Məhkəmə qərarları › İş №2-1(106)-512/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-512/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-512/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(120)-430/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z00100082VGZ nömrəli göndəriş əsasında ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 14 may 2025-ci il tarixli, 2-1(120)- 430/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X1 İnstitutu” publik hüquqi şəxsin İ Pulmologiya şöbəsində iddiaçıya “Xroniki diffuz bronxit kəskinləşməsi-əhəmiyyətli ventilyasiya pozğunluğu. TÇ l-ll dərəcə. Sağ tərəfli torakoabdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq: plevral qalınlaşma şəklində” diaqnozu qoyulmuşdur. İddiaçıda diaqnozda qeyd edilən xəstəliklərin olduğu və xx.xx.2014-cü il, xx.xx.2015-ci il vəxx.xx.2016-cı il əlilliklər təyin edilən zaman diaqnozda qeyd edilən və hal-hazırda iddiaçıda müəyyən edilən xəstəliklərin əlillik zamanı nəzərə alındığı müəyyən edilir. Mübahisə üzrə digər bir hal əlilliyin səbəbli əlaqəsədir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli, 973 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1975-ci il təvəllüdlü əsgər İddiaçı sağ ağ ciyərin, diafraqmanın, qara ciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko-abdominal güllə yaralanmasına (xx.xx.1994) görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenajl olunması, laporotomiya, diafraqma və qara ciyər yaraların tikilməsi cərrahi əməliyyatından sonrakı sağ plevra sinusunun şvatları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə. Sağ əlin İ (birinci) barmağının arxa səthinin bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli T 777/2024 nömrəli ekspert rəyində Tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə aldığı müəyyən edilir. Qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü ildə döyüş əməliyyatı zamanı aldığı toroko-abdominal güllə yaralanması nəticəsində sağ ağ ciyər, diafraqma, qara ciyəri zədələnmiş, ilk tibbi yardım N saylı hərbi hissənin tibb bölüyündə göstərilmiş, sağtərəfli torokosintez, 1,5 litr qanın reninfuziyası, laporotomiya, qaraciyərin, diafraqmanın yarasının tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı cərrahi əməliyyatı aparılmışdır. Sonra vertalyotla Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilmə institunun müalicə məsləhət diaqnostika cərrahiyyə mərkəzinə təxliyyə edilmiş, orada “Sağtərəfli toroko-abdominal güllə yarası, sağ ağ ciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi, hemopnevmotoraks” diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir. Aparılmış konservativ müalicələrə baxmayaraq sağ plevra cibində kisələşmiş eksudativ plevrit, sağ ağ ciyərin pnevmoniyası yaranmışdır. Sağ plevra boşluğunun aktiv drenajı, antibakterial müalicələrdən sonra sağ plevra cibində ekssudativ sorulmuş, yerində kobud şvartlar əmələ gəlmişdir. xx.xx.1994-cü ildə MN MHP-da MN o vaxtlar qüvvədə olan 1987-ci il tarixli 260 saylı əmrinin İ qrafasının 34 “q” maddəsi ilə şəhadətləndirilərək “Hərbi xidmətə yararlıdır, xəstəliyinə görə 15 gün müddətinə xidməti vəzifələrinin icrasından azad olmasına ehtiyacı var” rəyi verilmişdir. 2007-ci il tarixdən əlilliyə görə pensiya alır, 2021-ci il tarixdən aldığı pensiya kəsilmişdir. Ona əlillik dərəcəsinin təyinin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edərək bildirmişdir ki, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh orqan açıq-aşkar ölkə üzrə xəstə və əlil olmuş vətəndaşların məqsədyönlü şəkildə konstitutsiyada və beynəlxalq qanunlarda təsbit edilmiş və qorunan hüquqlarını pozmaqla məşğuldur. Ona görə də konstitusiyada təsbit edilmiş sosial təminat hüququnun təmin olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 24 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Beyləqan rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0230003AANBB nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli 973 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sad ağciyərin, diafraqmanın. qaraciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən saqtərəfli toroko-abdominal güllə yaralanmasına (xx.xx.1994) görə aparılmış saqtərəfli torakosintez, plevra boşluqunun drenaj olunması, laporotomiva, diafraqma və qaraciyər yaraların tikilməsi cərrahi funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə. Saq əlin İ (birinci) barmağının arxa səthinin bərkimis dəri capıqı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Burun arakəsməsinin saqa doğru əyriliyi, burun tənəffüsünün pozulmaması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tərləmədən və sinədə ağrılardan şikayətlənmişdir. Baxış zamanı sağ döş qəfəsinin ön səthində, döş sümüyü üzərində çapıq, sağ tərəfli torakosintez və yuxarı+orta, orta laparotomiyanın çapıqları izlənmişdir. Müayinə zamanı çəkisi 97 kq, boyu 173 sm, BÇİ 32, saturasiyası Sp02 97%, nəbzi 97 vurğu, tənəffüs sayı 16 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri qeyd edilməmişdir. Elmi X2 İnstitutunun xx.xx.2023-cü il tarixli 5769 nömrəli Tibbi rəyində diaqnoz “Sağ tərəfli torakoabdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq əlamətləri. Plevra galınlasması. Qarısıq tipli əhəmiyyətli ventilvasiva pozğunluğu. Xroniki bronxit” kimi qeyd edilmişdir. X5Xəstəlikləri İnstitunun xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,35 53%, FEV1 1,57 43%. Qarısıq tipli əhəmiyyətli ventilvasiva pozğunluğu qeyd olunur” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi X2 İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Ambulator xəstəlik tarixindən çıxarışında diaqnoz “Xroniki diffuz bronxitin kəskinləşməsi. Əhəmiyyətli ventilvasiya pozgunludu ilə. Tənəffüs çatışmazlığı İ-İİ dərəcə. Sağ tərəfli torakoabdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq, qalınlaşma şəklində” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 4,00- 91,97%, FEV1 3,38- 95,84%). Xarici ventilyasiya pozğunluğu qeyd olunmur” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad edərək, səhv nəticəyə gəlmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışdan görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli, 973 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı sağ ağ ciyərin, diafraqmanın, qara ciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko-abdominal güllə yaralanmasına (xx.xx.1994) görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenajl olunması, laporotomiya, diafraqma və qara ciyər yaraların tikilməsi cərrahi əməliyyatından sonrakı sağ plevra sinusunun şvatları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə. Sağ əlin İ (birinci) barmağının arxa səthinin bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-28-9/2-692/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı dəfələrlə “X1 İnstitutu” publik hüquqi şəxsə müraciət etmiş və aşağıda qeyd olunan tarixlərdə müayinələrdən keçmişdir. xx.xx.2008-ci il tarixdə İnstitutda müayinədə olmuş və ona ambulator kitabdan çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə İddiaçı müayinə olunmaq üçün İnstituta müraciət etmiş, spirometriya və rentgenoloji müayinələrdən keçmişdir. xx.xx.2021-ci il tarixdə müayinədə olmuş və ona ambulator kitabdan çıxarış verilmişdir. Bundan başqa İddiaçı xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “X1 İnstitutu” publik hüquqi şəxsin İ Pulmologiya şöbəsinə yerləşdirilmiş və müvafiq müayinələrdən sonra xəstəyə “Xroniki diffuz bronxit kəskinləşməsiəhəmiyyətli ventilyasiya pozğunluğu. TÇ l-ll dərəcə. Sağ tərəfli torako-abdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq: plevral qalınlaşma şəklində” diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixində yenidən İnstituta müraciət edərək yalnız spirometriya müayinəsindən keçmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli T 777/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, güllə yaralanması (xx.xx.1994) döyüş əməliyyatı zamanı toroko-abdominal güllə yaranması, sağ ağciyər, diafraqma, qaraciyər zədələnməsi, sağ tərəfli torokosintez, laporotomiya, qaraciyərin, diafraqmannın yaraların tikilməsi, sağ plevra və qarm boşluğunun dreajı cərrahi əməliyyatlarından sonrakı vəziyyət. Boy-173 sm, çəki-97 kq. FVC-91%, FEVl-95%. Ağırlaşma: Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ ağciyərin diafraqmanın qaraciyərin zədələnməsi hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko abdominal güllə yaralanmasına görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenaj olunması, laporotomiya: diafraqma və qaraciyər yaralarının tikilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət. J96.1 Xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı İ-İİ dərəcə. J41.0 Sadə xroniki bronxit. J94.1 Fibrotoraks, Fibrotoraks sağ plevra sinusunun bitişməsi. S27.2 Travmatik hemopnevmotoraks. Hemopnevmotoraks. Yanaşı xəstəlik: L91.0 Hipertrofık çapıq. Sağ əlin İ barmağının arxa səthinin bərkimiş dəri çapığı” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. xx.xx.2024cü il tarixdə “X1” phş-də aparımış spirometriya müayinəsi zamanı “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, FVC 1,77-40%; FEVİ 1,32-37%” diaqnozu təyin edilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə almışdır. İddiaçı düçar olduğu xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar, kəskinləşdikləri halda əlavə müalicəyə cəlb oluna bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq, rəyin nəticə hissəsində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş imtina əsaslarının təkrarlanması və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilməsi əsası ilə rəyi qismən mötəbər hesab etmiş və digər sübutlar əsasında qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “X1” phş müvafiq sahə üzrə ixtisaslaşmış müəssisədir və həmin qurum tərəfindən qoyulmuş diaqnoz daha mötəbər və inandırıcı hesab edilməlidir. İşdən də göründüyü kimi iddiaçı dəfələrlə həmin müəssisədə müayinələrdə olmuş və ona “Xroniki diffuz bronxit kəskinləşməsi-əhəmiyyətli ventilyasiya pozğunluğu. TÇ l-ll dərəcə. Sağ tərəfli torako-abdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq: plevral qalınlaşma şəklində” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda “təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi müəyyən edilməklə, əlillik təyinatı aparılır. İddiaçının orqanizmində olan patofunksional pozuntualar ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(120)-430/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar