Məhkəmə qərarları › İş №2-1(106)-51/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-51/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-51/2023 13.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı işi üzrə (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X5 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı «Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2- 1(120)1072/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Cavabdeh 06 iyul 2007-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan 2,30 hektar torpaq sahəsinin İddiaçı 40 il müddətinə icarəyə verilməsi qərara alınmış, 12 iyul 2007-ci il tarixdə DT və XK-nin nümayəndələri tərəfindən iddiaçının iştirakı ilə ona ayrılması nəzərdə tutulan 2,30 hektar torpaq sahəsinə baxış keçirilərək həmin torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, tərtib edilmiş “baxış” aktında İddiaçı sözügedən torpaq sahəsinin ölçü planının, sonra bu torpağa hüquqlarının dövlət qeydiyyatına alınmalı olduğu, eyni zamanda hüquqları dövlət qeydiyyatına alınmadan həmin torpaqdan istifadənin qadağan olduğu bildirilmiş, bu barədə tərtib olunmuş akt müvafiq möhür və iddiaçının imzası ilə təsdiq olunmuşdur. Cavabdeh 06 yanvar 2022-ci il tarixli, 01 saylı qərarı ilə 06 iyul 2007-ci il tarixli, 06 saylı qərar ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin 06 iyul 2007ci il tarixli qərarı ilə 2,30 hektar torpaq sahəsinin ona icarəyə verilməsinə dair 14 iyul 2017ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı qərarın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Zəhmədabad bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli protokol qərarına əsasən ona 2,30 hektar torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Bundan sonra 2,30 hektar torpaq sahəsinin 2047-ci ilə kimi ona icarəyə verilməsi barədə 14 iyul 2007-ci il tarixdə Zəhmədabad bələdiyyəsi ilə 43 saylı müqavilə bağlamışdır. Torpaq sahəmin seçim aktı da tərtib olunaraq ona verilmişdir. Hər il qanunamüvafıq qaydada icarə haqlarını ödəmişdir. 2016-cı ildə bələdiyyə sədri D.Nuriyev ona bildirmişdir ki, torpağını əlindən alacaqdır. İddiaçı bələdiyyə sədri D.Nuriyevə bildirmişdir ki, müqaviləsi var və nəyə əsasən ona icarəyə verilmiş torpağı almaq istəyir. Lakin o, bir söz deməmişdir. Bələdiyyənin bu hərəkəti ilə bağlı Möhtərəm Prezidentə teleqram vurmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyətindən ona 2016-cı ilin avqust ayında məktub gəlmişdir ki, D.Nuriyev İcra hakimiyyətində bildirib ki, onun torpağı alınmayıb və belə bir şey olmamışdır. 2021-ci ildə istifadəsində olan torpaq sahəsində pambıq məhsulu əkmiş və pambıq zavodu ilə müqaviləsi olmuşdur. 2021-ci ildə məlum olmuşdur ki, bələdiyyə qanuni istifadəsində olan torpaq sahəsini başqa bir adama satmışdır. Dəfələrlə bələdiyyədən bununla bağlı sənəd istəsə də, bundan imtina edilmişdir. Hesab edir ki, bələdiyyənin onun icarəsinə verilmiş torpaq sahəsini başqa adama satması və ya icarəyə verməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddot qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.4-cü maddəsinə əsasən icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən işlirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hansı ilinin üçüncü iş günündon gec olmayaraq verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. İnsan Hüquqları və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istiladə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 11 may 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini təqdim edərək, iddia tələbinin dəyişdirilərək, “Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli qərarı ilə onun icarəsinə verilmiş 2,30 hektar torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsinə dair 14 iyul 2017-ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Lakin həmin iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə görə hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin isə 14 iyul 2017-ci il tarixli inzibati aktı (qərarı) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur və həmin maddə ilə inzibati aktın etibarsızlığına səbəb olan hallar kimi göstərilən xüsusatlar mübahisələndirilən inzibati aktda mövcud deyildir. Hazırki iddia tələbi isə Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli inzibati aktının (qərarının) etibarsız hesab olunmasıdır. Bundan başqa, Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli inzibati aktının (qərarının) qanuniliyi mübahisələndirilsə belə, iddia mümkünsüz hesab edilməlidir. Belə ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və həmin ərizədə, həmçinin Biləsuvar Rayon Polis Şöbəsində verdiyi izahatında 2021-ci ilin oktyabr ayının əvvəllərində torpaq sahəsinin başqa şəxsə (X6) satılmasından xəbərdar olduğunu bildirmişdir. Yəni, İddiaçı ən gec halda özünün bildirdiyi kimi 2021-ci ilin oktyabr ayının əvvəllərində Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli inzibati aktından (qərarından) xəbərdar olmuşdur. Həmin xüsusat cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 yanvar 2022-ci il tarixli qərarda öz təsbitini tapmışdır (etiraza əlavə olunur). İddiaçı isə 15 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, 2021-ci ilin oktyabr ayının əvvəlindən 2022-ci il 15 fevral tarixinədək 4 ay 15 gün müddət keçmişdir. Əsl həqiqətdə isə İsmayılov X1 rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli inzibati aktından (qərarından) daha əvvəldən xəbərdar olmuşdur. Bundan başqa, mübahisəli torpaq sahəsi daha əvvəldən, yəni 2001-ci ildə iddiaçının qardaşı X7 ilə bağlanmış icarə müqaviləsinə əsasən sonuncuya 20 il müddətinə icarəyə verilmişdir. Buna baxmayaraq, həmin müddət başa çatmamış, habelə bələdiyyənin qərarı və icarə müqaviləsinə xitam verilməmiş sözügedən torpaq sahəsi 14 iyul 2007-ci il tarixli müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmişdir. Digər tərəfdən, İddiaçı ilə əsl həqiqətdə 2007-ci ildə Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsi arasında hər hansı icarə müqaviləsi bağlanmamışdır. Əks halda belə bir müqavilənin bağlanmasını Bələdiyyənin qeydiyyat kitablarında görmək mümkün olardı. Digər tərəfdən həqiqətən də, Zəhmətabad Bələdiyyəsi ilə 2007-ci ildə iddiaçı arasında icarə müqaviləsi bağlanmışdırsa, o zaman həmin müqavilə üzrə icarə haqqı ödənilməli idi. İddiaçı isə həmin ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, İddiaçı ona icarəyə verildiyini bildirdiyi torpaq sahəsi 2019-cu ilin fevral ayında hərrac komissiyası tərəfindən keçirilmiş hərracın nəticəsinə uyğun olaraq, Fərid Əlifova icarəyə verilmişdir və F.Əİifovun qeyd olunan torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı qərarı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul olunmuşdur və qanunidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1072/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ilə bağlı vergiləri vaxtı-vaxtında ödəmişdir. Eləcədə onunla bağlanmış icarə müqaviləsinin 2017-ci ildə bələdiyyə sədri tərəfindən ləğv olunması ilə bağlı bələdiyyə üzvlərinin heç bir məlumatı olmamışdır. Bu sadəcə bələdiyyə sədrinin onunla olan şəxsi qərəzliyi nəticəsində olmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-cı il tarixli, 2-1(120)-1072/2022 saylı qərarının ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1072/2022 saylı qərarının ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin X2 teleqramla məhkəmə kollegiyasına müraciət edərək, iddia tələbini qəbul etməyərək, işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – şəxsiyyət vəsiqəsinin surəti, qərar, icarə müqaviləsi və.s aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Birincisi, hazırkı mübahisədə iddiaçının hüquqi marağı Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - 1) iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və 2) iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Qeyd etmək lazımdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyünə dair ümumiyyətlə, hüquqi dəyərləndirmə aparılmamışdır. Halbuki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İkincisi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri ciddi surətdə pozulmuşdur. Həmin maddənin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə yenidən baxacaq birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan xüsusatlara dair zəruri araşdırma aparılmalıdır: 1) Mübahisləndirilən xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının qəbul edilməsinə əsas olan sənədlər əldə edilməlidir. Belə ki, həmin qərardan görünür ki, İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2021-ci il tarixli, İ612 nömrəli məktubu mübahisləndirilən qərarın qəbul edilməsinin əsaslarından biridir. Ancaq həmin məktub iş materiallarında yoxdur. 2) Bələdiyyə üzvlərindən Hümbətova Əhlinaz, Cəfərov Bağış və Hümbətova Xuramanın müxtəlif dövlət orqanlarına ünvanlanmış ərizələrindən görünür ki, onlar bələdiyyə üzvü kimi mübahisləndirilən qərarın qəbul edildiyi bələdiyyə iclasında iştirak etmədiklərini, adlarının qanunsuz olaraq iclas protokoluna yazıldığını bildirmişlər. Qeyd olunan xüsusatlar mütləq qaydada araşdırma predmeti olmalıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanununun 56-cı maddəsinin tələbləri baxımından cavabdeh kollegial orqandır və kollegial inzibati orqanın iclasında onun üzvləri haqqında dəqiq məlumatlar əks olunmalıdır. 3) İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli qərarda (iş vərəqi 19 və 59) qeyd olunmuşdur ki,... “X8 və qardaşı oğlu X9 2018-ci ildə Zəhmətabad bələdiyyəsindən 2,17 ha torpaq sahəsini hərracla udmuş, torpaq sahəsinə dair çıxarış əldə etmişdir. 2022-ci ildə həmin torpaq sahəsində hamarlama bərpa işləri görərkən Müstəcəb onlara yaxınlaşmış, torpaq sahəsinə dair icarə müqaviləsinin olmasını bildirmiş və aralarında mübahisə yaranmışdır.” Qeyd etmək lazımdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan “çıxarış” və onun verilməsinə əsas olan sənədlər tələb edilməmişdir. Halbuki, işin fakriki hallarının obyektiv və hərtərəfli araşdırlması baxımından bu, çox vacibdir. 4) X8 və X6 ayrılmış torpaq sahəsi ilə iddiaçının icarəsində olan torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmaması (koordinatlarının üst-üstə düşüb-düşməməsi) müəyyən edilməlidir. Çünkü nəzərə almaq lazımdır ki, iddiaçıya ayrılan torpaq sahəsi 2,30 ha olduğu halda, X8 və X6 ayrılmış torpaq sahəsi isə 2,17 ha təşkil edir. 5) Sözügedən torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 iyul 2007-ci il tarixli müqaviləsinin qüvvədə olub-olmaması müəyyən edilməlidir. Üçüncü vacib məsələ üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilmələri ilə əlaqədardır. Belə ki, əgər X8 və X6 ayrılmış torpaq sahəsi eyni torpaq sahədirsə, bu zaman İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin tələbləri baxımından onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirə olunmalı və həmin məsələyə hüquqi qiymət verilməlidir. Dördüncüsü, müvafiq araşdırma nəticəsində iddiaçının icarəsində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə (icarəyə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə, eyni zamanda həmin torpağın üçüncü şəxslərin mülkiyyətinə (icarəsinə) ayrılmasına dair bələdiyyənin qərarlarının mövcud olduğu meydana çıxarsa, iddiaçıya iddia tələbinin həcminin artırılması istiqamətində məhkəmə tərəfindən hüquqi yardım göstərilməlidir. Belə ki, iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi, eyni zamanda 06 iyul 2007-ci il tarixli qərarla ona ayrılmış 2,30 hektar torpaq sahəsini hüquqi cəhətdən geri qaytarmaqdan (hüquqi cəhətdən icarə hüququnu bərpa etməkdən) ibarətdir. Başqa sözlə, əgər 06 iyul 2007-ci il tarixli qərarla iddiaçıya ayrılmış torpaq sahəsi, cavabdeh bələdiyyənin müvafiq qərarı (qərarları) ilə hazırda digər şəxslərin mülkiyyətinə (icarəsinə) verilmişdirsə, bu zaman iddiaçı yalnız xx.xx.2022-ci il tarixli, 01 saylı qərarı mübahisləndirməklə tez bir zamanda arzuladığı məqsədə çata bilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6.2-ci bəndində qeyd olunmuşdur ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Eyni zamanda qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan qərarların movcud olması müəyyənləşdirildiyi təqdirdə, onların birlikdə mübahisləndirilməsinə dair iddiaya bir icraat çərçivəsində (bir iddiada) baxılması məhkəmə baxışının səmərəliliyi və prosessual qənaət prinsipləri ilə tam uzlaşır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Belə ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-cı il tarixli, 2-1(120)- 1072/2022 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-cı il tarixli, 2-1(120)-1072/2022 nömrəli qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar