Məhkəmə qərarları › İş №2-1(106)-496/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-496/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-496/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, İddiaçı kiçik müəssisəsinin nümayəndəsi X6 və vəkili Vəkil, üçüncü şəxs X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-98/2024 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı kiçik müəssisəsinin Cavabdehnə qarşı sərancamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı kiçik müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim S.Həsənov) 11 mart 2020-ci il tarixli, 2-1(120)- 34/2020 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamı Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə ayrılmış 50,0 ha torpaq sahəsi ilə üst-üstə düşən 3,45 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri Şirvan Apelyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(106)-11/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(120)-34/2020 nömrəli qərarı ləğv edilmiş, iddianın təmin edilməməsi, 150 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı kiçik müəssisəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 120,82 manat İddiaçı kiçik müəssisəsindən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2-1(102)-1241/2021 saylı qərarı ilə qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(106)-11/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2- 1(106)-449/2021 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(120)-34/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş materialları baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 iyun 2024-cü il tarixli, 2-1(120)- 98/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərəncamının X11 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10,1 ha hissəsinin 3,88 hektar torpaq sahəsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 150 (bir yüz əlli) manat ekspertiza xərcinin İddiaçı kiçik müəssisəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3, ********** X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ümumən onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahələrinin hissəvi üst-üstə düşməsi faktının mövcudluğu, İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icaryə verilmiş, naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsinin əvvəl icarəsində olmuş 50,0 ha torpaq sahəsinin daxilində yerləşməsi, qeyd olunan 50,0 ha torpaq sahəsinin sərhədlərinin ekspert və mütəxəssis rəylərinə əsasən müəyyənləşdirilməsi, ekspert və mütəxəssis rəylərinə əsasən üçüncü şəxsin icarəsində olan 10,1 ha torpaq sahəsinin bir hissəsinin (3,45 ha və 3,88 ha) məhz iddiaçının icarəsində olmuş 50,0 ha torpaq sahəsinin daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi, habelə iş materiallarına əsasən X7 icarəsində olan 10,1 ha torpaq sahəsinin 4 hektar hissəsinin İddiaçı kiçik müəssisəsinin təsisçilərindən biri-X8 tərəfindən tutulduğunu iddia etməsi məhkəmənin belə qənaətə gəlməsinə əsas verir ki, ilkin hüquqmüəyyənedici sənəd olan Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən X11 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10,1 ha hissəsinin sonuncu ekspert rəyinə əsasən 3,88 hektarı məhz İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icaryə verilmiş, iddiaçının 30 ilə yaxın müddət ərzində naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qərardan üçüncü şəxs X12 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ona Cəlilabad rayon Şərəfxanlı kəndində 10,1 ha torpaq sahəsi Cəlilabad Rayonu İcra Hakimiyyəti tərəfindən 08 sentyabr 2017-ci il tarixli sərəncamla icarəyə verilmiş və o, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsindən 27 oktyabr 2017-ci il tarixdə çıxarış alaraq dövlət qeydiyyatından keçirmişdır. Elçin Babayev hazırda iddia edir ki, guya onun mülkiyyətində olan həmin torpaq sahəsinin 4 hektarını zəbt etmiş və həmin torpaqdan çıxarılmalıdır. X15 iddia etdiyi torpaq sahəsi ona məxsus deyildir. Belə ki, Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı və Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqaviləsi əsasında İddiaçı kiçik müəssisəsinin istifadəsinə 20 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi Elçin Babayevdən öncə, yəni Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı və Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqaviləsi əsasında İddiaçı kiçik müəssisəsinin istifadəsinə həmin 20 ha torpaq sahəsi verilmişdir. Elçin Babayevə isə həmin torpaq sahəsi 2017-ci il tarixdə İcra Hakimiyyəti Başçısının sərancamı ilə verilmişdir. Buradan da göründüyü kimi torpaq ilkin olaraq İddiaçı kiçik müəssisəsinə verilmişdir. Elçin Babayevin iddia etdiyi torpağın İddiaçı kiçik müəssisəsinin mülkiyyətində olması barədə icra hakimiyyətinin sərancamı ilə yanaşı, təhkim aktı, torpağın sxematik xəritəsi də mövcuddur. Aydın olduğu kimi Cavabdeh mübahisəli torpağı İddiaçı kiçik müəssisəsinə 25 illik müddətə icarəyə verməsinə baxmayaraq 2017-ci il tarixdə isə həmin torpağı Elçin Babayevə icarəyə vermiş və Elçin Babayev də öz növbəsində həmin torpağa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsindən çıxarış almışdır. Hesab edir ki, Cəlilabad rayon İHB-nın 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərəncamı qanunsuz olduğu üçün ləğv edilməlidir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Cəlilabad rayon Bayxanlı kənd sakini X12 04 iyul 2017-ci tarixdə rayon icra hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, dövlət ehtiyat fond torpağından icarə müqaviləsi ilə ona 15 hektar torpaq sahəsinin əkin məqsədi ilə ayrılmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin 2017-ci il 22 avqust tarixli, **********24 nömrəli məktubunu nəzərə alaraq Rayon İcra Hakimiyyətinin 2017-ci il 08 sentyabr tarixli 113 nömrəli sərəncamı ilə Elçin Babayevə dövlət ehtiyat fondundan 15 ha torpaq sahəsi əkin məqsədi üçün ayrılmış, 11 sentyabr 2017-ci il tarixli 17 saylı icarə müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 oktyabr 2017-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışı ilə Elçin Babayevin icarəsinə verilən 10.1 ha torpaq sahəsinin icarə hüquqları qeydiyyata alınmışdır. Həmçinin qeyd edilən 10.1 ha əraziyə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçınin istifadə etdiyi 20 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzrə hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçülərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd mövcud olmadığı halda, həmçinin ekspert rəyləri arasında ziddiyət olduğu halda birinci instansiya məhkəməsi bu hallara hüquqi qiymət verməmiş, maddi hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Prosessual məsələlər Üçüncü şəxs X12 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X8 və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Cəlilabad rayon X13 Rəyasət Heyətinin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli protokolundan çıxarışdan, xx.xx.1995-ci il tarixli təhkim aktından, torpaq sahəsinin planından və vəsatətdən müəyyən olunur ki, X4 İttifaqının xx.xx.1995-ci il tarixli, 16 №-li məktubu nəzərə alınaraq, rayon X13 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 12 №-li iclasının qərarı ilə Şərəfxanlı ərazisində dövlət ehtiyat fond torpağından X2 verilmiş 50,0 ha torpaq sahəsini becərə bilmədiyindən imtina etməsinə görə həmin torpaq sahəsi geri alınaraq rayon XDS-nin fonduna daxil edilmiş, Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli, 803 №-li vəsatəti nəzərə alınaraq Şərəfxanlı ərazisində dövlət ehtiyat fond torpağından şimaldan “Adnalı” kolxozu icarə sahəsi ilə, cənubdan Şərəfxanlı qəbristanlığı ilə, qərbdən və şərqdən DEFT ilə sərhədlənən 50,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı kiçik müəssisəsinə verilməsi qərara alınmış, həmin torpaq sahəsinin planı tərtib edilərək xx.xx.1995ci il tarixli təhkim aktı ilə iddiaçının istifadəsinə verilmişdir. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqavilədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd olunan “Torpaq icarəsi müqaviləsi” Cəlilabad rayon X13 Rəyasət Heyətinin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında iddiaçıya verilmiş 50,0 ha torpaq sahəsinin 20 hektarı üzrə 25 il müddətinə Cavabdeh ilə İddiaçı kiçik müəssisəsi arasında bağlanmışdır. -Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 №-li sərəncamı ilə dövlət ehtiyat fond torpağından X11 15,0 hektar torpaq sahəsinin verilməsi və onunla icarə müqaviləsinin bağlanması qərara alınmış, həmin torpaq sahəsinin 10,1 hektarı daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli, Seriya RX, №1174455 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la X7 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24 yanvar 2020-ci il tarixli, 1420 saylı rəydə bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50.0 ha torpaq sahəsinin və Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında X11 verilmiş 15,0 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilərək rəyə əlavə olunmuş planda göstərilmişdir. Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında X11 verilmiş 15,0 ha torpaq sahəsinin sərhədləri Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50,0 ha torpaq sahəsinin sərhədləri daxilində enləri 128.6 m və 143.2m, uzunluqları-264,4 m və 275,0 olan 3,45 hektaradək hissə ilə üst-üstə düşür. **********87 və **********88 reyestr nömrəli çıxarışlar əsasında X7 icarəsində olan torpaq sahələrinin plan və ölçü sənədi, həmin torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi olan Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərhədlərinə uyğun tərtib edilmişdir. Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında **********88 reyestr nömrəli çıxarışla X7 icarəsində olan 10.1 ha torpaq sahəsinin 3.45 hektaradək hissəsi Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli. 05 nömrəli qərarının planındakı yerə uyğun yerləşmə mövqeyi əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli, 10/2514 saylı ekspert rəyində bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı kiçik müəssisəsinə icarəyə verilmiş 20 hektar torpaq sahəsinin mülki işdə planı (sxemi və sxemdə döngə nöqtələrinin koordinatları) olmadığından naturada yer sərhədlərini təyin etmək mümkün deyil. X11 Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamı ilə icarəyə verilmiş 15 hektar torpaq sahəsinin sərhədləri, döngə nöqtələrinin koordinatları (**********88 nömrəli reyestr çıxarışının plan və ölçüsünün koordinatlarına əsasən) və qonşuluqları müəyyən edildi. Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı kiçik müəssisəsinə icarəyə verilmiş 20 hektar torpaq sahəsinin planı olmadığından bu torpaq sahəsinin X11 Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamı ilə icarəyə verilmiş 15 hektar torpaq sahəsinin üst-üstə düşməyini müəyyən etmək mümkün olmadı. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9189 nömrəli ekspert rəyində bildirilir ki; -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilməsi kimi iddia etdiyi, naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsinin yeri və koordinatları müəyyən edilmişdir. -Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən **********88 (10,1ha) və **********87 (4,9ha) reyestr nömrəli çıxarış ilə X11 icarəyə verilmiş 15 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. -Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilməsi kimi iddia etdiyi, naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsinin 3,88 ha hissəsinin Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən X11 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışda qeyd olunan 10,1 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.8 maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Təqdim edilmiş və həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının icarəsinə Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında ayrılmış 50 ha torpaq sahəsinin icarə hüquqları əsasında iddiaçı tərəfindən istifadə olunan 20 ha hissəsinin 3,88 ha hissəsi mübahisələndirilən sərəncamla üçüncü şəxsin icarəsinə verilmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq sərəncamın həmin hissədə ləğv edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə birinci və ikinci rəylər arasında ziddiyət olduğundan birinci instansiya məhkəməsi tərəfindən növbəti dəfə ekspertiza təyin edilmiş və həmin ekspertiza tədqiqatı zamanı iddiaçıya ayrılmış sahənin yerquruluşu planı tərtib edilmiş, sahənin yeri və koordinatları müəyyən edilmiş və bunun əsasında rəy hazırlanmışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi daha mötəbər hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının iclasında üçüncü şəxs bildirmişdir ki, mübahisəli torpaq sahəsi üçüncü şəxsin icarəsinə verildiyi vaxtdan, sonuncu həmin sahədən istifadə etməmiş, əsas kimi göstərmişdir ki, həmin sahə İddiaçı kiçik müəssisəsinin istifadəsində olmuşdur. Bu hal bir daha onu deməyə əsas verir ki, mübahisəli sahə üçüncü şəxsin icarəsinə verildiyi vaxtdan əvvəl də iddiaçının qanuni istifadəsində olduğu, başqa sözlə yüklü olduğu halda qanunsuz olaraq digər şəxsin icarəsinə verilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X7 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-98/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar