Məhkəmə qərarları › İş №2-1(106)-497/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-497/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-497/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Firdusi oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin qarşı “03 noyabr 2014-cü il tarixdən 09 fevral 2018-ci il tarixə kimi Sabirabad Rayonlararası Mühafizə Bölməsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumata əsasən əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2024-cü il tarixli, 2-1(120)- 2411/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2014-cü il tarixdən 09 fevral 2018-ci il tarixə kimi Sabirabad Rayonlararası Mühafizə Bölməsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumata əsasən əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Fondu publik hüquqi şəxsinin X2 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-2411/2023 saylı qərardadı (Fehruz Abbasov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-2411/2023 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə qanuni və əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-2411/2023 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-2411/2023 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-2411/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbi “03 noyabr 2014-cü il tarixdən 09 fevral 2018-ci il tarixə kimi Sabirabad Rayonlararası Mühafizə Bölməsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumata əsasən əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Fondu publik hüquqi şəxsinin X2 üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiyası məhkəməsi iddianı qeyri mümkün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pensiya kapitalının sığortaolunana birdəfəlik ödənilməsi barədə hüquq normasının, yəni hazırki iş üzrə iddia tələbinin hüquqi əsasının mövcud olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının iddianın predmeti ilə bağlı subyektiv hüququ yaranmamışdır və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan DSMF-nun Sabirabad rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 006762 Vəsiqənin surətindən görünür ki, İddiaçı 10 yanvar 2018-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək İİ (ikinci) qrup əlillik təyin edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, BMb- 1492Ş/h nömrəli əmrə əsasən xx.xx.2014-cü il tarixdən Sabirabad rayonlararası Mühafizə Bölməsinin MMX-üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş, BMb-184Ş/h nömrəli, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2018-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 02 il 04ay 26 gün Sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1672,63 manat pensiya kapiatlı vardır. Pensiya kapitalı xx.xx.2018-ci il tarixədək indeksləşdirilmişdir. MDSS haqqı 90 %-lə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********104900 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ciil tarixli 421 nömrəli Fərmanı ilə məcburı dövlət sosial sığorta haqlarının hesablanmasınavə ödənilməsinə nəzarət və 21 dekabr 2018-ci il tarixli 422 nömrəli Fərmanı ilə işsızlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır. “Sosial sığortahaqqında” Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2019-cu il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Halhazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin proqram təminatında hesabatların qəbul edilməsinə dair aparılan işlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarına görə 2017-2018-ci illərə görə dəqiqləşmiş hesabatların təqdim edılməsi imkanı yaradılmışdır. 2006-2016-cı illərin müvafiq dövlərinə görə isə dəqiqləşmiş hesabatların verilməsi üçün rəqəmsal imkanların yaradılması istiqamətində müvafiq işlər aparılmaqdadır. Odur ki, yuxarıda qeyd olunan məlumatları nəzərə alaraq bildiririk ki, ƏƏSMN-nin baza məlumatlarında olan Sığortaolunanların fərdi uçot barədə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrlər üçün məlumatları Dövlət Vergi Xidmətinin baza məlumatlarına inteqrasiya olunmadığından müraciətinizdə qeyd etdiyiniz xx.xx.2014cü il tarixdən xx.xx.2018-ci illər arasında olan dövrlər üzrə olan Fərdi uçot məlumatlarının vergi orqanı tərəfindən təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixinədək olan dövr üçün şəxslərinsığorta stajına, 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyəili yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək penşiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.1990-cı il təvəllüdlü və 2-ci qrup əlil olmağınızı nəzərə alaraq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən sizə əlilliyə görə əmək pensiyası təyin olunması üçün (əlilliyinizin xx.xx.2018-ci il tarixində müəyyən edildiyini nəzərə alsaq) tələb olunan əmək stajı azı 5 il, pensiya kapitalı isə 5232,15 manat təşkil edir. Müvafiq göstəriciləriniz qanunvericiliyin qeyd olunan tələbinə uyğun gəlmədiyindən əlilliyə görə əmək pensiyası hüququnuz yaranmamışdır. Müraciətdə qeyd edilən digər məsələ ilə bağlı bildiririk ki, Nazirliyin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi’’nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən “Sabirabad Rayonlararası Mühafizə Bölməsi” (SUN: **********3) tərəfindən 2014-2016-cı illər, 2017-ci ilin İ, İİİ, 2018-ci ilin İ, İİİ rübləri, fərdi sahibkar kimi (SUN: **********4) tərəfinizdən 2018-ci ilin İİ, İİİ rübləri üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat’lara (Forma B3) və rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən sığortaolunan kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də xeyrinizə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar **********779 nömrəli fərdi şəxsi hesabınızda öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, iddiaçı 03 noyabr 2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad rayonlararası Mühafizə şöbəsində mülki mühafizə vəzifəsində işləmiş, bu müddət ərzində məcburi dövlət sosial sığorta ödənişi həyata keçirilmiş və şəxsi fərdi hesabında pensiya kapitalı toplanmış, TSEK tərəfindən ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmiş, lakin əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı müraciət edərkən tələb olunan azı 5 il əmək stajının olmaması, eləcə də əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan kapitalın 5232,15 manat olması və həmin həcmdə iddiaçının fərdi uçotunda kapitalının olmaması səbəbindən ona əlilliklə bağlı əmək pensiyası təyin edilməmişdir. Həmin cavabdan sonra iddiaçı 03 noyabr 2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi müddət ərzində aylıq əmək haqqından tutulan sosial sığorta ödənişlərinin hesablanıb ona geri ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır və sosial sığorta ödənişlərinin digər hallarda istifadə olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı mühafizəçi işlədiyi 03 noyabr 2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dövr ərzində əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta ödənişinin hesablanıb ona qaytarılması ilə bağlı hazırki iddianı qalıdırmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə görə sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Həmin Qanunun 19.1-ci maddəsində qöstərilmisdir ki, məcburi dövlət sosial sığortasının vəsaitləri Dövlət Sosial Müdafiə Fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyqun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların fərdi uçotu həyata keçirilmiş, əmək pensiyalarının məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazası yaradılmışdır. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən sığortaolunanın fərdi şəxsi hesabı sığortaçı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün saxlanılır və həmin hesabdakı vəsait indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 1.0.17-cimaddəsində sosial sığorta ehtiyatı anlayışı verilmişdir. Belə ki, sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sıgorta ehtiyatından istifadə” Qaydalarının 3.1-ci maddəsinə əsasən sosial sığorta ehtiyatından asağıdakı istiqamətlər üzrə istifadə edilir: əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına (3.1.1); məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin-maliyyələsdirilməsinə (3.1.2) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə-xərclərin maliyyələsdirilməsinə (3.1.3). Sözügedən Qaydaların 3.3-cü maddəsində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, hər bir sığortaolunan şəxsə fərdi şəxsi hesab açılır və həmin bu hesaba sığortaedən və sığortaolunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün), könüllü sosial sığorta üzrə daxil olansığorta haqqı daxil olunur. Həmin bu hesabda toplanan vəsaitlər dövlət sosial müdafiə fondunda cəmləsdirilir və sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın-(qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələsdirilməsinə sərf edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, sosial sığortanın məqsədi-fiziki şəxlərin itirilmiş əmlak haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması olduğundan qanunvericilikdə fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğinin əmək pensiyaçısına birdəfəlik qaytarılmasına dair hüquqi müddəa və ya bununla bağlı iddiaçının qanuni gözləntisi yoxdur. Yuxarıda sadalanan qanunvericilik aktlarında fərdi uçotda yığılmış pensiya kapitalının sığortaolunana birdəfəlik ödənilməsi barədə hüquq normasının, yəni hazırki iş üzrə iddia tələbinin hüquqi əsasının mövcud olmaması məhkəməyə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının iddianın predmeti ilə bağlı subyektiv hüququ yaranmamışdır və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-2411/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar