Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-508/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və qeyrilərinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Həsənova Günel (Günay) Dilavər qızına, X19, Cavabdeh3 və Cavabdeh2 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN 1154F Kod 80800001 nömrəli şəhadətnamənin ləğv edilməsi, yeni şəhadətnamə və ya çıxarışın verilməsi, şəhadətnamədə adları göstərilənlər Həsənova Günel (Günay) Dilavər qızının, X15, X3, Cavabdeh2 adlarının çıxarılması, oğlu X16, X10, X11, X4 adlarının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-2081/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: JN-1154F KOD 80800001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə X12, X20, X17, X8 və X15 mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1991-ci ildə Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi, ev 3-də yaşayan X13 ərə getmiş, rəsmi nikahları olmuş və həmin evdə 4 uşağı olmuşdur. Yaşadığı qeyd edilən ünvana qeydiyyata düşmüş, 35 ildir ki, həmin ünvanda qeydiyyatındadır. Ev qayınatası X5 adına olmuş, o, 1994-cü ildə vəfat etmiş, qayınanası X23 evi əri Habil Ağayevə vəsiyyətnamə ilə vermiş, əri 2012-ci ildə vəfat etmiş, 2014-cü ildə isə qayınanası Səfurə də vəfat etmişdir. Evdə o, 4 uşağı ilə birgə yaşamışlar. Lakin 1 ildir baldızları X6, Cavabdeh3 və X27 evinə soxularaq onun evdən çıxmağını tələb etmişdilər. Onlar evi notariat qaydasında adlarına sənədləşdirmişdilər. Mərhum qayınanası Səfurə İmanovanın qocalığından, savadsızlığından, xəstəliyindən istifadə edib notariat qaydasında saxta sənədlər düzəldərək 35 il yaşadığı evdən onu 4 uşağı ilə birlikdə çıxarmışdılar. Halbuki, qayınanasının sağlığında ona o, baxmış, onlar isə nadir hallarda qayınanasını yoxlamağa gəlmişdilər, gələndə də onunla kobud rəftar edib qoca arvadla dalaşıb getmişdilər. Onlar qayınanası Səfurənin qocalığından və xəstəliyindən istifadə edərək gizli şəkildə Səfurənin adına hazırda mübahisələndirdiyi şəhadətnaməni əldə etmişdilər. X1, X7, Cavabdeh3, X15 adlarını salmışdılar. Halbuki, həmin dövrdə o, əri X21, övladları X28, X24, X25, X14 və qaynanası X23 həmin evdə qeydiyyatda olmuşlar və şəhadətnamədə göstərilən torpaq sahəsindən istifadə etmişdilər. Biləsuvar Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(022)-711/216 nömrəli qətnaməsinə əsasən onun və övladlarının mübahisəli ev olan ünvan 1 ünvanına köçürülməkləri qət edilmişdir. Həmin qətnamədən qarşı tərəflər şikayətlər vermiş və onların evə köçürülməyi barədə Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi qanuni hesab edilmişdir. Bundan sonra Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 65/2023 nömrəli qətnaməsinə əsasən onları evlərinə buraxmayan X2, Cavabdeh4 (torpaq şəhadətnaməsində Günel kimi yazılmışdır) adına olan DƏDRX-dən qanunsuz əldə etdikləri qeydiyyat və çıxarışlar etibarsız hesab edilmişdir. Qətnamənin qeyd edilən hissəsi icra olunmuşdur. Həmçinin, həmin qətnamədə X2 miras əmlakına dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 (torpaq şəhadətnaməsində belə bir adamın adı, soyadı və ata adı yoxdur) adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, o cümlədən yenə də Cavabdeh2 verilmiş çıxarış da etibarsız hesab edilmişdir. Həmin qətnamədən yalnız Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilsə də, şikayət Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-780/2023 nömrəli qətnaməsi ilə rədd edilmiş və əvvəlki qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətanmədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. X20 da həyatdan köçmüşdür. “Torpağın mülkiyyətə verilməsinə” dair JN1154F KOD 80800001 nömrəli şəhadətnamədə adları göstərilən şəxslərdən ikisi (Səfurə və Yusif) vəfat etmiş, digərlərinin əldə etdikləri sənədlər məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, həmçinin onun, ərinin və 4 övladının adları qeyd edilmədiyindən həmin şəhadətnamə adi kağız parçasından başqa bir şey deyildir, rəsmi sənəd hesab edilə bilməz və ləğv olunmalıdır. Bu barədə dəfələrlə DƏDRX 8 saylı Ərazi İdarəsinə müraciət etmiş, hər dəfə onlar yanlış məlumat vermişlər, lakin ona məlum olmayan səbəblərdən müxtəlif bəhanələr edərək rəsmi cavab verilməmişdir. İddia tələbinə dair yazılı mülahizə (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-2081/2025 saylı qərardadı (Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-2081/2025 saylı qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd etdiklərini təkrarlamış, əlavə olaraq göstərmişdir ki, JN-1154F KOD 80800001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə barəsində məlumatı olmamış, şəhadətnamənin mövcudluğunu bildikdən sonra məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər (iddiaçıdan başqa) və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə inzibati məhkəmə icraatının iştirakçılarının iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2081/2025 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Qanun: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Mülki Prosessual Məcəllənin həmin dövrdə qüvvədə olan redaksiyası (10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 296-298-ci maddələr çıxarılmışdır) Maddə 296. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə 297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilk öncə Dövlət aktına dəyişiklik edilməsi, onun və övladlarının adının mülkiyyətçilər sırasına əlavə olunması üçün həmin aktın verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının uzun müddətdir ki, mübahisəli qərardan və Dövlət aktından məlumatı olmuşdur. Belə ki, Dövlət aktının tərtib edilməsinə əsas Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı olmuşdur. İddiaçının 1997-ci ildən indiyədək həmin qərardan və qərar əsasında tərtib edilmiş Dövlət aktından məlumatsız olmağı ağlabatan hesab edilə bilməz. Bundan başqa, iddiaçı tələbində Cavabdeh2 Dövlət aktından adının çıxarılması xahiş etsə də, həmin şəxsin adı Dövlət aktında mülkiyyətçilər sırasında göstərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçının hüquqi marağının kökündə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı durur. Hansı ki, həmin qərar ilə X12, X20, X17, X8 və X15 mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmiş və bu hüquq JN-1154F KOD 80800001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. İddia ərizəsindən, apellyasiya şikayətindən və iddiaçının izahatından məlum olur ki, o, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə razı deyil (əslində onu mübahisələndirir), JN- 1154F KOD 80800001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin ləğv edilməsini, şəhadətnamədə göstərilən şəxslərin adlarının çıxarılmasını, mübahisəli torpaq sahəsinin ona və övladlarına verilməsini, bunun nəticəsi olaraq yeni şəhadətnamə və ya çıxarışın verilməsini tələb edir. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (Bənd 1.3, 1.4, 2.1, 2.3, 8.6). Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddiaçı AİK-in qərarının mübahisələndirilməsi imkanından 30 iyun 2011-ci il tarixədək istifadə etməmişdir. 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu baxımdan inzibati orqanlar tərəfindən 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarların (sərəncamların) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən, həmin qərarların mübahisələndirilməsi müddəti buraxıldığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Kollegiya iddiaçının - JN-1154F KOD 80800001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə barəsində məlumatının olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini qəbul etmir. Belə ki, iddiaçıya torpaq islahatının aparılması məlum idi və onun borcu idi ki, hazırda iddia etdiyi torpaq sahəsinin islahat vaxtı kimə verilməsindən məlumatlı olsun. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında olan başqa bir mübahisə üzrə 2022-2023-cü illərdə Biləsuvar Rayon Məhkəməsinin icraatında olmuş işə baxılan zaman da iddiaçı Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarından və JN-1154F KOD 80800001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədən məlumatlı olmuşdur. Bundan başqa, iddiaçının övladlarına münasibətdə belə tələblə çıxış etməsinə münasibətdə subyektiv hüququnun olmaması da nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(120)-2081/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.