Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-503/2025 08.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbinin təmin olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2-1(120)-626/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununa qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1855/2024 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məcburi sosial sığorta haqları üzrə apardığı ödənişləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-626/2025 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildə ailə üzvləri ilə birlikdə 4 hissədə olmaqla ümumilikdə 1.92 ha pay torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrində taxıl, pambıq, yonca və s. bitkilər əkilməklə ailələrini dolandırırlar. 2011-ci ildən etibarən ünvanlı sosial müavinətin verilməsi ilə əlaqədar hər ay istifadələrində olan torpaq sahələri üzrə məcburi sosial sığorta haqqları ödəmişdir. xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə sosial müavinət təyin edilmişdir. Təyin edilmiş əmək pensiyasının məbləğin aşağı olması və tərəfindən ödənilmiş məcburi sosial haqlarının fərdi hesabda əks olunmaması və yenidən hesablanması səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında tərəflərindən 2011, 2014-2015-ci illər üzrə sığortaedənin uçot nömrəsi almaqla sığortaedən kimi uçot məlumatları, təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B2) ona uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra - Forma B3) və ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. 2011, 2014-2015-ci illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin tərəflərindən həmin dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Müraciətdə qeyd edilən dövrlərdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Müvafiq dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən onun istifadəsində olan torpaq sahələrinin istifadəsi ilə əlaqədar məcburi sosial sığorta haqqları üzrə ödəniş məbləğlərini əməkdaşların bildirildiyi məbləğlərdə ödəmişdir. Ödənilmiş aylar üzrə məbləğləri əks etdirən bəzi qəbzlər naməlum səbəbdən itirilmişdir. Hesab edir ki, mülkiyyətlərində olan torpaq sahələri ilə əlaqədar məcburi sosial sığorta haqqları üzrə hesablamalar düzgün aparılmamış, bunun nəticəsi olaraq əmək pensiyası düzgün hesablanmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən pensiya yaşına çatmışdır. Lakin onun qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən sosiai sığorta stajı olmadığından, habelə sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı ona təyin olunan məbləğin yenidən hesablanması barədə ərizə təqdim edərək Fonda müraciət etmişdir. Fond tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli 3- 171/2-A- 223214/2023 tarixli məktubla iddiaçıya imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olduqda təyin edilə bilər. Lakin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi 2011, 2014-2015 illəri üzrə mədaxil qəbzlərinin düzgünlüyünün yoxlanılması üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsinə əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi iddiaçıya aid 2011, 2014-2015 illəri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə illik hesabat”lar (bundan sonra - Forma B2) və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. 2011, 2014-2015-ci illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövr üzrə müvafiq hesabata məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. Həmin dövrdə qüvvədə olan məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü bəndində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən qeyri-kommersıya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1-ci bəndinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1.9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında. Sözügedən müddəalara əsasən qeyd etməlidir ki, məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və “Sosial sığorta haqqında” Qanunda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulmuşdur. Lakin İddiaçı torpaq mülkiyyətçisi kimi Fondun yerli orqanında uçota durmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sıqortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqaninin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. Göründüyü kimi İddiaçı tərəfindən 2011, 2014-2015-ci illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma B3 məlumatları təqdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2-1(120)-626/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarının nəticə hissəsində İddiaçı 2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə bu hissədə də qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Belə ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əsasnaməsi ilə sosial ödənişlərin təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi səlahiyyətləri Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunmuşdur. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın əsasnaməsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdimedilən məlumatlar əsasında sığortaedənlərin və sığortaedənlər tərəfindən təqdim edilən məlumatlar əsasında sığortaolunanların uçotunun həyata keçirilməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə Filialın xəzinə hesabına daxil оlаn ödənişlərin uçotunun aparılması və bundan irəli gələn məsələlərin icrasının təmin edilməsi, sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi və sığortaolunanlara məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsinin təmin edilməsi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın fəaliyyət istiqamətlərinə aid edilmişdir. Göründüyü kimi məcburi dövlət sosial sığorta haqları üzrə Filialın xəzinə hesabına daxil оlаn ödənişlərin uçotunun aparılması və bundan irəli gələn məsələlərin icrasının təmin edilməsi, həmçinin sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının, yaşa görə əmək pensiyalarının təyin edilməsi isə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Hazırki iş üzrə məhkəmə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın fəaliyyət istiqamətlərinə aid olan hərəkətlərin (iddiaçının 2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi) həyata keçirilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulmasını qərara almışdır. Halbuki, məcburi dövlət sosial sığorta ödənişlərinin uçotunun aparılması Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın səlahiyyətlərinə aid deyil. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2025-ci il tarixli 2- 1(120)-503/2025 saylı qərardadı ilə İddiaçı “2011, 2014, 2015-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin nəzərə alınmaqla ona 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi X2 mübahisənin cavabdeh orqan tərəfindən məhkəmədən kənar qaydada həll edildiyini, iş üzrə icraata xitam verilməsinə dair ərizə il elektron qaydada məhkəməyə müraciət edildiyini qeyd edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə olmadığı üçün məhkəmə kollegiyasından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, “...”Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/1-A- 153572/2025 nömrəli qərara əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. ...İş üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/1 A-153572/2025 nömrəli qərarı ilə iddiaçının tələbi təmin olunduğu üçün işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir.! İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/1-A-153572/2025 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmayaraq həllini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunması barədə cavabdehin ərizəsini və ərizəyə əlavə olunmuş qərarı iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-503/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-503/2025
08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver