlənilmişdir. Vətəndaşın klinik əlamətləri sağ dirsək sinirinin neyropatiyası kimi dəyərləndirilmişdir. Psixi statusunda ünsiyyət zamanı müfəssəllik nəzərə çarpmış, yuxu pozuntularından şikayətlənmişdir. Demonstrativ davranışları aktual, ön planda olmuş, mövzudan yayınmış, kliniki əhəmiyyətli sualların heç birinə cavab verə bilməmiş, psixiatrik müraciətləri əsaslandıra bilməmişdir. Parsial yaddaş itkilərindən bəhs etmiş, lakin bunu təsdiqləyən baş-beynin instrumental müayinə nəticəsində (MRT) amigdala, hippokamp zədələnmələr izlənilməmişdir. Vətəndaşın klinik əlamətləri şəxsiyyət üzvi mənşəli isterik tip inkişafı, demonstrativlik, patoloji müfəssəllik kimi dəyərləndirilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Sağ bazu sümüyünün medial epikondilusunun və başlığının bitişmiş sınığı, sağ dirsək oynağının İİİ dərəcəli artrozu, açıcı-bükücü kontrakturası (aşma 145° bükmə 75°). Sağ əl barmaqlarının yarımbükülmüş vəziyyətdə qalması, tam bükülməməsi, açıcı-bükücü kontrakturası, sağ əlin tutma funksiyasının pozulması, sağ pəncənin İ daraq sümüklərinin orta 1/3-i səviyyəsinin, İİ-İİİ barmaqların ekzartikulyasiyasından sonra amputasiya güdülləri, sağ aşıq-baldır oynağının İİİ dərəcəli artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 100° bükmə 90°) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim olunmuş xx.xx.2023- cü il tarixli EMQ müayinəsinin nəticəsi “Bu göstəricilər sağ yuxarı ətrafda Ulnar sinirinin tam aksonal zədələnməsi. Median sinirin irəli dərəcədə Sensori-Motor Neyropatiyası ilə uyumlu olaraq dəyərləndirilir kimi qeyd olunmuşdur. 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli tibbi rəyində diaqnoz “Obliterasiyaedici trombangit. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenoklyuziyası. Aşağı ətrafların İİ-İİİ dərəcə xroniki işemiyası. Sağ ayağın İ-İİ-İİİ barmaqların amputasion güdülü. Sağ aşıqdaban oynağının kontrakturası. Yeriş funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli reabilitasiya kartasından çıxarışda diaqnoz “Sağ ayağın ll-lll-İV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-İİ-İİİ barmaqlarının daraq-falanqa oynağı səviyyəsində ekzartikulyasiyası. Astenonevrotik sindrom” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1701 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli kranial MRT müayinəsinin nəticəsi “Hər iki serebral hemisfer fronto-parietal paylarda tək-tək mm-lik qeyri-spesifik ocaq. Sinusit əlamətləri” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu. 1, 2, 3 barmaq amputasiyalı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-785/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan xx.xx.2023-cü il tarixdə xəbər tutmuş və 30 günlük şikayət vermə müddətini ötürərək xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının Forma 88-də qeyd edilən və ona məxsus olan ***-***-**-** nömrəsinə Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdə sms məlumatlandırma göndərilmişdir. Həmin sübut birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, işin bu halı nəzərə alınmayaraq, iddianın mümkün olması barədə səhv qənaətə gəlinmişdir. Bundan başqa, işə mahiyyəti üzrə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə etiraz: İddiaçının apellyasiya şikayətinə qarşı etirazının dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2025-ci il tarixli 2- 1(106)-495/2025-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi və xx.xx.2005-ci il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlilliyinin xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi”nə dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2025-ci il tarixli 2- 1(106)-495/2025-ci il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlarını mübahisələndirmək üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddət üzürlü hesab edilərək, bərpa edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)- 785/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-785/2025 saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması təsdiqini tapmır, o cümlədən iddiaçının xəstəliyi ilə bağlı diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə kollegiya apellyasiya şikayətinin müddətlə - iddiaçının xx.xx.2023-cü il tarixli qərardan xx.xx.2023-cü il tarixdə xəbərdar olmasına və 30 günlük şikayət vermə müddətini ötürərək xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı mümkünlük məsələsinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsasında elektron qaydada aparılmış qiymətləndirilmə nəticəsində xx.xx.2023-cü il tarixli əlilliyin təyinindən imtina edilmiş (diaqnoz əlillik təyin etmir), iddiaçıya həmin qərar barəsində telefon (SMS) vasitəsi ilə 4.12.2023-cü ildə məlumat verilmiş, lakin hüquqi müdafiə vasitələri izah edilməmişdir. İddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinə həyata keçirilmiş, diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 noyabr 2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. Belə bir vəziyyətdə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlili olan müddətlə bağlı iddianın mümkünlüyü məsələsi ödənilmiş hesab edilməlidir. xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlara münasibətdə (müddətlə bağlı) kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixli qiymətləndirmə qərarının iddiaçıya təqdim edilməsi (SMS vasitəsi ilə olsada) barədə cavabdeh orqan məhkəməyə heç bir sübut təqdim etməmiş, o cümlədən əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərardan şikayətə əsasən 03 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir; iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə də əyani müayinə həyata keçirilmiş, diaqnoz əlillik əlaməti təyin etmir barədə 9 iyun 2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. xx.xx.2023-cü il tarixli elektron qaydada qiymətləndirmə qərarı barəsində iddiaçıya xx.xx.2023-cü il tarixdə telefon (SMS) vasitəsi ilə məlumat verilmiş, lakin hüquqi müdafiə vasitələri izah edilməmişdir. İddiaçının müraciəti əsasında 20 noyabr 2023-cü il tarixdə əyani müayinə həyata keçirilmiş, diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 noyabr 2023cü il tarixli qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. Göstərilən səbəblərdən xx.xx.2025-ci il tarixli 2-1(106)-495/2025 saylı qərardad ilə xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarları mübahisələndirmək üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddət üzürlü hesab edilərək, müddət bərpa edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.1995-aprel 1996, təkrar olaraq 2.04.1996-may 1997, 1.04.1997-may 1998, xx.xx.1998-may 1999, 1999-2000, 2000-2001, 2001-2002, 2002-2003, 2003-2004, 2004- 2005-ci illər üzrə səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı olmaqla ikinci dərəcəli; xx.xx.2005-ci il tarixdən isə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, bu zaman “Sağ ayağın ll-lll-İV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-İİ-İİİ barmaqlarının daraq-falanqa oynağı səviyyəsində ekzartikulyasiyası, yerişin çətinləşməsi. Astenonevrotik sindrom” olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-88 göndəriş olmadan xx.xx.2022-ci il tarixdə iddiaçının əlilliyi əyani müayinə nəticəsində yenidən qiymətləndirilmiş, diaqnoz: “Sağ ayağın ll-lll-İV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-İİ-İİİ barmaqlarının daraq-falanqa oynağı səviyyəsində ekzartikulvasivası. Astenonevrotik sindrom” qeyd edilmiş, əlilliyin təyin edilməsindən imtima edilmiş, səbəb: “Daqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-88 göndəriş əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının elektron qaydada əlilliyi “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, hər iki aşıqbaldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ ayağın İ daraq sümüyünün orta 1/3 səviyyəsindən amputasiyası, İİ, İİİ barmaqların ekzoartikulyasiya cərrahi müdaxiləsindən sonrakı vəziyyət (Hər iki aşıq-baldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması ilə əlaqədar). Axım bifazik-trifazik.” diaqnozu əsasında yenidən qiymətləndirilmiş, sonda əlilliyin təyin edilməsindən imtina edilmiş, səbəb: “Daqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmiş; xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi nəticəsində də diaqnoz əlillik əlaməti təyin etmir barədə 9 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-88 göndəriş əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının elektron qaydada əlilliyi “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, hər iki aşıqbaldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Hipertrofik çapıq, sağ ayaq 1, 2, 3-cü barmaqların amputasion və ekzartikulyasion güdüllərdə hipertrofik dartıcı çapıqlar. diaqnozu əsasında yenidən qiymətləndirilmiş, sonda əlilliyin təyin edilməsindən imtina edilmiş, səbəb: “Daqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmiş; xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi nəticəsində də diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli T 475/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, “...Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin, İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Akad. M.A.Topçubaşov adına X5 müayinəyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Mərkəzdə aparılmış müayinələrə əsasən “İ73.1-Obliterasiya edən trombangit, hər iki aşağı ətrafda baldır arteriyalarının stenooklyuziyası. Sağ ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdülü. Hər iki aşağı ətrafda İİ-İİİ dərəcəli xroniki işemiyası; R26.2-Sağ aşıq-daban oynağının kontrakturası. Yerimə funksiyasının pozulması.” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir.” Kollegiya qeyd edir ki, müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü qiymətləndirilərkən ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Baxılan iş üzrə kollegiya qeyd edir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarı ləğv etmişdir. Belə ki, cavabdeh şəxsin xəstəliyinin əlillik təyinatına əsas verməməsi qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarını ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt (birgə) ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının əlilik ilə bağlı sənədləri illərlədir ki, cavadeh orqandadır. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarın ləğv edilməsinə əsas ola biləcək hər hansı bir əsas olmadan, ortopedik ayaqqabı və əsa ilə təmin edilməsi üçün müraciət etmiş şəxsi tibbi göndəriş olmadan xx.xx.2022-ci ildə əyani müayinəyə cəlb etmiş və nəticədə şəxsin müddətsiz əlilliyini diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə ləğv etmişdir. Qanunvericilk inzibati orqanın qanunsuz əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün ilk növbədə qanunla müəyyən edilmiş əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Yoxsa, heç bir əsas olmadan, şəxsin hər hansı səbəbdən bir məsələ ilə bağlı cavabdehə müraciət etməsi, inzibati orqan tərəfindən icraatın təzələnməsi, şəxsin əyani müayinəyə cəlb edilməsi üçün əsas ola bilməz. Bunun əksi o anlama gələr ki, cavabdeh orqan əlilliyi olan şəxsi istədiyi vaxt əyani müayinəyə cəlb edə bilər. Bu isə inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə ziddir. Məhkəmə tərəfindən qeyd edilən məsələnin aydınlaşdırılması məqsədi ilə göndərilmiş sorğuya cavabdeh orqan xx.xx.2025-ci il tarixli yazılı məlumatında bildirmişdir ki, iddiaçının inzibati orqana müraciəti əsasında əyani müayinə həyata keçirilmişdir. Lakin belə bir müraciət ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı isə iddia ərizəsində cavabdeh orqana ortopedik ayaqqabı və əsa ilə təmin edilməsi üçün müraciət etməsini göstərmiş, həmçinin məhkəmə iclasında vəkili əgər həqiqətən də təyin edilmiş əlillik qərarı (xx.xx.2005) narazılıq doğursaydı hazırda olduğu kimi keçən bu 17 il müddətdə bununla bağlı məhkəməyə müraciət edilə bilməsini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının ortopedik ayaqqabı və əsa ilə təmin edilməsi üçün cavabdeh orqana müraciət etməsi hazırki işdə olduğu kimi inzibati icraatın təzələnməsi və inzibati aktın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.2-ci bəndində “Budçanaq nahiyəsi və budun toxumalarının, diz və baldır nahiyəsinin, aşıq-baldır oynağı nahiyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması-T34.6-T34.8” kod ilə göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli T 475/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, “...Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin, İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Akad. M.A.Topçubaşov adına X5 müayinəyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Mərkəzdə aparılmış müayinələrə əsasən “İ73.1-Obliterasiya edən trombangit, hər iki aşağı ətrafda baldır arteriyalarının stenooklyuziyası. Sağ ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdülü. Hər iki aşağı ətrafda İİ-İİİ dərəcəli xroniki işemiyası; R26.2-Sağ aşıq-daban oynağının kontrakturası. Yerimə funksiyasının pozulması.” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir.” Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının tələblərinə riayət etmədiyindən iddianın təmin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-785/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. İddiaçıya xx.xx.2005-ci il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-495/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-495/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver