Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-502/2024 19.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlu, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı pay torpaq sahələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-1452/2024 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh Başçısı Rafil Hüseynov tərəfindən verilmiş ərizəni və ərizəyə əlavə edilmiş apellyasiya şikayətini nəzərdən keçirib müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X3 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X4 hüquqi varisi İddiaçı5 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək,“X7, X2, X3 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X4 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) 05 fevral 2024-cü il tarixli, 2-1(120)-1452/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilərək, Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-1452/2024 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı RİH-nə təqdim edildikdən sonra iddiaçılar tələblərindən imtina edəcəklərini bildirmişlər, buna görə də qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişlər, lakin sonradan iddiaçılar vədlərinə əməl etməmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-1452/2024 nömrəli qərarının surəti 27 mart 2024-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş və Məlikova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq cavabdehin apellyasiya şikayəti 06 avqust 2024-cü il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 03 ay 10 gün müddət keçdikdən sonra poçt xidmətinə təqdim edilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir, yuxarıda göstərilən səbəb isə prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-1452/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-502/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-502/2024
19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver