Məhkəmə qərarları › İş №2-1(106)-497/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-497/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-497/2025 12.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina, icraata xitam) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı direktoru X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********246400 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2-1(120)-442/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şəxsi hesab vərəqəsində 2019-cu il üzrə 65094,46 manat məbləğində mənfəət vergisinin hesablanmasına səbəb olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********246400 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiyası məhkəməsindəki icraat Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2-1(120)-442/2023 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov (sədrlik edən və məruzəçi), P.T.Əhmədov və S.İ.Mayılov) 05 iyul 2024-cü il tarixli 2-1(106)- 32/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2-1(120)-442/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini; iş üzrə qəbul edilmiş “Buraxılmış prosessual müddətin bərpası barədə” qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2 (məruzəçi), X4 və X8) 10 aprel 2025-ci il tarixli 2-1(102)-136/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli 2-1(106)-32/2024 nömrəli qərarı qismən - “cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********246400 nömrəli qərarının hesablanmış 977,40 manat (4887 manat x 20 %) verginin ləğv olunması” hissəsində ləğv edilmiş və iş eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2024-cü il tarixli 2-1(106)-32/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qərarın qüvvəyə minmədiyi hissədə tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı direktoru X5 iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********246400 nömrəli qərar ilə hesablanmış 977,40 manat (4887 manat x 20 %) verginin ləğv olunması” hissəsində imtina etdiyini bildirdi və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin qəbul edilərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: İş materiallarında olan İddiaçı direktoru X5 tərəfindən məhkəməyə ünvanlanmış 12 iyun 2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı iddia tələbindən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********246400 nömrəli qərar ilə hesablanmış 977,40 manat (4887 manat x 20 %) verginin ləğv olunması” hissəsində imtina etdiyini bildirmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, hesab edir ki, ərizə aşağıdakılara səbəblərə görə təmin olunmalıdır. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsaslanaraq qeyd edir ki, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir”. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini - iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Bununla yanaşı, iddiaçıya izah edilir ki, İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 96, 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina edilməsinə dair ərizə təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2-1(120)-442/2023 saylı qərarı qismən - “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********246400 nömrəli qərar ilə hesablanmış 977,40 manat (4887 manat x 20 %) verginin ləğv olunması” hissəsində ləğv edilsin. İddia üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar