Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-513/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(120)-2507/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı cavabdeh İmişli rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1979-cu il tarixdə tərtib olunmuş 38 №-li doğum haqqında akt qeydində uşağın soyadı qrafasına “Məmmədov” soyadının “Soltanov” soyadına dəyişiklik edilməsi öhdəliyinin cavabdeh İmişli rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 08 avqust 2024-cü il tarixli, 2- 1(120)-2507/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuna zidd deyil, çünki iddiaçı doğum akt qeydindəki soyadının düzgün göstərilməməsi ilə bağlı inzibati icraat zamanı və məhkəmə iclasında təqdim etməmişdir. Qərardan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdə İmişli rayonunun Məzrəli kəndində doğulmuşdur. Doğumu İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1979-cu ildə 38 №-li aktla qeydə alınıb və ona Vİ-JQ seriyalı 363035 №-li doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı Soltanov, adı Qoşqar, ata adı isə Kamil oğlu yazılmışdır. Buna baxmayaraq doğum haqqında akt qeydində soyadı valideynlərinin soyadına uyğun olaraq Məmmədov yazılmışdır. Verilmiş doğum haqqında şəhadətnaməyə əsasən o, şəxsiyyət vəsiqəsi almış, hərbi qulluğa bu soyadla getmiş və hal-hazırda digər bütün sənədləri Məmmədov deyil, məhz Soltanov soyadı ilədir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1979-cu il tarixdə İmişli rayonunun Məzrəli kəndində doğulmuşdur və həmin vaxt onun soyadı doğum akt qeydində “Məmmədov” kimi göstərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun soyadı Məmmədov kimi qeyd edildiyindən akt qeydində düzəliş edilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(120)-2507/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-513/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-513/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver