Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-506/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2-1(120)-653/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Menecment Universitetini bitirməyinə dair adına yazılmış A-1 № 0069 saylı diplomun tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdi Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 04 iyun 2024-cü il tarixli, 2-1(120)- 653/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Bakı Menecment Universitetində təhsil aldığı 1993-1997-ci illərdə qüvvədə olmuş normativ-hüquqi aktların tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu 06 iyun 1997-ci il tarixli, A-L 0069 qeydiyyat nömrəli diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz və həmin təhsil sənədinin tanınması öhdəliyinin nazirliyin üzərinə qoyulması tələbinin hüquqi əsası olmadığı üçün cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Bakı şəhərində fəaliyyət göstərən Bakı Ali Menecer Kollecinə daxil olmuş, 1995-ci ildə həmin Kollec Bakı Menecment Universiteti kimi təşkil olundu. 1997-ci ildə həmin Universiteti bitirmişdir. Oxuduğu illərdə təhsil haqlarını köçürmüşdür. Bundan başqa tələbə bileti, Məqbul Kitabçası olmuşdur. Məqbul kitabçasında illər üzrə verdiyi imtahanlar və imtahanları qəbul edən müəllimlərin adları və aldığı qiymətlər öz əksini tapmışdır. 1997-ci ildə o, Bakı Menecment Universitetini bitirdi və ona həmin Universitetin A-1 0069 saylı diplomu verildi. Həmin Universitetdə ali təhsil aldığına görə 1 il müddətə hərbi xidmətə çağırıldı. Universiteti bitirdikdən sonra müxtəlif idarələrdə işləmiş, 2003-cü ildən Biləsuvar rayon İHB-nın Günəşli kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. İcra sturukturunda işləməklə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2021-ci ilin dekabr ayına kimi, yəni 19 il kənd İcra Nümayəndəliyində müavin işləmişdir. Göstərilən tarixdə Təhsil Nazirliyi məktub göndərmişdir ki, onun doplomunun hüquqi əsası yoxdur. Təhsil Nazirliyinin məktubundan belə çıxır ki, ümumiyyətlə o, Universiteti bitirməmiş və onun diplomu saxtadır. Digər tərəfdən onun diplomunun hüquqi əsası yox idisə onu niyə 2003-cü ildə İcra Hakimiyyətində işə götürürdülər və 19 il işləyərkən ona 2ci dərəcəli dövlət qulluqçusu ixtisası verirdilər.? Hesab edir ki, Təhsil Nazirliyinin məktubunun heç bir hüquqi əsası yoxdur. Adı çəkilən məktubla əlaqədar onun konstitision hüquqları pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı Bakı Menecment Universitetində təhsil almış və oranı 1997-ci ildə bitirərək adına A-1-0069 saylı diplom blankı verilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli təhsil sənədi deyil. 07 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olmasıdır. Həmin Qanunun 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Universitetə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Universitet fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Təhsil Nazirliyində həmin Universitetin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Digər tərəfdən qeyd edilən normativ-hüquqi aktların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası ali təhsil müəssisəsi tərəfindən məzunlara verilən diplom blanklarının dövlət nümunəli təhsil sənədi kimi tanınması Təhsil Nazirliyinin funksiyasına daxil deyildir. Belə olan halda iddiaçının adına yazılmış diplom blankının tanınması öhdəliyinin nazirliyin üzərinə qoyulmasının hüquqi əsası yoxdur. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən məzunlara verilmiş diplom blankının tanınması ilə bağlı qanunvericilikdə hər hansı bir norma mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı təfəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -06 iyun 1997-ci il tarixli, A-L 0069 qeydiyyat nömrəli diplomdan, xx.xx.1993-cü il tarixli, 140 nömrəli tələbə vəsiqəsinin və məqbul kitabçasının təsdiq olunmuş surətlərindən, müvafiq qaydada təsdiq olunmuş hesab-faktura və ödəniş qəbzlərinin surətlərindən, xx.xx.2022-ci il tarixli, 782 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı Gülhüseyin oğlu 1993-cü ildə Bakı Menecment Universitetinin maliyyə, bank işi və marketinq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni mühasibat uçotu ixtisası üzrə bitirmiş və ona mühasib ixtisası verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11- 2684/2024 və xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-3233/2024 nömrəli məktublarında bildirilir ki, Bakı Menecer Kolleci və Bakı Menecment Universiteti hüquqi şəxs kimi ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmamış, bu təhsil müəssisəsinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilməmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmamış, həmçinin, fəaliyyət hüququ verən sertifikata malik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir”. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. İddiaçı Bakı Menecment Universitetində təhsil aldığı 1993-1997-ci illərdə qüvvədə olmuş normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Universitetə təqdim olunmamışdır. Beləliklə Bakı Menecment Universiteti fəaliyyət göstərərkən onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq həmin müəssisədə aparılan təhsilin hüquqi əsası olmadığından cavabdeh haqlı olaraq müəssisə tərəfindən verilmiış diplomun həqiqiliyini tanımamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddia tələbi üzrə dəlillər təkrarlanmışdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2-1(120)-653/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-506/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-506/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver