Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-50/2023 05.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1372/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1372/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə doğulmuşdur, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. O, xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətində olaraq “elektrik qaynaqçısı” və “qaz qaynaqçısı” peşələrində işləmişdir. xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. O, bu barədə cavabdehə müraciət etmiş, lakin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsas gətirilərək ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassızdır, əmək pensiyaları qanunvericiliyinin müvafiq tələblərinə cavab vermir və konstitusion baxımdan onun pensiya təminatından istifadə etmək və ondan yararlanmaq hüququnu pozur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilməklə təyin edilir. Cavabdehin imtinasında onun ümumi və güzəştli iş stajının yetərli olub-olmaması barədə heç bir münasibət bildirilmədiyindən, hesab edir ki, bu hallara dair hər hansı bir mübahisə yoxdur və cavabdeh onun güzəştli iş stajının olmasını qəbul edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 21461,94 manat təşkil edir. Halbuki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 48962,60 manat olmalıdır. Qeyd edilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir və bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Həmçinin tərəflərindən həm də iddiaçının 1988-2005-ci illərdə Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində işlədiyi iş stajı mübahisələndirilir. Belə ki, iddiaçının 1988-2005-ci illərdə Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində işlədiyi dövr üzrə sosial sığorta ödənişləri edilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, “Azneft” Birliyinin Tamponaj kontorunda xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək “elektrik qaynaqçısı”, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “qaz qaynaqçısı” işləmişdir. “Azneft” Birliyinin Tamponaj kontoru Əli-Bayramlı (indiki Şirvan) şəhərində yerləşirdi, sonradan “Azneft” Birliyinin Əli-Bayramlı Tamponaj idarəsi adlandırılmışdır. Tamponaj kontorunun işi neft quyusu qazılarkən quyunun uçmaması üçün onun dibinin bərkidilməsindən ibarət olmuşdur. O da, orada müvafiq olaraq “elektrik qaynaqçısı” və “qaz qaynaqçısı” işləmişdir. O, güzəştli iş stajı barədə arayış almaq üçün SOCAR Mərkəzi Arxivinə getmiş, ona həmin Tamponaj kontorunun arxiv sənədlərinin böyük əksəriyyəti, o cümlədən onun iş dövrü ilə bağlı arxiv sənədləri SOCAR Mərkəzi Arxivinə təhvil verilmədiyindən ona güzəştli arayışın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin o, xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində “qaz qaynaqçısı” işləmişdir. Əmək kitabçasında texniki səhvə yol verilərək həmin müəssisədə işdən çıxması tarixi, eləcə də bu barədə əmrin tarixi xx.xx.2005-ci il göstərilmişdir. Lakin, qeyd etdiyi kimi, o, həmin müəssisədə xx.xx.2005-ci il tarixədək işləmişdir. Həmçinin onun həmin müəssisədə işdən çıxması barədə əmrin tarixi də xx.xx.2005-ci ildir. Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsinin fəaliyyəti avtomobillərin təmiri ilə bağlı idi. O da, həmin təmirdə “qaz qaynaqçısı” kimi iştirak edirdi. Onun xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" BMMM-də cəmi 14 gün işləməsinin səbəbi o olmuşdur ki, işlədiyi dövrdə traktorun çuqun detalı sınmış, təmir işi ona həvalə edilmişdir. Həmin çuqun detalı düzəltmək üçün çuqun elektrod lazım idi. Həm də həmin iş qapalı şəraitdə görülməli idi. Bir sözlə, keyfiyyətli qaynaq işi görmək üçün lazımi şərait yox idi. Mexaniklə bu barədə mübahisəsi olmuş, lakin müraciətləri təmin olunmadığı üçün o, həmin müəssisədə işdən çıxmışdır. O, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Əli-Bayramlı rayonu, Güdəcühür kəndində doğulub, Şirvan şəhəri, İ.Qayıbov küçəsi, ev 21, mənzil 1-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən və notarial tərcüməsindən görünür ki, İddiaçı “Azneft” Birliyinin Tamponaj kontorunda xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək “elektrik qaynaqçısı”, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “qaz qaynaqçısı”, Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində xx.xx.1988-ci il tarixdən xx.xx.2005ci il tarixədək “qaz qaynaqçısı”, "xxxx" BMMM-də xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “qaz qaynaqçısı” işləmişdir. İşdə olan Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsi üzrə xx.xx.1988-ci il tarixli, 71/k nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən müəssisəyə 2-ci dərəcəli qaynaqçı təyin edilmişdir. İşdə olan Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsi üzrə xx.xx.2005-ci il tarixli, 10/k nömrəli əmrin surətindən görünür ki, İddiaçı öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan Şirvan Avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdə “Azneft” Tompanaj İdarəsindən göndərişlə, xx.xx.1988-ci il tarixli, 71/k nömrəli əmrə əsasən Avtomotoservis və ticarət müəssisəsinə 2-ci dərəcəli “qaz qaynaqçısı” işinə qəbul edilib. xx.xx.1989-cu il tarixli, 24/n nömrəli əmrə əsasən 2-ci dərəcədən 4-cü dərəcəli “qaz qaynaqçısı” işinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edildiyi kimi “qaynaqçı” güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. İşdə olan İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48962,60 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı bugünə cəmi 21461,94 manat təşkil edir. Qeyd edilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan SOCAR Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, SSRİ Neft Sənaye Nazirliyinin xx.xx.1988-ci il tarixli, 360 nömrəli və “Azneft” Birliyinin xx.xx.1988-ci il tarixli, 233 nömrəli əmrlərinə əsasən Şirvan şəhərində yerləşən “Azneft” Birliyinin Tamponaj kontoru Əli-Bayramlı Tamponaj İdarəsi adlandırılmışdır. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli fərmanının icrası barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli, 25 nömrəli əmrinə əsasən Əli-Bayramlı Tamponaj İdarəsi Tamponaj sexi kimi “Azneft” İstehsalat Birliyinin Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014cü il tarixli, ARDNŞ/14-1000/01/SM-04-0000095 nömrəli əmrinə əsasən “Azneft” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsi ləğv edilmişdir. Mərkəzi Arxivə qismən təhvil verilən Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsinin sənədləri arasında İddiaçı “Azneft” Birliyinin Tamponaj kontorunda 1979-1981-ci, 1983-1988-ci illər üzrə çalışması barədə hər hansı bir sənəd aşkar olunmadığından həmin dövr üzrə iş stajı barədə arxiv arayışının təqdim olunması imkan xaricindədir. İşdə olan iddiaçının əlilliyə görə əmək pensiyası işinin surətindən və Pensiya Təyinatı Alt Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. İşdə olan İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etmişdir ki, o, xx.xx.1976-cı il tarixdən Əli- Bayramlı Rayonlararası Avtomobillərə Texniki Xidmət Stansiyasında işləmişdir. Həmin stansiya minik avtomobillərinin təmiri ilə məşğul olurdu və 11 rayona xidmət edirdi, yerli sexləri də var idi. xx.xx.1988-ci il tarixdən həmin stansiyanın adı dəyişdirilərək Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsi adlandırılmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.1998ci il tarixədək Əli-Bayramlı Sukanal idarəsində işləməsilə əlaqədar o, Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində işdən çıxmış, xx.xx.1998-ci il tarixdə isə yenidən həmin müəssisədə işə qəbul olunaraq “sifariş qəbulçusu” vəzifəsinə, xx.xx.2004-cü il tarixdən isə direktor vəzifəsinə təyin edilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. Həmin müəssisə hazırda zəif fəaliyyət göstərir. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2005ci il tarixədək Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində “qaz qaynaqçısı” işləmiş və minik avtomobillərinin səs boğucularının təmiri ilə məşğul olmuşdur, yəni qaz qaynaq aparatı vasitəsilə minik avtomobillərinin səs boğucularını qaynaq etmişdir. Həmin iş qaz qaynaq aparatından istifadə edilməklə görülür, yəni həmin işin elektrik qaynaq aparatından istifadə edilməklə görülməsi mümkün deyildir. İşə qəbul əmrində iddiaçının vəzifəsi ümumi şəkildə “qaynaqçı” kimi qeyd olunsa da, iddiaçı “qaz qaynaqçısı” işləmiş və həmin iş üzrə vəzifə funksiyalarını yerinə yetirmişdir. Onun əmək kitabçasında da vəzifəsi “qaz qaynaqçısı” göstərilmişdir. İddiaçı həmin müəssisədə əvvəldən axıra kimi işə gedibgələrək “qaz qaynaqçısı” işləmiş və əmək haqqı almışdır. İddiaçının əmək kitabçasında texniki səhvə yol verilərək həmin müəssisədə işdən çıxması tarixi, eləcə də bu barədə əmrin tarixi xx.xx.2005-ci il göstərilmişdir. Lakin iddiaçı həmin müəssisədə xx.xx.2005-ci il tarixədək işləmişdir. Həmçinin onun həmin müəssisədə işdən çıxması barədə əmrin tarixi də xx.xx.2005-ci ildir. Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsinin əmr kitabları olsa da, əmək haqqı kitabları mövcud deyildir, yəni qorunub saxlanılmamışdır. İddiaçının işlədiyi dövrdə, yəni xx.xx.2006-cı il tarixədək Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsi tərəfindən işçilərin sayı göstərilməklə müvafiq hesabatlar verilərək sosial sığorta ödənişləri edilmişdir. Həmin hesabatlarda adlı siyahı olmurdu. xx.xx.2006-cı il tarixdən sonra isə işçilərə münasibətdə fərdi qaydada sosial sığorta ödənişləri edilməyə başlanılmışdır. 2009-2010-cu ilə kimi Əli-Bayramlı (Şirvan) Avtomotoservis və ticarət müəssisəsi tərəfindən az miqdarda da olsa, sosial sığorta ödənişləri edilmişdir. Onun özü də (Şahid) hazırda yaşa görə əmək pensiyası alır və ona yaşa görə əmək pensiyası təyin edilərkən Əli-Bayramlı (Şirvan) Avtomotoservis və ticarət müəssisəsində işlədiyi dövr də sosial sığorta stajı kimi nəzərə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı da cavabdehin imtinasını əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 21 gün) hərbi xidmətdə olmuş, həmçinin əmək kitabçasına əsasən “Azneft” Birliyinin Tamponaj kontorunda xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (1 il 9 ay 4 gün) “elektrik qaynaqçısı”, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək (5 il 3 ay 26 gün) “qaz qaynaqçısı”, Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində xx.xx.1988ci il tarixdən xx.xx.2005-ci il tarixədək (17 il 1 ay 23 gün) “qaz qaynaqçısı” işləmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının, o cümlədən həmin müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə qanunvericiliklə tələb olunan 12 il 6 ayından artıq güzəştli sığorta stajının olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının “Azneft” Birliyinin Tamponaj kontorunda xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək (5 il 3 ay 26 gün) və Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (17 il 1 ay 23 gün) işlədiyi “qaz qaynaqçısı” peşəsi qeyd edilən 2 nömrəli Siyahıda (XXXİİİ bölmə (Ümumi peşələr), “qaz qaynaqçıları (23200000—11620)”) öz əksini tapmışdır. İddiaçının qeyd edilən tarixlərdə işlədiyi “qaz qaynaqçısı” peşəsi, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da (35-ci bölmə (Ümumi peşələr), “qaz qaynaqçıları”) öz əksini tapmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir və bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması yuxarıda da qeyd edildiyi kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddədə isə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi müəyyən edilməmişdir. Həmçinin işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, tərəflərindən həm də iddiaçının 1988-2005-ci illərdə Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində işlədiyi iş stajı mübahisələndirilir. Belə ki, iddiaçının 1988-2005-ci illərdə Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində işlədiyi dövr üzrə sosial sığorta ödənişləri edilməmişdir. İddiaçının əmək kitabçasına əsasən 1988-2005-ci illərdə Əli-Bayramlı Avtomotoservis və ticarət müəssisəsində işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməmiş olması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı inzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmə kollegiyası iddiaçının “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığının müəyyən edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1372/2022 nömrəli qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1372/2022 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-50/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-50/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver