Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-502/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2-1(120)-383/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəradadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, “...İddiaçı xx.xx.2008-ci il tarixdə keçmiş Hacıqabul Rayon Hərbi Komissarlığının hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2008-ci tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəlinin” 1 qrafasının 71 “b” maddəsi ilə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilərək hərbi vəzifəlilərin ehtiyatına keçirildiyi üçün müddətli həqiqi hərbi xidmət keçməmişdir. Vətən Müharibəsi zamanı İddiaçı Xidmətin Hacıqabul rayon şöbəsinə yaxınlaşaraq könüllü olaraq müharibəyə göndərilməsini xahiş etmiş və onun müraciəti “Səfərbərlik elan olunarsa könüllü hərbi xidmətə getmək istəyənlərin qeydiyyatı kitabı”nda qeydiyyatdan keçmişdir. İddiaçı Xidmətin Hacıqabul rayon şöbəsi tərəfindən hərbi təlim toplanışlarına və “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamı ilə əlaqədar qismən səfərbərliyə cəlb olunmamış (ezam edilməmiş) və müharibəyə göndərilməmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vətən Müharibəsi başlayan kimi xx.xx.2020-ci ildə könüllü olaraq orduya getmək üçün müraciət etmiş və xx.xx.2020-ci ildə ona SMS gəlmişdir. xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində qeydiyyatdan keçdikdən sonra Vətən Müharibəsinə yollanmış və X3 həkim kimi “yaralı və şəhidlərin” təxliyəsinə qoşulmuşdur. Bu səbəbdən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Cavabdehin etirazları: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia düzgün cavabdehə qarşı qaldırılmadığından mümkün sayılmamalıdır. İş üzrə Xidmət cavabdeh ola bilməz. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) xx.xx.2025-ci il tarixli 2- 1(120)-383/2025 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-383/2025 saylı qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətinin dəlili etirazın dəlili ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-383/2025 saylı qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, Vətən Müharibəsi zamanı X3 həkim kimi “yaralı və şəhidlərin” təxliyəsində iştirak etmişdir. Bu səbəbdən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Sonda İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 54.1 Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2-1(120)-383/2025 saylı qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlara əsasən iddiaçının “Vətən Müharibəsi” zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı və şəhid hərbi qulluqçuların Füzuli Mərkəzi Rayon Xəstəxanasına təxliyyə edilməsində iştirakı təsdiqini tapır və bu səbəbdən iddia əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddia tələbə cavab verməli olmayan cavabdehə münasibətdə təmin edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, Məhkəmə tərəfindən 08 aprel 2024-cü il tarixdə iddiaçıya iş üzrə cavabdehin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) olması ilə bağlı hüquqi yardım göstərilmiş (səh.74), bundan sonra iddiaçının ərizəsinə əsasən 08 aprel 2024-cü il tarixli 2(120)-981/2024 saylı qərardad ilə cavabdeh dəyişdirilərək Xidmət cavabdeh qismində işə cəlb edilmişdir. 05 noyabr 2024-cü il tarixdə Məhkəmə tərəfindən iddiaçıya iş üzrə cavabdehin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olması ilə bağlı hüquqi yardım göstərilmiş (səh.104), bundan sonra iddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı tələb irəli sürməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş (səh. 107), məhkəmənin 27 yanvar 2025-ci il tarixli 2(120)- 383/2025 saylı qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı dəqiqləşdirilmiş tələb icraata qəbul edilmişdir. Həmin qərardada məhkəmənin iş üzrə cavabdehin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olması ilə bağlı hüquqi yardım göstərilməsinə baxmayaraq, cavabdehin Xidmət kimi qəbul edilməsi ilə bağlı hər hansı bir əsaslanma aparılmamışdır. Halbuki, qeyd edildiyi kimi mübahisə üzrə cavabdehin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olması ilə bağlı hüquqi yardım göstərilmişdir. Ümumiyyətlə işə baxılarkən hansı qurumun cavabdeh olması ilə bağlı hər hansı bir araşdırmanın aparılması müəyyən olunmur, qəbul edilmiş məhkəmə aktlarında (yekun qərar və cavabdehin dəyişdirilməsi ilə nəticələnmiş 08 aprel 2024-cü il tarixli 2(120)-981/2024 saylı qərardad) bununla bağlı hər hansı normativ-hüquqi akta istinad yoxdur. Halbuki, qeyd edilən məsələnin araşdırılması tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmənin xidməti vəzifəsidir. Cavabdehin iddiaya qarşı etirazından, apellyasiya şikayətindən görünür ki, iş üzrə cavabdeh mahiyyəti üzrə məsələyə münasibət bildirməyərək, mübahisə üzrə Xidmətin cavabdeh olmamasını önə çəkir. Kollegiya hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbi baxımından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir. O, da nəzərə alınmalıdır ki, İddiaçı “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edildiyi üçün müddətli həqiqi hərbi xidmət keçməmiş, Xidmət tərəfindən hərbi təlim toplanışlarına və “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamı ilə əlaqədar qismən səfərbərliyə cəlb olunmamış (ezam edilməmiş) və müharibəyə göndərilməmişdir. İşin baxılması üçün geri qaytarılması ilə bağlı mövqeyə gələrkən kollegiya prosessual qənaət prinsipini, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət etməsini, həmin qurumun tələbə qarşı imtinasının və iddiaya mahiyyəti üzrə etirazının mövcudluğunu və məhkəmənin hüquqi yardımı nəticəsində cavabdehin dəyişdirilməsini də nəzərə almışdır. Kollegiya qeyd edir ki, işə yenidən baxılarkən araşdırılmalı olan digər məsələlər ilə yanaşı “X5 Mərkəz” publik hüquqi şəxs tərəfindən iddiaçıya “yaralı və şəhid hərbiçilərin təxliyyəsi” ilə bağlı arayışların verilməsinə əsas olmuş hallar aydınlaşdırılmalı, arayışlarda qeyd edilənləri təsdiq edən sübutlar müəyyən edilməlidir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması ilə mübahisələndirilən qərar qəbul edilmişdir. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2-1(120)-383/2025 saylı qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.