Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-50/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X7 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-645/2023 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən xx.xx.1972-ci ildən xx.xx.1973- cı ilədək, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1976-cı ildən xx.xx.2001-ci ilədək müxtəlif dövrlərdə Masallı kinoteatr və kinoqurğuları birliyi, Masallı rayon kinovideo idarəsi, Masallı şəhər kino birliyində işlədiyi illərin iş stajı kimi müəyyən edilməklə onun pensiyasına hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialının üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-645/2023 saylı qərardadı ilə iddiaçının olduğu kimi qalmaqla, əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi, iddia tələbinə xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Masallı şəhərində anadan olmuşdurvə hazırda yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayır. Bu günə kimi xx.xx.1972-ci ildən xx.xx.2001-ci il tarixədək adı müxtəlif dövrlərdə Masallı kinoteatr və kinoqurğuları birliyi, Masallı rayon kinovideo idarəsi, Masallı şəhər kino birliyi İdarə işləmişdir və 26 il 05 ay əmək stajı qazanmışdır. Bununla bağlı qeydlər ona məxsus əmək kitabçasında qeyd edilmişdir. Eləcə də 2 il müddətinə hərbi xidmətdə olmuşdur. İşləməsi ilə bağlı ona əmək kitabçası da verilmişdir. Həmin əmək kitabçası əsasında işlədiyi illərin onun pensiyasına hesablanması üçün Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional ərazi filialına müraciət etsə də, əmək kitabçasında işlədiyi illərə dair əmirlərin və möhürün olmasına baxmayaraq əmək kitabçasında qeyd olunan işlədiyi illərə dair əmr kitabları və əmək haqqı cədvəlləri nə Dövlət Arxivinə nədəki X2 idarəsinə təhvil verilməmişdir. Buna səbəb isə işlədiyi müəssisənin inzibati binasının yanması olmuşdur. Odur ki, sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Ona görə də, iş stajının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək adı müxtəlif dövrlədə Masallı kinoteatr və kinoqurğuları birliyi, Masallı rayon kinovideo idarəsi, Masallı şəhər kinobirliyi olan müəssisədə işlədiyini vəəmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlərə dair arxiv sənədləri (əmək haqqı cədvəlləri, əmrlər) olmadığından həmin müddətlər mübahisələndirilərək məsələnin müsbət həlli mümkün olmamışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü olmaqla onun ümumi sığorta stajı 2 il 5 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin 31 yanvar 2022-ci il tarixli 45 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Masallı şəhər kino birliyində işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd olunsa da, sözügedən müəssisənin inzibati binasında yanğın baş verməsi və işçilərin əməkhaqqı sənədlərinin təhvil verilməməsi səbəbindən araşdırılması mümkün olmamışdır. Bu səbəbdən mübahisələndirilən 26 il 5 ay 18 gün onun xx.xx.2006cı il tarixinədək olan sığorta stajına daxil edilməmişdir. Bundan əlavə “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin qanunun 21-ci maddəsinəəsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinəəsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, müvafiq orqanlara sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Masallı rayon filialının xx.xx.2022-ci il tarixli —319 nömrəli məktubuna əsasən, Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “Kino birliyi”-nin sənədləri Milli Arxiv İdarəsinin Masallı rayon filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********247800 nömrəli məktubuna əsasən, dövlət reyestrində Masallı rayon Kinovideo İdarəsinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatında keçməsi barədə məlumat mövcuddur və həmin müəssisə adından 2004-cü il tarixdən hal-hazıradək yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda göndərilmiş xx.xx.2022ci il tarixli **********1 nömrəli sorğuda qeyd edilmiş Masallı kinoteatr və kinoqurğuları birliyi və Masallı səhər kino birliyi adlı müəssisələrin dövlət qeydiyyatından keçmələri barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı əmək kitabçasında xx.xx.1972-ci il tarixdən 01.01,1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən 01,06.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlərin qeyd olunmasına baxmayaraq, arxiv sənədlərində əmrlər kitabları, əmək haqqı cədvəlləri olmamasından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericilyin tələblərinə uyğun deyil. İş materiallarında sözügedən əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. İddiaçı "işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasfna dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-645/2023 saylı qərarı (hakim A.Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1972ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyinə dair müvafiq qeydlər aparılmışdır. Lakin iddiaçının həmin dövrlərdəki əmək fəaliyyətinin yoxlanılması mümkün olmadığından sosial sığorta stajı kimi öz təsdiqini tapmır. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı əmək kitabçasında onun xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyinə dair aparılmış qeydlər Dövlət Vergi Xidmətinin məktubundakı məlumatlarla ziddiyət təşkil edir. Belə ki, iş materiallarından da aydın olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********247800 nömrəli məktubuna əsasən, dövlət reyestrində Masallı rayon Kinovideo İdarəsinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatında keçməsi barədə məlumat mövcuddur və həmin müəssisə adından 2004-cü il tarixdən hal-hazıradək yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Eyni zamanda tərəfimizdən göndərilmiş xx.xx.2022-ci il tarixli **********1 nömrəli sorğuda qeyd edilmiş Masallı kinoteatr və kinoqurğuları birliyi və Masallı səhər kino birliyi adlı müəssisələrin dövlət qeydiyyatından keçmələri barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Masallı rayon filialının xx.xx.2022-ci il tarixli —319 nömrəli məktubuna əsasən, “Kino birliyi”-nin sənədlərinin Milli Arxiv İdarəsinin Masallı rayon filialına təhvil verilmədiyi bildirilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 1976-2001-ci illərə dair qeydlərdə əmək kitabçasının doldurulma qaydalarına riayət edilməmişdir. Belə ki, əmək kitabçasındakı 9-cu qeyddə işə qəbul tarixində düzəliş edilmişdir. Eyni zamanda xx.xx.2001-ci il tarixli isdən azad olma əmri 4 nömrəli əmrlə qeydə alınmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi məhkəmə işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, iddiaçının əmək kitabçasındakı qeydlərə əsaslı şübhələr olmasına və iddia etdiyi müəssisələr barədə həmin qeydlərdən başqa məlumat olmamasına baxmayaraq müvafiq dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1972xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək "Lənkəran" birjada, xx.xx.1976-cı il tarixdən - xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1972xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasına matros- trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək "Lənkəran" birjada, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-cı il tarixdə doğulması və qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş şərtini ödəmişdir. Cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən görünür ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Masallı şəhər kino birliyində işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd olunsada, sözügedən müəssisənin inzibati binasında yanğın baş verməsi və işçilərin əmək haqqı sənədlərinin təhvil verilməməsi səbəbindən araşdırma aparıla bilməmiş və xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan görünür ki, cavabdeh tərəfindən hazırda mübahisələndirilməyən iş stajı 02 il 05 gün (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü mübahisəsiz sığorta stajı kimi nəzərə alınmışdır. Buna görə də məhkəmə kollegiyası həmin dövrlərlə bağlı deyil, birinci instansiya məhkəməsi tərəfindən təmin edilən və cavabdeh tərəfindən qəbul edilməyən (mübahisələndirilən) digər dövrlərlə (xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək) bağlı dəlillərə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən digər dövrləri (xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən mötəbər hesab olunmalıdır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. İş materiallarında olan FHN-nin Masallı rayon X5 Hissəsinin xx.xx.2023-cü il tarixli, 3-18-223/2-120/2023 nömrəli məktubundan görünür ki, Masallı şəhər Heydər Əliyev prospektində xx.xx.2000-ci il tarixdə N.Nərimanov adına kinoteatr binasında yanğın hadisəsi baş vermiş, nəticədə binanın dam örtüyü yanaraq sıradan çıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsinin 491 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Masallı rayon Mədəniyyət Şöbəsi ləğv edilərkən X2 İdarəsinə Kino Birliyi ilə bağlı heç bir sənəd təhvil verilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 dekabr 2023-cü il tarixli, 3-17-1/2-298469/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 28 il 5 ay 25 gün sığorta stajı nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, Masallı şəhər kino birliyində işləmiş, işlədiyi müddətdə əmək haqqı almış, Masallı şəhər kino birliyində işlədiyi zaman İddiaçıda onunla birgə işləmiş və işlədiyi müddətdə əmək haqqı almışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 dekabr 2023-cü il tarixli, 3-17-1/2-310193/2023 nömrəli məktubundan görünür ki, vətəndaş X6 Masallı şəhər kino birliyində işlədiyi dövrlər ona pensiya təyin edilərkən nəzərə alınıb. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının işlədiyi, lakin cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində mübahisələndirilən dövr kimi iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Masallı şəhər kino birliyində” olan əmək fəaliyyəti dövrü ilə bağlı qeyd edir ki, Masallı şəhər kino birliyinin fəaliyyətinə dair sənədlərin Masallı rayon Dövlət arxivinə təhvil verilmədiyi üçün həmin dövrlər əmək stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bildirdiyi hal iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal olmadığı üçün onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Araşdırma ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, Masallı şəhər kino birliyinin hal hazırda fəaliyyətinin olmadığı, fəaliyyətinə dair sənədlərin mövcud olmadığını, sənədlərin Masallı rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmadığı və həmin dövür ümumi əmək stajına daxil edilməməsi məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə kollegiyası iddiaçının ziyanına şərh etmir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, Masallı şəhər kino birliyində işləmiş, işlədiyi müddətdə əmək haqqı almış, Masallı şəhər kino birliyində işlədiyi zaman İddiaçıda onunla birgə işləmiş və işlədiyi müddətdə əmək haqqı almışdır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 dekabr 2023-cü il tarixli, 3-17-1/2-310193/2023 nömrəli məktubundan görünür ki, vətəndaş X6 Masallı şəhər kino birliyində işlədiyi dövrlər ona pensiya təyin edilərkən nəzərə alınıb. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Başqa sözlə, həmin mübahisəli müəssisədə işləyən yuxarıda qeyd edilən şəxs ilə bağlı hazırkı mübahisəyə münasibətdə də cavabdeh eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman hazırda mübahisələndirilən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 28 il 5 ay 25 gün sığorta stajı nəzərə alınmışdır. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin etməklə haqlı mövqe sərgiləmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-645/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-50/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-50/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver